t s

» » TANAP sürətləndirilir: Türkiyə və Avropanın enerji təhlükəsizliyinin əsas şərtləri...

TANAP sürətləndirilir: Türkiyə və Avropanın enerji təhlükəsizliyinin əsas şərtləri...

14-12-2015, 19:58 Yazar:  Роя Рафиева Baxılıb: 152 Çap et
TANAP sürətləndirilir: Türkiyə və Avropanın enerji təhlükəsizliyinin əsas şərtləri...Azərbaycan-Türkiyə qaz boru kəməri layihəsinin sürətlənməsi hər iki ölkə üçün sərfəlidir

Yaponiyanın tanınmış JIJI PRESS informasiya agentliyi Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz boru kəmərinin - TANAP layihəsinin sürətləndirilməsi ilə əlaqədar razılıq əldə olunması barədə məlumat yayıb.

“Azərbaycan-Türkiyə qaz boru kəməri layihəsi sürətlənir”, - adlı məqalədə bildirilir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bu yaxınlarda Bakıya səfər edərək, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb. Səfər çərçivəsində aparılan danışıqlar zamanı Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdıracaq TANAP layihəsinin sürətləndirilməsi barədə razılıq əldə olunub.

Prezident İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında Türkiyənin Baş nazirinin sözlərinin sitat gətirildiyi məqalədə deyilir: “TANAP layihəsi Balkan və Qafqaz regionu ölkələrini biraraya gətirən, Xəzər dənizi ilə Adriatik dənizi arasında dəhliz rolunu oynayan böyük bir sülh layihəsidir. Bu layihə Türkiyə ilə Azərbaycanın qətiyyətli siyasi iradələri nəticəsində reallaşır”.

Əlavə olaraq agentlik bildirir ki, layihənin 2018-ci ildə başa çatdırılması üçün işlərin sürətləndirilməsi barədə razılıq əldə olunduğunu qeyd edən Türkiyənin baş naziri deyib: “Biz layihənin həyata keçirilməsi üçün lazım olan hər şeyi edəcəyik”.

Bir neçə gün əvvəl isə Trans-Anadolu qaz boru kəməri (TANAP) şirkəti ilə “Trans-Adriatik” (TAP) boru kəməri şirkəti arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb. Bildirilir ki, sənəd həmçinin “Cənub” qaz dəhlizi layihəsinin dəyər zənciri boyunca qarşılıqlı birgə səylərin möhkəmləndirilməsini və iki boru kəmərinin bir-birinə qoşulması üçün tikinti işlərinin texniki dəqiqləşdirilməsini təmin etmək üçün məsuliyyəti nəzərdə tutur.

TAP-ın icraçı direktoru Yan Bradşou deyib ki, son üç ildə TAP ilə TANAP layihələri üzrə birgə əməkdaşlığa dair mühüm işlər görülüb və hazırda hər iki layihə tikinti mərhələsindədir: “Tikinti zamanı əməkdaşlığa dair saziş iki layihənin bir-birinə birləşməsi üçün vacib şərtləri özündə əks etdirir. Bu, bizim layihənin inkişafı üçün mühüm mərhələdir. Saziş Xəzər dənizinin “Şahdəniz-2” yatağından çıxarılan qazın nəqli infrastrukturunun plana uyğun həyata keçirilməsinə öz töhfəsini verəcək” .

TANAP-ın baş direktoru Saltuk Düzyol deyib ki, TANAP həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Layihənin beynəlxalq əhəmiyyəti isə onun regionda sabitliyin və əməkdaşlığın təmin olunmasına şərait yaratmasıdır.

Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın səhmdarlarının siyahısı belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).

TANAP isə Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Avropaya çatdıracaq. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və bp şirkəti - 12 faiz".

Ankaradakı Bilkənt Universitetinin müəllimi, Türkiyə Mühəndislər Palatası enerji komissiyasının sədri Necdət Pamir isə APA-ya bildirib ki, təyyarə böhranından sonra hökumət qazı Rusiyadan deyil, Azərbaycandan və Qatardan almaq fikrindədir: “Mən TANAP-ın Türkiyə üçün necə əvəzsiz bir layihə olduğunu bilən və o layihənin bir an əvvəl həyata keçməsi üçün hər cür dəstəyi verən adamam. Ancaq realist olmaq lazımdır. TANAP layihəsi vasitəsilə Azərbaycandan Türkiyəyə qaz 2018-2019-cu ildə veriləcək. Ona qədər biz Azərbaycandan ehtiyacımız olan hansı infrastruktur vasitəsilə qaz alacağıq? Və ya Qatarla maye qaz sazişi imzalandı. Sanki bir anda Rusiya qazımızı kəssə, biz Qatardan ehtiyacımız qədər maye qaz alıb anbarlarımıza doldura biləcəyik. Bu söhbətlərin heç bir ciddi əsası yoxdur... Baş nazirin Azərbaycana getməsini həmişə təqdirlə qarşılayıram. Ancaq Rusiya indiki halda qazı kəssə, biz Azərbaycandan ümid etdiyimiz qazı ala bilməyəcəyik, reallıq bundan ibarətdir. Bunun üçün lazımi infrastruktur çalışmaları tamamlanmalıdır. Müxtəlif mənbələrdən təbii qaz idxal etmək sahəsində həmişə qardaş Azərbaycandan daha böyük miqdarda qaz almağın tərəfdarı olmuşam. TANAP layihəsi vaxtında işə düşsə, bizim xaricdən asılılığımız bir miqdar azalacaq.

SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz “Bloomberg HT” telekanalındakı çıxışı zamanı deyib ki, Trans-Anadolu qaz boru kəmərinin- TANAP ötürücülük qabiliyyətindən bütövlükdə Azərbaycan istifadə edəcək. Onun sözlərinə görə, TANAP-ın balanslaşdırılmış ötürücülük qabiliyyəti var. Digər qaynaqların bu kəmərə qoşulması üçün isə həmin layihələri tez bir zamanda bitirmək lazımdır. Hazırkı vəziyyətdə TANAP-ın tutumunu 100 faizə çatdırmaq üçün digər resurslardan da istifadə etmək olar. Lakin bütün bunlara baxmayaraq bir müddət sonra TANAP-ın ötürücülük qabiliyyətindən bütövlükdə Azərbaycan istifadə edəcək.

Ekspert Vüqar Bayramov isə musavat.com-a bildirib ki, TANAP-ın reallaşması üçün Azərbaycanla Türkiyə arasında anlaşma imzalanıb: “Əsas məsələ layihənin inşasının sürətləndirilməsidir. TANAP kəməri vasitəsi ilə Azərbaycan mavi qazı Türkiyə bazarına çıxarılacaq. Daha sonra isə TAP layihəsi vasitəsi ilə Azərbaycan qazı Avropa bazarına çıxarılacaq. Əvvəlcə layihənin 2020-ci ildə istifadəyə verilməsi proqnozlaşdırılırdı. Türkiyə və Rusiya arasındakı gərginlikdən sonra artıq TANAP layihəsinin tezləşməsi və qısa zamanda, 2018-ci ilədək bu layihənin reallaşması müzakirə olunan məsələdir. TANAP layihəsi “Şahdəniz 2” fazasından nəql ediləcək qazın Avropa bazarına çıxarılmasını nəzərdə tutur və 16 milyard kubmetr qaz nəql ediləcək. Bundan 6 milyard kubmetri Türkiyəyə nəql ediləcək, digər 10 milyard kubmetri isə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə Avropa və Türkiyəyə satılan mavi qazın həcmində artımlar olacaq. İndiki məqamda bu, Türkiyə üçün vacibdir. İnşaatın sürətlənməsi Türkiyə üçün vacibdir. Çünki Türkiyə mavi qaza olan tələbatının təxminən orta hesabla 55 faizini Rusiyadan alır, qaz idxalında Rusiyadan asılıdır. Alternativ olaraq Türkiyə İran, Qətər və Azərbaycan mavi qazı var. Amma İranla anlaşma Türkiyə üçün uzunmüddətli dövrdə dayanıqlı hesab edilmir. Azərbaycan daha dayanıqlı, daha stabil mənbədir. Azərbaycan qazını Rusiya və İrana nisbətən daha ucuz qiymətə qardaş Türkiyəyə verir. O baxımdan layihənin reallaşması Türkiyə üçün vacibdir. Azərbaycan üçün də vacibdir. Çünki Azərbaycan daha qısa zamanda Türkiyə və Avropa bazarına çıxarmaq imkanı qazanacaq. İndiki məqamda Azərbaycan çalışmalıdır ki, layihənin maliyyələşməsində Türkiyə aparıcı aparıcı tərəf olsun. Çünki TANAP-ın xərcinin ödənməsi üçün tələb edilən vəsaitiin daha çox hissəsinin Türkiyə tərəfindən ödənilməsi Azərbaycan üçün daha məqsədəuyğundur. Çünki bu, imkan verəcək ki, Azərbaycan daha az xərc çəkməklə öz mavi qazını Türkiyə bazarına çıxarsın. Bu, Türkiyə üçün daha maraqlıdır. Əgər tərəflər maliyyə tapılmasında təhlükə ilə üzləşməzsə, 2018-ci ildə TANAP-ın istifadəyə verilməsi realdır”.

Röya RƏFİYEVA,
Musavat.com




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:08 TANAP: Türkiyə ilə Azərbaycanın yeni və ortaq güvənlik kəməri İki qardaş ölkəni bir-birinə daha sıx bağlayacaq və əlavə qarant rolu oynayacaq bu layihə bölgədəki münaqişəli məsələlərin həllinə də münbit zəmin yarada bilər... “Bir millətin iki dövləti” olaraq Azərbaycanla onun əsas təbii müttəfiqi Türkiyə arasında son vaxtlar dərinləşən əlaqələr şübhəsiz,
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az