Bakı Qida Sənayesi Kollecinin baş müəllimi, "Qazax" Xeyriyyə İctimai Birliyinin veteran üzvü, hamımızın əzizimiz Firudin Orucun sayca 5-ci şeirlər kitabı işıq üzü görüb. Bu münasibətlə Firudin müəllimi səmimi qəlbdən təbrik edirəm. Yaradıcılıq uğurları arzulayıram.Firudin müəllim olduqca səmimi, təvazökar insandır. İstər gecənin bir vaxtında yadına düşür ki, Firudin müəllimlə filan işlə bağlı danışmalıyam. Heç saata baxmırsan ki, birdən gec olar. Narahat edərəm. Zəng edirsən. Telefonun o tərəfindən nurani bir ağsaqqal "Eşidirəm, ay Səbişim", deyir. Elə səmimi cavab verir ki, sən də ürəklənirsən ki, yox, deyəsən narahat etməmişəm
Deyirəm: Firudin müəllim, üzrlü sayın, gec zəng etmişəm. Saat 12-yə qalıb. Elə indi vaxtım oldu. "Səbişim, bu nə sözdür? Narahatçılıq yoxdur, buyur, səni eşidirəm". Bu səmimiyyətdən gözəl nə ola bilər?
Belə səmimi insanlar sevilməyə, diqqət edilməyə layiq insanlardır. Ona görə yox ki, o sənin zənginə cavab verir, sözünü dinləyir. Ona görə ki, o sözün əsl mənasında səmimidir, millətin dərdinə şərik olur. Xalqın sevincindən ona da pay düşür. Ona görə ki, o doğulduğu yurdu, boya-başa çatdığı mahalı çox sevir. Ona görə ki, o bütün Türk dünyasını sevir.
Ən çətin illərdə (1990-cı illərdə) Qazax Xeyriyyə Cəmiyyətinin ən fəal üzvü olur. Bakıdan Azərbaycanın ən ucqar sərhəddi Qazağa - əsgərlərə, hərbçilərə lazım olan zəruri ehtiyacları alıb aparmaqdan yorulmur, gecə-gündüz çalışır. Torpaq əldən getməsin deyə! Vətən var olsun deyə!
O ağrılı-acılı illərlə bağlı saysız-hesabsız xatirələri var Firudin müəllimin. Dinlədikcə özünü Qazağın döyüş gedən sərhəd kəndlərində hiss edirsən. Bəzən dönüb uşaq olursan, o illəri yenidən yanaşırsan. Axı mən o illərin itkiləri, acıları ilə böyüyən uşaqlardan olmuşam. Firudin müəllimin Vətən, Xalq, El yolunda xidmətləri təqdirəlayiqdir, unudulmazdır.
Ömrünüz uzun olsun Firudin müəllim. Nə yaxşı ki, varsınız. Bir daha təbrik edirəm. Ruhunuz duru, yaradıcılığınız qaynar, könlünüz sevgi dolu, ömrünüz uzun olsun.
Böyük hörmətlə: Səbinə Yusif
Öz şərhini bildir: