Media Xəbərləri » Bölgə xəbərləri » Qələmini silaha dəyişən şəhid direktor - Elvin Imaməliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
Qələmini silaha dəyişən şəhid direktor - Elvin Imaməliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
7-05-2022, 15:35
Yazar: Ələddin Kəsəmənli
Baxılıb: 682
Çap et

İnsan həyatını güzgüyə bənzədənlər də var, kitaba oxşadanlar da… Kimisi bu dünyaya gələr, baxar gedər… Özündən sonra nə bir izi qalar, nə sorağı. İnsan da var ki, həyatı bir kitaba bənzər. Bu dünyaya ondan sonra gələnlər bu kitabı vərəqlər, hər sətrindən özü üçün bir örnək götürər…
Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi yeganə məktəb direktoru, İmaməliyev Elvin Elsəvər oğlunun xatirəsinə həsr olunmuş “Qələmi silaha dəyişən müəllim” adlı kitabın təqdimat mərasimi keçirilib.
Mediaxeberleri.Az xəbər verir ki, tədbirdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra 44 günlük Vətən müharibəsində şəhid olan qələmini silaha dəyişən yeganə məktəb direktoru Elvin Imaməliyevin həyat və döyüş yolundan bəhs edən videoçarx təqdim edilib.
Aparıcı Yusif Qoca tədbiri açıq elan edərək, ilk olaraq sözü Ağstafa Rayon İcra hakimiyyətinin başçısı Seymur Orucova verib.
Ağstafa Rayon İcra hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çaldığımız vətən müharibəsində şəhid və döyüşçülərimizin şücaətindən danışıb. İcra hakimiyyətinin başçısı bildirib ki, bu gün hər birimizin fəxr etdiyi zəfər 44 günlük müharibə zamanı verilən düzgün hərbi-siyasi qərarlar və şəhidlərimizin qanı bahasına qazanılıb. O, Elvin Imaməliyev haqqında xatirələrini bölüşüb.
Təqdimat mərasimində çıxış edən Seymur Orucov bu kitabın gələcək nəsillər üçün dəyərli bir vəsait olacağını vurğulayıblar.
Şəhidin atası Elsevər Imaməliyev çıxış edərək oğlunun xatirəsini əziz tutduqlarına görə dövlətimizin başçısına, Ağstafa Rayon İcra hakimiyyətinin rəhbərliyinə, tədbir iştirakçılarına və kitabın müəllifi Mətanət İmamquluyevaya dərin minnətdarlığını bildirib.
Şəhid atası Elvinin iki övladını onun adına, qəhrəmanlığına layiq böyütməyə çalışacaqlarını vurğulayıb. Şəhidin atası bildirib ki, Elvin hər şeydən öncə Vətənini, torpağını, dövlətini sevirdi. Döyüşlərə də könüllü getmişdi. Şuşa şəhərində şəhidlik zirvəsinə ucaldı.
Məlumat verilib ki, Elvin İmaməliyev Vətən müharibəsində göstərdiyi cəsarətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.
Sonra söz, şəhidin müəlliməsi və iş yoldaşı əməkdar müəllim İndira Səmədovaya verilib. O, çıxış edərək Elvinlə bağlı xatirələrini bölüşüb, onun döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıqlarından danışıb. Elvinin ilk gəldiyi günü gözəl xatirlayıram. Çox fəal, üstün zəkalı uşaq idi. Nəyi isə ona təkrar deməyə, izah etməyə qəti ehtiyac yaranmazdı. Çox gözəl hafizəsi, gözəl qavrayışlı uşaq idi. Elvin vətənin taleyini dəyişənlərdən oldu. Bizə üz ağlığı yaşadanlardan oldu. Elvin vətəni yaşadarkən ömrünü ona bağışlamağı bacaran yeganə məktəb direktoru oldu. Mən fəxr edirəm ki, vətənimin, Azərbaycanımın Elvin kimi oğlu var. Səndən sonra bu məktəbin nə qədər gözəl ləyaqətli şagirdləri olacaq. Sən insanların qəlbində özünə yuva qurmağı bacardın, əziz şagirdim.
Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşmuş, Vətən Müharibəsi iştirakçısı həkim cərrah Teyyub Carçıyev əsgərlərimizin qəhrəmanlığından, Elvin müəllimin döyüş yolundan, ordumuzun şanlı qələbə qazanmasından danışdı, hər bir gəncin hər an vətənin müdafiəsinə hazır olmağının vacibliyini vurğuladı.
Kitabın müəllifi Mətanət İmamquluyeva kitabın ərsəyə gəlməsindən söz açıb. Tədbirin təşkilinə görə, Ağstafa Rayon İcra hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Mərasimin bədii hissəsində Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşı Gültəkin Hüseyinova vətənpərvərliyi tərənnüm edən Vətən müharibəsi Şəhidi, yeganə məktəb direktoru Elvin İmaməliyevə həsr olunan mahnı oxuyubl
Təsadüfi deyil ki, müdriklərimiz insan ömrünü birtərəfli tramvay xəttinə bənzədirlər. Nə yazıq ki, getdiyimiz yolu təkrar geri qayıda bilmərik. Gərək sənə verilən ömür payını elə yaşayasan ki, sənin getdiyin yoldan bir də keçmək istəyənlər olsun. Hər bir insan öz taleyini yaşayır, öz qədərini, qismətini özü seçir… Dünyanın fani olduğunu dərk edənlər, yaxşı əməllərini özündən sonrakı nəsillərə əmanət edib gedirlər. Kimi ona verilən ömrü, xalqına vətəninə xidmətdə görür, kimi isə həyatının mənasını sərvətdə tapır… Birincilər əbədiyaşarlıq qazanır, həyatları dastana dönür, adları dillərdə əzbər olur… Nağıl kimi bir ömür yaşayar belə insanlar… Özləri bu dünyada olmasalar da adları, əməlləri nağıllaşar…
www.mediaxeberleri.az
Öz şərhini bildir: