1977-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşam. Təhsilimi kənddə alırdım. Amma Başlıbelin işğalı nəticəsində təhsilimi başa çatdıra bilmədim. Bizim yaşadığımız kənd Kəlbəcərin mərkəzindən 64 kilometr məsafədə yerləşdiyi üçün baş verən proseslərdən məlumatsız idik. 1993-cü il aprelin 1-də kəndə təşviş düşdü ki, ermənilər Başlıbelə yaxınlaşırlar. Kənd əhalisi tələsik yük maşınlarına minərək tunel istiqamətində yola düşdülər. Biz oradan keçməli idik. Başlıbellə tunel arasındakı məsafə 42 kilometrdir. Amma heç bir saat keçməmiş gedən bütün maşınlar geri qayıtdı. Dedilər ki, tunel artıq ermənilər tərəfindən tutulub. Gələn kənd sakinləri avtomobillərini “binə” deyilən yerdə qoyub dağ yolu ilə əliboş vəziyyətdə Kəlbəcər istiqamətinə çəkildilər. Həmin vaxt biz Kəlbəcərin işğal olunacağına inana bilmirdik.
Mediaxeberleri.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Başlıbel faciəsinin şahidi Habil Ələsgərov söyləyib.
Faciə şahidi deyib ki, 1993-cü ildə ermənilər hücum edəndə kənddə 62 nəfər qalmışdı, onların arasında 3 ailə vardı. Aprelin 3-də isə kəndimizə Laçın istiqamətindən mühasirədə olan 9 əsgər gəldi. Aprelin 4-də isə erməni kəşfiyyatı kəndə çaxnaşma yaratmaq üçün gəlib güllə atıb qayıdıb getdilər. Ermənilər növbəti dəfə aprelin 5-də iki “URAL”, bir “UAZ” və bir “Niva” ilə gəlib iki evi yandırdılar, müəllim Qənaət Ağamirovu əzab-əziyyətlə öldürdülər. Sonra kəndi qarət edib maşınlara yükləyib getdilər. Bizdən Kəlbəcər istiqamətinə gedənlərdən yolda şəhid olanlar da oldu. 4 nəfər yaşlı qadın yolu gedə bilmədiyi üçün geri qayıtdı. Onlardan biri Başlıbel binəsi deyilən ərazidə vəfat etmişdi. Biz isə qorunmaq üçün mağaraya sığınmışdıq. Aprelin 12-dək ermənilər kəndə gəlmədilər. Həmin ərəfədə biz özümüz üçün ərzaq tədarükü görürdük.
Habil Ələsgərov Başlıbeldə yaşananları belə xatırlayır: “Aprelin 18-də atamgil qayalıqda durub keşik çəkərkən gəlib məlumat verdilər ki, ermənilərin iki “URAL” dolu əsgəri gəlib ATS deyilən yerə toplaşıblar. Həmçinin hərbi texnikaları da var. Biz mağarada olarkən xəbər verdilər ki, ermənilərin bir “Niva”sı da gəlir. “Niva”dakı iki erməni hərbçi düşüb atəş aça-aça yaxınlaşdırdılar. Onlardan birini hərbçimiz zərərsizləşdirdi, biri isə qaçıb gizləndi. Artıq ermənilər bizi dörd tərəfdən mühasirəyə almışdılar. Düşmən bizdən irəli tərəfdə olan Başlıbel sakinlərinin bəzilərini güllələdi, bəzilərini isə girov götürdü. Onlar sonra bizim saxlandığımız mağaranı müəyyən edib içəri gözyaşardıcı qaz qumbarası atdılar. Mən içəridə dayana bilməyib çölə çıxanda ermənilərin xeyli əsgəri olduğunu gördüm. Onlar mənə dedilər ki, gir içəridəkilərə denən çölə çıxsınlar. Mən içəri daxil olandan sonra çıxıb dedim ki, onların hamısı ölüb. Əvvəl içəri girəndə əsgərimizə demişdim ki, bizi öldür ermənilərin əlinə düşməyək. Çünki biz bundan əvvəl ermənilərin törətdiyi Xocalı faciəsi haqqında eşitmişdik. İçəridə olan Vüqar adlı bir nəfər ermənilərlə döyüşüb 4 nəfəri öldürdü. Ermənilər yenidən içəri qumbara atdılar. Heç kim ölməsin deyə Vüqar atılan qumbaranın üzərinə uzandı. Nəticədə o qəhrəmancasına şəhid oldu. Anamı da ermənilər qolundan güllə ilə vurmuşdular. Gözyaşardıcı qaz qumbaralarına görə içəridə dayanmaq olmurdu. Bundan sonra anam məcbur olub çölə çıxdı. Ermənilər ona da dedilər ki, get içəridəkilərə denən çıxsınlar. O da eyni cür cavab verdi ki, hamı ölüb. Bu zaman Laçından olan Əhliman Əsgərov kahadan bayıra çıxdı. Artıq ermənilər bildilər ki, içəridəkilər sağdır. Ona görə də əmr verdilər ki, qadının uşaqlarının başı kəsilsin. Bizdən Hümbət Əhmədov adlı hakim gəldi, ermənilərin başı bir az ona qarışdı”.
Ermənilərin girovları dərəyə aparıb onlara işgəncə verdiklərini deyən Başlıbel faciəsinin şahidi əlavə edib: “Ermənilərdən uzaqlaşaraq qardaşım və bacımla birlikdə sığınmaq üçün bir yer tapdıq. Amma ermənilər anamı orada güllələdilər və o təpədən aşağı düşdü. Bu an elə bildim ki, artıq anam öldü. Amma sağ idi. Bacım və qardaşımla bərabər onu da götürdük. Nərgiz Əmralıyevanın 4 yaşındakı oğlunu qolundan vurmuşdular. Nərgiz və oğlu da bizimlə bir yerdə ermənilərdən uzaqlaşdıq. Amma sağ-salamat gedəcəyimizə inanmırdıq. Gecəni “Qara Kaha” deyilən yerdə qaldıq. Səhər isə digər insanlarla qarşılaşdıqdan sonra Qaraçanlı kəndinə gedərək aprelin 23-dək orada qaldıq. Qaraçanlıda qar yağdığı üçün evdən çıxa bilmirdik. Artıq 7 erməni oraya da gəlmişdi. Müzahim adlı hərbçi siqaret çəkmək üçün çölə çıxmışdı. Ermənilər onu nişan alaraq güllələmək istəyirdilər. Mən qışqıraraq Qədim kişiyə dedim ki, ermənilər gəldilər. O, elə anladı ki, oradakılar bizimkilərdir. Ona görə onlara səslənərək dedi: “Sizə demədimmi ki, buraya iz salmayın? Ermənilər gördülər ki, burada qalan çoxdur. Çünki Kəlbəcərin Zar kəndindən təqribən 40 nəfər mühasirəyə düşdüyü üçün gəlib buraya sığınmışdı. Ona görə də ermənilər bizi çox görüb güllə atmadılar, geri çəkilib hasarın arxasında gizləndilər. Anam artıq hərəkət edə bilmirdi, qolları şişmişdi. O, yeriyə bilmirdi, yıxılırdı. Amma biz onu orada qoymadıq. Müzahim də kömək etdi və biz gedib dəstəyə çatdıq”.
H.Ələsgərov Hüseyn Hüseynovun ermənilər tərəfindən vəhşicəsinə öldürülməsini belə xatırlayır: “İkinci Dünya müharibəsi iştirakçısı 76 yaşlı Hüseyn kişi hər iki ayağından əlil olduğu üçün qoltuq ağacı ilə yeriyirdi və buna görə işğal vaxtı doğmalarından ayrı düşmüşdü. Aprelin 2-də Taxtabaşıdan Xallanlıya, oradan isə Başlıbelə gələrək burada mühasirədə qalmış yerli sakinlərə sığınan Hüseyn kişi bir neçə gün ərzində Başlıbelin “Şırran dərəsi” adlanan məhəlləsindəki ən ucqar evlərin birində yaşayırdı. Sonradan Binnət Əhmədovun köməyi ilə “Portda”dakı kahalara sığınaraq camaata qoşulmuşdu. Lakin Hüseyn kişi aprelin 18-də baş verən döyüşdən sonra qeyri-müəyyən şəraitdə yoxa çıxmışdı. Aradan bir müddət keçəndən sonra məlum oldu ki, erməni quldurları 76 yaşlı kişini diri-diri yandırıblar. Onun işgəncə ilə qətlə yetirildiyini İsmət Əzizov, Səlim Mehdiyev və Mahir Cəfərov kəşfiyyat məlumatları toplamaq üçün gizləndikləri kahalardan kəndin mərkəzinə gedərkən öyrənmişdilər”.
Öz şərhini bildir: