t s

» » Manatın kəskin ucuzlaşması və bahalaşma aztəminatlı ailələri aclıq təhlükəsi qarşısında qoyub

Manatın kəskin ucuzlaşması və bahalaşma aztəminatlı ailələri aclıq təhlükəsi qarşısında qoyub

9-01-2016, 01:44 Yazar:  Əsmər Baxılıb: 553 Çap et
Manatın kəskin ucuzlaşması və bahalaşma aztəminatlı ailələri aclıq təhlükəsi qarşısında qoyubRövşən Ağayev: «Ailə büdcəsinin aylıq kəsiri 400-450 manat təşkil edəcək»

Manat dekabrın 21-dən sonra davamlı ucuzlaşır. Həmin tarixdə valyutadəyişmə məntəqələrində dollar 1.58 manat idisə, hazırda 1.75-1.85-a arasında satılır. Ötən qısa müddət ərzində manat 12-13 faizdən çox ucuzlaşıb. 2015-ci ilin fevralın 21-dən bəri isə ucuzlaşma 2 dəfədən çoxdur. Təbii ki, məzənnə dəyişikliyi malların qiymətində bahalaşmaya gətirib çıxarır. Bu o deməkdir ki, gəlirlərimiz dollar ekvivalentində hər gün azalır. Digər tərəfdən bahalaşma xərclərimizi artırır və yoxsullaşırıq.
Daha aydın mənzərə yaratmaq üçün aşağıdakı sosial müavinətlərə, hökumətin müəyyənləşdirdiyi yaşayış minimumuna dair göstəricilərinə nəzər yetirək.

Gündəlik minimum gəlir təqribən 2.2 dollar təşkil edir

Hazırda minimum əmək haqqı isə 105 manat və ya 67 dollardır (Mərkəzi Bankın 8 yanvar məzənnəsinə əsasən-V.R).

Manatın devalvasiyası, bahalaşma pensiyaçıların da, müavinət alan digər qrupların da gəlirlərini ciddi şəkildə azaldıb, xərclərini isə artırıb. Hökumətin təsdiq etdiyi ehtiyac meyarı və yaşayış minimumunu isə yalnız yoxsulluq içində olan Afrika və Cənubi Amerika dövlətləri ilə müqayisə edə bilərik. Belə ki, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat (Mərkəzi Bankın məzənnəsinə görə 87 dollar), əmək qabiliyyətli əhali üçün 146 manat (93 dollar), pensiyaçılar üçün 115 manat (73 dollar), uşaqlar üçün 117 manat (75 dollar) məbləğində müəyyən edilib.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat (67 dollar) məbləğində təsdiq edilib.

Pensiyalara gəlincə, baza hissəsi 100 manatdır. Mərkəzi Bankın 8 yanvar məzənnəsinə əsasən 64 dollara bərabərdir.

O ki qaldı sosial müavinətlərə, 2013-cü il avqustun 29-da qəbul olunmuş bəzi rəqəmlərə diqqət yetirək.

- Yaşa görə müavinət - 60 manat və ya 38 dollar
- Əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" səbəbindən baş verdikdə əlilliyə görə müavinət:
I qrup əlillərə - 67 manat və ya 42 dollar
II qrup əlillərə - 50 manat və ya 32 dollar
III qrup əlillərə - 43 manat və ya 27 dollar

Qarabağ əlillərinə;
I qrup əlillərə - 83 manat və ya 53 dollar
II qrup əlillərə - 66 manat və ya 42 dollar
- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 67 manat və ya 42 dollar
- ailə başçısını itirməyə görə müavinət - 55 manat və ya 35 dollar
- uşağın anadan olmasına görə müavinət - 90 manat və ya 57 dollar;
- Bundan əlavə 1,5 yaşadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat və ya 20 dollar, 1.5-3 yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat və ya 9.5 dollar miqdarında müəyyən edilib.
Bu siyahını artırmaq da olar. Qeyd edək ki, hesablamaları real bazar məzənnəsi ilə apardıqda hökumətin əhaliyə təqdim etdiyi sosial müdafiə proqramı sadəcə bir kağız parçasına çevrilir.


İndiki vəziyyətdə sosial müavinətlər, pensiyalar, əmək haqları minimum istehlak səbətinin neçə faizini ödəyə bilir?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevin fikrincə, kiçik ölkə üçün kifayət qədər iri məbləğə çatdırılmış büdcə vasitəsilə xərcləmələr, neft pulları hesabına həddən artıq böyük qazanc əldə etmək imkanı qazanmış oliqarxiyanın bir çox hallarda yalnız sosial sabitlik məqsədilə həyata keçirdiyi rentabelsiz iqtisadi layihələr hərəni bir tərəfdə ovundurmağa yetirdi: "Xüsusilə, tikinti və xidmət sektoru işsizlər ordusu ilə bərabər sosial problemləri də öz içərisinə çəkmişdi. Üstəlik bahalı manat-ucuz dollar tandemi çox əlverişli sosial şərait yaratmışdı: inflyasiya yox, xaricdən gələn ərzaq və geyim də ucuz - 500 manat verib az qala 700 dollarlıq mal alırdın.
Belə şəraitdə "yaşayış minimumu", "ərzaq səbəti", "yoxsulluq" həddi, minimum əmək haqqı kimi vacib sosial normativlərin nə dərəcədə beynəlxalq praktikaya uyğun hesablanıb-hesablanmadığı hamının yadından çıxmışdı.

Amma indi vəziyyət dəyişib: sosial müdafiənin təşkili məsələləri yaxın illərdə ən aktual mövzu olaraq qalacaq".

İqtisadçının sözlərinə görə, hökumət rəsmi olaraq ərzaq və qeyri-ərzaq səbətinin dəyərini ayrı-ayrılıqda təsdiqləmir, amma beynəlxalq təcrübədə onlar ayrıca təsdiqlənir: "Təxminən 1 ay öncə kiçik bir hesablama aparmışdım - "Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" hökumətin 2005-ci il 23 iyun tarixli qərarında nəzərdə tutulan istehlak normativləri əsasında. Məlum oldu ki, 1 nəfərin o zamankı qiymətlərlə ərzağa olan minimum tələbatını ödəmək üçün 100 manat tələb olunur. Yerdə qalan 36 manatın isə insanların yerdə qalan tələbatını nə dərəcədə ödəyə biləcəyi bir ayrı mövzudu. Sadəcə mən Türkiyə təcrübəsinə diqqət edəndə bizdə insanların sosial müdafiəsinin effektiv təşkili üçün sosial normativlərin tətbiqində çox mühüm bir boşluq gördüm. Türkiyədə "aclıq sınırı" və "yoxsulluq sınırı" ayrıca hesablanır. "Aclıq sınırı" insanların yalnız ərzağa olan tələbatını ödəyər. Hazırda Türkiyədə 4 nəfərlik ailə üçün "aclıq sınırı"nın dəyəri 480 dollardır - yəni 1 nəfər üçün 120 dollar. Amma "yoxsulluq sınırı" göstəricisi ərzaqla yanaşı ən zəruri xidmətlər dəstinin minimum dəyərini ifadə edir. 4 nəfərlik ailə üçün "yoxsulluq sınırı"nın dəyəri 1570 dollardır - yəni 1 nəfər üçün 392.5 dollar. Türkiyədə hazırda minimum əmək haqqı 340 dollar ətrafındadı. Bu o deməkdir ki, 4 nəfərlik bir ailədə minimum əmək haqqı alacağı tədqirdə ən azından ailənin ərzaq minimumunun 70-75 faizini ödəyə bilər. Amma bizdə minimum əmək haqqı nəinki ailədəki 4 nəfərin, yalnız bir nəfərin minimum ərzaq tələbatını ödəyə bilir.

Türkiyədə 1 nəfərin yoxsulluğunu qarşılamaq üçün müəyyən edilən dəyərdə ərzağın payı cəmi 30 faizdir. Bizdə isə hökumətin "yoxsulluq həddi" kimi müəyyən etdiyi 136 manatın 74 faizi ərzaq tələbatı ilə bağlıdı. Eyni zamanda bizdə "yoxsulluq sınırı" göstəricisinin dəyəri Türkiyədəki "aclıq sınırı" göstəricisinin dəyərinə uyğundur. Bu o deməkdir ki, bizdə hökumətin elan elədiyi "5.5 faiz yoxsulluq" əslində "aclıq həddi göstəricisidi".

R.Ağayev qeyd edir ki, ərzaq səbəti ailə üçün hesablanmalı, minimum əmək haqqının həcmi ailənin ərzaq səbətinə uyğunlaşdırılmalı, inflyasiyaya uyğun müntəzəm indeksasiya olunmalıdı: "Ailəyə görə təsdiq olunmalıdır ki, uşaq atanın-ananın himayəsindədir. Ata-ana ayrı-ayrı maaş alsa belə, himayələrində olan uşaqlara görə də xərc çəkilir. Bir tərəfdən minimum əmək haqqı minimum istehlak səbətini onsuz da ödəmir, digər tərəfdən hökumət istehlak səbətini ailəyə uyğun təsdiqlənmir.

Tipik ailə üçün ata, ana və iki uşağın istehlak səbətinin dəyərini aşağıdakı kimi təqribi müəyyənləşdirmək olar:

1. 40 kq çörək və un məmulatları (vermişel, makaron və s.) istehlak etməlidir - indiki qiymətlərlə təxminən 35 manat
2. 30 kq kartof istehlak etməlidir - indiki qiymətlərlə təxminən 40 manat
3. 35 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir - indiki qiymətlərlə təxminən 30 manat
4. 55 kq meyvə və giləmeyvə istehlak etməlidir - indiki qiymətlərlə təxminən 75 manat
5. 12 kq ət və ət məmulatları istehlak etməlidir - indiki qiymətlərlə təxminən 75 manat
6. 80 kq süd və süd məmulatları istehlak etməlidir - indiki qiymətlərlə təxminən 50 manat
7. 3 kq balıq istehlak etməlidir - indiki qiymətlərlə təxminən 20 manat
8. 60 ədəd yumurta istehlak etməlidir - indiki qiymətlərlə təxminən 15 manat
9. 6 kq şəkər və qənnadı məmulatlar istehlak etməlidir - indiki qiymətlərlə təxminən 8-9 manat
10. 3 kq bitki yağları istehlak etməlidir - indiki qiymətlərlə təxminən 12 manat
11. 2.5 kq kərə yağı istehlak etməlidir - indiki qiymətlərlə təxminən 20 manat
12. Çay və duz kimi digər ərzaq məhsulları - indiki qiymətlərlə təxminən ayda 5-6 manat
13. 40 kub su istehlak etməlidir (həm içməli və məişət, həm də kanalizasiya xidmətləri üçün ) - 12 manat
14. 200 kVt/s elektrik enerjisi istehlak etməlidir - 12 manat 15. 185 nəqliyyat gedişindən istifadə etməlidir - 37 manat
16. 84 kub qaz istehlak etməlidir - 8.4 manat
17. Rabitə və internet xidmətləri ödəməlidir - ən ucuz variantda 13.2 manat ödəməlidir
18. Mənzilin qızdırılması üçün vəsait ödəməlidir. Qanunvericilik bunun üçün minimum yolverilən məbləğ nəzərdə tutmur. Amma təcrübə göstərir ki, ailədə 1 nəfər üçün aylıq xərc 7-8 manatdan az deyil. Bu isə təxminən ayda bir ailə üçün 28-30 manatdır
19. Digər xidmətlər (məişət, səhiyyə, təhsil, istirahət və s.) - qanunvericiliyə görə yuxarıda göstərilən xidmətlərə aylıq xərcin 15 faizi də bu xidmətlər üçün nəzərdə tutulmalıdı - bu isə təxminən 17 manat edir.

Beləliklə, 4 nəfərlik ailənin aylıq ərzaq xərcləri ən aşağı qiymətlərlə 400 manat, xidmətlər üzrə xərcləri 130 manat təşkil edir - yəni təkcə ərzaq və xidmətlər üzrə minimum xərclər 530 manata bərabərdir. Halbuki yanvarın 1-dən qüvvəyə minən yaşayış minimumu haqqında qanunu əsas götürsək, 2 məktəb yaşlı uşağı olan ailə üçün yaşayış minimumunun dəyəri 526 manat təşkil edir. İndi təsəvvür edək ki, bu tipik ailədə hər 2 ailə başçısı işləyir və minimum əmək haqqı səviyyəsində maaş alırlar - yəni ailə büdcəsinin aylıq gəliri 210 manat. İndi təkcə minimum xidmətlər və ərzaq üçün çatışmayan 320 manatı bu ailə haradan almalıdır?

Amma unutmayaq ki, qüvvədə olan yaşayış minimumu təkcə 2 səbətdən - ərzaq və xidmətlər səbətindən ibarət deyil. 3-cü səbət də var - qeyri-ərzaq səbəti. Qeyri-ərzaq səbətini də nəzərə alsaq, həmin ailənin büdcəsinin aylıq kəsiri 400-450 manat təşkil edəcək

Bura geyim və ayaqqabı, yataq ləvazimatları, məktəb əşyaları, məişətdə istifadə edilən ən zəruri əşyalar da daxildir. Bu səbətin də minimum dəyərini hökumət müəyyən etmir. Amma yaşayış minimumu heç ən zəruri ərzaq və xidmətlərin minimum normativlərlə istehlakı üçün yetərli deyil - o ki, qala geyim və məişət əşyalarının alınması üçün.

Hələ bir faktın üzərindən sükutla keçdim ki, bizdə minimum rəsmi ərzaq normativləri nəinki inkişaf etmiş ölkələrdən, hətta Rusiya və Qazaxıstandan da aşağıdır"-deyə Rövşən Ağayev vurğuladı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:57 “Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümündən 18 il ötdü. Mütləqə İnam Ocağı gələnəksəl olaraq bu tarixdə “Ata Sonevini Ziyarət Günü” Törənini (Ağstafa sonevliyində) gerçəkləşdirdi. Evladlar “Ataya səcdə yüksəkliyində Ata tələblərinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az