"Səyyar Gənclər Xidməti" Bərdə rayonunda gənclər üçün fəaliyyət göstərəcək
6 iyul 2024-cü il tarixində Bakıdan yola çıxan Səyyar Gənclər Xidməti avtobusunun Ağdaş və Göyçaydan sonra növbəti dayanacağı Bərdə rayonu olub. Bərdə rayonunda fəaliyyət göstərən Dövlət Peşə Təhsil Mərkəzində baş tutan açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək bildirib ki, gənclərin bilik və bacarıqlarının artırılması, onların karyera quruculuğuna dəstək və sağlam həyat tərzinin təbliği dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Bu layihə bu məqsədlərə çatmaq üçün mühüm rol oynayır. İcraçı direktor gənclərə daha çox dəstək olmaq və onların inkişafına töhfə vermək məqsədilə bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsilinin gənclərin əmək bazarına uğurla inteqrasiya olunması və ölkənin iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib. Direktor çıxışında bu layihənin gənclərə müxtəlif sahələrdə yeni bacarıqlar və biliklər qazandırmaq üçün yaxşı bir platforma olduğunu bildirib. Bərdə Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Daməd Ələkbərov layihənin təşkilatçılarına təşəkkür edib və gəncləri fəal şəkildə bu cür layihələrdə iştirak etməyə çağırıb. O, bu təşəbbüslərin gənclərin həyatında mühüm dəyişikliklər yarada biləcəyini vurğulayıb. Böyük Qayıdış Gənclər Təşkilatının sədr müavini Əhliyət Mehdiyev və Bərdə rayonundan olan qazimiz Qarabağ ordenli Dursun Manaflı da çıxış edərək, gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsinin vacibliyini qeyd edib. Açılış tədbirinin bədii hissəsində Qarabağ Regional Mədəniyyət İdarəsinin nəzdində Bərdə rayon 4 nömrəli musiqi məktəbin gənclərinin musiqili çıxışlarıdinlənilib. Gənclərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları baş tutub. Səyyar Gənclər Xidməti çərçivəsində kənd gəncləri üçün robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə master-klaslar həyata keçirilib. Gənclər üçün şəxsi anketin (CV) yaradılması xidməti yer alıb. Əlavə olaraq, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil edilən müxtəlif peşələr üzrə sərgi gənclər tərəfindən maraqla qarşılanıb. Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında vətənpərvərlik mövzusunda “Xəmsə” intellektual oyunu, Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və labirint yarışı, darts oyun çempionatı, çölçü oyun yarışı, “Jenga” oyunu, kəndir dartma yarışı baş tutub. Yarışlarda fəallıqları ilə seçilən gənclər mükafatlandırılıb. Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında gənclərə xidmət göstərməsi nəzərdə tutulur.