Əhməd Obalı: “İranın insident yaradıb, ondan sui-istifadə etməyə çalışması, təxribat törətməsi mümkündür”Səftər Rəhimli: “İranın ortaya çıxardığı silahlar, göstərdiyi nizam-intizam elə öz daxilində gülüşlə qarşılandı”
Şahin Cəfərli: "Türkiyə Prezidentinin İran sərhədləri yaxınlığına gəlişi isə həm də Tehrana mesaj olacaq"
İran sabah Azərbaycan sərhədlərində hərbi təlimlərə başlayır. Sosial şəbəkələrdə yayılan görüntülərdə təlim keçiriləcək əraziyə zirehli texnikanın və artilleriya sistemlərinin daşındığı görünür. Bəzi mənbələr iddia edirlər ki, bu cür qoşun cəmləşməsi hərbi təlimdən daha çox və əslində Azərbaycan dövlətini təhdid etmək, ictimaiyyətini qorxutmaq, bölgədə vəziyyəti gərginləşdirməkdir. Erməni və farsdilli mediada yayılan xəbər və videolardan da aydın görünür ki, İran İslam Respublikası rəhbərliyi Azərbaycana təhdid xəttini davam etdirir.
Xatırladaq ki, Tehranın bu addımı Azərbaycanın etirazına səbəb olub.
Prezident İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində İran hökumətinin qərarının təəccüb doğurduğunu bildirmişdi.
“30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır...”,-deyə ölkə başçısı vurğulayıb.
İran XİN-dən isə Azərbayvanın narazılığına isterik reaksiya bildirilmişdi Nazirliyin rəsmi nümayəndəsi Səid Xətibi bununla bağlı həddini aşan açıqlama verərək bildinişdi ki,bu təlimlər bölgənin sülh və təhlükəsizliyi üçündür: "İran sionist rejimin sərhədlərinə yaxın ərazilərdə yerləşməsinə icazə verməyəcək. Öz təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri həyata keçirəcək.Sionist rejimin sərhədlərimizə yaxın ərazilərdə yerləşməsinə səbr etmək və dözümlülük nümayiş etdirmək fikrində deyilik. Təhlükəsizliyin təmin edilməsi üçün lazım olan bütün tədbirləıri görəcəyik. İran öz sərhədlərinin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq”.
Yaranmış vəziyyəti şərh edən siyasi təhlilçi Şahin Cəfərli əvvəlcə hərbi təlimlərə “Fatihan Xeybər” ("Xeybər fatehləri") adını verilməsinə diqqət çəkib: "629-cu ildə müsəlmanlarla yəhudilər arasında Xeybər savaşı baş verib və Mədinə yaxınlığındakı bu şəhər imam Əlinin xüsusi şücaət göstərdiyi müharibənun sonunda müsəlmanların nəzarətinə keçib.
İran XİN-in “sərhədlərimizin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcəyik” açıqlaması deməyə əsas verir ki, təlimin adı təsadüfi seçilməyib”
Ekspertin filrincə, bu hərbi manevrlər Azərbaycana güc nümayişi xarakteri daşıyır.
Ş. Cəfərli vurğulayır ki, yaxın günlərdə Türkiyə Prezidenti Ərdoğanın Füzuli hava limanının açılışına, yəni İran sərhədləri yaxınlığına gəlişi isə həm də Tehrana mesaj olacaq: "Bu səfəri “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin 1-ci maddəsi çərçivəsində də dəyərləndirə bilərik.
Orada yazılıb:“...Tərəflərin hər hansı biri ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi və ya təhlükə altında olduğu qənaətində olduqda, Tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar”".
Ekspertin sözlərinə görə, Azərbaycanda bəzi siyasətçilər və şərhçilər Türkyə ilə hərbi müttəfiqlik, birgə müdafiə haqqında anlaşma imzalanmasından danışırlar: "Halbuki barəsində danışdığmız müqavilə bu müttəfiqliyin hüquqi bazasını çoxdan yaradıb, məcbur deyil ki, sənədin adında “hərbi müttəfiqlik” sözləri yazılsın.
Məsələn, 2-ci maddə çox aydındır: “Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaq”".
Ş. Cəfərli hesab edir ki, bu sənəd Türkiyənin Azərbaycana hərbi yardımı və onun müdafiəsinin təşkili üçün zəruri tədbirləri görməsinə hüquqi təməl yaradır.
Günaz TV-nin rəhbəri Əhməd Obalı mövzu ilə bağlı musavat.com-a deyib ki, İranın Azərbaycan sərhədinə qoşun yığmasının bir çox səbəbləri var: “İran hələ də Ermənistanın uduzmasını, özünün Qafqazdan çıxarılmasını həzm edə bilməyib. Əlbəttə ki, Qafqazdan çıxması onun öz siyasətinin nəticəsidir. Digər tərəfdən, İranın öz daxilində iqtisadi və başqa çətinliklər var, məmləkət demək olar ki, çöküb, işsizlik baş alıb gedir, 2-3 gün əvvəl pulunun dəyəri yenə də düşüb, bahalaşma daha da artıb, dövlət bütün bunların qarşısında aciz qalıb. Bu səbəbdən İran daxilində yaranmış superkrizi ört-basdır etmək üçün Azərbaycan sərhədlərinə qoşun yığıb, farsçılıq, milliyətçilik hissini gücləndirib, özünü millətin içində yaxşı göstərməyə çalışır. İranın gərginlik yaratmaq istəyi dünya ölkələri tərəfindən də yaxşı qarşılanmır. Amerikalı mütəxəssislər də məsələni izləyərək qeyd edirlər ki, İran yenə də gərginlik yaratmaqla məşğuldur. Əlbəttə ki, bütün bunlar İranın öz zərərinə olacaq.
İranın Azərbaycan sərhədinə qoşun yığmaqda digər hədəfi də bu ola bilər ki, bir orada hansısa hadisə, insident yaratsın və bundan sui-istifadə edə bilsin. Əlbəttə ki, bu hadisəni Azərbaycan tərəfi yaratmayacaq və yaratmamalıdır. Lakin İran tərəfindən hər cür təxribat mümkündür.
Bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı Məhəmməd Pakpur “Təslim” xəbər agentliyinə verdiyi müsahibəsində bildirib ki, “qonşuların sərhədlərinin pozulması və ya geosiyasi dəyişikliklər İran üçün qırmızı xətdir”. Bir Güney azərbaycanlısı olaraq sual verirəm - əgər doğrudan da belə bir qırmızı xətt var idisə, Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistan tərəfindən işğal olunmuşdu və sərhədlər pozulmuşdu, bəs o zaman İranın qırmızı xətti harada idi? Niyə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra qırmızı xətt ortaya çıxır? Əlbəttə ki, Azərbaycan heç bir ölkənin sərhədinə keçməyib. Deməli, bu İranın yalan bəhanələridir və sadəcə gərginlik yaratmağa çalışır.
Qeyd etdiyim kimi, Azərbaycan bu gərginliyə baş qoşmamalıdır, eyni zamanda hər hansı bir insidentə hazır olmalıdır. Düşünürəm ki, güneyli-quzeyli azərbaycanlı gənclərin İran səfirliyinin önündə etiraz aksiyası keçirməlidir. Daha bir məsələ. Bildiyimiz kimi, səfirlikdən əlavə Azərbaycanda İranın bir çox siyasi mərkəzləri var və onlar orada casusluqla məşğuldurlar. Azərbaycan bu məsələyə də diqqəti artırmalıdır.
Güneyin milli-mədəni fəallarının hamısı Azərbaycan dövlətinin və dövlətçilyinin arxasındadır və İran da bunu çox yaxşı bilir. Azərbaycana bir güllə atılarsa, İranın sonu sürətlə yaxınlaşacaq. Güneydə yaşayan soydaşlarımız heç bir zaman razı olmaz ki, İran Azərbaycana hansısa ziyan vurmağa çalışsın”.
Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli isə bunları deyib : “İranın Naxçıvan və digər sərhədlərimiz boyunca ordu yığmasının əsas səbəblərindən biri İranın içərisində xalqın hazırkı sistemə hər gün artmaqda olan nifrətini bu kimi davranışları ilə diqqəti yayındırmağa xidmət etdiyini düşünürəm. Artıq bir neçə gündür paniranistlər arasında gedən ciddi müzakirələrin şahidiyik və son seçimlərdən sonra İranın daxilində sistemin əvvəlki qaydada idarə olunmasına böyük təpkilər artmaqdadır. Sərhədlərimiz boyunca SEPAH qüvvələrinin yerləşdirilməsi ən çox İranda gülüş obyektinə çevrildi. Rejimin ortaya çıxardığı silahlar, onların nizam-intizamı İranın imicinə ciddi mənfi təsir göstərdi. İran yaxşı başa düşür ki, Azərbaycan digər dövlətlərə bənzəmir. Ölkənin 55 faizini təşkil edən azərbaycanlılar bir qığılcıma bənddir ki, ayağa qalxsın. Rejimin manqurtlaşdırmış 3-5 Azərbaycan türkünü çıxmaq şərti ilə Güney azərbaycanlılar üçün Azərbaycan dövləti qirmizi xətdir”.
Səftər Rəhimli bildirib ki, Ermənistanın məğlubiyyətindən sonra İranın iç üzü açıqca ortaya çıxdı: “Bununla da bir daha Güney azərbaycanlılar İranın Ermənistana dəstəyinin şahidi oldular. Aydın oldu ki, İranın işğalçı Ermənistana hərtərəfli dəstəyi 30 ildir davam edir. Bütün dünya Qarabağın işğaldan azad edilməsi prosesində Azərbaycanın müzəffər ordusunu, dünyanın müzakirə obyektinə çevrilən əsgərinin şücaətini və onun başında güclü iradəyə malik Ali Baş Komandanını gördü. Mənə elə gəlir ki, dünyadan təcrid olunan İranın son ümidi olan Ermənistan da Paşinyanın BMT-dəki son çıxışından sonra “İranla hər hansı bir gələcək düşünmürük”, deyərək İrandan imtina edib, üzünü Qərbə tutduğunu bir daha vurğuladı.
İranın qorxduğu isə odur ki, sərhədlərin hər iki tərəfində azərbaycanlılar yaşayır. Harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlıları müstəqil Azərbaycana müqəddəs məbəd kimi baxır və onun üçün canlarını belə verməkdən çəkinməzlər. İran özünü nə qonşu, nə də müsəlman dövləti kimi aparmır, davamlı beynəlxalq münasibətlərə, beynəlxalq hüquqa zidd olan davranışları ilə gündəmdədir. Belə davam edərsə, İranın daxilində başlayan etiraz aksiyalarına nəzarət edəcək gücünün olmadığını açıq deyə bilərəm. Dünya azərbaycanlılarının dünyanın dörd bir tərəfdə İranın yanlış hərəkətlərinə qarşı yürüşlər, mitinqlər, piketlər keçirməsi böyük səsə səbəb ola bilər. İran daxilində yaşayan vətəndaşlar nəzarəti ələ keçirə bilər və İran həqiqətən çökər. Bir sözlə, İran odla oynamamağı bir daha düşünməlidir. Mənə elə gəlir ki, Azərbaycan bu məsələlərə məhəl qoymamalı və işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərini davam etdirməlidir. Dövlətinin qayğısı ilə elindən-obasından zorla çıxarılan vətəndaşlarımızın qısa zamanda öz yurdlarına dönərək həyatlarına davam etməsini təmin etməlidir. Azərbaycan dostunu da, düşmənini də 44 günlük Vətən müharibəsində müəyyənləşdirdi. Seçim İranın özünündür: ya qonşu dövlət kimi ikitərəfli sağlam münasibət qurmaq məcburiyyətindədir, ya da atdığı səhv addımın bədəlini ağır ödəyəcəyinin fərqində olmalıdır”.
Öz şərhini bildir: