İsveç, Quranın yandırılmasından sonra NATO-ya daxil olmaq üçün Ankaradan dəstək almayacaq .Mediaxeberleri.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasından sonra Ərdoğan bildirib .
Ərdoğan bu hərəkətləri təkcə müsəlmanlara deyil, həm də “ümumiyyətlə, bütün insanlara, insan hüquq və azadlıqlarına təhqir” adlandırıb.
“Siz terrorçuları dəstəkləməyə davam edirsiniz və NATO-ya üzv olmaq üçün dəstək gözləyirsiniz. İşləməyəcək. İsveç artıq bizdən bu dəstəyi gözləməməlidir”,- Ərdoğan deyib.
Yanvarın 11-də İsveçin paytaxtında Kürdüstan Fəhlə Partiyasının (Türkiyədə terror təşkilatı kimi tanınan PKK) tərəfdarlarının nümayişi keçirilib. Etirazçılar bələdiyyə binası yaxınlığında Ərdoğana oxşayan manekeni ayaqlarından tərs asıblar. İsveçin məhkəmə orqanları bu hərəkəti araşdırmaqdan imtina edib. Krallığın prokurorluğu nümayişçilərin hərəkətlərində qanunsuz heç nə görməyib.
Daha sonra Danimarkanın ifrat sağçı Hard Deal partiyasının lideri Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quran yandırmaqla yeni aksiya hazırladığı barədə məlumat yayılıb. Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı xəbərdarlıq edib.
Lakin yanvarın 21-də Stokholmda müsəlmanların müqəddəs kitabının yandırılması ilə bağlı aksiya keçirilib. Rasmus çıxışında NATO, Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edib, Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib.
İsveç hakimiyyəti Quranın yandırılması ilə edilən aksiyanı tənqid edərək, bunu vandalizm aktı adlandırıb. Bununla belə, İsveçin Baş naziri Ulf Kristersson qeyd edib ki, söz azadlığı demokratiyanın əsas komponentidir. İsveç rəsmilərinin bu reaksiyası Türkiyəni qəzəbləndirib.
ABŞ-da hər şeyə rəğmən İsveç və Finlandiyanın NATO -ya daxil olacağına ümid etdiklərini bildiriblər. Ağ Evin sözçüsü Karine Jean-Pierre ölkələrin Şimali Atlantika alyansına üzv olmağa və bütün tələblərə cavab verməyə hazır olduqlarını, Türkiyə ilə üçtərəfli razılaşmanın həyata keçirilməsi üçün addımlar atdıqlarını vurğulayıb.
Öz növbəsində ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İsveçdə Quranın yandırılmasını NATO-nun genişlənməsinə mane olmaq üçün hazırlanmış təxribat hesab edib. O qeyd edib ki, aksiyanı özəl şəxs, təxribatçı həyata keçirib.
“ Ola bilsin ki, kimsə bilərəkdən iki yaxın tərəfdaşımız olan Türkiyə və İsveç arasında nifaq salmağa çalışıb”,- o deyib.
Öz şərhini bildir: