t s

» » Əli Kərimli haqqında açılmayan sirrlər – II YAZI

Əli Kərimli haqqında açılmayan sirrlər – II YAZI

7-09-2015, 16:41 Yazar:  Canan Baxılıb: 939 Çap et
Əli Kərimli haqqında açılmayan sirrlər  – II YAZIXəyanət və rəzalətin simvolu – Əli Kərimli

Ötən yazımızda Əli Kərimlinin keçmişi haqda dərc etdiyimiz ilginc faktlar ictimaiyyət tərəfindən maraqla qarşılandı. Söz verdiyimiz kimi mövzunu davam etdiririk. Amma yeni faktlara keçməzdən öncə bir məqamın üzərində dayanmaq istərdik. Bəziləri Əli Kərimlini ifşa edən bu mövqeni tənqidlə qarşılayır. Buna görə də Kərimlinin yaxın tariximizdə müxalif düşərgəyə xəyanət və separatizm töhfələrinə keçməzdən öncə bir suala cavab verək:

Niyə Əli Kərimli?

Əli Kərimli, onun yaxın siyasi tariximizdəki müxalifətdaxili separatçılığı və xəyanətləri yenə siyasi gündəmin mövzusudur. Son 20 ildə müxalif düşərgədəki siyasi durumdan asılı olmayaraq Əli Kərimlinin mənfi reputasiyası zaman-zaman gündəmə gəlib. Bu şəxsin adı müxalif düşərgədən hakimiyyətlə gizli danışıqlara girən ilk siyasətçidən tutmuş, Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyin zəhərlənməsinə qədər ən ilginc olaylarda hallanıb. Maraq doğuran məsələ odur ki, niyə məhz Əli Kərimlinin adı hallanır?

Niyə digərləri yox, məhz Əli Kərimli suçlandırılır..? Axı, müxalif düşərgənin siyasi komandasında Müsavat Partiyasının başqanı İsa Qəmbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri, keçmiş millət vəkili Mirmahmud Mirəlioğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, millət vəkili, baş nazirin keçmiş birinci müavini Əli Məsimli, Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Milli Dirçəliş Hərəkatının sədri, millət vəkili Fərəc Quliyev, keçmiş millət vəkili İbrahim İbrahimli və daha hansı tanınmış simalar olmayıb..? Nə üçün təkcə Əli Kərimlinin adı mənfi olaylarla bağlı hallanır?

Niyə, İsa Qəmbərin, Mirmahmud Mirəlioğlunun, Pənah Hüseynovun, yaxud Əli Məsimlinin adı deyil, məhz Əli Kərimov suçlanır..? Söhbət təkcə Əbülfəz bəyin zəhərlənməsindən getmir, digər bulanıq-çirkli məsələlərdə də məhz Əli Kərimovun adı həmişə öndə olur. Bunun səbəbi nədir? Əlbəttə, Əli Kərimlinin tərəfdarları o dəqiqə deyəcəklər ki, AXCP sədri daha nüfuzlu, daha yüksək reytinqli olduğu üçün guya iqtidar onu hədəf seçib? Bu arqument tənqidə davamlı deyil. Məgər Əli Kərimli İsa Qəmbərdən və digərlərindən nüfuzludur, populyardır..? Qətiyyən.

Bəlkə, Əli Kərimli öz tərəfdarlarının dediyi kimi guya daha ciddi rəqibdir, bəlkə geniş sosial bazası var..? Bu variant da ağlabatan deyil. Çünki 2003-cü ilin prezident seçkilərində Əli Kərimlinin dəstək verdiyi Azərbaycan Milli İstiqlal Partiyası çox aşağı göstərici ortaya qoydu. Deməli, Kərimovun tərəfdarlarının dedikləri həqiqətə uyğun deyil. Ona görə də Əli Kərimlinin suçlanmasının əsas səbəbini məhz özündə axtarmaq lazımdır. Yəni barəsində deyilən bütün mənfi olayları cənab Əli Kərimov özü qazanıb.

Köhnə dostlar xəyanətkara çevrildi

Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasını xərcləyə-xərcləyə axırına çıxıb, xırda bir qrup saxlayıb. Bu isə bacarıqlı, nüfuzlu siyasətçi olmaqla bir araya sığmır. Əgər Əli Kərimov öz komandasında olan dəyərli insanlardan, yaxın tələbəlik dostlarından, müəllimlərindən heç birini də qoruyub saxlaya bilmədisə, bunun səbəbini indiki iqtidarda deyil, məhz özündə axtarmalıdır.

İqtidar Əli Kərimovun ən yaxın qohumlarından biri, silahdaşı Əliməmməd Nuriyevi onun əlindən necə ala bilərdi..? Əgər Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri öz tələbə dostları Fuad Mustafayevi, Qüdrət Həsənquliyevi, Fazil Mustafanı, Əli Mustafayevi rəhbərlik etdiyi partiyada qoruyub saxlaya bilmirsə, hansı liderlikdən danışmaq olar..? Yaxud bir vaxtlar “Yurd” birliyinin və Əli Kərimlinin əsas aparıcı fiqurları olan Asim Mollazadənin, Əli Məsimlinin, Qulamhüseyn Əlibəylinin bu gün başqa-başqa təşkilatlarda olmasını nə ilə izah edək?

Həm də məsələ yalnız bu şəxslərin AXCP-dən, Əli Kərimlinin rəhbərliyindən imtina etməsində deyil. Adları çəkilənlər Kərimlini bir siyasətçi, dost, insan kimi öz dəftərlərindən siliblər. Bəs bütün bunlara nə ad verək. Axı bu adamların çoxu keçmişin haqq-salamını, duz-çörəyini nəzərə alıb, abırına qısılıb susub. Əli Kərimli isə bütün bunları ayağının altına adıb köhnə dostları xəyanətkar elan etmək üçün bütün təbliğat vasitələrini işə salıb. Amma iş bununla bitmir...

Satqın kimdir? Yaxud kor kora kor deməsə...

Əli Kərimli onun kimi düşünməyənlərə, onun ətrafında olmayanlara, onun liderliyini qəbul etməyənlərə “satqın” damğası vurmağı vərdiş edib. Əsl reallıq isə fərqlidir. Çox adi bir fakta nəzər yetirək.

AXC hakimiyyəti dövründə bəzi hakimiyyət nümayəndələrinə qanuni mənzil növbələrinə uyğun olaraq mənzil verilmişdi. O cümlədən Əli Kərimova. Hakimiyyət devrilən kimi hakimiyyətdən asılı məhkəmələr vasitəsilə həmin mənzillərin orderlərini ləğv etdirildi. O cümlədən Əli Kərimovun da orderi. Maraqlıdır ki, "hüququna toxunulan 6 nəfərin adlarını yazan (Sabit Bağırov, Vurğun Əyyubov, Qulamhüseyn Əliyev, Əli Məsimov) "Azadlıq" qəzeti orderi ləğv edilmiş Əli Kərimovun adını qeyd etməyi "yaddan çıxarıb".

Səbəbi sonradan məlum olur. 10 sentyabr 1994-cü il mitinqində həbs olunan Əli Kərimovu bir neçə gündən sonra azad etməklə bərabər mənzilini də qaytarırlar. Hazırda Əli Kərimov yeganə "müxalifət" nümayəndəsidir ki, yüksək vəzifə sahibləri ilə birlikdə polis tərəfındən mühaflzə olunan binada yaşayır.

Mənzil, bahalı avtomobillər, cangüdənlər, qəzetlər, muzdlu yazarlar dəstəsi... Ölkədə hər şeyə, hətta ad günlərinin keçirilməsinə nəzarət edən bu hakimiyyətin ən sərt dövründə, 1993-cü ildən dəhşətli problemlər içərisində yaşamasına baxmayaraq repressiyalar altında on minlərlə müxalifətçidən fərqli olaraq bütün bunlara sahib olmaq faktı özlüyündə hər şeyə cavab verir. Hələ o zamanlar mətbuatda Əli Kərimova ünvanlanan "bu imkanlar hardandır?" sualına adətən "dostlarım kömək edir" məzmunlu cavab verirdi.

Maraqlıdır, başda Elçibəy olmaqla bütövlükdə Xalq Cəbhəsi və onun üzvlərinin əksəriyyətinin ehtiyaclar içərisində olduğu uzun illərdə Kərimovu Elçibəyə qarşı yazarlar dəstəsi, qəzetlər, təşkilatlar saxlamağa, uzun illər AXC - AXCP-ni zəiflədərək aradan çıxarmağa maddi dəstək verən, yüksək səviyyəli mənzillərlə, cangüdənlərlə, avtomobillərlə, ən məşhur yerlərdə istirahətlə təmin edən bu "dostlar" kimlər idi? Həmin “dostlar”a satılan kim idi?...

Əli Kərimlinin saxta prinsipi: Dünənin düşmənləri dosta çevrilir

Kərimlinin satqın siyahısı kifayət qədər genişdir. Həm də bu siyahıda adlar tez tez dəyişir. Bu gün Əli Kərimlinin ətrafında “gerçək müxalifçilik” libasına bürünənlərlə dünənki münasibətlərə yenidən nəzər salmaq maraqlı olardı:

İbrahim İbrahimli şantajla qovuldu

AXCP və Əli Kərimlinin əsas təbliğatçılarından biri olan İbrahim İbrahimlini onun ilk qurbanlarından saymaq olar. 4 iyun qiyamından sonra AXC-nin bütün yükünü çiynində daşıyan AXC sədrinin birinci müavini, bütün ruhu ilə Cəbhə ideologiyasına bağlı olan İbrahim bəy qəfildən təşkilatı tərk etdi və onun postunu Əli Kərimli tutdu. İ.İbrahimlinin AXC-dən getməsi haqda lap bu günlərdə Ümüd partiyasının sədri İqbal Ağazadə danışdı: “1993-cü ildə ünlü bir müxalifət liderini elə bu gün ünlü deyilən bir müxalifət lideri şantaj etmişdi - bir kasetlə, onun şəxsi həyatı ilə. Biri qadın olmaqla, iki nəfərin səsi yazılmışdı və onunla şantaj olunmuşdu. Bu faciədir. Təəssüf ki, indi özü də, çevrəsi də şantaj olunur. Amma vaxtilə o şantaj etmişdi. Siyasətdə bu cür çirkin oyun qaydasını o tətbiq edib. O zaman şantaj olunan adam təşkilatdan çıxıb getmişdi sonda".

İqbal Ağazadə ad çəkməsə də, bir sıra keçmiş hərəkatçılar sosial şəbəkələrdə həmin hadisəni təhlil edib bildiriblər ki, millət vəkili bu sözləri AXCP sədri Əli Kərimli ilə İbrahim İbrahimliyə aid edib. İddialara görə, Əli Kərimlinin təşkilatçılığı ilə o zaman Azərbaycan Xalq Cəbhəsi sədrinin birinci müavini olan İbrahim İbrahimlinin səsi gizlin yazılıb və bununla o şantaj olunub. İbrahim İbrahimli də bunun nəticəsində 1995-ci ildə təşkilatı tərk etmək məcburiyyətində qalıb. Aparılan diskussiyalardan o da aydın olur ki, siyasi kuluarlarda belə bir söhbətin baş verməsi uzun müddətdir dolaşır, sadəcə kimsə bunu ictimailəşdirməkdə maraqlı olmayıb.

Oqtay Gülalıyevin partiyadan çıxarılması və gənclərə qarşı sifarişli repressiya

Əli Kərimli artıq AXCP sədrinin birinci müavini olduqdan sonra partiya daxilində ilk separatçılıq mövqeyini və repressiya maşınını AXCP Gənclər Komitəsinə qarşı yönəltdi. Komitənin yaranması prosesində bütün ciddi cəhdlə bu qurumu “Yurd”un nəzarəti altına almağa çalışan Kərimli buna nail olmadı.

Bakıda baş verən oyunlardan xəbərdar olan Əbülfəz Elçibəy Kələkidən sərəncam yolladı. Bu sərəncamla AXCP Gənclər Komitəsi təsis olundu və Oqtay Gülalıyev onun sədri təyin olundu. Elə həmin vaxtdan da Əli Kərimli gənclərin təşkilatını hədəf seçdi.

AXCP Gənclər Komitəsi Əli Kərimlinin kabinetlərə bağlamaq istədiyi təşkilatı yenidən hərəkatçılıq ruhuna qaytarmaq cəhdi idi. Bu cəhdə qarşı Kərimlinin komandası bütün gücü ilə təbliğati və siyasi hücumlara başladı.

İndi isə diqqət bu faktı yaxşı yadda saxlayın. Bu gün boykotdan danışan Əli Kərimli 1995-ci ildə AXCP-nin seçkilərdə iştirakına etiraz edən Gənclər Komitəsinin sədri Oqtay Gülalıyevi partiyadan xaric etdi. AXCP GK qaragüruh, destruktiv və barışmaz radikal ünsürlər kimi cəmiyyətə təqdim olundu. Həm də hakimiyyətə nişan verən bu təbliğatın nəticəsi isə özünü çox gözlətmədi O.Gülalıyevin partiyadan azad olunmasından bir müddət sonra AXCP Gənclər Komitəsi sədrinin iki müavini də həbs olundu və məhkəmə hökmü çıxmamış “Azadlıq” qəzeti istintaq altında olan bu gəncləri cinayətkar elan etdi. Bax tarix və fakt budur. Əli Kərimlinin dünəni bundan ibarətdir. Bu gün həm Oqtay Gülalıyev, həm İbrahim İbrahimli Əli Kərimlinin “sevimli”lərinə çevrilib. Yəqin dünəni onların heç biri unutmayıb və həm İbrahim bəy, həm də Oqtay bəy Əli Kərimli yaşda adamların bundan sonra xarakterinin dəyişməyəcəyini başa düşürlər. Dəyişən yalnız bir şeydir: getdikcə ətrafı daralan, tək qalan Kərimli dünənin düşmənlərini müvəqqəti dosta çevirir...

Dostlarını dəyişənin dəyişən simaları

Son illərin tarixi Əli Kərimlinin dəfələrlə tək dostlarını deyil öz simasını da dəyişməsinin şahidi olub. Gəlin bu məqamları və həmin məqamlardakı məntiqsizliyi bir-bir diqqətdən keçirək:

-1995-ci ildə parlament seçkilərində iştirakı vacib sayan Kərimli bu gün boykotun düzgün yol olduğunu təbliğ edir (20 il bundan öncənin nə seçki qanunları nə seçki mühiti bu günkü kimi deyildi, bütün problemlərə rəğmən indiki seçki mühiti daha normal sayıla bilər. Bu halda boykotun bu gün, yoxsa 20 il öncə vacib olduğu haqda mübahisə açmaq yersizdir. Ortada yalnız bir məntiq qalır: 1995-ci ildə hakimiyyət Əli Kərimliyə mandat vəd etmişdi və bu mandatı qazanmaq üçün bəhanələr uydurulurdu;

-1995-ci ildə mübarizəni meydanlardan kabinetlərə daşımağı vacib bilən Əli Kərimli bu gün meydan mübarizəsindən dəm vurur. 95-ci ilin repressiyalarına rəğmən cəmiyyətdə bir hərəkatçılıq ruhu var idi. Ə.Kərimlinin aldığı sifarişlər yalnız AXC-ni AXCP-yə çevirmədi, həm də hərəkatçılığı məhv etdi.

Kərimlinin qalstuklu oğlanlar komandası ilə cəbhəçilik psixologiyası bir birinə zidd idi. Kimə məlum deyil ki, zəhrimar qrantı ölkə müxalifətinə ilk daddıran Əli Kərimov olub..? Müxalifət qranta öyrəşməklə bütün prinsiplərini və cəmiyyət arasındakı nüfuzunu itirdi. Və müxalifət dəyərlər uğrunda deyil, qrant uğrunda mübarizəyə başladı.

Bu gün bu qədər sosial narazılıqlar və qanunsuzluqlar fonunda insanların meydanlara çıxmaması elə Əli Kərimlinin 20 il öncə “asta-usta” prinsipi ilə yürütdüyü siyasətin nəticəsidir;

Bütün bunların başında Əli Kərimov dururdu. Hazırda Əli Kərimov öz keçmişində buraxdığı izləri nə qədər təmizləməyə çalışsa da, heç cür alınmır. Və hər dəfə Əli Kərimovun əlavə canfəşanlığı onu daha da dərinə aparır. Öz liderinə xəyanət etmiş şəxsdən cəmiyyətin müsbət nəsə gözləməsi lətifədən başqa bir şey deyil. Onsuz da hər şey cəmiyyətə məlumdur. Sadəcə, bütün bu söz-söhbətlərə son qoymaq, tariximizin yaxın bir kəsiminə nəzər salmaq üçün ədalətli ictimai məhkəmə qərarına ehtiyac var. Onda cəmiyyətin aldanmış və Əli Kərimlidən xilaskar düzəltmək istəyən xırda kəsimi də onun kim olduğunu, hansı əməlin sahibi olduğunu biləcək. Məqsəd kimlərisə ifşa etmək deyil, yaxın tariximizə aydınlıq gətirməkdir.

AXC-nin AXCP-yə çevrilmə qurultayının nizamnamə pozuntuları;
Əli Kərimovun Kələki səfərinin ilginc detalları;
Pənah Hüseynovun AXCP-yə gəlişinə qadağa qoyulmasının səbəbləri;
AXCP MNTK üzvü, mərhum hərəkatçı Şamil Quliyevin partiyadan kənarlaşdırılması;
Elçibəyin iştirakı ilə keçirilən AXCP Ali Məclisinin son iclasında baş verənlər
Bu və digər faktlar haqda növbəti yazılarımızda....

Ərtoğrul Hüseyn




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:55 “Əli Kərimli mənim cəbhəçiliyimi yaxşı bilir” - Əməkdar məşqçi Əli Sarıyev: “Dövlətin etimadını Əli Kərimlinin şəxsi ambisiyalarına görə doğrultmamalıydım?” Əli Kərimli və onun komandası AXCP-də yenilik tərəfdarı olan cəbhəçilərə qarşı qaralama, şər-böhtan kampaniyasını davam etdirir. Onun dəstəsinin bu kampaniyada ən “fəallarından” olan Gözəl Bayramlı
17:10 “Razi Nurullayev Əli Kərimli nağılına son qoydu” Seymur Süleymanov: “Mübarizədə onun qalib gəlmək şansları yoxdur. Çünki maskası düşüb” Siyasi analitik Seymur Süleymanov son günlərdə AXCP sədri Əli Kərimli və narazı cəbhəçilər arasında baş verən gərgin proseslər barədə “Olaylar”ın suallarını cavablandırıb. - Bildiyiniz kimi Razi Nurullayevin
17:51 Razi Nurullayev: “Cəmil Həsənli AXCP-dən şəxsi maraqlarına görə çıxarılıb” AXCP-nin sabiq sədr müavini, yeni yaradılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev Milli Şura sədri Cəmil Həsənliyə cavab verib. R.Nurullayev Cəmil Həsənlinin də AXCP-də buyruqla çalışdığını bəyan edib: “Mən Cəmil Həsənliyə
15:13 AXCP-də qruplaşma: `Naxçıvan klanı` və `Üçlər` üz-üzə `Hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) müxtəlif qruplaşmaların əlində oyuncağa çevrilib. Partiyanın `sədri` Əli Kərimli isə maraqlarına cavab verdiyi üçün bu hala göz yumur`. Bu fikirləri AzVision.az-a açıqlamasında AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü,
16:05 "AXCP-də Əli Kərimli ilə "mehriban düşmənlər" kimi fəaliyyət göstərdik" “Rəfail Becanov heç bir zaman AXCP üzvü olmayıb” bu iddia ilə dünən AXCP ilə bağlı keçirilən mətbuat konfransından sonra yayılan fikirlərlə bağlı Rəfail Becanova müraciət etdik. Rəfail Becanov Avropa.info-ya bildirdi ki, yalan və saxtakarlıq üzərində siyasət qurulmaz. Təəssüf ki, Əli Kərimli və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az