Ötən gün sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqların qidalanması ilə bağlı yayılan görüntülər nəzarətə götürülüb. Görüntülərdən məlum olur ki, uşaqlara verilən qida normal və keyfiyyətli deyil. Sosial mediada yayılan məlumata əsasən hazırda araşdırma aparılır.Məsələ ilə bağlı millət vəkili Aydın Hüseynov Bakupost.az -a bildirib ki, bu kimi faktlar araşdırılmalı və müvafiq qurumlar nəzarəti gücləndirməlidir:
“Bağçaların ərzaq təminatı ilə bağlı dövlət büdcəsində vəsait nəzərdə tutulur. Eyni zamanda bu mərkəzləşmiş qaydada həyata keçirilir. Hazırda bağçalar Təhsil Nazirliyinin tabeçiliyinə verilib. Yəni, o sahədə çox ciddi nizam-intizam olacaq. Bağçaya gedən uşaqların sağlam və yüksək səviyyədə qidalanması genefondumuzun daha da möhkəm olması deməkdir. Bağçada olan uşaqların ərzağına aidiyyəti qurumlar və bağça rəhbərliyi diqqət yetirməlidir”.
Millət vəkili bağçada qida təhlükəsizliyi ilə bağlı məsələyə də diqqət çəkib:“Bağçalarda qida təhlükəsizliyi ilə bağlı ciddi faktlar varsa, AQTA və müvafiq qurumlar nəzarəti gücləndirməlidir. Bu kimi məsələlərdə ictimai nəzarət də güclü olmalıdır. Konkret hansı bağçalarda belə faktlar varsa, ciddi yoxlamalar aparılmalıdır. Bu sahə ilə məşğul olan strukturlar var. Əlbəttə, bu işə vicdanla yanaşan bağçalar da az deyil. Əgər qida təminatı, eyni zamanda qida təhlükəsizliyi ilə bağlı hansı bağçalarda biganəlik varsa, onlar aradan qaldırılmalıdır. Bu gün xeyli bağçalarımız təmir olunub. Maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində işlər aparılıb. Sadəcə bəzi bağçalarda olan bu kimi problemlər, digər bağçaların işinə kölgə salmamaldır. Bu quruma nəzarət lazımdır. Amma nümunəvi bağçaların da çox olduğunu unutmamalıyıq”.
Öz şərhini bildir: