t s

» » Faiq Qarayev: “Bizdə klub prezidenti işdən çıxarılanda onu əvəzləyən şəxs komandanı dağıdır” - MÜSAHİBƏ

Faiq Qarayev: “Bizdə klub prezidenti işdən çıxarılanda onu əvəzləyən şəxs komandanı dağıdır” - MÜSAHİBƏ

6-06-2021, 23:16 Yazar:  Samir Baxılıb: 121 Çap et
Faiq Qarayev: “Bizdə klub prezidenti işdən çıxarılanda onu əvəzləyən şəxs komandanı dağıdır” - MÜSAHİBƏ
Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev oxu.az saytına müsahibə verib:

- Voleybolda son vəziyyət necədir? Qadın millimiz niyə Rumıniyada ötən ay keçirilən Qızıl Avropa Liqasının bütün oyunlarını uduzdu?


- Pandemiyadan qabaq qadın klublarının sayını altıya, kişilərinkini yeddiyə qaldırmışdıq. Qadınlardan ibarət Azərbaycan çempionatının yarımfinalını Tbilisiyə, kişilərinkini isə Astara və Mingəçevirə, finalları isə Bakı İdman Sarayına salmışdıq. Əfsuslar olsun ki, pandemiya başladıqdan sonra zallar bağlandı, çempionat dayandırıldı. Bir ildən çoxdur ki, biz zallarda məşq edə bilmirdik. Yalnız nazirliyə müraciətimizdən sonra həm qadın, həm də kişi millimizə Mingəçevirdə iki həftə məşq keçməyə icazə verildi. Qızıl Avropa Liqasına məşq azlığı səbəbindən qadın millimizi buraxmaq istəmirdim. Son günə kimi komandanın vizası yox idi. Baş katib Cəlil Cəfərov həmin vaxt Avropada idi, ona dedim ki, CEV-ə (Avropa Voleybol Konfederasiyası - red.) desin ki, biz gələ bilməyəcəyik. Amma sonda CEV-dən cərimə almayaq deyə, Bakıda olan qızları yığıb yarışa göndərdik. Legionerləri bura gətirmək və onlara viza almaq vaxt tələb edirdi. Polina Rəhimova da gələ bilmirdi, o, koronavirusa yoluxmuşdu. Mən özüm də yoluxmuşdum, amma virusun mənə kimdən, necə keçdiyini bilmədim.

- Federasiya prezidenti Cavid Qurbanovun da kömək etmək imkanı yoxdur?

- Bir neçə dəfə federasiya prezidenti ilə görüşüm olub. Cavid müəllim yalnız bir qadın və bir kişi komandasının maliyyə xərclərini öz üzərinə götürə bildiyini deyib. Bu isə o deməkdir ki, Azərbaycan çempionatı keçirilməmə təhlükəsi ilə üzləşib. Çünki digər klubların hamısı fəaliyyətini dayandırıb. Voleybol klubları olmasa, bu idmanın inkişafından necə danışa bilərik?! Yarış keçirmək üçün klublar olmalıdır. Belə problem basketbolda da, həndbolda da var. Əgər əvvəl Avropada ən güclü qadın çempionatlarından birini keçirirdiksə, indi heç zəifini də keçirə bilmirik. Bəli, buna pandemiya çox pis təsir etdi. Çempionatı keçirməsək, gənc nəsil bunu bizə bağışlamaz. Klublar olmasa, oyunçular maaş ala bilməz. Onların əllərindən gələn yeganə iş voleybol oynamaqdır. Onların bütün maaşını federasiya ödəyə bilməz, klublar da maaş verməlidir. Voleybolçuların klublarla müqaviləsi olmalıdır. İdmançılar da məndən soruşur. Mənim gücüm çatmır maddi xərcləri qarşılamağa. Federasiya prezidentinin də bu dəqiqə maddi imkanı yoxdur ki, bütün xərcləri çəksin.

- Federasiya rəhbərinin öz üzərinə götürdüyü klublar hansılardır?

- Qadınlarda “Azərreyl”, kişilərdə “Murov”. Həmçinin kişilərdən ibarət “Neftçi” komandası da öz hesabına iştirak edə biləcəyini bildirib.

- 18 avqust - 4 sentyabr tarixlərində Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyada qadın voleybolçuların 32-ci Avropa çempionatı keçiriləcək. Millimiz də doqquzuncu dəfə bu yarışda iştirak edəcək? Komandamız bu şərtlərlə necə iştirak edə biləcək?

- Çempionat keçirilməyib. Xaricdə təlim-məşq toplanışında olmamışıq. Halbuki 3-4 təlim-məşq toplanışı olmalıdır. Orada ən azı 15 yoxlama oyunu keçirməlidir. Ancaq bütün bunlar üçün maliyyə lazımdır. 3-4 toplanışın xərci 500-600 min manatdır. Avropada yoxlama oyunlarına avtobusla gedirlər. Bizdə isə ən yaxın voleybol ölkəsinə avtobusla getmək üçün 2 min kilometr məsafə qət etmək lazımdır. Rəqibləri bura dəvət etmək üçün də külli miqdarda vəsait lazımdır. 14-15 yaşlı qızlar turnirlərdə iştirak edə bilmirsə, onların taleyi necə olacaq?! Kişi millimiz Avropa çempionatının seçmə mərhələsində Monteneqro və Yunanıstana uduzdu. Amma əminəm ki, onlar yaxşı məşq keçə bilsəydilər, qrupda Gürcüstan kimi Monteneqronu da məğlub edərdilər.

- Klub rəhbərləri də öz hesablarına sponsor cəlb etmək iqtidarında deyil?

- Yaxınlarda klub prezidentləri ilə görüşüm oldu. Onlara da deyirəm ki, Türkiyədə “VakıfBank”, “Ziraat Bank”, “Halkbank” kimi banklar voleybol klublarına sponsorluq edir. Bizdə isə bu qədər bank var, heç biri klublarımıza yaxın durmur. Arzum budur ki, Şuşada “Xarı Bülbül” voleybol komandası yaradaq. Lap onun baş məşqçisi işləyərəm. Niyə “Xarı Bülbül” Avropa Liqasında çıxış etməsin?! Niyə İtaliya, Niderland, Rusiya klubları Şuşaya gəlməsin?!

- Çempionatın keçirilməsi qeyri-müəyyəndirsə, dövlətə və ya hansısa dövlət qurumuna maddi baxımdan dəstək üçün müraciət etməyi düşünürsünüz?

- Pandemiyadan qabaq vəziyyəti düzəltmişdik. Amma indi o ümid qığılcımı azalıb. Bizdə zal, şərait var. Onların mövcud olması dövlət diqqəti və qayğısı fonunda baş verib. Bizdə hazırda peşəkar idman həkimləri, beynəlxalq dərəcəli hakimləri, yaxşı məşqçilər var. Famil Ağayev, Ziya Rəcəbov, Fərid Cəlalov, Pərviz Səmədov kimi yaxşı yerli məşqçilərimiz yetişib. Onların fəaliyyət göstərməsi üçün klubların olması mütləqdir. Klublar olmayandan sonra harada məşqçilik etsinlər?! Mənim vaxtımda zalda altı saat məşq keçirdik. İndi maaş ala bilməsələr, necə gəlib məşq etsinlər?! Vaxtı ilə bizim dörd klubumuz Çempionlar Liqasında, üçü Avropa Liqasında oynayıb. Zallarda yer olmurdu. Dörd dəfə dünya çempionatında oynamışıq. Dünya və Avropa çempionatlarında oynamış yığmanın ölkə çempionatı olmaya bilər? Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev o vaxt bizə dəstək olmasaydı, bunları edə bilərdik?! Bir dəfə İtaliyada milli ilə uduzmuşduq. Bir nəfər zəng edib demişdi ki, işıqlarımız kəsilib, sizə generatorla baxırıq. Həmin adam uduzduğumuza görə televizorunu qırmışdı. Bakıdan ona televizor alıb hədiyyə etmişdim, demişdim ki, uduzduğumuza görə günah bizdədir. Yəni, voleybol bizdə belə sevilirdi. Gənclər və İdman Nazirliyində yeni nazirin təyinatını gözləyirik ki, ona müraciət edək. Alınmasa, mən də gedib özümə yeni iş tapmalı olacağam. Mənim ad-sanım var. Azərbaycan çempionatı olmayacaqsa, burada qalmağın nə mənası var?! Mən kabinet işçisi deyiləm. Mənim yerim zaldır, işim oyunçu yetişdirməkdir.

- Bəlkə klublara sponsor tapmaq üçün yaxşı PR menecerə ehtiyacınız var?

- Çox gözəl sual verdiniz. “Rabitəçi” klubunu sıfırdan qurmuşduq. Çempionlar Liqasında “Dördlər finalı” oynadı və bir dəfə dünya çempionu oldu. Bəs niyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi klubu bağladı? “Rabitəçi”, “Azərreyl” adları dünya mətbuatında görün neçə dəfə hallanıb. Kanadada bir nəfərdən soruşublar ki, sən Azərbaycanı tanıyırsan? O, “Azərreyl”ə görə Azərbaycanı tanıdığını bildirib. Eləcə də “Lokomotiv”, “İqtisadçı”, “Bakı” klublarını misal çəkmək olar. Bəs bu klublar necə bağlandı? “Fənərbağça” klubu 1907-ci ildə yaradılıb. Orada nə qədər klub prezidenti dəyişib. Aziz Yıldırım gedib, Ali Koç gələndə bu klub məgər bağlandı? Bəs niyə bizdə bağlanır? Bizdə klub prezidenti işdən çıxarılanda onu əvəzləyən gəlib komandanı bağlayır… Bir neçə gün əvvəl Türkiyənin kişi basketbolçularından ibarət “Anadolu Efes” komandası ilk dəfə avroliqanın qalibi oldu. Onun baş məşqçisini yaxından tanıyıram. Mən də onun kimi həmin qələbə hisslərini yaşamaq istəyirəm. Biz kimdən əksikik? “Anadolu Efes”in büdcəsi 50-60 milyon dollardır. Voleybolda klublarının büdcəsi 15 milyon avrodur. Deyirsən ki, bunlarda bu qədər pul hardandır?!..

- Deməli, onlarda klub strukturu düzgün qurulub və klub bir əldən idarə olunmur…

- Biz də quraq da... Razıyam, müharibədən çıxmış ölkəyik. Amma hərənin bir peşəsi var. Mənim komandam uduzanda üç gün özümə gələ bilmirəm. Mən də istəyirəm ki, işləyim, “alovlanım”. Allah ölkə başçısının canını sağ eləsin. Xaricə gedəndə məğlub dövlət kimi gedirdik. İndi müharibədən qalib çıxmışıq, qürurluyuq. Amma bütün məsələlərə prezident baxmalı deyil ki... Bunun üçün məmurlar, iş adamları da var. Bunu tək voleybol yox, basketbol, həndbol üçün də deyirəm. “Anadolu Efes”in prezidenti deyir ki, biz avroliqanı qazanmaq üçün bu yerə 10 ilə gəlib çıxmışıq… Ümidimiz Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinədir. Yarış keçirmək naminə Azərbaycan çempionatı keçirmək istəmirəm. Normal Azərbaycan çempionatı keçirmək lazımdır ki, yavaş-yavaş voleybolun səviyyəsini qaldıraq.

- FIVB və ya CEV də federasiyaya maliyyə ayıra bilməz?

- Yox. Yüksək kateqoriya ölkəsi olduğu üçün bizə həmin maliyyədən düşmür. Bu, daha çox zəif Afrika ölkələri üçün edilir. Deyək ki, müraciət etsək, bizə 5 min avro kömək edə bilərlər. Amma normal klubun büdcəsi minimum 500-600 min dollar olmalıdır. Avrokubokda oynamaq istəyən klub üçün 2 milyon manat lazımdır. Çünki pandemiya vaxtı səfər xərcləri çoxalıb. Azərbaycanda idman olmasa, idman jurnalistləri də işsiz qalacaq. “Anadolu Efes”in mətbuat xidmətində çalışan nə qədər jurnalist var. 2014-cü ildə İtaliyadakı dünya çempionatında meydan sahibi Yaponiyaya qalib gəlmişik. Zəng ediblər ki, federasiya prezidenti soruşur ki, oyun niyə göstərilmir? Deyirəm, mən AzTV işçisiyəm? Oyun bitib. Dünya çempionatında Yaponiya, Puerto Riko, Kuba, Xorvatiyaya qalib gəldik. Bizi heç hava limanında gül bağışlayan olmadı. Nə var, nə var, medal qazanmamışıq. Yaponiyanı məğlub edəndə 15 televiziya var idi, Azərbaycandan başqa.

- Maliyyə məsələsi düzəlsə, çempionat nə vaxt başlaya bilər?

- Sentyabr-oktyabr aylarında... Maliyyə düzəlsə, bütün oyunçular Azərbaycana qayıdar. Qadın voleybolçuların da hərəsinin öz problemi var. Onları da həll etmək vaxt aparan məsələdir.

- Son olaraq səhhətiniz barədə də soruşum.

- Səhhətim yaxşıdır. Xəstəliyim bir az ağır keçdi. Hazırda dərman qəbul edirəm, özümə baxıram.

Səbuhi Musayev




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az