Bu dünyada yollar müxtəlif olur, enişli-yoxuşlu, daşlı-kəsəkli, hamar, nahamar və sair. Lakin bu yollardan fərqli bir yol da var ki, bu da insanın ömür yoludur. Bu yoluşərəflə davam edib başa vurmaq hər kəsə nəsib olmur. Bu yazını şərəfli bir ömür yolu keçmiş və bu yolu ləyaqətlə başa vurmuş həmin insanlardan biri haqqında yazıram. Qədim yunan filosofu Aristotel demişdir: “Valideynlərim məni dünyaya gətirmişlər, müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərmişdir.” Dahi filosof Aristotelin bu sözləri müəllim peşəsinin lap qədimdən nə qədər müqəddəs bir peşə olmasına dəlalət edir.Vətən övladlarının həqiqi səadət yolunu işıqlandıran, ömrünü bu yolda şam kimi əridən müqəddəs peşə sahiblərindən biri də unudulmaz və görkəmli müəllim Məcid
Əhməd oğlu Əhmədov olmuşdur. O, 1900-cü ildə Qazax qəzasının İkinci Şıxlı kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Gənc yaşlarından başlayaraq ömrünün 50 ilindən artıq bir hissəsini xalqımızın övladlarının təlim-tərbiyəsinə və savadlanmasına həsr etmişdir. Məcid Əhmədov 1920-ci ildən başlayaraq 1940-cı ilədək olan bir dövr ərzində Qazax rayonunun Dəmirçilər, Musaköy, Tatlı, Cəfərli,Qaymaqlı, Kəmərli kəndlərində ibtidai sinif müəllimi və məktəb direktoru vəzifələrində çalışmışdır. 1940-cı ildən isə doğulduğu İkinci Şıxlı kəndində müəllimlik fəaliyyətini davam etdirmişdir.
Qazax rayonunda böyük hörmət qazanan, ömrünü vətən övladlarının bir-neçə nəslinin savadlanmasına həsr edən Məcid Əhmədovun əməyi dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmişdir. O, 1949-cü ildə “ Qırmızı Əmək Bayrağı” ordeni, 1952-ci ildə isə “Lenin” ordeni ilə təltif edilmişdir. Təhsil sahəsində göstərdiyi misilsiz
xidmətlərinə görə Məcid Əhmədova 1960-cı ildə “Azərbaycan SSR-nin Əməkdar müəllimi” fəxri adı verilmişdir. Məcid Əhmədov həm də qayğıkeş ailə başçısı olmuşdur.O, həyat yoldaşı Sultan xanımla birlikdə yeddi övlad böyüdüb tərbiyə etmiş, onların hamısı da alı təhsil almışlar. Qızları- Məxluqə xanım, Minayə xanım, Adilə xanım, Xədicə xanım və Ayişə xanım atalarının yolunu davam etdirərək müəllimlik fəaliyyəti ilə məşğul olmuşlar. Böyük oğlu Vidadi Əhmədov Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirmiş və həmin sahədə çalışmışdır. Kiçik oğlu Mübariz Əhmədov kimya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının Müxbir üzvi kimi elmi dərəcəyə yüksəlmişdir. Dövlətimiz tərəfindən “Şöhrət” ordeni və digər medallarla təltif olunmuşdur.
Məcid Əhmədov ziyalı ailəsində böyüdüyünə görə onun digər bacı və qardaşları da təhsilli olmuşlar. Böyük qardaşı Bilal Əhmədov və kiçik qardaşı Əhməd Əhmədov
“Azərbaycan SSR-nin əməkdar müəllimi” fəxri adına layiq görülmüşlər. Bir sıra orden və medallarla təltif olunmuşlar. Onların övladları respublikamızda tanınmış həkimlər, müəllimlər və digər peşə sahibləridir. Onlardan tibb elmləri doktoru, “Azərbaycanın Əməkdar həkimi” , 40 ildən artıq bir müddətdə Göz xəstəlikləri İnstitutuna rəhbərlik etmiş respublikanın baş oftolmoloqu Nazim Əfəndiyevi, Azərbaycan Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Sabir Nəsibovu, tibb elmləri namizədi, baş travmatoloq-ortoped həkim ( Onu “Azərbaycanın İlizarovu” adlandırırlar) Şofiq Əhmədovu, Qazax rayonu Mərkəzi Göz Xəstəxanasının baş həkimi işləmiş Rövşən Əhmədovu və başqalarını misal göstərmək olar. Məcid Əhmədov ibtidai sinif müəllimi kimi təhsil verdiyi şagirdlərinin dərin
biliklərə yiyələnməsində, onların gələcəkdə ziyalı vətəndaş kimi yetişməsində əlindən gələni əsirgəməmişdir. Şübhəsiz ki, görkəmli müəllim Məcid Əhmədovun zəhməti hədər getməmiş, həmin şagirdlərdən bir çoxu müxtəlif vəzifələrdə çalışmış, onlardan bəziləri nüfuz sahibi olaraq respublikada tanınmışlar. Bunlardan hal-hazırda Azərbaycan
Sahibkarlar Konfederasiyasının prezidenti, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri, iqtisad elmləri doktoru Məmməd Musayevi, tibb elmləri doktoru Temraz Nəbiyevi, texnika elmləri doktoru Tapdıq Əliyevi, iqtisad elmləri doktoru İslam Qarayevi, kimya elmləri namizədi Sayad Süleymanovu, Azərbaycan Tibb Universitetinin dosenti, kimya elmləri namizədi Eldar Əhmədovu, Mingəçevir Dövlət Universitetinin dosenti, iqtisad elmləri namizədi Qəhrəman Kələşovu, polis polkovniki Tapdıq Osmanovu və başqalarını misal göstərmək olar. Məcid müəllim bu gün həyatda olmasa belə onun adını nəvəsi Məcid Mübariz oğlu Əhmədov yaşadır. M.Əhmədov Rusiyanın İ.M.Qubkin adına Qaz və Heft İnsititunun iqtisadiyyat fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Məcid müəllim xalqımızın əsl ziyalı, vətənpərvər vətəndaşı olmaqla şərəfli ömür yaşamışdır. O, 1991-ci il fevralın 18-də dünyaya göz açdığı İkinci Şıxlı kəndində vəfat
etmişdir. Məcid müəllimin xatirəsi bu gün də onu tanıyan insanların, təhsil verdiyi şagirdlərinin qəlbində əbədi yaşayır.
P.S. Əziz babam, bun gün Sizinlə əbədi ayrılığımızdan 27 il keçdi. Düz 27 ildir ki, Siz bizim isti ocağımızı tərk edib həmişəlik bizimlə vidalaşmısınız. Kiçik yaşlarımdan
qayğıma qalan, mənə dastanlar söyləyən, şeirlər, şərqilər öyrədən, öyüd-nəsihət verən babam. Məkanınız cənnət olsun. Sizin kimi dəyərli bir insanın nəvəsi olmağımla həmişə fəxr etmişəm. Xatirələrinizlə birlikdə hər zaman qəlbimdəsiniz. Sizi heç unutmadım...
Hazırladı: Sultan Vidadi qızı.
Öz şərhini bildir: