Rayonların ictimai nəqliyyat problemi: Köhnə avtobuslar nə vaxt yenilənəcək?
Bakı şəhərində xidmət göstərən marşrut avtobusları ildən-ilə yenilənsə də, rayonlarda hələ də nasaz və köhnə avtobuslardan ictimai nəqliyyat kimi istifadə olunur. Xəttə buraxılmış köhnə, istismara yararsız həmin avtobuslar insanların həyatı üçün də təhlükəlidir. Avtobusların yenilənməməsi barəsində vətəndaş narazılıqları var. Bəs rayonlarda ictimai nəqliyyat nə vaxt yenilənəcək? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.media-ya bildirilib ki, regionlarda avtobus parkının yenilənməsi diqqət mərkəzində saxlanılır: "İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir. Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən, köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulur".