Moldovalı müşahidəçi: "Bunun ölkəmdə də tətbiq olunmasına çalışacam"
"Mən Moldova Parlamenti tərəfindən seçkiləri müşahidə etmək üçün göndərilmişəm. Azərbaycanda ikinci dəfədir ki, müşahidəçi qismində iştirak edirəm. Fevral ayında da prezident seçkilərində iştirak etmişdim". Mediaxeberleri.Az xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edən moldovalı müşahidəçi, Moldova Parlamentinin üzvü Vitali Jakov deyib. "Bütün nüansları yaxından izlədim. Azərbaycan bizim üçün önəmli bir ölkədir. Moldova Avropa İttifaqına inteqrasiya mərhələsindədir və bizim üçün Azərbaycanda baş verən bütün proseslər olduqca mühümdür", - deyə Vitali Jakov vurğulayıb. O deyib ki, yalnız mərkəzdəki seçki məntəqələrində deyil, həmçinin Bakıətrafı kəndlərdə də seçkiləri müşahidə edib. Moldovalı müşahidəçi vurğulayıb ki, seçkiləri ciddi şəkildə izləyiblər: "Həm seçki infrastrukturunu yüksək qiymətləndiririk, həm də seçicilərin məlumatlılığı olduqca diqqətə layiq idi". V.Jakov əlavə edib ki, həm seçki məntəqələrinin sədrlərinin, həm də məntəqə üzvlərinin şəffaf şəkildə işlədiyinin şahidi olub. "Onu deyim ki, ümumi vəziyyət sakitlik, sülh və qanunvericilik şəraitində baş tutdu. Seçkilər bütün gözləntilərimə cavab verdi. Prosesi müşahidə edən zaman gördüm ki, seçicilər çox məlumatlı idi. Onların hər biri səsverməyə çağırış/bildiriş vərəqələri ilə gəlmişdilər ki, bu da olduqca mükəmməl bir mənzərə idi. Və mən bunun Moldovada da tətbiq olunmasına çalışacam", - müşahidəçi deyib.