Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyası bu gün də davam edib
Ölkə Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” əlaqədar keçirilən ağacəkmə aksiyası bu gün də davam edib. Oktyabrın 25-də keçirilən ağacəkmə aksiyasında Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun kənarında 800 ədəd ağac əkilib. Bu günə kimi rayonda keçirilən aksiyada ümumilikdə 9400 ədəd müxtəlif növ ağac əkilib. Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, könüllülər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.