Qazax Dövlət Dram Teatrında "Bir gecənin nağılı" tamaşası növbəti dəfə nümayiş etdirilib
Teatrsevərlər tərəfindən maraqla qarşılanan komediya iki gəncin gecə saatlarında parkda təsadüfi nağıl kimi qarşılaşması ilə başlayır, onların gündəlik həyatda qarşılaşdıqları çətinliklərə, qorxularına toxunur. Rövşən Ağayevin eyniadlı pyesi əsasında hazırlanmış tamaşa gənclər üçün nəzərdə tutulub. Hadisələr bir sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətin (ailələrin) üzləşdiyi aktual problemlər, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar, bu münasibətlərin ailədə şəxsiyyətin formalaşmasına təsiri önə çəkilir. Əsərin quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Afiq Məmmədovdur. Rolları aktyorlar Rüfət Ömər və Zəmanə Dərviş ifa edirlər.
Bu gün Qazax Dövlət Dram Teatrında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Bir gecənin nağılı" tamaşası növbəti dəfə nümayiş etdirilib.





















