Bəzi bölgələrdə temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
Sentyabrın 10-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq, bölgələrdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Ölkə ərazisində sentyabrın 15-dək havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Sentyabrın 10-u axşamdan 14-dək Azərbaycanda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Gəncə, Tovuz, Goranboy, Daşkəsən, Ağstafa, Qazax, Qusar, Xızı, Qobustan, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Azərbaycanın digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.