t s

» » İşğalçı Ermənistan minalı sahələrin xəritələrini niyə vermir?

İşğalçı Ermənistan minalı sahələrin xəritələrini niyə vermir?

22-02-2021, 22:08 Yazar:  Samir Baxılıb: 43 Çap et
İşğalçı Ermənistan minalı sahələrin xəritələrini niyə vermir?
Bu sual həm də 30 ilə yaxın dövrdə susmaqla hansı nəticələrə yol açdıqlarının şahidi olan dünyanın aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara ünvanlanır

Dövlətimizin başçısı İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının istifadəyə verilməsi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilən torpaqlara səfərləri ilə bağlı təəssüratlarını belə ifadə etmişdir ki, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı hansı hissləri keçirirsə, mən də o hissləri keçirirəm, bəlkə daha çox: «Çünki mən artıq əyani şəkildə o torpaqlarda olmuşam. İndi vaxtaşırı televiziya reportajlarında dağıdılmış, viran qoyulmuş o ərazilər göstərilir. Amma, əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb.»

İşğal edilmiş ərazilərimizdə bir dənə də salamat bina yoxdur. Tarixi və dini abidələrimiz tamamilə dağıdılıb. Bu mənzərə bütün dünyaya təqdim edilir və təqdim edilməlidir. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. «Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, buna görə şanlı Qələbəmiz bölgə, dünya üçün çox böyük əhəmiyyət daşıyır.

Ermənilər elə düşünürdülər ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Çünki onların ağlına belə gəlməzdi ki, Azərbaycan güclənib, qüdrətlənib, 44 gündə işğala son qoyacaq, ədaləti bərpa edəcək. Bu, ermənilərin və onlara havadarlıq edənlərin yanlış düşüncələri idi. Torpaqlarımızın nə zamansa öz sahibinə qayıdacağı heç kimdə şübhə doğurmurdu. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, biz nəyi nə zaman edəcəyimizi yaxşı bilirdik. Azərbaycan gücləndi, qüdrətləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. İnformasiya mübarizəsində Qələbəmiz döyüş meydanında Zəfərimizə yol açdı.

«Biz bütün işləri ardıcıllıqla edirik və mən bu ardıcıllıq haqqında dəfələrlə demişəm Azərbaycan xalqına hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər» söyləyən cənab İlham Əliyev vurğulayır ki, birinci, minalardan təmizləmə işidir. Bu böyük bir prosesdir. Ermənilər mina sahələrinin xəritələrini vermirlər. Minatəmizləmə Agentliyi yenidən formalaşdırılır. Mina təmizləmə işləri başa çatdırıldıqdan sonra ziyanın qiymətləndirilməsi həyata keçiriləcək.

Bugunümüzün əsas tələblərindən, çağırışlarından biri dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bu məsələyə laqeyd yanaşmamalarıdır. 10 noyabr üçtərəfli razılaşmasının müddəalarını yerinə yetirmək üçün sanki xahiş-minnət gözləyən Ermənistan 44 günlük müharibənin verdiyi dərsi unutmamalıdır. Azərbaycanın yaratdığı yeni reallıqlar bugünədək susmağa üstünlük verən dövlətləri də ciddi düşündürməli, belə qeyri-ciddi yanaşmaların sonda hansı nəticəyə gətirib çıxardığını nəzərdən keçirməlidirlər. Təbii ki, 30 ilə yaxın müddətdə Ermənistana «dur!» deyib, törətdiyi cinayət əməllərinə, beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymaq üçün təzyiqlər göstərilsəydi, münaqişə sülh yolu ilə öz həllini tapardı. Amma dünya gördü ki, Azərbaycan hansı imkanlara malikdir. Hərb variantını səbəbsiz yerə istisna etmirdi. Şəhidlərimizin qanı hesabına yazılan Zəfərimiz bir çox məqamların, o cümlədən dünyanın ikili siyasətinin yaratdığı problemlərin açıqlamasında yardımçı oldu. Bu gün həmin dövlətlər, təşkilatlar yenidən seyrçi mövqedə dayanıb Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi, Böyük Qayıdışın tezliklə həyata keçirilməsi üçün niyə bu məsələyə laqeyd yanaşırlar? Maraqlıdır, 10 noyabr üçtərəfli razılaşmasından sonra «fəallaşan» ATƏT-in Minsk qrupu niyə Ermənistanı sülh razılaşmasından irəli gələn addımları atmağa məcbur etmir? Bir müddət öncə yaydıqları bəyanatda vasitəçilik missiyalarını davam etdirmək, regionda sabitliyin, təhlükəsizliyin təminatına dəstək vermək istədiklərini bildirirdilər. Söhbət minalanmış ərazilərlə bağlı xəritənin Azərbaycana verilməsindən gedirsə, vasitəçilərin susması onların mandatına ziddir.

Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarında bu fikir xüsusi qeyd edilir ki, ərazilərin minalardan təmizlənməsi olduqca önəmli məsələdir. Ermənilər işğal etdikləri bütün əraziləri minalayıblar. Bu baxımdan həmin xəritələr verilməlidir. Dağıdılmış ərazilərin bərpası, yeni yolların çəkilməsi istiqamətində addımlar atılır. “Böyük Qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.” Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə Azərbaycan xalqına müraciətlərində bu məqama da diqqət yönəldirdi ki, düşmənə yumruq göstərmişdim: «Demişdim ki, bu yumruq elə belə yumruq deyil... Bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.»

2021-ci il məhz tariximizdə Böyük Qayıdışın reallaşdığı il kimi xarakterizə ediləcək. “Artıq mən qaçqın deyiləm” söyləyən soydaşlarımız torpaqlarımız işğaldan azad edildiyi gündən öz doğma-yurd yuvalarına qayıtmağa tələsir və o günü səbirsizliklə gözləyirlər. Hətta həmin ərazilərə gedib, evlərini, uşaqlıq illərini xatırlamaq üçün hər bir kəndi, məhləni qarış-qarış gəzmək istəyini gerçəkləşdirənlər də var. Bu isə bədbəxt hadisələrin baş verməsi ilə nəticələnir. Qeyd etdiyimiz kimi, mənfur düşmən işğaldan sonra nəinki bütün evləri, infrastrukturu, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb. Quruculuq və bərpa işlərindən öncə bu ərazilərin minalardan təmizlənməsi əsasdır, ilkin mərhələdir. Bu ərazilərdə işlərə başlanılan sahələr minalardan təmizlənib. Təhlükəsizliyi təmin etmədən bərpa işlərinə başlanılması qeyri-mümkündür.

Dövlətimizin başçısı İlham Əliyev bugünlərdə Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də bu məsələlərə xüsusi diqqət göstərərək bildirmişdir ki, azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Bu ərazilərdə istənilən fəallıq, inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın.

Cənab İlham Əliyev bunun üçün işin düzgün təşkil olunmasının vacibliyini bildirir. Təşkilatlanma işi düzgün həll edilməlidir. İşin keyfiyyəti təbii ki, ilk növbədə yüksək ixtisaslı kadrlardan asılıdır. Dövlətimizin başçısı İlham Əliyev inkişafa, tərəqqiyə yol açan islahatlardan bəhs edərkən daim kadr potensialının yaradılmasının gərəkliyini diqqətə çatdırır. Müasir texnologiyaların həyatımıza yol açdığı dövrdə bu məsələnin aktuallığı daha aydın şəkildə özünü büruzə verir. Vüqar Süleymanovu videoformatda qəbul edərkən də yeni yaradılan Minatəmizləmə Agentliyinə peşəkar kadrların cəlb edilməsinin prioritetliyi açıqlanmışdır. Çünki işğaldan azad edilmiş torpaqlarda işlərin sürətlə, keyfiyyətlə aparılması üçün agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır.

Cənab İlham Əliyev son illərdə bu sahədə texnoloji inkişafın özünü daha aydın şəkildə göstərdiyini vurğulayır. Mövcud mexanizmlər, texnika işin sürətini, eyni zamanda, keyfiyyətini artırmağa geniş imkanlar yaradır. Hər dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə yeni texnologiyaların da həyatımızın bütün sahələrində tətbiqini aktuallaşdırır. Əsas çağırış budur ki, Böyük Qayıdış tezliklə reallığa çevrilsin. Çünki 30 ilə yaxın müddətdə torpaq həsrəti ilə yaşayan qaçqın və məcburi köçkünlərimiz dövlətimizin onlar üçün lazımi şəraiti yaratmasına baxmayaraq öz doğma yurd-yuvalarına qayıtmağı, orada həyatı canlandırmağı istəyirlər.

Həm müharibə dövründə, həm də müharibədən sonra təbii ki, bərpa işlərində peyk məlumatlarından istifadə edilir. Ermənilər tərəfindən qırılmış meşələrin həcmi məhz peyklərdən müəyyən edilib. Bu statistika da açıqlanır ki, meşələrimizin 54 min hektarı Ermənistan rəhbərliyi tərəfindən qırılıb, talan edilib və satılıb. Peyk görüntüləri, həmçinin minalarla daha çox çirklənmiş yerləri də təsbit edir. Ona görə bu imkanlardan da səmərəli istifadə etməliyik.

Qeyd edilən görüşdə bu məqam da xüsusi qeyd edilmişdir ki, prioritetlər sırasında Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə milli standartların hazırlanması da dayanır. Hər sahədə təcrübəsi nümunə olan Azərbaycan bu sahədə də təkmil standartını ortaya qoyacaq.

Bütün bunlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə planlaşdırdığı bərpa və quruculuq işlərinin təqdimatıdır. Ölkəmizin malik olduğu imkanlar bu ərazilərdə minaların təmizlənməsinin yüksək səviyyədə həyata keçiriləcəyinə inamı artırır. Əsas məsələ Ermənistanın beynəlxalq hüquqa, konvensiyalara zidd əməllərinə lazımi cəzanın verilməsidir. 44 günlük İkinci Qarabağ müharibəsinin verdiyi dərs heç zaman unudulmamalıdır.

Yeganə Əliyeva, “İki sahil”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az