t s

» » “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı

“Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı

25-02-2015, 22:01 Yazar:  Aygün Baxılıb: 1493 Çap et
“Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırıTürkel Araşdırma Qurumu sunur
“Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı
Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın bölünmüşlüyü ilə, yəni “Türkmənçay Bağlaşması”nın 187-ci ildönümü ilə bağlı bir araya gəlmişik. Biz təkcə “Türkmənçay Bağlaşması”nın ildönümü ilə bağlı deyil, Azərbaycanın bütün köklü sorunlarını araşdıraraq milli-ideoloji yöndən fikirlərimizi bölüşdürmək üçün bir araya gəlirik və topluma bacardığımız və sevgimizin gücü içrə Azərbaycan həqiqətlərini, Azərbaycan sorunlarını, eləcə də Azərbaycanın gələcəkli taleyinin yönünü anlatmağa çalışırıq. Bu səbəbdən də mən soydaşlarımızı davamlı olaraq bizim onlara sunduğumuz söhbətləri izləmələrini, iradları varsa bildirmələrini, ələşdirmələrini istəyirəm. Sağlam, ulusal mövqe ortaya qoymalarını diləyirəm.
Bəllidir ki, Azərbaycanın üzərinə yerişlər son çağlar daha çevik xarakter alıb. Dəyərlərimizi qaralayırlar, vururlar. Bu da əslində öz içimizdən olan, kobud çıxsa da bu sözü deycəm, ayrı-ayrı satılmışların əliylə həyata keçirilir. Onların arxasında duran qıraq qüvvələr bəllidir. Bəllidir ki, onlar hansı güclərin buyruğunda Azərbaycanı aşağılamaqla, Azərbaycan insanlarını çaşdırmaqla məşğuldurlar.
İndi “Türkmənçay Bağlaşması”na keçək. Bu Olay, hər vaxt vurğu elədiyimiz kimi, təkcə bir günün, bir çağın sorunu deyil. Özündən öncəki bir çox təməl sorunların üzərində biçimlənmiş, şəkillənmiş bir olaydır. Elə bir olay ki, ulusal həyatımızda özündən sonra bir çox fəlakətlərə təkan verdi. Bu gün bunlardan ayrıca bəhs etməyəcik. Deyək ki, bundan öncə burada haqqında danışdığımız Xürrəmdinlik hadisəsi, Babəkin yenilməsi, sonuc olaraq Azərbaycanın yenilməsi, elə “Türkmənçay Bağlaşması”nın bir nədənidir. Eləcə də Nəsimilərin yenilməsi “Türkmənçay Bağlaşması”nın bir nədənidir. Şah İsmayılın yaratdığı dövlətçilik strukturlarının pozulması, türk adına qarşı atılan addımların xalqın içində böyük etkiyə çevrilməsi “Türkmənçay Bağlaşması”nın bir nədənidir… “Türkmənçay Bağlaşması”ndan sonra Azərbaycanı elə kökə saldılar ki, indi bu gün heç bir soydaşımızın ağlında Azərbaycanın yenidən bütövləşməsinə bir umud, bir inam qalmayıb.
Azərbaycanı əslində beş qonşu dövlətlə üz-üzə qoydular. Deyək ki, İraq dövləti bizim bu günkü Respublikamızın – Quzey Azərbaycanın coğrafi sınırlarına bağlı olmasa da, Güney Azərbaycanın sınırlarına bağlıdır. Azərbaycan türklərinin yaşadığı Kərkük, Ərbil, Mosul Azərbaycan torpağı olub. Bu gün həmin yurdda başqa bir xalqın, konkret İraq dövlətinin etkisi, yönətim quralı hakimdir. Eləcə də Azərbaycanın Borçalı adlanan tarixən on bir rayondan ibarət olan yurdu “Türkmənçay Bağlaşması”nın sonucu olaraq gürcüləşdirildi. Baxmayaraq ki, Borçalı Nadir Şah tərəfindən 1736-cı ildə gürcü çarlığına, inzibati vahid olaraq, tabe etdirilib. Çox adamlar deyir ki, verilib. Verilməyib, bağışlanmayıb. Nadir Şah özünün etkisində olan gürcü çarlığına həmin coğrafiyanın inzibatçılıq baxımından yönəldilməsini tapşırıb. Ancaq Borçalının Azərbaycandan bir yolluq ayrılması və gürcüləşməsi Sovet hakimiyyətinin dönəmində tam təsdiqini tapdı. Əlbəttə, öz çağında Nadir Şah hesablamalı idi ki, o, bir hökmdar kimi dünyanı tutub durası deyil, belə yanlışa yol vermək olmaz. Nə isə, bu ayrı bir qonudur.
Sonra, Azərbaycanın batı coğrafiyasında – Göyçə, İrəvan, Zəngəzur, Zəngibasar, Qaraqoyunlu, Dağ Borçalı adlı mahalların yerində erməni dövləti yaratdılar. O da “Türkmənçay Bağlaşması”nın bir növ davamı idi. Azərbaycanın parçalanması davam edirdi. Azərbaycan burada da erməni ilə üz-üzə qoyuldu, orada gürcüylə üz-üzə qoyuldu, o biri yanda ərəblə. Bu yanda Dəmirqapımız, onun adına Dərbənd deyirlər farsca. Dəmirqapı Rusiya tərəfindən mənimsənildi. Bu coğrafiyamızda da Rusiyayla üz-üzəyik. Bunları dünyaya ağalıq eləmək istəyən güclər elə düşünüb ki, biz sabah Azərbaycan olaraq tarixi haqqımızı tələb etməyək. Düşünək ki, bütün qonşularla düşmən durumunda olub da yaşaya, varlığımızı qoruya bilmərik. Bizi, bir xalq olaraq, üzük qaşı kimi dövrələdilər və siyasi gələcəyimizi sual altına tulladılar. Biz də qorxumuzdan səsimizi çıxarmırıq, bölünə-bölünə gedirik və bölünmələrimizlə barışırıq. Bax, bunların hamısı bizim yaşadığımız faciələrdir və bu faciələrin özü də bu gün xalqın ağlında, yenə deyirəm, elə bir mənfi etki yaradıb ki, sabaha umud itib. Düşünürlər ki, Azərbaycan eyni vaxtda bu qədər dövlətlərə qarşı dura bilməz, durmamalıdır. Bununla da Azərbaycan özünün tarixi haqqına qovuşmaqdan dışlanmaya uğradı.
Baxın, hər gün xalqın umuduna saldırmaqla uğraşırlar. Bu gün yenidən ayrı-ayrı azərbaycanlılar yeni oyuna girişiblər. “Türkmənçay Bağlaşması”, əsaslandırmağa çalışırlar ki, bu olay Azərbaycanın tarixi faciəsi deyil, xilasıdır. Məntiqləri odur ki, əgər “Türkmənçay Bağlaşması” olmasaydı Azərbaycanın bu Tayı da İran-Səfəvi etkisində qalacaqdı və assimilyasiya olunub gedəcəkdi. Görün nə qədər antimilli ruha kökləniblər, yeridirlər ki, bu millət xilas olmaq üçün parçalanmalıymış. Demirlər ki, bəlkə də bir yerdə olsaydıq, toparlanıb özgürlüyümüz uğrunda ayağa durardıq, xalq daha böyük bir istəklə birləşib ayağa durardı. Bəlkə desinlər ki, Qarabağın qoparılması da bir ayrı xilasımızdır. Özünü millətin övladı sayasan və millətin parçalanmasını xilas sayasan, bu ağlasığan bir məsələ deyil.
Tarixin o çağında İranda hakimiyyətə Qacarların nümayəndəsi Fətəli xan başçılıq edirdi. Fətəli xan Azərbaycan xanlıqlarını öz tabeliyinə götürmək istəyirdi. Belə götürək ki, o, heç Azərbaycanı birləşdirmək istəmirdi, özünə tabe eləmək istəyirdi. Bununla belə, nə olursa olsun, Fətəli xanın tabeliyində olsaydı, xalqın döyüşü bir səmtə olardı, özbaşınalıq edən hakimiyyətə qarşı birgə döyüşərdi, nə ki gələcəkdə beş səmtə qarşı döyüş faktı qarşısında qalardı. Faciələrimizi də dəyərlərimiz kimi təhrif eləməklə toplumun ağlında çaşqınlıq yaratmaq nəyə, kimə qulluq edir, bilmirəm.
İndi bu qonu ilə bağlı Xaliq bəy fikirlərini bildirsin.

Xaliq Bahadır: “Türkmənçay” sözsüz bizim faciəmizdir. Bir xalq, bir ölkə iki yerə bölünüb. “Türkmənçay”dan sonra bölünmələr ardıcıl gəlib. Soylu bəyin dediyi kimi, Borçalı, Batı Azərbaycan… “Türkmənçay” olmasaydı, sözsüz, indiki Ermənistan olmayacaqdı. “Türkmənçay” olmasaydı, sözsüz, indiki qondarma “Dağlıq Qarabağ” olmayacaqdı.
O çağlar ermənini Azərbaycana köçürmənin başında Qriboyedov dururdu. İranda Rusiyanın elçisi idi. Qriboyedov 1-ci Nikolaya məktubunda yazırdı ki… ermənilər çox istəyirdilər Rusiyaya köçsünlər, niyə görə? Düşünürdülər müsəlmanlarla bir yerdə çətin olacaq. Qriboyedov məktubunda Nikolaya deyir: “onlar Rusiyaya köçmək istəyirlər. Özü də orta Rusiyaya. Onlar elə tayfadırlar ki, bir yerə yığışdılarmı, bir neçə ildən sonra deyirlər ki, bu yer bizə ata-baba¬larımızdan qalıb”. Ona görə də Rusiyaya yox, Qriboyedovun başçılığı ilə onlar indiki Ermənistana köçürüldülər. Sonra Dağlıq Qarabağa köçürüldülər. Onları yayda köçürüblər, bizim bəylər, ağalar indiki Ermənistana, yaylağa gedirmişlər, sərin olduğuna görə. Onlar qayıdandan sonra çox pis olardı, dava-dalaş olardı. Erməniləri ayrı, bizimkiləri ayrı inandırmağa çalışırdılar ki, birazdan erməniləri Rusiyaya köçürəciyik. Yəni, bizimkiləri o cür aldadıb yerləşdirdilər. Beləcə erməni vilayəti yaratdılar 1828-ci il, martın 21-ində. Bu tarix də çox maraqlı bir tarixdir. Baxsaq görərik ki, ermənilər bizə qarşı bir çox zərbələri Novruz bayramı günündə vurublar. Bizim bayramımızı pozmaq üçün, acılamaq üçün. Bəlkə də Qriboyedov deməsəydi də başqası deyəcəkdi. Nəyə görə? Onlar istəyirdilər, indi də dedikləri kimi, forpost yaradalar, – Türkiyə ilə Azərbaycan arasında, İranla Azərbaycan arasında. Özü də bu təkcə Rusiyanın işi deyildi. O çağlar başda Rusiya dururdu, o biri yandan İngiltərə. Bu çox böyük plan idi. Bunu nədən bilmək olar? Sonralar çar Rusiyası dağılandan sonra, Sovet yenicə qurulan çağlarda Türkiyə ilə İran arasında gizli danışıqlar olmuşdu ki, Azərbaycanı birləşdirsinlər. İngilis və Alman kəşfiyyatı bundan xəbər tutdular. Yenidən qaytarıb Quzey Azərbaycanı Rusiyaya birləşdirdilər. Demək istəyirəm, bu çox böyük plan idi, təkcə Rusiyanın işi deyildi. Azərbaycanın tarixi keçmişi Avro¬pada qorxu yaradır. Çoxlarına bu, gülməli gələ bilər. Ancaq tarixi faktlar var. Azərbaycandan onlar çox qorxurlar. Türk Dünyasında Azərbaycan böyük intellekt bazası ilə tanınır əski çağlardan. Onlar istəmirlər ki, Azərbaycan kimi bir türk dövləti çıxsın ortaya. Biz bu gün neftdən, qazdan danışırıq… Bu gün Orta Doğu olmayanda sabah başqa şey olacaq. Ona görə də qoymadılar birləşək. Sonra ötən yüzilin 40-cı illərində ikinci birləşmə olanağı (imkanı) yarandı. Onda da birləşdirmək olardı, Stalin qoymadı. Mən bunu nəyə görə deyirəm? Stalin o çağlar Ukraynanı birləşdirdi. Ukrayna da ikiyə bölünmüşdü. Hələ indi mən oxuyuram, bir sıra rus publisistləri yazır, kaş ki, o çağlar Stalin buranı birləşdirməyərdi. Yəni necə oldu? Stalin onu Avropada eləyə bildi, burda eləyə bilmədi?! İstəmədi onu. Eləcə də Stalinin siyasi partnyorları bunu istəmədi.
Gəlib çıxmışıq bu çağlara. İndi də Azərbaycanda o güclərin əli ilə elə bir hakimiyyət qurulub ki, heç Azərbaycandan danışılmır. 10 fevral günü televiziyalara baxaydınız, boş-boş şeylər. Ancaq 14 fevrala baxın, televiziyalar doldu “Valentin günü”ylə. Gör bizi nə günə qoyublar. Düzünə qalsa “Türkmənçay”la bağlı söhbət bizdə il uzunu olmalıdır. Baxça yaşından yuxarılara kimi hamının beyninə yeridilməlidir. Yaxşısı ilə, pisi ilə. Eybi yox yaxşısını da de, sözsüz pisi daha çoxdur.
Böyük faciələrimiz “Türkmənçay”a daha çox bağlıdır. Onun içində yaxşı şeylər var. Ancaq bir xalq bölünür, bir ölkə bölünür, bir dövlət bölünür. Bundan böyük faciə ola bilməz. Baxın, biz bunun üstündə durmalıyıq, millətimizi buna kökləməliyik, – Radio ilə, tv ilə, məktəblər ilə.
Soylu Atalı: Doğrudur. Deməli, o çağlarda Rusiya modern bir ordu ilə Azərbaycan üzərinə yerimişdi. Təbii ki, onun udması qarşısıalınmaz bir fakt idi. Ancaq bununla belə, Azərbaycanın bölünməsi, yəni bütövlükdə Azərbaycanı Rusiya inhisarına götürməməsi, başqa qüvvələrin də bunu istəməməsi ilə bağlı idi. Ona görə də Türkmənçayda bağlaşma oldu. Bilirsiniz ki, oktyabrın 10-da, 1813-cü ildə “Gülüstan Bağlaşması” vardı. Ancaq onda dayanmadılar, proses Türkmənçayda davam elədi. Orda mübahisəli qalan məsələlər başa çatdırıldı. Naxçıvan və İrəvan məsələsi…
Xaliq Bahadır: Soylu bəy, siz ona ötəri toxundunuz. Mən istəmədim onun üzərində dayanım, siz toxundunuz deyə qayıdıram. Mən bir az araşdırmışam o çağda olanları. Pyotr doğrudan da, orda çox güclü dövlət qurmuşdu. O çağlar onların diplomatlarından biri bir söz demişdi: “bu gün Avropada bizim icazəmiz olmadan bir top atıla bilməz”. Doğrudan da, onlar gedib Fransanı, Almaniyanı tutmuşdular, 1-ci Aleksandrın dönəmində. Onlar hamısı Pyotrun reformalarıydı. Rusiyanın qabağında biz dura bilməzdik. Bizim özümüzün də çoxlu suçlarımız var. Onlar hər yerdə deyilməlidir, bu gün onda qorxulu heç nə yoxdur. Bu günə də onların uzantıları gəlib çıxır. Abbas Mirzə şahın oğlu idi. Azərbaycan ona tapşırılmışdı. Abbas Mirzənin özü reformist bir adam idi. Fransız dilini, Avropa ədəbiyyatını çox yaxşı bilirdi. O çalışırdı ki, İranda reformalar (avropalaşma) aparsın. Baxıb görürdü Pyotr Avropadan öyrənir. O özü bir çağlar bizdən öyrənirdi. Sonra Pyotr Avropadan öyrənərək bizdən də çox qabağa getdi. Abbas Mirzə də istədi reformalar aparıb İranı qabaqcıl bir dövlətə çevirsin. Bax onda Abbas Mirzə çox güclü dirənişlə üzləşdi. O dirəniş ki, onlar çox gerilikçi düşüncəli adamlar idi hakimiyyətdə. Ondan da qorxulusu Abbas Mirzə üçün din xadimləri idi. Abbas Mirzə çox çətinliklə bir balaca reforma apardı. Yaxşı bir ordu yaratdı. Savaşa getdilər, o savaşa gedəndə, sonadək din xadimləri Abbas Mirzəyə xəyanət elədilər. Təsəvvür edin, Abbas Mirzə İrəvan uğrunda ölüm-dirim savaşı aparırdı. Bir də xəbər tutur Paskeviç gedib oturub Təbrizdə. Dəli olur. Sonra öyrənir, Təbrizin müştəhidi Ağa Mirfəttah Təbrizi satıb. Özü də Ərdəbilə məktub göndərir, deyir Təbrizin, Azərbaycanın təslim olması Allahın buyruğudur. Siz də bu buyruğa boyun əyin. Qurban kəsilib Paskeviçin qabağında. Sonra ruslar onu aparmışdılar Rusiyaya. Bütün satqınlar kimi onun da dalndan bir təpik vurdular. Qayıdıb gəldi Təbrizə. Təbrizdə onun satqınlığını biləndə daşqalaq eləyib öldürdülər.

Soylu Atalı: Ona görə deyirəm, Rusiyanın o çağlarda modern bir ordusu Azərbaycanın üzərinə yeridi. Ancaq məsələ təkcə Rusiyanın modern ordusunun gücünə bağlı deyildi. Azərbaycanın işğal olunması həm də dediyiniz, içəridəki din xadimlərinin satqınlığı vardı, eyni zamanda içəridə Abbas Mirzəyə qarşı olanlar var idi. Abbas Mirzəni gözü götürməyənlər məğlubiyyətin sürətlənməsini təmin edirdilər.
Yaxşı bilirsiniz ki, Pyotrun Rusiyanın inkişafı və bütün dünyaya hakim olması ilə bağlı vəsiyyəti var. Bu vəsiyyətin məğzi belə idi: “Əgər Rusiya dünyaya hakim olmaq istəyirsə, o mütləq öz bayrağını İstanbula sancmalıdır. Ancaq bilməlidir ki, İstanbula gedən yolda çox böyük bir maneə var. Bu maneə Azərbaycandır. Azərbaycan ya qəhr olmalıdır, ya assimilya edilməklə gücdən salınmalıdır”. Pyotrun bu vəsiyyəti ondan sonrakı çağlarda da rus hökmdarlarının qulağında bir sırğa oldu. 187 il öncə o vəsiyyətin tələbiylə Azərbaycanın üzərinə yeridilər. Bu gün də həmin vəsiyyətin etkisi ilə Azərbaycanı assimilya eləməyə, onun varlığını hər cür təhrif eləməyə çalışırlar. Təsaduf deyil ki, Azərbaycanda milli kimliyin təhrif olunması Sovet ideolo¬giyasının əsas prinsiplərindən biri idi və bu prinsiplər də Pyotrun vəsiyyətlərindən irəli gəlirdi. Yəni türk adının ləğv olunması və anlamsız Azərbaycan xalqı uydurulması. Bu da, dediyimiz kimi, bütün hadisələrin hamısını surətləndirdi. Burda başqa qüvvələrin qatqısı da var idi. O cümlədən ingilislərin, fransızların. Onların etkisiylə hadisə gəlib “Türkmənçay Bağlaşması”nda sonuclandı. Balaca bir açıqlama verim. O çağlarda o qüvvələr həm Azərbaycana qarşı idilər, həm də Rusiyanın genişlənməsinə. Bunun da bəlli səbəbləri vardı. Bu fikirləri Abil bəy inkişaf etdirsin.
Abil Ulusoy: Öncə mən də vurğulayıram ki, “Türkmənçay” xalqın böyük faciəsidir. İstərdim bu məsələyə dörd yöndən yanaşaq. Ortada 187 illik bir faciənin tarixi var. 1-ci “Türkmənçay” öncəsi Azərbaycandakı ictimai-siyasi durum, yəni ondan öncə “Gülüstan Bağlaşması”nı şərtləndirən bir durum, hadisə vaxtı və hadisədən sonrakı durum, eləcə də onun sonuclarının doğurduğu duruma münasibət. Həmin dövrün araşdırıcıları bilirlər ki, parçalanmış ayrı-ayrı xanlıqlar var idi. Əslində Azərbaycan bir tam deyildi. Türk-Qacar dövlətinin özünün də içərisində zəifləmə amilləri çox idi. Zəifləyən bir dövlətə qarşı, bayaq çıxışlarda deyildiyi kimi, uğurlu islahatlar keçirmiş rus dövlətinin istəyi gerçəkləşə bildi. Nə itirdik? Bizim coğrafi anlamda tarixi haqqımız olan 410 min kv.km-lik yurdumuzun 280 min kv.km-ni itirdik. Rusiya tərəfindən zəbt olunan Quzey Azərbaycan özü yenidən bölünmələrə başladı.Təqribən 8 min kv.km Dərbənd, təxminən bir o qədər Borçalı alındı. 29000 kv.km torpağımızda Ermənistan yaradıldı. Hardasa 86.6 kv.km bu günkü Quzey Azərbaycan qaldı. Onun da bir hissəsi, bilirik ki, işğaldadır. Parçalandıqca, parçalandıq. Yəni bu “Bağlaşma” yurdumuzu ikiyə bölmədi. İki yerə bölsəydi birləşdirmək o qədər də çətin olmazdı. Soylu bəyin dediyi kimi, artıq 4-5 tərəfdən dövlətlərin etkisi altına düşdük. “Türkmənçay Bağlaşması”nın gətirdiyi fəlakətlə xalqımız, Soylu bəy demiş, bəşəri yaradıcılığından qaldı. Azərbaycanın Güneyi, dünyaya mənəviyyat, sanballı qəhrəmanlıq, peyğəmbərlik verən bir hissə, artıq uzun illərdir özünü aşkarlaya bilmir. Bu isə təkcə bizim ulusumuzun deyil, həm də bəşərin faciəsidir. “Türkmənçay” Bəşərə qarşı atılan bir addım oldu. Azərbaycan bütöv olsaydı, inanıram ki, bəşərə yeni insani dəyərlər qazandıracaqdı.
Soylu bəy dedi, rusların İstanbulla bağlı mövqelərini. Maraqlıdır, elə bil tarixi yaddaşımızda unutqanlıq əmələ gəlib. Bir neçə gün bundan qabaq Putin, Rusiyanın Vladivostokdan İstanbula qədər bir coğrafiyada maraqlarının olduğunu dilə gətirdi. Bu həm Avropaya, həm də bütövlükdə dünyaya mesaj idi. Yəni Rusiyanın Vladivostokdan İstanbula qədər maraqlarının təmin olunması üçün biz hər şeyi edəcəyik. Bunun üçün savaş da aparar, istənilən əraziləri tuta da bilərik deyir. Pyotrdan gələn vəsiyyət bu gün üzdə başqa cür səsləndirilir. Ancaq o istəkdən əl çəkmirlər. Biz niyə bu cür gedişatların qarşısında gözləmə mövqeyi tutmalıyıq?! Azərbaycan aydınları ciddi işləməlidir, hər bir fərdimizin ağlında parçalanma fakı oturmalı və bütövlüyə doğru istək formalaşmalıdır. Milli ideolojimizin biçimlənməsində bu istək əsas yeri tutmalıdır. Şeirlə bütövləşmək olmur. Mahnıyla, saz havasıyla, muğamla, qəmgin notlar üzərində köklənməklə biz heç vaxt bütövləşə bilmərik. İdeoloji iş sürətlənməlidir. Azərbaycan dövlətinin özündən də Azərbaycan aydınları tələb eləməlidir. Əgər sən dövlətsənsə, Azərbaycanın tarixi ərazilərində bərqərar olmaq üçün addımlar atmalısan. Hakimiyyət hesabat verməlidir. Sən, İlham Əliyev, hakimiyyətdə olduğun müddətdə Azərbaycanın tarixi haqqı uğrunda hansı addımlar atmısan? Sənin fəaliyyətinə mən buna görə qiymət vermək istəyirəm, körpü tikməyinə görə qiymət vermək istəmirəm. Körpü tikmək hansısa nazirliyin işidir. Hansısa rayonda bağ salırsan, park salırsan, orada cavabdeh olan hansısa məmur bunu eləməlidir. Dövlətin başçısı Azərbaycan xalqını bütün dünyada təmsil eləyir. Ona bir təmsilçilik haqqı verilibdir. Dövlətin bütövlüyünü qurmalı, qorumalı və qoruduğu bütöv dövləti dünyada təmsil eləməlidir. Əgər bunlar yoxdursa sənin fəaliyyətinə verilən qiymət müsbət ola bilməz.
Soylu Atalı: Və sən başda durmağa haqq eləmirsən. Asif Ata deyir ki, Azərbaycanın çox möhtəşəm faciələri var. Bu faciələr qədimdən gəlir. O, əsasən təməl faciələri deyir, faciədən doğan faciələr də var. Faciələrdən doğan faciələr bəs qədərdir. Belə demək mümkünsə, təməl faciələr aşağıdakılardır: Midiyanın süqut eləməsi. Midiyanın başçısı Astiyaqa qarşı özünün kürəkəni fars soylu Kirin üsyan qaldırması və türk dövlətçiliyinə son qoyması. Bu olaydan sonra uzun illər dövlətçiliyimiz bərpa oluna bilmədi. İkinci faciəmiz Babəkin yenilməsi və amansız edam olunması. Babəkin yenilməsi ilə Azərbaycan ruhu sarsıldı. Ruhunun sarsılması onu 1000 il dala atdı. Sonra Hürufiliyin yenilməsi. Yəni, Nəsiminin dərisinin soyulması, Nəiminin at quyruğunda parça-parça olması. Azərbaycan milli kimliyinə min il də üz tuta bilmədi. Onun varlığı ilə milli şüurunun arasına din sınırı çəkildi, yəni ərəbçilik sınırı çəkildi. Sonrakı faciələrimizdən biri Çaldıran savaşıdır – türkün türklə döyüşü. Bir başqası gəlib çıxır “Türkmənçay Bağlaşması”na, ondan sonra Milli Dövlətin devrilməsi – 1920-ci il, eləcə də “20 Yanvar” qırğını. Bax, bunlar təməl faciələrimizdir. Bunun da hər birinin anlamı var. Mən düşündükcə bu qərara gəlirəm ki, bu faciələrimizin içərisində ən qatısı “Türkmənçay”dır. Çünki “Türkmənçay”da biz, millət olaraq, vətən olaraq iki yerə parçalandıq. İki yerə parçalanmağımızın sonucu gətirdi bizi daha çox yerlərə parçaladı. Bu gün də görürük ki, Azərbaycanın Quzey Azərbaycan sayılan bu hissəsini yenə də parçalaya-parçalaya gedirlər. Canavar kimi hazırdılar bu məmləkəti yenidən parçalamağa. Pyotrun vəsiyyətindən doğan istəkləri həyata keçirmək üçün Azərbaycanın əlindən Qarabağı aldılar. Hələ “Qarabağ”dan ayılmamışıq, bilmirik ki, bundan sonra nələrimizi əlimizdən alacaqlar. Bizi elə parçalamaq istəyirlər ki, biz dövlət adına haqq etməyək, iddia etməyək. Ərazi kiçildikcə, coğrafiya kiçildikcə, bəlli kriteriyalar var, onlar əldən getdikcə dövlət adına iddia eliyə bilmirsən. Ona görə də mən hesab eliyirəm ki, “Türkmənçay Bağlaşması”nın doğduğu faciə çox ciddi araşdırılmalı, öyrənilməli və sonraki faciələrimizin qarşısını almaq yönündə ideoloji fikirlər ortaya qoyulmalıdır.
(Burada Əlisəfa bəy fikirlərini bölüşdü, ancaq nisbətən fərqli açıdan. O daha çox özümüzü qınayan fikirlər səsləndirdi. Özümüzü unutmağımız, kimliyimizə sahib çıxmamağımız Əlisəfa bəyin ələşdirmə qonusu kimi ortaya gəldi. Dostumuzun dediklərində doğru çalarlar olsa da, bu günkü qonumuzdan fərqli olduğu üçün onu sunmuruq.).
Soylu Atalı: Bizim tarixi suçlarımızı sürətləndirənlər var, necə deyərlər daha geniş çapda bizim fəlakətimizə çevirənlər var. Məsələ nədədir? Abbas Mirzənin üzərinə yeriyən rus ordusu balaca ordu deyildi, güclü idi. İkinci, rus ordusu Abbas Mirzəni o döyüşdə Quzey Azərbaycandakı xanlıqları özünə təslim eləməklə udub. Abbas Mirzənin yenilməsində başlıca səbəblərdən biri də budur. Məsələnin kökünü min il öncədə də axtarmaq olar. Deyək ki, biz Babəkin dövründə ərəblərə yenildik, hələ Babəkdən də qabaq başlamışdı bu proses. Babək dövründə yenilmişliyimizə bir nöqtə qoyuldu. Yəni ruhumuzun yenilmişliyinə. Biz ərəblər tərəfindən işğal olunduq, həm də bizim ruhumuz işğal olundu. Ona görə də bu tarixi dönəmlərdə biz dirçəlməyə imkan tapmadıq. Ortada Şah İsmayılın türk dövlətçiliyini bərpası faktı var. Onu da getdikcə zəiflətdilər. Gəlib çıxırıq “Türkmənçay Bağlaşması”na. Burda da Abbas Mirzənin ciddi çabaları oldu, bərpa eləmək, gücləndirmək yönündə. Bayaq Xaliq bəy vurğu elədi ki, o, Avropanın bir sıra reformalarından yararlanmaq istəyirdi və öz ordusunu mobil gücə çevirməyə çalışırdı, Azərbaycanı həmin mobil güclə qorumağı düşünürdü. Əgər Azərbaycan Türkmənçayda bəlli “bağlaşma” ilə parçalanmasaydı, getdikcə ayrı bir durum oluşacaqdı. Biz, Azərbaycan olaraq, İrançılıq şüurunda, ərəbçilik şüurunun basqısı altında əbədi qalası deyildik ki. Vahid bir dövlətdə olsaydıq özgürlük uğrunda savaşımız başlaya və iş görə bilərdi. Axı getdikcə zaman dəyişir, çağ dəyişir, reformalar gedir. Bizim içimizdə də gedəcəkdi o reformalar. Biz də bir xalq olaraq öz içimizi ələşdirəcəkdik. Biz də bir xalq olaraq, necə deyərlər, dövlətimizin başını ayağını düşünəcəkdik. Biz yeganə düşünənlər deyilik ki. O çağlarda da ulusu, yurdu düşünənlər var idi. Yəni, bəlli anlamda dövlətin özünü toparlamaq, xalqın özünün içində bir türk milli kimliyini təsdiq eləmək gedişləri ortaya gələcəkdi. “Türkmənçay Bağlaşması” ilə ölkəmizin coğrafi olaraq dağılması, ulusal olaraq dağılması və siyasi olaraq dağılması bizi bu istəklərdən yüz il arxaya tulladı. Biz ulusal dağıntıya uğradıq, yəni həm o tayda, həm bu tayda millətimiz yad etkilərin altına düşdü. Biz Güney Azərbaycanda, “Türkmənçay Bağlaşması”ndan sonra fars şovinizminin etkisində yaşadıq. Farslaşma ondan sonra daha sürətlə həyata keçirildi həmin qıraq qüvvələrin köməyi ilə. Biz orada tamamilə inkar olunduq, milli kimliyimiz inkar olundu. Dedilər biz azəriyik. Oradakı türklərin şüuruna yeritməyə çalışdılar ki, türk deyilik. O tayda biz türk olaraq inkar olunduq. Bu tərəfdə isə biz türk olaraq təhrif olunduq. Əgər bu “bağlaşma” olmasaydı, biz orada inkar olunub, burada təhrif olunmaq yerinə, vahid bir güc kimi toparlanmaqla özgürlük savaşına qalxardıq.
Ümumiləşdirirəm: “Türkmənçay Bağlaşması”nı Babəklərin, Nəsimilərin, Nəimilərin… yenilməsi doğurdu. Mənəviyyatımızda, ruhaniyyatımızda özgələşməyimiz, yenilməyimiz sonradan çox fəlakətlərə nədən oldu. “Türkmənçay Bağlaşması”ndan sonra biz Borçalını itirdik, Azərbaycanın batı torpaqlarını itirdik, Dərbəndi itirdik, Qarabağı itirdik. İtirə-itirə gedirik. Biz də bunu xalqımıza anlatmağa çalışırıq, gəncliyimizin beyninə yazmağa çalışırıq ki, sən bölünmüş, parçalanmış xalqsan. Çabalarımızın nədəni budur, gedişi budur. Millət olaraq bunu şüurumuza yazmalı, qəbul etməliyik, içimizdə oturmalıdır. Oturandan sonra Güney Azərbaycan dərdi, yəni bölünmüşlük dərdi bizi bir araya gətirə bilər. Partiyalar bölünüb, toplum təşkilatlara bölünüb, başqa-başqa baxışların daşıyıcılarına bölünüb. Heç kimi bir araya gətirmək olmur. Ancaq bu gün ideoloji baxımdan Güney Azərbaycan dərdi toplumun qeyrətini ayağa qaldıra bilər. “Türkmənçay Bağlaşması”nın doğurduğu faciələr bütün insanlarımızı bir araya gətirməli olan bir araçdır. Bax, bugünkü söhbətimizin xətti budur.

Xaliq Bahadır: Abbas Mirzəni oxumuşam. Adam o qədər pis olur, bizim din xadimlərinin satqınlığından, şərəfsizliyindən, namussuzluğundan. Deməli, Abbas Mirzənin komandanlığı altında ölüm-dirim savaşı aparırdılar, bunlar da arxadan zərbə vururdular. Abbas Mirzə deyir, heç olmasa mənə ərzaqla kömək eləyin, onu da eləmirlər. Şahı ona qarşı qaldırırlar. Niyə görə? O, Avropadan fabrik gətirir, güclü xalq yaratmaq üçün çox güclü planlar qurur. Güclü xalq yaratmaq üçün xalqı varlandırmaq gərəkdir birinci növbədə. Məsələn, fabriki gətirib qurdurur, din xadimləri fətva verirlər, bu adam şeytandır, ölkəyə şeytan qurğusu gətirir. İki faktı mən ayrıca demək istəyirəm. Biri bu, biri də Türkiyədən (Osmanlıdan) tez-tez Azərbaycana hücum eləyirdilər. Dönə-dönə danışıqlara gedir Abbas Mirzə. Deyir siz də türksünüz, biz də. Gəlin bu savaşı eləməyək. O çağda Türkiyədə ağıllı dövlət başçısı olmayıb. Strateji düşünən bircə Abbas Mirzə olub. Dönə-dönə onlara üz tutub ki, gəlin Rusiyaya qarşı bir yerdə çıxaq. Deyir ki, bizimlə qurtarandan sonra sizə hücum eləyəcəklər. Bir də Osmanlılar bura hücum eləyəndə Abbas Mirzə boğaza yığılıb qoşunu göndərir ora. Gedib Çaldıranı alır, yəni Şah İsmayılın uduzduğu torpaqların hamısını alır. Çaldırandan da çox qabağa gedir. Deyir bunlarla qurtarmaq gərəkdir. Orda düşür, deyir sınır burda olacaqdır. Nə olsa yaxşıdır? Tehranda oturan din xadimləri, özü də bizim Azərbaycanlılar fətva verirlər: bu adam qardaş qanı tökür deyirlər. Baxın, Osmanlılar gəlib burda nə eləyirlər, ona göz yumurlar. Sünni-şiə məsələsi. Niyə görə? Düşünürlər bununla Abbas Mirzənin hakimiyyəti güclənəcək. Yenilikçidir axı. Ona görə fətva verirlər. Abbas Mirzə məcbur olub torpaqları qaytarır. Mən nə demək istəyirəm. O çağlar olanlar bu gün də bizim içimizdədir. Biz “Türkmənçay”dan danışanda onların hamısına toxunmalıyıq. Bu gün üçün, tarix üçün yox. Yazılıb, yazılacaq, qalacaq. Bax, onların uzantıları bu günə də gəlib çıxır. Bu gün də o din xadimləri bizi geri çəkirlər. Çalışırlar bütün parametrlər üzrə uduzaq. Onların beynində türkçülük düşüncəsi yoxdur.
Soylu Atalı: İndi belə bir məsələyə istəyərdim toxunaq. Bu gün bilirsiz ki, Batı öz məqsədlərini, böyük planlarını həyata keçirməkdən ötrü inqilablar gətirdilər dünyaya, adını qoyurlar demokratik inqilab. Əslində hər birimiz bilirik ki, demokratik inqilab nədir. Guya toplumların içərisinə reformalar gətirirlər. Hər yerdə reformalar bayağı gedişatdan, dağıntılardan və qarşıdurmalardan, vətəndaş savaşından başqa bir şey olmayıb. Bax, biz Güney Azərbaycanla bağlı düşünürük. “Türkmənçay Bağlaşması”nın sonuclarından bəhs edirik. Bizim o tayda da, bu tayda da içimizdə olan bir çox insanlarımız qıraq qüvvələrə hələ də umud bəsləyir, bel bağlayırlar. Söz yox ki, biz dünyadan təcrid olub yaşaya bilmərik. Dünyanın qabaqcıl qüvvələri ilə, qabaqcıl insanları ilə anlaşmalıyıq, bağlılıqlar yaratmalıyıq. Toplumumuz bu cəhətə umud bəsləmir. Onlar umud bəsləyir ki, Batı dünyasının başında duranlar guya bizim də birləşməyimizi təmin edəcəklər, bizi, deyək ki, fars geriliyindən qurtaracaqlar. Burda da bizi öz hakimiyyətimizin basqılarından qurtaracaqlar. Belə umudlar bəslənilir. Ancaq son çağlar, bu 20-25 ildə dönə-dönə sübut olundu ki, Batı dünyasının məqsədi ayrı-ayrı xalqlarda, özəllikcə türk xalqlarında heç də inkişafın qapısını açmaq deyil. Onları idarə eləmək üçün öz planlarını həyata keçirməkdir.
Bir var demokratik inqilab, bir var özgürlük hərəkatı, azadlıq hərəkatı. Biz hesab eləyirik ki, dediyimiz kimi, dünyanın qabaqcıl insanları ilə, qüvvələri ilə bağlantılar qurmaq, iş aparmaq gərəkdir, ancaq milli şüur öz içimizdə özgürlüyə köklənməlidir və özgürlük hərəkatı biçimlənməlidir. Bu indi neçə ilə olacaq, nə vaxt olacaq, deyə bilmərəm. Ancaq tək istək o olmalıdır ki, bizim xalqın şüurunda azadlıq meyli güclənsin və “özgürlük hərəkatı” biçimini alsın. Bax bununla bağlı fikirlərinizi bölüşün.
Xaliq Bahadır: Bizim ortada ideologiyamız var, bizim ortada bayrağımız var. Bayrağın da başında türkləşmə durur. Sizin dediyiniz sözlərin hamısının başında türkləşmə ideyası durur. Biz nə vaxta kimi ki, türkləşməmişik , özümüzə qayıtmamışıq, tək Batı yox, elə ən balaca qonşumuz da bizi yenəcək, bunu bir yolluq başa düşməliyik. Biz özümüz özümüzü tanımırıqsa, başqalarından heç nə ummamalıyıq. Biz özümüzü tanıyandan sonra özümüzə güvənimiz olacaq. Yəni mən buyam, mənim belə bir tarixi keçmişim var. Bu istər-istəməz özünə güvən, inam yaradır. Onların heç biri yoxdur. Biz qalmışıq ortalıqda. Gündə bir ideologiya axtarırıq.
Soylu Atalı: Baxın, Asif Ata “Azərbaycanımız-Azərbaycanlığımız” dəyər sistemini ona görə yaratdı. Zərdüştdən başlayıb saza qədər o cür fərəhlərimiz var. O cümlədən böyük kədərlərimiz var. Ata vurğu eləyir ki, biz faciələrimizi də deməkdən qorxmamalıyıq. Biz öz faciələrimizi bilməsək, ondan dərs götürə bilmərik. Bu baxımdan hər kəs üçün Azərbaycan obrazı yaranmalıdır ki, Azərbaycan bizim üçün nə olub. Bu gün biz nə qədər dağınıq olsaq da, nə qədər milli şüurumuz başqa etkilərə uğrasa da, nə qədər qırağa çıxmalar olsa da, Azərbaycan anlamca böyük hadisədir. Dünyanın inam xətti Zərdüştdən yaranıb. İndi mən burada geniş izah vermək istəmirəm. Dədə Qorqud bir həyat sistemidir. Azərbaycanın ruhani anlamı Xürrəmdinlikdir, onun başında duran da Babəkdir. Azadlıq peyğəmbəri, carçısı, azadlıq hərəkatını xalqın içində dəyər sisteminə çevirən. Sonra insana ən yüksək qiymət verən və bəşəri yön yaradan Hürufilik hadisəmiz var, bu Azərbaycan deməkdir. Füzulimizin bütün dünya poeziyasına örnək olacaq yaradıcılığı, insanın içdən təmizlənmə yoluyla kamilliyə yetməsini izhar edən muğamımız, türkün mahiyyətindən yaranan və xarakterini çalan sazımız əsaslı ulusal ideologiya qaynağıdır. Bunu dərk eləyən Azərbaycanlı qürur duya bilər ki, mənim bu dəyərlərim qədim dünyadan qat-qat yüksəkdə durur. Biz bunu özümüzə təsəlli üçün uydurmuruq. Bu bizim ulusal həqiqətimiz və haqqımızdır. Həqiqətimizi tanıyırıq və milli kimliyimizi dərk eləyirik. Bunları bilən Azərbaycan gənci özünü güclü bilər, haqlı bilər və gələcəyini milli varlığında qurmağa çalışar.
Xaliq Bahadır: Bilirsiniz də Bilgə Xaqan nə deyir? Deyir türk dünyası qaldıqca qalasıdır. O boyda çinin əlinin altından çıxıb dövlət qurdular. O dövlətin də formulu elə o çağda verilib. Deyir ki: Ey türk-oğuz bəyləri! Türk ulusu eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə: türk yurdu, türk dövləti, türk ulusu, türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüklərinə dəyər ol! Ey ölümsüz türk ulusu! Özünə dön!…
Bax, bu gün niyə bunlar qoymurlar öz adımızı daşıyaq? Bilirlər ki, o adda böyük enerji var, böyük elektrik var. Güclü ola bilərik.
Soylu Atalı: Azərbaycanın qədimliyindən danışdıq. Ancaq türk təkcə Azərbaycandan ibarət deyil. Bununla belə, fikir verin, bütün türk toplumları içərisində Azərbaycan öz dəyərləri ilə yüksəkdə dayanıb. Bütün türkləri birləşdirə biləcək bir gücdür bu dəyərlər. Ata türk dəyərlərini sayanda hamısını deyir, məsələn: Səlcuq dəyanəti, Osman möhtəşəmliyi, Atatürk xadimliyi, Rumi ruhaniyyatı və b. Yəni bunların hamısı öyrənilməli, bilinməli, şüurlara yazılmalıdır. O cümlədən Azərbaycan gəncliyi Azərbaycanla bağlı yüksək həqiqəti öz ömrünə hakim eləməlidir. Onda xalqın bir araya gəlməsi, insanların şüurunun bir araya gəlməsi məsələsi aktuallaşa bilər.
Abil Ulusoy: İstəyirik ki, dövlətimiz olsun. Dövlət olmasa, coğrafiyada yaşayan xalqımız param-parça olacaq. Dövlətin olması isə bir ideologiyaya bağlı olmalıdır. Dövlətin əsasını təşkil eləyən türkün ideologiyası olmalıdır. Xaliq bəy də çox doğru vurğuladı ki, bizim milli ideologiyamız olmalıdır. Üçrəngli bayrağımızın birinci rəngi – türkçülük əsas olmalıdır. Ancaq bu türkçülüyə baxış axı müxtəlifdir. Türkçülük deyəndə nə başa düşürük? Mənim özümün də vaxtilə türkçülüyə dağınıq münasibətim vardı. Sonralar Asif Atanın türkçülüklə bağlı dediyi fikirləri olduğu kimi qəbul elədim, mütləq şəkildə. Türkçülük nədir? Türk inamı varmı? Bunlar nədən ibarətdir? Özünü bu coğrafiyada göstərir ya yox? Həmin bayrağın üçüncü rənginə biz inanırıq, o inamı yaşadırıq və həmin inamla da yaşayırıq. O elə-belə parça deyil. Onu başımızın üstünə qaldırmışıqsa, ona sədaqət andı içib yaşadırıqsa, ordakı dəyərlərlə yaşayırıqsa, bilməliyik: milli ideologiyanı qurmağa ən böyük əngəl yaşıldan, qırmızıdan gəlir.Türkün iradəsi ortaya qoyulmayıb və görünməyib. Dövlətin yetkililərinin siyasi irədəsi olmalıdır. Türk idrakı bu deyilənləri yerinə qoymaq üçün ayaqda durmalıdır. Sonra gəlir Türk mənəviyyatı!
Asif Ata deyir türkləşmə İnam, İdrak, Mənəviyyat, İradə birliyi deməkdir. Bu birliyin əsasında Dövlət milli ideologiya ilə yaşayar və möhkəmlənə bilər. Milli İdeologiyasız nə dövlət qurmaq olar, nə də millət yaşaya bilər…
İndi hamınıza belə bir sual vermək istəyirəm. Məni də bu sual maraqlandırırdı. Niyə qalib rus Türkmənçay qoşulları ilə yetərləndi, Ərdəbili də tuta bilərdi, Təbrizə də gedərdi.

Soylu Atalı: Rusiya bütün dünyaya hakim olmaq üçün Pyotrun vəsiyyəti əsasında addımlar atırdı. Bunu dünya da görür, Avropa da görürdü. Avropa bilirdi ki, rus Arazboyu coğrafiyada dayanmayıb qabağa getsəydi, onun Hindistana çıxışı bağlanır, ümumən bununla rus Avropanın qabağını hər yerdə bağlayar, onun imkanlarını məhdudlaşdırardı. Ona görə ingilislər rusun qabağını almaq üçün oyunlara başladılar…
Xaliq Bahadır: Mən bunu araşdırmışam. Deməli, Napoleon Hindistana getmək istəyirdi. Türkiyəylə İrandan keçməklə ingilislər dəniz yoluyla Hindistanı tutmuşdular. Türkiyəylə İrandan keçməklə quru yolu açmaq istəyirdilər. İngilislərlə fransızların arasında çox böyük savaş getdi. Napoleon birinci Pavellə danışığa getdi. Nəyə görə? İngilisləri Hindistandan çıxartmaq istəyirdilər. Plan var idi. Napoleon İngiltərəni tutacaqdı, Hindistanı da alacaqdı. Ona görə Napoleon birinci Pavellə gizli danışqlara getdi. Erməni kəşfiyyatı bundan xəbər tutdu. Birinci Paveli öldürdü. Ondan sonra ingilislər ruslarla Napoleonun arasını vurdu. Paveli öldürdülər, birinci Aleksandrı hakimiyyətə gətirdilər. İşi elə qurdular, Napoleon elə bil ağlını itirdi, Rusiyaya hücum elədi. Onu hələ də rus alimləri axtarırlar ki, o nəyə görə belə elədi.
İngilislər İrana gəlmişdilər, Rusiyanın qarşısını almaq üçün. Axı burdan quru yol açmaq istəyirdilər. Abbas Mirzənin yanında ingilis hərbi kursları keçənlər var idi. Bu gün Amerikanın Ukraynada olduğu kimi. Bilirdilər ki, ora qoşun yeritmək olmaz. O yan Osmanlıdır, bu yan Rusiyadır. Gəlib girmişdilər ölkənin içinə. Əslində düzgün siyasət idi. Abbas Mirzənin ordusu Tehrandan bir şey ala bilmirdi, ingilislər Abbas Mirzəyə pul verirdi, ordunu qururdular. Sonra Paskeviç Xoyu, Makunu tutmuşdu. Ərdəbiləcən tutmuşdular. Abbas Mirzə onların hamısını pulla aldı. Pulu da ingilislər verdi. İngilislər düşündülər, heç olmasa Arazdan o yana keçməyə qoymayaq. Sonra görək neyləyirik? Yəni bu cür planlarla ingilislər pul verdilər Abbas Mirzəyə. Pulla Xoyu, Ərdəbili satın aldı. Arazda dayandırdılar. Burda “Türkmənçay Bağlaşması” bağlayandan sonra ingilislər türkləri yönəltdilər Əfqanıstana sarı, Orta Asiyaya. O yandan da xəbər tutdular, Nikolay ordu yeridib. Niyə görə? İngilislərin qabağını orda kəsmək üçün. Orda ingilislərlə ruslar arasında savaş başladı. Onda Abbas Mirzəni atdılar ora. Abbas Mirzə də gedib orda ingilislərlə toqquşdu.
Soylu Atalı: İngilislər özləri istəyirdilər ki, Azərbaycanın müəyyən bir hissəsi ruslar tərəfindən tutulsun, Azərbaycan bölünsün. Çünki ingilislər hesablayırdı ki, bu xalqın güclü potensiyalı var, getdikcə bunlar bir qüvvə kimi, vahid millət kimi bir arada yaşayarsa, onlar Qafqaza, bütövlükdə regiona sahib çıxacaqlar. Azərbaycanın parçalanması onların siyasətinə tamamilə cavab verirdi.
IMG_0865Xaliq Bahadır: Pyotrun dənizdən dənizə siyasəti, vəsiyyəti var idi. Rusiya Kəngər körfəzinə qədər tutmalı idi. Plan belə idi. İngilislər ona yol vermədilər.
Soylu Atalı: Rusiya Kəngər körfəzinə qədər tutmasaydı, onda Doğu tərəfdən Türkiyənin sınırına dayana bilmirdi və İstanbula bayraq sancmaq niyyətlərini həyata keçirmək əlçatmaz görünürdü…
Bununla da bu günkü söhbətimiz başa çatır, hər birinizə təşəkkür edirik. Ulusumuz Var olsun!
Köçəri Ayı, 36-cı il. Atakənd.
(fevral, 2015. Bakı.)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:04 Ana dilini yaşatmaq hünəri İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Dil – ruhaniliyin (insaniliyin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə dilimiz də ölüb gedərdi. Hər bir xalq öz adıyla bağlı olan dilin yaradıcısı,
08:56 “Azərbaycanın AŞ PA-da Rusiyaya səs verməsi ən doğru variant idi...” İlham Rəhimov: “Putindən ötrü Qarabağ həqiqətən çox mühüm məsələdir” Hüquq elmləri doktoru, professor İlham Rəhimov Minval.az saytına geniş müsahibə verib. Müsahibədə o, Ukrayna böhranı, kəlbəcərli girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinin çətinlikləri haqda danışıb, həmçinin
16:10 Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər Ocaq Günsırası ilə 15 Köçəri Ayı, 36-cı ildə Asif Atanın Mütləqə İnam Ocağının Evladları, Ocaqdostları və Ulusəs Atalının qohumları onun cismani bacısı Elmira xanıma“Yas
20:29 "Bu döyüşün bizə böyük təsiri olacaq" - Vəfa Quluzadə Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popovun (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin regiona səfəri başa çatıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən həmsədrlərin açıqlamaları
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az