Müəllimə dərsi məktəbin həyətində “keçdi” - VİDEO
İlk dərs günü – sentyabrın 16-da İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquluyeva ilə icra nümayəndəsi arasında mübahisə yaranıb. Mediaxeberleri.Az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb. İddiaya görə, müəllimə artıq hazır vəziyyətdə olan təzə məktəb binasının yeni dərs ilində açılmamasına etiraz edərək, dərsini məktəbin önündə, açıq havada, xalça üzərində keçib. İcra nümayəndəsi isə yeni tikilən və ya təmir edilən onlarla məktəb olduğunu, onların hamısının bir gündə açılmasının mümkünsüzlüyünü, bu məktəb binasının isə sentyabrın 18-də açılacağını deyib. Müəllimə həmçinin məktəbdə içməli suyun olmamasına və yaxud keyfiyyətsizliyinə də etiraz edib. İcra nümayəndəsi müəllimənin bu iradına cavabında isə kənd sakinlərinin birləşərək, öz maliyyələri hesabına problemi aradan qaldıra biləcəyini vurğulayıb. Müəllim və icra nümayəndəsi arasındakı mübahisə ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinin PR əməkdaşı Vilayət Əliyev saytımıza bildirib ki, Leyla Nəcəfquluyeva kənddə problemli və konfliktə meyilli şəxs kimi tanınır: “Bu mübahisə haqqında nə deyə bilərəm? Yəqin ki, başqa videolarını görməmisiniz. O, hər şeydən narazıdır”. O, həmçinin məktəbin açılış mərasiminin bu gün baş tutduğunu, təhsil müəssisəsinin tədrisə hazır olduğunu əlavə edib. “Müəllimə problemli şəxsdirsə, niyə hələ də məktəbdə fəalliyyətini davam etdirir” sualına isə Təhsil İdarəsindən münasibət bildirilməyib.