Generalla birlikdə həbs edilən polkovnikin məhkəməsi başladı
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Demokrat.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Fikrət Mirzəyevin vəkili tərəfindən onun ev dustaqlığına buraxılması barədə vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə baxışı sentyabrın 25-ə təyin edilib. Qeyd edək ki, Fikrət Mirzəyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə təqsirli bilinir. Cinayət işi üzrə zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov və nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovla birlikdə həbs edilib. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.