Goranboyda qadın qısqanclıq zəminində QƏTLƏ YETİRİLDİ - TƏFƏRRÜAT
Goranboy rayonunda 36 yaşlı qadının qətlinin bəzi təfərrüatı məlum olub. Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, 38 yaşlı Maşallah Əliyev həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən şəxsin anası Bülbül Əliyevanın sözlərinə görə, oğlu həyat yoldaşı İlhamə Tağıyevanın başqa şəxslərlə yazışdığını aşkar edib: "Bir ay əvvəl oğlum gəlinin başqa şəxslərlə danışdığını öyrənib. Oğlum bunu tutandan sonra gəlinin ata-anasına xəbər verdi, onlar da qızlarını aparıdılar. Daha sonra qızın xalası xahiş elədi ki, 3 uşağın xətrinə bağışlasın. Oğlum da bağışladı, gəlin evə qaytarıldı. Amma dünən gecə oğlum yenidən yazışmaları tutub". Bülbül Əliyeva deyib ki, hadisədən ailə üzvləri toyda xəbər tutublar: "Bu gün qardaşım oğlunun toyu idi. Toyda xəbər gəldi ki, oğlum arvadını bıçaqlayıb. Evə gələndə gəlinimin artıq öldüyünü gördük. Polis də hadisə yerinə gəldi. Mən hər şeyi gəlinin atasına olduğu kimi danışdım". Onun sözlərinə görə, İlhamə Tağıyeva iki nəfərlə yazışırmış: "Oğlum gəlinin telefonunda biri bacım oğlu, digəri isə qonşu kənddən olan bir şəxslə yazışmalarını və səs yazılarını tutub. Oğlum bu məsələni namusuna sığışdırmayıb və hadisəni törədib". Məlumata görə, cütlüyün 2 oğlu və 1 qızı var. Hadisə baş verən zaman ər-arvad evdə tək olublar. Goranboy rayonunda 36 yaşlı qadın qətlə yetirilib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq öldürülüb. Qadını qətlə yetirməkdə onun həyat yoldaşı M.Əliyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.