Tbilisidə azərbaycanlılara qarşı zorakılıq: Cinayətin etnik motivləri araşdırılır
Gürcüstanın paytaxtı Tbilisidə supermarketlərin birində azərbaycanlılara qarşı baş vermiş qrup halında zorakılığın təşkilində ittiham olunan Manana Giorqobianinin bu cinayəti etnik zəmində törətmə ehtimalı araşdırılır. Mediaxeberleri.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu cinayət işini aparan prokuror Giorgi Dolakidze bildirib. Prokuror deyib ki, Giorqobianinin cəzasını yüngülləşdirən addımların atılması planlaşdırılmır. Onun sözlərinə görə, qadın üçün psixiatrik müayinə təyin edilib və nəticələr təqsirləndirilən şəxsə tətbiq olunacaq cəza növünü müəyyən edəcək. Əgər müayinə nticəsində Giorqobianinin məcəllədə nəzərdə tutulduğu kimi anlaqsız olduğu təsdiqlənərsə, o, müvafiq müəssisəyə yerləşdiriləcək. Prokuror qeyd edib ki, Giorqobiani istintaqla əməkdaşlıq etməyib və ifadə verməyib. Qadın iki mağaza işçisindən pul istəyib, lakin bu istəyi rədd edilib və qadın zorakılığa əl atıb. Gürcüstanda supermarketlərin birində azərbaycanlılara qarşı baş vermiş qrup halında zorakılığın təşkilində və iştirakında ittiham olunan daha bir nəfər Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Apsny.ge məlumat yayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxs 1997-ci il təvəllüdlü Ş.A.-dır. Qeyd edək ki, bu cinayət işi üzrə daha əvvəl bir neçə nəfər - 1970-ci il təvəllüdlü Manana Giorqobiani, 1996-cı il təvəllüdlü C.Ç., 2000-ci il təvəllüdlü L.G., 1999-cu il təvəllüdlü D.P. və 1995-ci il təvəllüdlü D.K. - saxlanılıb. İlkin istintaqın nəticələrinə əsasən, noyabrın 2-də gecə saatlarında Tbilisidə supermarketin yaxınlığında bir qrup şəxs iki azərbaycanlı işçiyə qarşı zorakı hərəkətlər törədib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən bütün şəxslər müəyyən edilərək təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci və 2-ci hissələri - qrup halında zorakılıq və onun təşkili faktları üzrə istintaq aparılır. Qanunvericiliyə əsasən, bu əməllər doqquz ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.





















