Qazaxda tanışını bacısının gözləri qarşısında öldürən şəxsin cəzası azaldıldı
Gəncə Apellyasiya Məhkəməsində qətl törətməkdə və xuliqanlıqda təqsirləndirilən Rəşad Məhərrəmovun barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cəza təyin olunmayıb, hökmdən Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə dair müddəalar xaric edilib. Rəşad Məhərrəmovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, hadisə 16 noyabr 2023-cü il tarixdə axşam saat 20 radələrində Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni Qəsəbə ərazisində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun qeyd edilən qəsəbə ərazisində tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il, 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.





















