“Linkoln”un futbolçusu: Bakıda məğlub olsaq belə, meydanı başı dik tərk edəcəyik
Bakıda məğlub olsaq belə, meydanı başı dik tərk edəcəyik. Mediaxeberleri.Az xəbər verir ki, bunu “Linkoln”un (Cəbəllütariq) futbolçusu Qrem Torilya UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan sonra deyib. Klubun rəsmi saytına danışan Cəbəllütariq millisinin üzvü komandasının 0:2 hesablı məğlubiyyətinə baxmayaraq yaxşı çıxış etdiyini bildirib: “Düşünürəm ki, uduzmağımıza baxmayaraq, pis çıxış etmədik. Qapımızda gördüyümüz qollar istisna olmaqla, müdafiədə yaxşı oynadıq. Hücumlarımız kəsərsiz alındı. Dünənki matçda azarkeşlərimiz möhtəşəm idi. Onların səsini eşitmək bizə qüvvət verir. Bizi Bakıda çətin cavab oyunu gözləyir. Rəqib bizdən 2 top irəlidədir. Bununla belə, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bakıda məğlub olsaq belə, meydanı başı dik tərk edəcəyik”. Qeyd edək ki, “Qarabağ” və “Linkoln” arasında cavab oyunu iyulun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.