t s

» » Naibə Yusublu: Gülnarə İsrafil poeziyasının sirli qatları

Naibə Yusublu: Gülnarə İsrafil poeziyasının sirli qatları

13-09-2021, 17:37 Yazar:  Gülnarə İsrafil Baxılıb: 169 Çap et
Naibə Yusublu: Gülnarə İsrafil poeziyasının sirli qatları
“Mən adlı kim qaldı ki...” şeiri haqqında düşüncələrim.

Gülnarə İsrafil imzası mənə bir neçə ildir ki, tanışdır. Özünəməxsusluq, bənzərsizlik onun poeziyasının özəlliyidir. İlk baxışdan çoxlarına, bəlkə də, söz yığını təsiri bağışlayan bu poeziyanı mən çox sevdim, hər kəlmənin, hər misranın alt qatında gizlənən sirri çözməyə çalışdım. Şeirin məna dərinliyini bəzən çox rahat, bəzənsə dəfələrlə düşünərək əldə etdim.

Naibə Yusublu: Gülnarə İsrafil poeziyasının sirli qatları

“Mən adlı kim qaldı ki...” şeirini də oxuyanda eyni mənzərə ilə qarşılaşdım. İnsan ömrünün fəsilləri ilə, nə qədər yaşlı olsa da, hamını dəhrəsindən keçirən Dünya qarının üz-üzə dayanmasının şahidi oldum.
Fəsillər imdad diləyirmiş kimi birər-birər üstümə yürüdü:

“Yaz gecəsində görüşdük,
ağaclar qırov bağlamışdı nəfəsindən,
dolanmışdı qapımıza qaranlığın zolağı,
nəyisə xatırladırdı, ya da anladırdı”
- misralarında təsvir edilən yaz gecəsi mənə insanın doğuluşunu xatırlatdı. Qaranlıqdan işığa çıxmaq üçün uzun yollar keçən lirik qəhrəmanı qarşılayan yaz gecəsi öz məna tutumu ilə tərəzinin gözünü tərpənməyə qoymadı. Gözlərim qarşısında heç kimə, hətta yenicə doğulan yaz nəfəsli körpəyə güzəştə getməyən Dünya və isti nəfəsi ilə yer üzünü isitmək, məsum baxışları ilə bütün qaranlıq köşələri nurlandırmaq istəyən körpə canlandı. O körpə ki, doğulduğu gün, üzünə açılan qapılarda qaranlığın qara zolağı ilan kimi onun pak cisminə doğru meyillənir və bəlkə də, həyatın məhz bu qara zolaqdan başlanacaq çətinliklərini anlatmaq istəyir. Ömrünün baharını yaşayan körpə isə bunu dərk etməkdən çox uzaqdır:

“Onda nəfəsim çox istiydi, kin-küdurətsizdim”, - misraları məsumluğun ən gözəl göstəricisi kimi insanı düşündürür. Zamansa dayanmır, iki fəslin qovşağında yolunu müəyyənləşdirməkdə çətinlik çəkən qəhrəmanın pak ruhunu Dünyanın sırsırası ovlayır, onu təslim olmağa məcbur edir. Onun:
“İllər keçdikcə-
soyuqluğun ciyərlərimə dolurdu,
buzladırdı ciyərlərimi;
nəfəs almaz olurdum”,
- etirafının üstündən ağrısız keçmək olmur. Çünki ömrünün yay fəslini yaşayan lirik qəhrəman bilmirdi ki, ilk dəfə gözünü açanda gördüyü qara zolaq ondan əvvəl böyüyüb qarşısına bir “ərməğan” kimi çıxacaq, qara dünyanın qara kabusu kimi onun ruhunu çalacaq, isti nəfəsini buza, pak qəlbini şeytan yuvasına çevirəcək. Nəfəsi ətir deyil, üfunət qoxuyacaq. Nə üçün təngnəfəs olduğunu belə anlamayacaq.

“Yay gecəsində, təngnəfəsdim,
öləcəyimdən ölmüşümə gedirdim.
Öldükcə ölürdüm”, -
deyən qəhrəman zərurət qarşısında acizliyini dərk etdikcə geriyə də boylanır.


“Bir qığılcım vardı ovcuma topladıqlarımda,
Ovcumdan atdıqlarımda.
Gömülməyə gedirdim ürəyində,
getdim,
fəsillərim qarışdı”, -
misraları ömrün xəzan çağının təzahürüdür – axirətə gedən yolun sonu, əbədiyyətin başlanğıcıdır, bütün ömrü boyu ikiliklər arasında doğrunu tapmamağın acı ağlartısı, bir tərəziyə sığmayan qazanılan və itirilən savabların hesabıdır Günahkar kimdir? Yaşamağa deyil, ölümə - varkən yoxluğa məhkum edən həyatmı? Əlbəttə ki, yox. Bəzən bir qığılcımın oyanışa səbəb olduğunu bilən qəhrəman ümidsizləşmir, özünü də Dünya boyda qəlbdə dəfn edir və bu ölüm yeni həyatın doğuluşu kimi yadda qalır.


"Mən adlı kim qaldı ki?" sualı tapdanan haqların harayını xatırladır. Özünü dərk edən insanın düşüncələri qədər fəlsəfi anlamlı bu sualda yaşanan ömürdən özünə boylanış çox məntiqlidir.

Danışan, tapdanan,
itib-batan ayaq izlərindən başqa.
Gəlişimdən gedişimin fərqinə gedirdim,
getdikcə,
Uzandıqca, qısaldıqca özümə boylanırdım səndən.
Varlığımda yoxluq, yoxluğumda varlıq daşıyan
Dünya!

Doğrudan da, yaşayarkən yoxluğu xatırladan insan ömrü bir ovuc torpağa dönəndə yeni doğulanlar üçün vara çevrilir, dünyanı zinətləndirir.







www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:41 Gülnarə İsrafil: "Mən adlı kim qaldı ki..." Yaz gecəsində görüşdük, ağaclar qırov bağlamışdı nəfəsindən, dolanmışdı qapımıza qaranlığın zolağı, nəyisə xatırladırdı, ya da anladırdı. Onda nəfəsim çox istiydi, kin-küdurətsizdim illər keçdikcə- soyuqluğun ciyərlərimə dolurdu, buzladırdı ciyərlərimi; nəfəs almaz olurdum. Yay gecəsində,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az