Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 3 il ötür
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 3 il ötür. APA-nın məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirib.