“İkinci Qarabağ müharibəsi nəticəsində yeni reallıqlar yaradan Azərbaycan nəinki bölgəni, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Azərbaycan tarixi torpaqlarını işğaldan azad etməklə, XXI əsrin müharibə salnaməsinə yeni parlaq səhifələr yazdı”.
Mediaxeberleri.Az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Prezident İlham Əliyevin tarixi və dini abidələrimizin bərpası ilə bağlı göstərişlər verdiyini, bu məsələdə Heydər Əliyev Fondunun fəal rol oynayacağını xüsusi vurğuladığını önə çəkən V.Rəhimzadə bildirib ki, Fond fəaliyyətə başladığı gündən ölkəmizdə müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir:
“Fondun tarixi, dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan tarixi, dini abidələrimizin, o cümlədən məscidlərimizin bərpası layihəsinin həyata keçirilməsinə başlaması Böyük Qayıdışa misilsiz dəstəkdir.
Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəsmi “İnstagram” səhifəsindəki paylaşımında da bildirilir ki, bu günlər hər kəs Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayır. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşlar”.
Vüqar Rəhimzadə bildirib ki, Heydər Əliyev Fondu daim Azərbaycanın mədəni irsinin təbliğinə böyük töhfələr verib: “Xalqımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Böyük Qayıdış proqramının qısa zamanda gerçəkləşəcəyinə, cənnət Qarabağımızda tarixi və dini abidələrimizin bərpa olunacağına, Vaqif Poeziya Günlərinin, “Xarı bülbül” festivalının bərpa ediləcəyinə əmindir”.
Öz şərhini bildir: