Bakıda üç polisin qətlə yetirildiyi silahlı insidentin YENİ DETALLARI
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentlə bağlı bəzi detallar məlum olub. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, cinayətkar 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev hadisə zamanı ailə üzvlərini - həyat yoldaşını, uşaqları irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşları o anda silah tətbiq etməyiblər ki, günahsız insanlar, uşaqlar qurban olmasınlar, özlərini fəda ediblər. Sonra polis əməkdaşları cinayətkarı zərərsizləşdirməklə məhv ediblər. İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insident zamanı qətlə yetirilən polis əməkdaşlarının kimlikləri məlum olub. Mediaxeberleri.Az xəbər verir ki, bunlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovdur. Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib. Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.