Azərbaycanlı kişi ukraynalı sevgilisini Rusiyada üzərinə benzin töküb yandırdı
Ukraynaya işləməyə gedən azərbaycanlı Rusiyada qətl törədib. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə Rusiya Federasiyası, Moskva vilayəti, Serpuxov şəhəri, Kosmonavtlar küçəsində baş verib. Belə ki, Ağcabədi rayon sakini, 1974-cü il təvəllüdlü Ayət Məmmədov (soyad şərtidir) 2015-ci ildə Ukraynaya gedib. O, Ukraynada Şaxnoza Dadacanova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb. Qadının əvvəlki ərindən bir övladı olsa da, cütlüyün birgə münasibətdən də bir uşağı dünyaya gəlib. 2022-ci ilə qədər Ukraynada yaşayan ailə, daha sonra Rusiyaya qayıdıb və Moskva vilayəti, Serpuxov şəhəri, Kosmonavtlar küçəsində yaşamağa başlayıb. 2023-cü ildə cütlük arasında mübahisələr başlayıb və münasibətlər gərginləşib. Ayət qadını öldürməyə qərar verib və bunun üçün plan qurub. O, həmin gün idarə etdiyi avtomobildən benzin çəkərək evə gəlib. Benzini qadının üzərinə tökərək ona od vurub, hadisə yerindən qaçıb. Qonşuların müdaxiləsi nəticəsində Şaxnoza Dadacanova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının öldüyünü eşidən Ayət dərhal Rusiyanı tərk edib, Azərbaycana qayıdıb. Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb və o, axtarışa verilib. Axtarış əsasında Azərbaycan polisi araşdırmalara başlayıb və təqsirləndirilən şəxs Ağcabədi rayonunda saxlanılıb. Faktla bağlı cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə A.Məmmədov 18 il azadlıqdan məhrum edilib.