Bakıda tanışına 6 bıçaq zərbəsi vuraraq öldürmək istəyən şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhdə təqsirləndirilən Nicat Zamanovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, hadisə 29 sentyabr 2024-cü il tarixdə, axşam saat 20 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən “Nuray” marketin yaxınlığında baş verib.
Belə ki, Nicat Zamanov aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı tanışı, zərərçəkmiş Zaur Qurbanovla (soyadı şərtidir) mübahisə edib. Mübahisə zamanı zərərçəkmiş onun ünvanına söyüşlər söyüb. Bu zaman Nicat üzərində olan mətbəx bıçağı ilə Zaura çoxsaylı (6) zərbələr endirərək, ona bədaən xəsarətləri yetirib. Zərərçəkmiş şəxsin bıçaq zərbələrindən qorunmağa çalışaraq fəal şəkildə özünü müdafiə etməsi və ətrafda olan kənar şəxslərin müdaxiləsi ilə hadisə yerindən uzaqlaşması, habelə vaxtında xəstəxanaya çatdırılıb ixtisaslı tibbi yardım alması nəticəsində həyatı xilas edilib.
Hadisədən sonra Nicat Zamanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.