Войти

Uşaq xəstələnəndə onu zorla yedirtmək lazımdırmı? - Həkimdən tövsiyələr

Sosial

Soyuqdəymə dövründə uşağın qidalanması az və ya çox dərəcədə dəyişə bilər".

Mediaxeberleri.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı pediatr, uşaq qastroenteroloqu Anastasiya Lyutova məlumat verib.

O bildirib ki, xəstəlik zamanı qida rasionuna yeni məhsullar əlavə etmək lazım deyil.

"Xəstə uşağı kiçik porsiyalarla yedizdirmək, qidalanma sayını artırmaq daha yaxşıdır. Valideyn körpənin vəziyyətini yüngülləşdirmək üçün onun yaşına uyğun, lakin asanlıqla çeynənən və tez həzm olunan yeməklər hazırlaya bilər ", - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, xəstəliyin ilk günlərində şirniyyat və çörək məmulatlarını məhdudlaşdırmaq daha yaxşıdır, çünki onlar qaz əmələ gəlməsini artıra və bəzi hallarda ürəkbulanma, hətta qusma kimi xoşagəlməz simptomlara səbəb ola bilər.

"Həmçinin, çox şəkər və stabilizator tərkibli paketlənmiş şirələri, konservləşdirilmiş kompotları istisna etmək lazımdır, çünki bunlar mədə-bağırsaq traktının selikli qişasının daha çox qıcıqlanmasına səbəb ola bilər. Qrip, KRVX zamanı pediatr süd və bitki məhsullarının üstünlük təşkil etdiyi qidalanma təyin edə bilər, çünki onlar vitaminlərlə, minerallarla zəngindir. Həmçinin bol maye qəbulu faydalıdır, bunun üçün isti və ya ilıq çay, quşüzümü və ya mərsin şirəsi, itburnu həlimi, qələvi mineral suyu seçmək olar", - deyə qastroenteroloq qeyd edib.

Lyutova onu da vurğulayıb ki, əgər uşaq, məsələn, yüksək hərarət zamanı yeməkdən imtina edirsə, təkid etmək lazım deyil, xəstəlik zamanı iştahanın olmaması və ya azalması tez-tez rast gəlinən haldır.

"Bu vəziyyətin uzanmamasına nəzarət etmək lazımdır. Xəstəliyin kəskin dövründə uşağa maye içirtməyə üstünlük vermək daha yaxşıdır, bunun üçün su, şəkərsiz alma kompostu, düyü həlimi, zəif qara çay uyğundur. Artıq sağalma dövründə isə körpə yaxşılaşmağa başlayanda qidalanma mühüm rol oynayır. Gücü bərpa etmək üçün qida yaxşı həzm olunmalı, enerji ilə zəngin olmalı, mineral maddələr və vitaminlər tərkibli olmalıdır", - deyə pediatr izah edib.

Həkim qeyd edib ki, KRVX zamanı immuniteti möhkəmləndirməyə həkim tərəfindən vaxtında və düzgün təyin edilmiş müalicə (antiviral preparatlar, probiotiklər və ya simbiotiklər, absorbentlər) kömək edir, valideynlər heç bir halda uşağa dərman preparatlarını özləri seçməməlidirlər.

"Respirator xəstəlikdən sonra ümumi möhkəmləndirici terapiya kimi həkim tərəfindən üç yaşdan yuxarı uşaqlara polivitamin kompleksləri, bu yaşa qədər isə "D" vitamini məhlulu təyin edilə bilər. Pəhriz uşaq orqanizminin qida maddələrinə olan yaş tələbatına uyğun olaraq balanslaşdırılmış təyin edilir. Həmçinin gün rejiminə riayət etmək, təmiz havada vaxt keçirmək və xəstə insanlarla təmasları məhdudlaşdırmağa çalışmaq vacibdir", - deyə Lyutova sözlərini yekunlaşdırıb.


İcra nümayəndəsi yalnız yaşadığı küçəni ASFALTLADIB

Sosial

Xəzər rayonu Türkan qəsəbəsində iki şəhid ailəsinin yaşadığı küçə 30 ildən çoxdur asfaltlanmır. Söhbət qəsəbənin Qasım İsmayılov və Poçt küçələrinin kəsişməsindən gedir. Asfaltı olmayan yolda payız, qış aylarında hərəkət etmək çətinləşir. Yağış suları yolda palçıq və gölməçələr yaradır. İllərdir bununla bağlı yerli bələdiyyə, icra nümayəndəsinə Xəzər Rayon İcra Hakimiyyətinə müraciətlər olunsa da, problem həll edilməmiş qalıb.

Bəs icra nümayəndəsinin yaşadığı küçə?

Maraqlısı isə budur ki, sözügedən qəsəbənin başqa bir küçəsində yaşayan Türkan qəsəbə ərazi nümayəndəsi Əli Quliyevin ikimərtəbəli evinin qarşısındakı yol asfaltlanıb.

Uzağı 3 ay ərzində...

Məsələ ilə bağlı icra nümayəndəsi Əli Quliyevlə əlaqə saxlanılıb. Bizim.media-ya açıqlama verən qurum rəsmisi şəhid ailələrinin evinin yerləşdiyi küçənin 3 ay ərzində asfaltlanacağına söz verib:

"Bu yaxınlarda da özüm şəxsən məsafəni ölçüb aidiyyəti quruma məlumat vermişəm. Uzağı 3 aya küçəyə asfalt yol çəkiləcək".

"Bəs 30 ildir niyə asfaltlanmırdı?" - sualına gəlincə, Əli Quliyev bunları deyib:

"Həmin küçə dövlət layihəsinə salınıb. Bu günə qədər çəkilməməsi bizim yox, yolun problemidir".

O zaman icra nümayəndəsinin yaşadığı küçə niyə asfaltlanır?

Əli Quliyevin buna da maraqlı cavabı olub. O, deyib ki, yaşadığı küçənin asfaltlanması özü üçün deyil.

"Mənim yaşadığım küçədə əlil var, ona görə asfaltlanıb. Digər küçədə şəhid ailələrinin olduğunu bilirəm. Ora da asfaltlanacaq", - deyə fikrini sonlandırıb.




Əhməd Əhmədov haqqında qərar verildi - Video

Sosial

Bakıda ailəsinin beş üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəmə prosesi başa çatıb.

Mediaxeberleri.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə qərar elan olunub. Qərara əsasən, Əhməd Əhmədov cəzadan azad edilib.

Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Sosial

Oktyabrın 9-da ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan Cavid Namiq oğlu İsmayılzadə torpağa tapşırılıb.

Bu barədə Mediaxeberleri.Az-a məlumat daxil olub.

Qeyd edək ki, C.İsmayılzadə Bakının Nərimanov Rayon Polis İdarəsinin rəis müavini olub.

Onun atası polkovnik Namiq İsmayılov isə Binəqədi rayonunun sabiq polis rəisi olub.

Həbs qərarı üçün Əhməd daha neçə adamı öldürməlidir?

Sosial

“Bu gün Əhmədə hökm oxunacaq” xəbərini oxuyanda içimdən qəribə bir hiss keçdi: birdən heç bir cəza verməsələr? Desələr ki, xəstədir...

İnanmaq istəmədim. Çünki istintaqa və məhkəməyə yazılı ifadəsini tam oxumuşdum, həm də 3 dəfə. Bir insanın törətdiyi dəhşətli qətliamı – öz doğmalarını doğramasını bu qədər soyuqqanlılıqla ifadə etməsinin özü inanılmaz idi.

Ancaq bu gün keçirilən məhkəmənin gəldiyi qənaət daha inanılmazdır: Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək.

Axı Əhməd öz ifadəsində heç bir ruhi və ya psixi xəstəlikdən əziyyət çəkmədiyini deyir, heç vaxt narkotik vasitə qəbul etmədiyini bildirir? Cinayət törədən zaman spirtli içkinin təsiri altında da olmayıb.

Hadisənin baş verdiyi gün atasının mətbəxdə səhər yeməyi hazırlamasını, evin mətbəxindən götürdüyü bıçaqla ona zərbələr endirdiyini, bıçaq sındığı üçün yenisinə gedib gətirdiyini, qətldən sonra siqaret ehtiyacı hiss etdiyini, bunun üçün getdiyi marketin adını, ona siqaret satmadıqlarını, anası ilə söhbətinin xırdalıqlarını, “1001 xırdavat” mağazasından 20 manata balta almağını, hadisə zamanı onu görən yeganə şahidin kim olduğunu - hamısını bircə-bircə xatırlayır, tam təfərrüatla ifadəsində var bütün bunlar. Hələ üstəlik qardaşı Məhəmmədi və bacısı qızı Ülviyyəni “hansı məntiqlə” öldürdüyünü də izah edir – ki, böyüyüb valideynləri kimi olacaqdılar, mənə nifrət edəcəkdilər.

Yaxşı, anlaqsız biri bunu necə xatırlaya bilər? Anlaqsız, ruhi xəstə olan şəxs necə marketə girib qətl üçün balta ala bilər? Necə plan qurub, anasından daha tez mənzilə çatmağa çalışar?

Atasını qətlə yetirəndən sonra anlaqsız vəziyyətdə necə maşın idarə edib, bacısıgilə gedə, orda qətliamlar törədəndən sonra geri qayıda bilər?

Anlaqsız adam anasını və qardaşını qətlə yetirdikdən sonra cinayət alətini necə gizlətməyə çalışar? Niyə onu görünməz yerə atar?

Anlaqsızdırsa, niyə qanlı paltarını dəyişir, yuyunur, qan izlərini təmizləyir, sonra həyətə düşür?

Qətldən 8 ay keçməsinə rəğmən, həmin günü dəqiqliyi ilə xatırlayan biri necə anlaqsız ola bilər?

Hər şeyi etiraf edən, xəstə olmadığını vurğulayaraq qətli anlaqsız halda törətmədiyini bildirən birinin yaxasında yapışıb, “yox, sən xəstəsən” israrının səbəbi nədir?

Sabah “sağalsa” və cəzadan azad olunsa, yenə də balta alıb, kimisə doğrasa, bunun məsuliyyətini kim daşıyacaq?

Soyuqdəymənin müddətini azaltmağın yolu açıqlandı

Sosial

Amerikalı alim soyuqdəymənin müddətini azaltmağın yollarını və zökəmlə mübarizənin effektiv üsullarını açıqlayıb.

Mediaxeberleri.Az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, bu barədə Kardiff Universitetinin bioloji elmlər üzrə eksperti Ron Ekls danışıb.

Onun sözlərinə görə, dəniz yosunu ekstraktlı burun spreyi və sink tərkibli qida əlavələri simptomları əhəmiyyətli dərəcədə yüngülləşdirə və xəstəliyin müddətini qısalda bilər.

"Burun spreylərində istifadə olunan dəniz yosunu ekstraktları antiviral təsirə malikdir. Onlar virusların orqanizmdə yayılmasına mane olan qoruyucu baryer yaradır" , - deyən professor, əsasən polisaxarid karragen və kappa-karragen tərkibli spreyləri seçməyi tövsiyə edib.

Mütəxəssis vurğulayıb ki, sink tərkibli qida əlavələri də soyuqdəymə zamanı insanın özünü daha tez yaxşı hiss etməsinə kömək edir.

"Sink - immun sistemi formalaşdıran hüceyrələrin inkişafı üçün vacib olan həyati mineraldır. Tədqiqatlar göstərib ki, bir neçə gün ərzində az miqdarda (10-40 mq) sink əlavələrinin qəbulu soyuqdəymənin müddətini azalda bilər" , - deyə Ekls bildirib.

Alim əlavə edib ki, təbii sink qırmızı ət və süd məhsullarında mövcuddur.

Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı

Sosial

Bakı şəhərində taksi fəaliyyəti ilə məğul olanlar üçün yeni qadağa qüvvəyə minib.

Mediaxeberleri.Az xəbər verir ki, oktyabrın 9-dan etibarən bəzi avtomobillərin Bakı şəhərində taksi kimi istifadəsinə qadağa qoyulub.

Söhbət 2009-2010-cu illər istehsalı olan avtomobillərdən gedir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) bu məlumatı təsdiqləyiblər. Agentlikdən FED.az-a bildirilib ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobili kimi istifadə oluna bilməz.

Qadağanın bugündən tətbiq edilməsinə gəlincə, AYNA-dan bildirilib ki, belə avtomobillərin sahibləri iyulun 1-dək müraciət edə bilərdilər. Həmin tarixə qədər müraciət etməyənlər artıq həmin avtomobillərdən istifadə edə bilməyəcəklər.

«Yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edə bilərdilər. 1 iyuldan sonra yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə bilirlər»- deyə agentlikdən bildirilib.

Tələbələrə ŞAD XƏBƏR - Bakalavr müddəti 3 ilə endirilə bilər

Sosial

Ali təhsil müəssisələrində proqramların yenilənməməsi daima gündəmə gəlir. Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bəzən dəyişiklik edilməməsinin səbəbi təhsilə aidiyyatı olmayan məsələlər olur. Onun sözlərinə görə, ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişiklikliyə hazırıqsa, bunu etmək mümkündür.

Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil məsələri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan universitetləri müasir təhsil parametrlərindən xeyli geri qalır:

"Baxmayaraq ki, 2024-cü ildir, Azərbaycan universitetləri hələ də 1985-ci ildən bəri keçə bilməyiblər. Yəni bizim universitetlərimiz hələ də mühazirə-seminar yanaşmasından irəli keçməyib. Tədris materialları, dərsliklərin hamısı köhnədir. Ali təhsil müəssisələrindən məzun olan şəxslər əmək bazarında öz ixtisaslarına uyğun işləyə bilmirlər. Çünki universitetlər müasir dövrün tələblərinə və əmək bazarının çağırışlarına uyğun kadr hazırlaya bilmir. Ona görə hazırlaya bilmir ki, tələbələrin 4 il univeristetlərdə keçirdikləri vaxt ərzində əldə etdikləri biliklər gələcək kariyeralarında onlara lazım olmur".

Ekspertin fikrincə, bir çox ixtisaslarda bakalavr müddəti 3 ilə endirilə bilər:

"Ümumiyyətlə, müasir yanaşmada 4 illik univeristet artıq məqbul deyil. Yəni bizim gənclərimiz əmək bazarına daha tez və çevik hazır olmalıdırlar. Bu gün Azərbaycan universitetlərində bakalavr pilləsinin 4 il olması lazımsızdır. Düşünürəm ki, bir çox ixtisaslar üzrə bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi mümkündür. Misal üçün, jurnalist və ya mühasib olmaq üçün 4 il təhsil almağa ehtiyac yoxdur. Daha qısa müddət ərzində bu kimi ixtisasların bilik və bacarıqlarına yiyələnmək mümkündür. Bu cür ixtisasların sayı olduqca çoxdur".

Sabah Bakının bu ərazisində işıq kəsiləcək

Sosial

Oktyabrın 10-da saat 10:00-dan 15:00-dək Bakının Xəzər rayonunun Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Mediaxeberleri.Az "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, buna səbəb Xəzər rayonunun Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Şağan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətlərinin sifarişə əsasən açılmasıdır.

Bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sumqayıtda üç xanım direktor vəzifəsindən azad edildi - YENİ TƏYİNATLAR

Sosial

Sumqayıtda bir neçə təhsil müəssisəsinin rəhbər heyəti arasında kadr dəyişikliyi olub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Belə ki, Qönçə Səftərova "Təfəkkür Liseyi"nin direktoru vəzifəsindən, Adilə Süleymanova 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən və Gülbahar Haqverdiyeva isə 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunublar.


Digər əmrlərlə Q.Səftərova 6 nömrəli tam orta məktəbə, A.Süleymanova "Təfəkkür Liseyi"nə, G.Haqverdiyeva isə 63 nömrəli körpələr evinə rəhbər təyin edilib.

В будущее В прошлое

Навигация