t s

» » AXCP-nin anti-böhran paketinə dəstək

AXCP-nin anti-böhran paketinə dəstək

24-01-2016, 20:37 Yazar:  Gülnar Baxılıb: 388 Çap et
AXCP-nin anti-böhran paketinə dəstəkPartiya böhrandan çıxış yollarını göstərir

Natiq Cəfərli: “Turizmi inkişaf etdirmək üçün viza rejimi sadələşdirilməlidir”

Vüqar Bayramov: “Qonşu ölkələrdə turizmin inkişafına birbaşa dövlət dəstəyi var”

Fəxrim Əbdüləzimov: “Müalicəvi istirahət və sağlamlıq mərkəzlərinə xüsusi diqqət göstərilməlidir”


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) böhrandan çıxış yolları ilə bağlı hazırladığı təklifləri ictimai müzakirəyə çıxarıb. Təkliflər paketinin birinci hissəsi ölkədə gəlirli sahələrdən biri olan turizmin dirçəldilməsi ilə bağlıdır. Paketdə bildirilir ki, neftin qiymətinin aşağı düşməsi, ölkənin iqtisadi gəlirlərinin azalması, dünyada böhranın davam etdiyi bir zamanda ölkənin böhrandan çıxmasında, ümumi prosesin üzərimizdə daha az hiss olunması üçün turizm sektorunun inkişafı və istifadəsinin mövcud şəraitə, qiymətlərinin ölkə daxilində vətəndaşlara, o cümlədən xarici turistlərə əlçatan olması vacibdir.

AXCP-nin ilkin təklifi bundan ibarətdir ki, ölkə boyu turizm obyektlərinə 3 (üç) ay möhlət müddəti tanınır və onlar bu zaman ərzində qiymətləri yerli imkanlara, habelə xarici turistlərin cəlb olunmasına və o cümlədən xidmətləri dünyada qəbul olunmuş standartlara uyğunlaşdırır: “Birinci növbədə, istənilən turizm obyektində xidmətlərə üç dəfə qidalanma, yataq, müalicə-sağlamlıq, idman və buna bənzər digər xidmətlər daxil edilir, o cümlədən tarixi və görməli yerlərə səyahət təşkil edilir. Bunlara əlavə olaraq, hər bir turizm obyektinin ən azından Azərbaycan və rus dillərində internet səhifəsinin və qiymətlərlə bərabər bütün xidmətlərin də siyahısının verilməsi təlimatla tənzimlənir. Ölkəyə gələn yaxud ölkə vətəndaşı olan turist bu və ya digər istirahət məkanında istirahətini təşkil etmək üçün öncədən xərcini müqayisəli şəkildə hesablaya bilir. Türkiyə, Gürcüstan, Rusiya, Belarus, Ukrayna, Polşa və Moldovada istirahət etmək Azərbaycanda dincəlməkdən çox ucuz başa gəlir. Bunun əyani sübutu kimi həmin ölkələrin turizm mərkəzlərinin internet səhifəsinə daxil olub qiymətlərə baxmaq kifayətdir. Həmin ölkələrin turizm şirkətlərinin xidmətlərinə gündə üç dəfə qidalanma, müalicə-sağlamlıq və idman da daxildir. Hazırkı vəziyyətdə xaricdə isrtirahət edən vətəndaşların manatın ucuzlaşması ucbatından sayı kəskin azalacaq. Kobud hesablama ilə bu 750-800 min turist deməkdir. Bu qədər insanın da ölkədə istirahət etməsi bölgələrin canlanmasına və turizmin inkişafına səbəb olacaq.

AXCP bildirib ki, əsas turizm məkanlarından biri sayılan Nabran turizm infrastrukturu çox zəifdir. Halbuki normal infrastrukturla bu məkana bir il ərzində ən azı əlavə 100 min xarici turist cəlb etmək olar. Nabranda turizm infrastrukturunun yaradılması sahibkarların üzərinə turizm obyektlərində müalicə-sağlamlıq və idman infrastrukturunun yaradılması şərtlərini də qoyur. Partiya həmçinin Azərbaycanın Antalyası ola biləcək Siyəzəndə yeni bir turizm kompleksinin yaradılmasını təklif edib. AXCP-nin digər təkliflərinə qeyri-neft sektorunun inkişafına əsaslı töhfə-müalicəvi sanatoriyaların bərpası və yenilərinin yaradılması, Bakının Pirşağı qəsəbəsindəki "Qızıl-qum" sanatoriyasında yerləşən məcburi köçkünlərin təcili köçürülməsi və sanatoriyanın bərpası, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən sanatoriyanın yenilənməsi və bərpası, İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası üçün xarici dillərdə reklamların hazırlanmasını, Qubanın son yaşayış məntəqəsi olan Xaltan kəndi yaxınlığında müalicə sanatoriyasının yaradılması, xarici ölkələrlə Azərbaycan arasında vizanın sadələşdirilməsi, reklam işinin təşkili kimi məsələlər daxildir.

Qonşular turizmi necə inkişaf etdirirlər?

Azərbaycanda turizm xidmətləri də bərbad vəziyyətdədir və onilliklər ərzində daxili və xarici turistlərin rahatlığı üçün bu sahədə əsaslı dönüş yaradılmayıb. Halbuki ölkə turizminin inkişafı üçün potensial var, bölmənin inkişafı üçün bəzi iş adamlarına bölgələrdə yeni infrastruktur layihələrinin reallaşdırılması üçün imkanlar yaradılıb. Bu iş adamları hökumətdə təmsil olunan məmurla məhdudlaşır. Lakin bu da turizmin inkişafına imkan yaratmır. Çünki səbəbləri var, həmin problemli səbəblər xarici turistləri ölkəmizdən qaçırır. Qonşu dövlətlərin vətəndaşları da Azərbaycana gəlmirlər, istirahət üçün digər ölkələrə üz tuturlar. Bunun əsas səbəbi ağır viza şərtləri və turizm obyektlərində xidmətlərin baha olması ilə əlaqədardır. Bu sahədə fəaliyyət göstərən sahibkarlar xidmətləri çox yüksək qiymətə təklif edirlər, bu da turistləri qane etmir. İkinci problem göstərilən xidmətlə bağlıdır. Turizm obyektlərindəki xidmət mədəniyyəti müasir standartlara cavab vermir. Digər problemin qida rasionu ilə bağlıdır. Mehmanxanalarda turistlərə daha çox Azərbaycanın milli xörəkləri təklif olunur. Yerli turistlərlə yanaşı, əcnəbilər də nəzərə alınmalıdır. Təqdim olunan mətbəx rasionu zəngin olmalıdır. Ən əsası turistlərə ölkə ərazisində mənzərəli yerləri gəzmək üçün hərəkət məhdudiyyəti qoyulmamalıdır. Həmçinin turistlərə çay və göllərdə balıq ovu etmək, meşələrdə istirahət təşkil etməyə icazə verilməlidir. Digər ölkələrdə belə praktika geniş yayılıb. Bu sahəni inkişaf etdirmək üçün problemlər nəzərə alınmalıdır. Azərbaycanda bu sahədən yaxşı gəlir əldə etmək də mümkündür. Bunun üçün xidmət haqqını artırmaq əvəzidə daha çox müştəriyə xidmət göstərmək, yəni ölkəyə daha çox turist cəlb edərək dövriyyəni artırmaq hesabına qazanc əldə etmək barədə düşünməliyik. Qonşu ölkələr bu yollarla turizmi inkişaf etdirirlər.

“Ev mehmanxanaları yaradılmalıdır”

AXCP-nin anti-böhran paketinə dəstəkİqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət”ə turizm sektorunu nəzəri qərarlarla dirçəltməyin mümkün olmadığını bildirib. N.Cəfərli hesab edir ki, bunun üçün siyasi qərarlar da qəbul olunmalıdır: “Bura xarici ölkələrlə Azərbaycan arasında olan vizaların ləğv olunması da daxildir. Azərbaycan Avropa dövlətləri ilə yanaşı, ABŞ, hətta qardaş Türkiyəyə də viza rejimi tətbiq edir. Vizanın sənədləşdirilməsi turistlərin ölkəyə gəlməsinin qarşısında süni əngəllər yaradır. Bu turistlərdə ölkəyə qarşı həvəssizlik yaradır. Əvvəlcə sektorun inkişafı üçün buradan başlamaq lazımdır. Vizanı sadələşdirmək və Azərbaycana vizasız gediş-gəliş olan ölkələrin sayını artırmaq lazımdır. MDB-dən başqa Azərbaycan bütün ölkələrə viza rejimi tətbiq edir. İkinci, rəqabətli mühit üçün məmur turizm biznesindən geri çəkilməlidir. Azərbaycanda turizm biznesi məmur biznesidir. İri çaplı nazirlərin, məmurların mehmanxanalar zənciri var. Bu biznesdə dominant rolunu onlar oynayırlar. Bu rəqabətli mühitin qarşısında ən böyük problemdir və qəbuledilməzdir. Bu, həmçinin turizm biznesinin inkişafına maneə olan ciddi problemdir. Üçüncü, kiçik və orta sahibkalara vergi güzəştləri tətbiq olunmalıdır. Məsələn, Gürcüstanda kiçik mehmanxanalar və ev mehmanxanaları daha məşhurdur. Gürcülər öz evlərində, yaxud torpaq sahələrində kiçik mehmanxanalar yaradırlar. Onlar üçün Gürcüstanda çox ciddi vergi güzəştləri, həmçinin dövlət tərəfindən kredit dəstəyi var. Azərbaycanda bu addımların atılmasına da ehtiyac var. Bir çox sahələrdə kompleks, köklü tədbirlər görmək lazımdır ki, turizmdə inkişaf olsun”.

“Devalvasiya turizmin inkişafına müsbət təsir edə bilər”

Natiq Cəfərlinin sözlərinə görə, turizm obyektlərində xidmətin qonşu dövlətlərlə müqayisədə baha olması turistlərin Azərbaycana gəlməsinə əngəllər yaradır. Ekspert qeyd edib ki, xidmətin qiymətlərini aşağı salmaq üçün rəqabətli mühitin yaradılması əsas şərtdir: “Bu təkcə otelçiliyi yox, bütün sahələri əhatə etməlidir. Bu halda qiymətləri aşağı salmaq olar. Rəqabətsiz mühitdə qiymət və xidmət keyfiyyətinə sahib olmaq mümkün deyil. Qiymətlərin baha olması Azərbaycana marağı azaldır. Qəribə səslənsə də, kəskin devalvasiyanın, manatın məzənnəsinin kəskin ucuzlaşması turizmin inkişafına müsbət təsirləri var. Xarici turistlərin gəlib Azərbaycanda valyuta dəyişərkən daha çox manat əldə etməsi, xərcləmə ehtimalının artması baxımından devalvasiyanın bu anlamda müsbət təsiri ola bilər. Devalvasiyanın turizmə hansı mənfi təsirlərinin olması isə başqa mövzudur. Turizmin inkişafı uzun zaman aparan məsələdir. Qonşu Türkiyə gecə-gündüz 20 il çalışdı ki, sektoru Yunanıstanla rəqabətli hala gətirə bilsin. 70-80-ci illərin əvvəllərindən bu proses başladı. Nəticədə sektor 90-cı illərin sonlarından Türkiyəyə yaxşı gəlirlər gətirməyə başladı. Yəni işə bu gün başlamaq lazımdır, vaxt itirmək lazım deyil”.

Kənd turizmi: Həm əyləncə, həm iş

Rayon və kəndlərdəki köhnə mədəniyyət evlərindən, tərkedilmiş yaşayış evlərini əsaslı təmirdən sonra istirahət mərkəzləri kimi istifadə etmək mümkündür. Azərbaycan kəndlərində turizmin inkişafı üçün çalışılmalıdır. Gürcüstan, Türkiyə və Avropada həmin praktika uğurla tətbiq olunur. Azərbaycan kəndlərinin bunun üçün geniş imkanları var. Gənclər üçün imkanlar tanınmalıdır ki, kəndlərdə müstəqil şəkildə turizm obyektləri yaratsınlar. Kəndlilər üçün ayrılmış pay torpaqlarında yaradılacaq turizm obyektlərinə əcnəbiləri internet, reklam vasitəsilə cəlb etmək rahat məsələdir. Mədəniyyət və Turizm Nazirliyi və turizm şirkətləri bu barədə müəyyən proqramlar qəbul edə bilərlər. Kənd yerlərində yaşayışı maraqlı etmək üçün bu cür addımlar atılmalıdır. Bu həm yerli gəncləri işlə təmin etməklə yanaşı, həm də asudə vaxtlarının səmərəli şəkildə keçirilməsinə şərait yaradacaq. Yollarda aparılan təmir və yenidənqurma işləri yaxşı effekt verir. Dəmiryolunda olan problemlər həll edilsə yaxşı olardı. Təyyarə vasitəsilə Bakıdan başqa digər şəhər və rayonlara getmək mümkündür. Gənclər heç bir maliyyə proseduru aparmadan, investisiya yatırmadan Rusiya kimi ölkələrdə çox yaxşı biznes qura bilirlər. Həmin praktikanı Azərbaycanda da tətbiq etmək mümkündür. Bunun üçün mühit və şərait yaradılmalıdır. Kəndlərdə turizmin inkişafı insanların həm əyləncəsi, həm də işi olar.

“Əcnəbi turistlər Azərbaycana gəlməyi planlaşdıra bilmirlər”

AXCP-nin anti-böhran paketinə dəstəkİqtisadçı-ekspert Vüqar Bayramov “Cümhuriyət”ə bildirib ki, turizm sektorundakı problemləri yalnız bu sahə ilə əlaqələndirmək doğru deyil. V.Bayramovun sözlərinə görə, sektorun inkişafı kompleks tədbirlərin bir elementi olmalıdır: “İqtisadiyyatın digər sahələrini də əhatə edən kompleks tədbirlər keçirmədən ölkə turizmini inkişaf etdirmək mümkün deyil. Turizm sektorunun tənzimlənməsində aparılan dövlət siyasətində müəyyən dəyişikliklər edilməlidir. Şərqi Avropa və qonşu ölkələrdə turizmin inkişafına birbaşa dövlət dəstəyi var. Həmin ölkələrdə güzəştli vergilər tətbiq olunur. Bu turizm şirkətlərinin xərclərinin azalmasına şərait yaradır. Turizm şirkətləri subsidiya alırlar ki, bu da onların xərclərini azaldır və bununla xidmət sektorunda qiymətləri də normal səviyyədə saxlaya bilirlər. Qazaxıstan artıq viza sisteminin liberallaşdırılması ilə bağlı fəaliyyətlər həyata keçirir. 16-dan çox ölkəyə vizasız rejim tətbiq edib. Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Çünki reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan vizasını almaq çətindir. Buna görə də əcnəbi turistlər Azərbaycana gəlməyi planlaşdıra bilmirlər. Xüsusilə Avropa İttifaqı ölkələrinə pulsuz vizanın tətbiq edilməsinə ehtiyac var. Vizasız rejim birmənalı şəkildə Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olacaq. Eyni zamanda xidmət sektorunda qiymətlərin tənzimlənməsi vacibdir, keyfiyyətin artırılması ilə bağlı fəaliyyətin genişləndirilməsinə ehtiyac var. Azərbaycanın turizm potensialı var. Bu potensialdan səmərəli istifadə etməklə turizmi inkişaf etdirmək mümkündür. Neftin qiymətlərinin aşağı olduğu şəraitdə kompleks tədbirlərlə turizmi qeyri-neft sektorunda prioritet kimi qabağa çıxarmaq olar”.

“Çoxu Qəbələdəki turizm obyektlərindən istifadə edir”

AXCP-nin anti-böhran paketinə dəstək

İqtisadçı Fəxrim Əbdüləzimovun “Cümhuriyət”ə dediyinə görə, ölkədə turizim üçün geniş şərait var. Lakin F.Əbdüləzimov bu sahədən yararlana bilmədiyimizi də diqqətə çatdırıb: “Bunun səbəbi turizmin inkişafı üçün dövlət proqramının və kadrların olmamasıdır. Qonşu və digər dövlətlərlə müqayisədə ölkəmizdə qiymətlər bahadır, eyni zamanda mövcud mərkəzlərdən turizm xidmətləri kimi istifadə edilmir. Ölkədə keçmiş SSRİ-də istifadə edilən coxlu sayda istirahət mərkəzləri var. Bu turizim obyektləri ölkəmizin gəzməli-görməli yerləri ilə yanaşı sağlamlıq ocaqları kimi də istifadə edilirdi. İndiki dövrdə isə bu və yenidən qurulmuş turizim mərkəzləri ancaq otel və restoran kimi istifadə olunur. Turizmin inkişafı üçün ölkəyə bu sahə üzrə mütəxəsislərin cəlb olunması əsas şərtlərdən biridir. Bununla yanaşı əhalinin gəlirlərini nəzərə alaraq, qiymətlərdə düzəliş etmək lazımdır. Qonşu Türkiyədə yerli vətəndaşlar bu güzəştlərdən yararlanırlar. Ölkədə turizim inkişafı üçün əsas şərtlərdən biri də xarici turistlərin ölkəyə cəlb olunmasıdır. Halbuki turizm mərkəzlərinə gələn xarici vətəndaşların əksəriyyəti ölkəyə müyyən tədbirlər üçün gəlmiş qonaqlardır. Onların da çoxu Qəbələdəki turizm obyektlərindən istifadə edir. Xəzər dənizi sahillərində yerləşən istirahət mərkəzləri ən yaralı sağlamlıq mərkəzləri funksiyasını yerinə yetirə bilərlər. Lakin bu sahə tamamilə çöküb, yalnız çimərlik kimi istifadə edilir. Bu sahəni yenidən bərpa etmək olar. Bununla yanaşı müalicəvi istirahət və sağlamlıq mərkəzlərinə xüsusi diqqət göstərilib genişləndirmək lazımdır. Buna misal olaraq Naftalan, Naxçıvan və digər bölgələrdə olan müalicəvi istirahət ocaqlarını inkişaf etdirmək lazımdır”.

Nazirlik zəngə cavab vermədi

Turizm sahəsindəki mövcud problemlərlə bağlı yaranmış suallara cavab vermək üçün Mədəniyyət və Turizm Nazirliyindən bir yetkili tapılmadı. Belə ki, nazirliyin mətbuat xidmətinə edilən birinci zənglə qurumun mətbuat xidmətinin rəhbəri Vüqar Şıxməmmədovla əlaqə saxlmaq istədik. Lakin qurumun xanım əməkdaşı bildirdi ki, V.Şıxməmmədov “günorta yeməyindən” (saat 14:00-dan) sonra nazirlikdə olacaq. Lakin həmin vaxt edilən zənglərə cavab olaraq, dəstəyi götürən olmadı.

Mənsur Rəğbətoğlu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:42 Razi Nurullayevin partiyası anti-böhran təkliflərini açıqladı – Tam MƏTN Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkədə dərinləşməkdə olan iqtisadi böhrandan çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayıb və ictimai müzakirəyə çıxarıb. Təkliflər paketinin birinci hissəsi ən gəlirli sahələrdən biri olan turizmlə bağlıdır.
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az