SABİQ NAZİR HARIN MƏMURLARI SƏRT TƏNQİD ETDİ – “Bu, hakimiyyətin və ölkəmizin imicinə zərər gətirir”
Azərbaycanda “yol mədəniyyəti” ilə bağlı ciddi problemlərin mövcud olduğu heç kimə sirr deyil. Bu problem təkcə hərəkətin təşkili deyil, hərəkət iştirakçılarının məsuliyyətsizliyi, qaydalara məhəl qoymaması, özbaşınalığı, bəzən isə hətta harın davranışında özünü ifadə edir. Bu baxımdan məmurlar, onların yaxınları və Yol Polisində “əlaqələri” olan digər sürücülər xüsusi seçilirlər. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu mövzuyla bağlı maraqlı paylaşım edib. Rus dilində dərc etdiyi paylaşımında sabiq nazir məmurların “yol hərəkəti tərbiyəsizliyi”ndən gileylənib: “COP 29 yaxınlaşır. Hər yerdə abadlıq işləri gedir və bu, gah cəmiyyətimiz tərəfindən bəyənilir, gah da tənqid olunur. Dünyanın hər yerindən gələn qonaqlara “üçüncü dünya” deyil, gələcəyə doğru addımlayan, ən yüksək standartları tətbiq edən ölkə olduğumuzu göstərmək istəyimiz normaldır. Yaxşı, iddialı hədəfdir... Amma yollarımızda hökm sürən mənzərə onu göstərir ki, bir çoxları, o cümlədən “bürokratik planktonlar” özlərini elə həyasızcasına və təkəbbürlü aparırlar ki, şərti qonaq xidməti(vəzifə) maşınında necə “möcüzə”nin oturduğunu dərhal anlayacaq. “Bəy karetaları”nın(məmurların xidməti avtomobilləri nəzərdə tutulur-red.) sürücüləri daim işıq işarələri verir, sürət həddini nümayişkaranə şəkildə pozurlar və sair. Onları təqlid edən şərti JEK rəisi, yaxud yol polisi serjantı və onların qohumlarına qədər hamı özünü önəmli dövlət xadimi kimi göstərir. Bu natamamlıq kompleksinin təzahürləri o qədər vulqar görünür ki, vətəndaşlarda ədəbini itirmiş bu cür “xalqın qulluqçularına” qarşı narazılıq və qəzəb hissi yaranır. Onların, yumşaq desək, “yol hərəkəti tərbiyəsizliyi” və bunun təzahürləri, təəssüf ki, hakimiyyətin və ölkəmizin imicinə xələl gətirir”.