Rusiya və Ekvadorun bəzi vilayətlərindən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Rusiya və Ekvadordan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Rusiyanın Tatarıstan Respublikasında və Ekvadorun Quayas əyalətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə Rusiyanın Tatarıstan Respublikasında, habelə Ekvador Respublikasının Quayas əyalətində, zonalaşma prinsipi nəzərə alınmaqla 10 kilometr radiusdakı məsafədə yerləşən müəssisələrdən quşçuluq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə bu inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.