İdman etmək orqanları yaşlandırır?
Məşhur aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayımda deyib ki, mən artıq idman etmirəm, iç orqanlarını yaşlandırır. Bəs həqiqətən idmanla məşğul olmaq daxili orqanlara zərərlidirmi? Mövzu ilə bağlı Mediaxeberleri.Az-a açıqlama verən Fitness və Qidalanma üzrə mütəxəssis Gülya Əliyeva bildirib ki, bu fikir doğru deyil: “Söhbət balanslı və düzgün idmandan gedirsə, bu, əksinə ürək, damarlar üçün faydalıdır. Ağciyərlərin funksiyası, ümumiyyətlə hormonların normal, stabil balansı üçün çox gözəl təsir bağışlayır. Əzələ-oynaq sistemi üçün ideal effekti var”. Mütəxəssis bildirib ki, bəzi hallarda idman bədənə zərər verə bilər: “Həddindən artıq edilən ağır intensiv məşqlər faydadan çox zərər verə bilər. Professional səviyyədə gün ərzində saatlarla ağır idman edən insanlarda, bədən streslə, yuxusuzluqla mübarizə aparır. Buna bənzər bir çox digər problemlər yarana bilər. Əgər bir insan səhnədə yarışa hazırlaşırsa, aşağı kalorili qidalanma və ağır məşqlər tətbiq olunursa, bu artıq insan bədəninin daxili orqanlarına və hormonal balansına birbaşa zədədir. Bədən əzələlərini normal formada tətikləyəcək məşqlə həyatımızı sağlam etmək istəsək ən gözəl seçim məhz bu olar”.





















