t s

» » AXCP EQTK-da respublika müşavirəsi

AXCP EQTK-da respublika müşavirəsi

8-10-2015, 12:09 Yazar:  Aygün Baxılıb: 534 Çap et
AXCP EQTK-da respublika müşavirəsiOktyabrın 7-də AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (EQTK) konfransı keçirilmiş rayon şöbələri sədrlərinin və Ali Məclis üzvlərinin iştirakı ilə müşavirə keçirib. Yığıncaqda etimad qurultayına hazırlıq məsələləri və qarşıya qoyulan vəzifələr müzakirə edilib.

Müşavirəni giriş sözü ilə AXCP EQTK-nın üzvü Rafiq Daşdəmirli açaraq toplantının məram və məqsədindən danışdı. Rafiq bəy çıxış üçün sözü AXCP EQTK-nın sədri Razi Nurullayevə verdi.


Müşavirədə çıxış edən AXCP EQTK-nin sədri Razi Nurullayev partiyanın gələcək siyasi fəaliyyət istiqamətlərindən danışıb. Razi Nurullayev AXCP-nin real və həqiqi müxalifət yaratmaq uğrunda mübarizəyə başladığını bəyan edib. AXCP EQTK-nin sədri bu yolda “Cümhuriyət” qəzetinin və “Cəbhə.info” xəbər portalının da gördüyü işləri xüsusi vurğulayıb. R. Nurullayev deyib ki, onların istəyi odur ki, müxalifətin fəaliyyətinin nəticəsi olsun:

“Nəticəsiz fəaliyyətə artıq “yox” deməyin vaxtıdır. Siyasət çox mürəkkəb bir prosesdir. Bəziləri siyasətə bir oyun kimi, bəziləri isə varlanma mənbəyi və ya problemlərini həll etmək mənbəyi kimi baxırlar. Əslində, siyasət könüllü bir fəaliyyətdir. Sadəcə olaraq, Azərbaycanda siyasəti gətirib elə bir hala saldılar ki, siyasətdə könüllük prinsipləri də ortadan çıxmağa başladı. Bəzi adamların, bəzi siyasətçilərin hesabına artıq siyasətdə yalançılıq baş alıb gedirdi. İnsanlar özünün şəxsiyyəti və özünün şəxsi maraqları üzərində siyasət formalaşdırmağa başlamışdılar. Üzvlərlə partiya rəhbərliyi arasında, şöbə sədrləri ilə partiya rəhbərliyi arasında böyük uçurum yaranmışdı. Partiya üzvlərinin, rayon şöbə sədrlərinin, Ali Məclis üzvlərinin və fəalların fəalliyyəti ancaq mitinqlər, tədbirlər və sədrin fəaliyyətini təbliğ və təşviq etmək üzərində qurulmuşdu. Partiyadan yalnız bir neçə nəfər yararlanırdı. Pariyanın qəzeti, saytı və digər resursları bir neçə nəfər arasında bölüşdürülürdü.

Biz buna qarşı çıxdıq və bu gün bizim iki ay ərzində gördüyümüz işin nəticələri var. Birincisi, bizim çox uğurlu cəbhə.info internet portalı fəaliyyətə başlayıb. Hər birinizi bu səhifəni izləməyə, oxumağa və paylaşmağa dəvət edirəm. Çünki bizim fəaliyyətimiz, rəhbərlikdə təmsil olunan şəxslərin fikirləri, rayon şöbələrinin, şöbə sədrlərinin hər birinin fəaliyyəti haqqında, verdikləri məlumatlarla da cəbhə.info–da tanış ola bilərsiz. Onun üçün də bu məsələlər haqqında diqqətli olmağınız vacibdir. İkincisi, “Cümhuriyət” qəzeti artıq yenidən gündəlik nəşrini bərpa edib. Rayon şöbə sədrləri və imkanı olan şəxsləri “Cümhuriyət” qəzetinə abunə olmağa dəvət edirik. Bu, bizim qəzetə dəstəyimiz olacaq. Çünki bizim kursumuzu, fəaliyyətimizi təbliğ edən “Cümhuriyət” qəzetidir. “Cümhuriyət” qəzetinin və Cəbhə.info saytının baş redaktoru bizim dostumuz Rəfail bəydir. Rəfail Becanov Əbülfəz Elçibəyin ideyalarını müdafiə edən, AXCP-nin rəsmi orqanı olan “Cümhuriyət” qəzetinin elə o zaman da redaktoru olub. Əlavə olaraq “Cümhuriyət” qəzetinin internet səhifəsi də fəaliyyət göstərir –“cümhuriyət.biz”. Mən xahiş edirəm, siz həmin səhifəyə də daxil olub məlumatları oradan oxuyun. Əlavə olaraq bu iki ay ərzində AXCP.biz internet səhifəsini də yaratmışıq. Orada AXCP-nin yaranma tarixindən günümüzə qədər olan məsələlər öz əksini tapıb. Azərbaycan tarixində, AXC və AXCP-nin tarixində heç bir zaman bu qədər zəngin, dolğun və tarixi real əks etdirən bir səhifə yaradılmayıb. Keçmişdən bu günə olan bütün məlumatlara şəffaf, düzgün və qərəzsiz fikir bildirilib. Çox ciddi bir mərhələdəyik və məsələ ilə hər birinizin fəxr etməsini istəyirəm”.

“Ciddi bir mərhələyə daxil olmuşuq”

R.Nurullayev deyib ki, cəbhəçilər Azərbaycanda doğredan da təzə bir tarix yazmağa nail olub: “Bu tarixi siz yazdınız. Azərbaycanda artıq insanlarda bu ab-hava formalaşır, stereotiplər qırılır, bizə satqın deyənlər indi həqiqətləri görürlər, aydın dərk edirlər. Bizim fəaliyyətimizin bu fonunda digər tərəfin qaragüruhçuluğu, şər–böhtan atmağı, təhqirləri daha çox görünməyə başlayır. Hətta insanların ailə-uşağına, qızına, ata-anasına təhqirlər söyləməkdən çəkinmirlər. Bu onun gösətiricisidir ki, onlar öz zəifliklərini hiss edirlər, bundan da qeyzlənirlər, içləri göynəyib yanır və ayaqları altında torpağın qaçdığının artıq fərqindədirlər. Biz cavab vermirik və mən burdan hər birinizdən xahiş etmək istəyirəm ki, heç bir halda sizə qarşı olunan təhqirlərə cavab verməyin, görməzdən gəlin, daha çox kübar və sivil yanaşma ortaya qoyun. Çünki ən çox təhqirlər rəhbərlikdə təmsil olunan şəxslərə və mənə ünvanlanır. Ən pis küçə söyüşləri ilə bizi, əzizlərimizi təhqir edirlər. Bizim əzizlərimizin şəkilləri ilə kollaj düzəldib, çox biabırçı şəkillər yayırlar. Biz bunlara bəzi hallarda sadəcə olaraq “ayıb olsun”, - deyə cavab vermişik. Amma Əli Kərimlinin və onun ətrafında fırlanan, özünə ziyalı, tarixçi, siyasətçi, “milləti düşünürük”- deyən insanlar ən ağır söyüşlərdən belə istifadə edirlər. Məsələ burasındadır ki, gənclərin söyüş söyməsini bəlkə də həzm etmək olar, amma 50-dən yuxarı yaşı olan ağsaqqal insanların 10 yaşında uşağın deyə biləcəyi söyüşlərlə rəqibləri, cəbhəçiləri həqarət etməsi yolverilməz, mədəniyyətsizlik, səviyyəsizlik və əxlaqsızlıqdır! Biz bu əxlaqsızlığa, səviyyəsizliyə şərik ola bilmərik və olmayacağıq da. Fəxr edək ki, bu iki ay ərzində təşkilatımızı formalaşdıra bilmişik, Azərbaycana fərqli bir müxalifət ab-havası gətirə bilmişik”.

“Nümünə göstərəcəyik ki, demokratiya, şəffaflıq necə olur”

Razi Nurullayev AXCP EQTK-nin oktyabrın 18-də keçiriləcək qurultayından danışıb və bununla Azərbaycanda yeni siyasi proseslərin əsasının qoyulduğunu deyib: “18 oktyabrda Azərbaycanın Müstəqillik Aktının qəbul olunduğu gündə AXCP-nin qurultayı olacaq. Biz sizlərlə birlikdə söz vermişik, inanmışıq və inanırıq ki, ayın 18-də Azərbaycanda yeni, saf bir siyasətin əsasını qoyacağıq. Möhtəşəm bir qurultay keçirəcəyik və bu qurultayımız təşkilatb bacarığına və eyni zamanda demokratik yanaşmasına görə ilk olacaq. Bu ilk digər siyasi partiyalar və siyasətçilər üçün də, eyni zamanda Yeni Azərbaycan Partiyası üçün də bir nümunə yaradacaq. Elə bir nümünə ki, baxıb görsünlər ki, demokratiya, şəffaflıq necə olur və necə idarə edilir. 18 oktyabr üçün əlimizdən gələn hər bir şeyi etməliyik. Biz özümüz buna inanmışıq və digərlərini də inandırmışıq. Amma daha çox inandırmalıyıq, daha çox addım atmalıyıq və insanların qırılmış inamını qaytarmalıyıq.

Razi Nurullayev deyib ki, hazırda partiyada və cəmiyyətimizdə bir ideoloji boşluq hökm sürür, qurultayda AXCP-nin proqramları qəbul olunacaq: “Qarabağ məsələsinə baxışımız belədir ki, torpaq üzərində heç bir siyasət qurula bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, AXCP olaraq biz hər zaman bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”. R.Nurullayev deyib ki, AXCP Elçibəy ideyalarının gerçəkləşməsi uğrunda hər zaman öz siyasətini həyata keçirəcək: “Bütöv Azərbaycançılıq, milli məfkurə bizim əsas prinsiplərimizdəndir”.

Reallıq budur ki, 1988-ci ildən başlayan siyasi proseslərə ciddi zərbə vurulub, insanların inamı qırılıb. Şahidi olmusunuz ki, “facebook” sosial şəbəkəsində, qəzetlərdə də insanlar günahlandırılır. Məsələn, Əli Kərimli və onun ətrafında olan insanlar dəfələrlə qeyd edib ki, xalqa elə bu həyat lazımdır. Yəni onlar layiq olduğu həyata məhkumdurlar. Çünki onlar mitinqə gəlmirlər, bizi müdafiə etmirlər və s. Amma yaddan çıxarmaq olmaz ki, bu xalq 1990-cı illərdə əliyalın rus tanklarının qarşısına çıxan xalqdır. Bu insanlar bu torpaq və bu xalq uğrunda şəhid olan, “Azadlıq” meydanına axışan, evində olan son qızılını, pulunu cəbhəyə verən xalqdır. Xalq dəyişmədi, xalqın inamını qırdılar. Biz onlara inandıq ki, bizi düzgün bir yola aparacaqlar, hakimiyyəti dəyişəcəyik. Amma nəinki hakimiyyət dəyişdi, YAP gündən-günə gücləndi və səsi çıxanları həbsə atdı. Nə əldə etdik? Heç bir şey əldə edə bilmədik və yenə onlara inandıq. Bu gün də onlar inandırmağa çalışır ki, Avropa Birliyi bizi hakimiyyətə gətirəcək, nələrsə olacaq və sairə. Olmayan, ağlagəlməyən hadisələr uydururlar. Heç bir halda, heç yerdə İvan, Petrov, Maykl, Con kimisə hakimiyyətə gətirməyib. Hakimiyyətə insanları xalq gətirir və xalqın içində müqavimət güclü olmasa, o baş verməyəcək”.

“AXCP adından imtina etməyəcəyik”

Qurultayla bağlı tövsiyələrini açıqlayan Razi Nurullayev AXCP adından heç bir halda imtina edilməyəcəyini diqqətə çatdırıb: “27 sentyabrda Əli Kərimlinin sədrliyi altında bir qrup AXCP adına qurultayını keçirdi. Amma bu günə qədər ona olan tənqidlər və ictimai qınaqlar dayanmır. Çünki Əli Kərimli sədr olmamalı idi. Əgər Əli Kərimli sədrlikdən imtina etsəydi, AXCP parçalanmayacaqdı, ölkənin siyasi həyatında iki AXCP olmayacaqdı. Şəxsən mən də sədrlikdən imtina edəcəkdim, sədrliyə namizədliyimi verməyəcəkdim. Düşünürdük ki, keçid vaxtında cəbhəçilərdən biri sədr olar. Əli Kərimliyə təklif etdik ki, sən partiyanın lideri ola bilərsən, amma partiyanın gündəlik idarəçiliyindən çəkil. Çünki bu qədər partiya sədrliyində qalmaq olmaz. Əgər o buna getmədisə, heç bir halda onun səmimiyyətindən, cəbhəçiliyindən danışmaq olmaz.

Sizi əmin edirəm ki, heç bir halda AXCP-nın adını dəyişdirməyəcəyik. Əsl AXCP bizik! Elə buna görə də AXCP. biz internet səhifəsi yaradılıb. Bu gün bizə mesajlar, adamlar göndərilir ki, ən yaxşı variant partiyanın adını dəyişdirməkdir. Mən buradan Əli Kərimli və onun ətrafına səslənirəm: kimi yanımıza göndərirsə göndərsin, lap akademik olsun biz onları hörmətlə qarşılayıb hörmətlə yola salırıq. Amma cavabımız birdir! Biz AXCP adından imtina etməyəcəyik.

Hörmətli dostlar, siz hər biriniz yaşadığınız rayonun lideri olmağa layiq insanlarsınız. Biz apardığımız bu siyasətdə istəmirik ki, hər hansı üzvümüz əziyyət çəksin. Biz qarşıdurmaya qarşıyıq, biz insanlarımızın həbs olunmasını istəmirik. Biz insanlarımızın, üzvlərimizin övladlarının universitetlərdən qovulmasına, polislə üz–üzə gəlməsinə qarşıyıq. Bir üzvlərimizə təhlükə törədəcək addımları atmaq istəmirik. Çünki bu günə qədər üzvlərimiz döyüldü, həbs olundu, amma heç bir nəticəsi olmadı. 2011-cu ilin yazını xatırlayırsınız. Həmin vaxt, aprelin 2-də həbs olunan insanlar nəyə nail oldular? İnsanlar həbs olundu, məşəqqətlər yaşadı və çıxdı. Vəziyyət daha da pisləşdi. Amma bu, kimlərinsə daha çox parlamasına, öz ətrafında böyük bir kampaniya qurmasına səbəb oldu. Kimlərsə döyüldü, söyüldü, övladları universitetlərdən qovuldu, kimsə qəhrəman oldu. Bu adam qəhrəman olmadı. Bu gün mən sizin döyülməyiniz, tutulmağınız və məşəqqətlər yaşamağınızla qəhrəman olmaq istəmirəm. Biz sizin əziyyətləriniz üzərində qəhrəman olmaq niyyətində deyilik. Qəhrəman olmaq sizin taleyinizdir. Biz sizin qəhrəman olmağınız üçün, bu millətə daha yaxşı xidmət etməyiniz üçün calışacağıq. Biz burada bir ailəyik. Bir-birimizə qarşı heç bir halda pis əməl törədə bilmərik. Hər bir insanı, hər bir cəbhəçini oz ailəm, qardaşım, bacım kimi görürəm, bu cür də davam edəcəm. Hər bir kəsdən də bunu belə görmənizi təvəqqe edirəm”.

Siyasi məhbuslar probleminə toxunan AXCP EQTK sədri bildirib ki, bu gün bir sıra AXCP üzvü qanunsuz olaraq həbs edilib: “Dostlarımız Seymur Həzi, Asif Yusifli də bizim kimi düşünürdü. Onlar istəyirdi ki, AXCP monopoliyadan xilas edilsin, Əli Kərimlinin partiyada yaratdığı avtoritar rejim aradan qaldırılsın. Partiyanın demokratik ənənəsi bərpa edilsin. Amma onlar həbs edildi. Bir şübhəmiz var ki, onların qanunsuz həbsində də hansısa gizli bir əl var. Onlar şərlənərək həbs ediliblər. Demokratik düşüncəli digər dostlarımız bu gün qanunsuz olaraq həbsxanada saxlanılır. Tofiq Yaqublu, İlqar Məmmədov və digərləri. Hesab edirəm ki, hətta Xədicə İsmayıl da peşə fəalliyyətinə görə həbs edilib. Biz bu dostlarımızın demokratik düşüncəli şəxslərin həbsdən çıxması üçün də mübarizə aparacağıq”.

AXCP EQTK-nin sədri rəhbərlik etdiyi siyasi təşkilatın Azərbaycanda Türkiyə modelinə uyğun kübar, mədəni bir siyasət qurulmasının tərəfdarı olduğunu deyib. Razi Nurullayev yalnız bu siyasi şərtlər daxilində dialoqa gedə biləcəyini diqqətə çatdırıb: “Biz dialoqa gedəriksə, üzvlərimizlə bərabər xalqımızın mənafeyini də düşünəcəyik. Heç bir halda oz şəxsi mənafeyimizi önə çəkəsi deyilik”.

Sonra AXCP EQTK üzvləri rayon şöbə sədrləri, Ali Məclis üzvləri çıxış edərək AXCP-də baş verənləri qiymətləndirmiş, Əli Kərimlinin partiyada yaratdığı avtoritarizmə etiraz olaraq bundan sonrakı fəaliyyətlərini AXCP EQTK-də aparacaqlarını bildiriblər.

Müşavirənin sonunda Razi Nurullayev iştirakçılarını suallarını cavablandırıb.

AXCP EQTK-da respublika müşavirəsi
AXCP EQTK-da respublika müşavirəsi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:22 Şamaxı və Kürdəmir cəbhəçiləri də AXCP EQTK-nı dəstəklədi AXCP EQTK-nı dəstəkləyən rayonlar siyahısına daha ikisi əlavə olunub. Cebhe.info xəbər verir ki, Şamaxı və Kürdəmir cəbhəçiləri konfrans keçirərək Razi Nurullayevin sədrlik etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəklədiklərini bəyan ediblər. Konfransda çıxış edən cəbhəçilər AXCP-də
14:46 AXCP EQTK-nın rəsmi saytı fəaliyyətə başladı AXCP Etimad Qurultayı Təşkilat Komitəsi yeni uğurlara imza atmağa davam edir. Bu gün komitənin rəsmi internet səhifəsi - “www.axcp.biz ” fəaliyyətə başlayıb. Cebhe.info xəbər verir ki, bu barədə AXCP EQTK-nın mətbuat katibi Vüsal Qarayev məlumat verib. Onun sözlərinə görə, sayt yeni olduğundan
12:07 Əli Kərimlinin AXCP adından keçirdiyi qurultay legitim deyil Qurultayda yetər say almaq üçün 5 manatdan adam toplayırlar. Bu sözləri özünün facebook səhifəsində Cavid Musazadə yazıb. Cavid Musazadə adlı facebook istifadəçisinin hesabında yazdığı statusu, olduğu kimi diqqətinizə çatdırırıq. "Əli Kərimlinin yetərsay olmadığına görə gecikən qeyri legitim
14:09 AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin BƏYANATI AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (EQTK) Əli Kərimlinin rəhbərlik etdiyi qrupun 27 sentyabr 2015-ci il tarixdə AXCP adından keçirəcəyi qurultayla bağlı bəyanat verib. Bəyanatda deyilir: “AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi kəsimi qurultay keçirəcək. Təəssüf ki, bu, AXCP-nin yenidən
13:45 AXCP-nin daha üç şöbəsi Əli Kərimlinin sədrliyinə qarşı çıxdı AXCP-nin daha üç rayon şöbəsi Əli Kərimlinin sədrliyinə qarşı çıxıb. Trend-in məlumatına görə, Ə.Kərimlinin sədrliyindən narazı olan Qəbələ, Ağsu, Qazax şöbələri konfrans keçirərək AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayevi dəstəkləyiblər. Rayon

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az