DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Dörd nəfər saxlanıldı
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb. Mediaxeberleri.Az-ın məlumatına görə, görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan xarici ölkənin vətəndaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yol kənarındakı yaşıllıq ərazidə gizlətdikləri və ümumilikdə 74 kq 163 q çəkisi olan qurudulmuş marixuananı həmin ərazidən götürüb oradan uzaqlaşarkən Azərbaycan Respublikasının vətəndaşları - 1982-ci il təvəllüdlü Vəli Mahir oğlu Qasımov, 1988-ci il təvəllüdlü İsgəndər Cəfər oğlu İsgəndərov, 1993-cü il təvəllüdlü Aqşin Yusifəli oğlu Süleymanzadə və vətəndaşlığı olmayan, 1982-ci il təvəllüdlü Çingiz Fakralı oğlu Daşdəmirov cinayət başında yaxalanıblar. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) maddələri ilə cinayət işi başlanılıb və adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər. Hazırda araşdırmalar davam etdirilir.