t s

» » Rus sülhməramlıları həddi aşdı: Yeni “xəritə” nədir?

Rus sülhməramlıları həddi aşdı: Yeni “xəritə” nədir?

14-12-2020, 08:25 Yazar:  Samir Baxılıb: 116 Çap et
Rus sülhməramlıları həddi aşdı: Yeni “xəritə” nədir?
Dekabrın 11-də Hadrut ətrafında baş verən insident, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyata Rusiya sülhməramlılarının reaksiyası və Rusiya Müdafiə Nazirliyinin “sülhməramlıların yerləşdiyi ərazinin xəritəsi”ni yeniləməsi ciddi bir problemi gün üzünə çıxartdı.

Nə baş verir?

Son insidentdən başlayaq: Hadrut ətrafında gizlənən və mərkəzi komandanlığa tabe olmadığını bildirərək, nəzarət etdikləri ərazidən çıxmayacağını iddia edən silahlı ermənilərin varlığı nəinki erməni mediasında açıq-aşkar etiraf edilir, hətta onların təbliğatı aparılırdı. Erməni mediası Köhnə Tağlar kəndi ətrafında yerləşən bu silahlıları “qəhrəman partizanlar” kimi təqdim etməyə çalışırdı.

Ermənistan rəsmiləri və Rusiya sülhməramlıları isə onların “azdığı”, “mühasirəyə düşdüyü” iddiası ilə bu silahlıların ərazidən çıxarılmasına şərait yaradılmasını istəmişdi.

Azərbaycan Ordusu bu şəraiti yaratdı və onlardan 10 noyabr Bəyanatına uyğun olaraq, ərazidən çıxması tələb olundu. Ancaq aradan keçən müddət ərzində nəinki onlar ərazidən çıxmadılar, əksinə, Azərbaycan Ordusuna qarşı terror hücumu təşkil etdilər.

Bu terror hücumunun biri noyabr ayının 26-da Xocavənd rayonunun Sur kəndində xidmət aparan əsgərlərimizə qarşı törədilib. Ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz şəhid edilib, 2 nəfər yaralanıb.

Növbəti terror hücumu isə dekabrın 8-də Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı edilib. Bu zaman da 1 hərbi qulluqçumuz şəhid olub, “Azercell” şirkətinin əməkdaşı isə ağır yaralanıb.

Bu terrorçuların dərhal ərazidən çıxarılması tələbinə cavab verilmədiyi üçün 11 dekabrda DTX anti-terror əməliyyatı həyata keçirərək, Köhnə Tağlar və Çaylaqqala kəndlərini nəzarət altına götürdü, daha sonra isə Böyük Qaladərəsi və Kiçik Qaladərəsi istiqamətindəki terrorçulara xəbərdarlıq etdi.

Erməni mediası hətta bu istiqamətdə DTX-nın irəlilədiyini və həmin kəndlərin də nəzarətə götürüləcəyini yazdı.

Rus sülhməramlıları yardıma gəldi

Ermənistan dərhal Rusiya sülhməramlılarına müraciət etdi və görüş keçirildi. Sülhməramlıların komandanı Rüstəm Muradov həmin vaxt ərazidə olmasa da, komandir müavini ilə görüşdən sonra rus ordusu insident baş verən əraziyə gəldi və müəmmalı açıqlamalar da burdan başladı.

Rusiya sülhməramlıları artıq əraziyə yerləşdiyini, hər iki tərəfə atəşkəsə riayət olunması ilə bağlı “tələb irəli sürdüyünü” bildirdi. Bunun ardınca isə həm Rusiya MN, həm də bölgədəki rus sülhməramlıları “10 noyabrdan bəri ilk dəfə baş verən atəşkəs pozuntusu”nun qarşısının alındığını, vəziyyətin stabilləşdiyini elan etdi.

Daha sonra Rusiya Müdafiə Nazirliyi sülhməramlıların yerləşməsi üçün 11 noyabrda elan etdiyi və 25 noyabrda “dəqiqləşdirdiyi” xəritəni “yenilədi” (xəritələr təqdim edilir). Yeni “xəritədə” rus sülhməramlılarının artıq Köhnə Tağlar və Çaylaqqala ərazilərinə qədər gəldiyi, burada yerləşəcəyi bildirilir.

Həddini aşan “sülhməramlı” əməliyyatı

Rusiya sülhməramlılarının “sülh məramına” uyğun olmayan fəaliyyəti əslində 14 noyabrdan özünü göstərməyə başlayıb.

1. Rusiya sülhməramlıları erməni silahlılarının çıxdığı yerdə yerləşməli, Azərbaycan ərazilərində erməni ordusunun əsgərləri qalmamalıdır. Bu, Bəyanatın əsas şərtlərindən biridir.

Əvəzində isə rus sülhməramlılarının silahlı ermənilərə qarşı kifayət qədər, yumşaq desək, loyal münasibəti görünür. Rus sülhməramlıları nəinki onların ərazidən getməsində maraqlı görünmür, əksinə, onların maddi təminatında rol aldıqları şübhəsi yaranıb.

2. Rus sülhməramlıları faktiki olaraq ermənilərin Qarabağa total köçünü təşkil edir. İndiyə qədər Qarabağa birbaşa rus sülhməramlılarının mühafizəsi, yardımı və təmənnasız dəstəyi sayəsində 39 minə yaxın erməni qayıdıb.

Hələ bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin yanında keçirilən müşavirədə müdafiə naziri Şoyqu Qarabağa 30 minə qədər erməninin qayıtmaq istədiyini, ancaq Xankəndi və ətrafındakı infrastukturun cəmi 5 min əhalini qəbul etməyə kifayət etdiyini bildirmişdi.

Bunun ardınca Rusiya FHN işçilərinin də daxil olduğu xüsusi briqadalar, tikinti materialları, modul tipli yaşayış yerlərinin hazırlanması üçün lazım olan avadanlıq, o cümlədən səhiyyə işçiləri göndərildi, Qarabağda modul xəstəxanalar yaradıldı ki, burada həm də ermənilərə pulsuz xidmət göstərilir.

Nəticə etibarilə hər gün 1-2 min civarında erməninin Qarabağa gətirilməsi təşkil edilir. Onlar harda və necə yerləşdirilir? 30 minə qədər gəlmək istəyən vardısa, niyə say 39 minə çatıb və bu proses davam edir?

Sanki 1828-ci ildən sonra ermənilərin növbəti dəfə Qarabağa yerləşdirilməsi prosesi gedir: onlar üçün ərazilər təmizlənir, məktəblər açılır, dərs vəsaitləri gətirilir, infrastruktur qurulur, modul yaşayış yerləri tikilir və s.

Bu, heç bir halda sülhməramlı missiyasına uyğun deyil; bu, faktiki olaraq ermənilərin zorla məskunlaşdırılması (çünki ermənilərin böyük əksəriyyəti səfalət içində yaşadıqları Qarabağa qayıtmaq istəmir) siyasətidir.

3. Rus sülhməramlıları keçmiş və qondarma “dqr”in “rəsmi”ləri ilə görüşləri davam etdirir. Rus sülhməramlıları bu şəxslərlə hansı statusla görüşür? Məsələn, Rusiyadan gələn nümayəndə heyəti hansı statusuna görə keçmiş “dqr”in separatçı-terrorçu başçısı Araik Arutyunyanla müzakirə aparır və onun təkliflərini dinləyir?

4. İnsidentlə bağlı Köhnə Tağlar və Çaylaqqalaya gələn Rusiya sülhməramlıları “tərəfləri atəşkəsə çağırır”. Hansı “tərəflərdən” söhbət gedə bilər?

Azərbaycan öz ərazisindədir, Hadrut və keçmiş Dağlıq Qarabağ da Azərbaycanın ərazisidir. Bəyanata əsasən, erməni silahlı birləşmələri qeyd-şərtsiz bu əraziləri tərk etməlidir. Belədə Azərbaycan Ordusunun qarşısındakı kimdir?

Əgər “tərəf”dirsə və erməni ordusudursa, onda Rusiya sülhməramlıları öz missiyalarına uyğun olaraq onları dərhal ərazidən çıxartmalıdır; yox, terrorçudursa və rus sülhməramlılarına da tabe olmurlarsa, onda Azərbaycan DTX-sının əməliyyatını dayandırmaq üçün nəinki çağırış etmək lazımdır, hətta rus sülhməramlıları da bu anti-terror əməliyyatına qoşulmalıdır.

Qarabağda heç bir “silahlı tərəf” yoxdur: Azərbaycan Ordusu və Rusiya sülhməramlıları var. O rus sülhməramlıları ki, mülki ermənilərin təhlükəsiz yaşaması üçün müvəqqəti olaraq görəvləndiriliblər.

“Yeni xəritə” nə deməkdir?

Rusiya Müdafiə Nazirliyinin insidentdən dərhal sonra – 13 dekabrda “xəritəni yenilədiyini” açıqlaması artıq Bəyanata da, sülhməramlı missiyasına da, ümumiyyətlə, rus ordusunun burda mövcudluğunun səbəbinə də həddən artıq böyük şübhə yaradır.

Əvvəla, bir suala aydınlıq gətirilməlidir. 11 dekabrda baş verən insident niyə 10 noyabrdan üzü bəri qeydə alınan ilk atəşkəs pozuntusu sayılır? Bəs, 26 noyabr və 8 dekabr hücumları? Rus sühməramlıları bu təxribatları və terror hücumlarını niyə “qeydə” almayıb və adekvat davranmayıb?

Belə çıxır ki, atəşkəs yalnız Azərbaycan hüquq-mühafizə orqanlarının, bu kontekstdə DTX-nın keçirdiyi əməliyyat zamanı “pozulur”? Yəni Azərbaycan Ordusu və yaxud DTX səbir edib, gözləsə, silahlı ermənilərin hücumu nəticəsində şəhid olan və yaralanan azərbaycanlılar “atəşkəsin pozulması” sayılmır.

İkincisi, hələ 11 noyabrda Rusiya Müdafiə Nazirliyi sülhməramlıların yerləşəcəyi xəritəni yayarkən, keçmiş Dağlıq Qarabağ ərazisini “çərçivəyə alması” Bəyanatın və Azərbaycanın apardığı siyasətin əleyhinə idi. Azərbaycan Ordusu və Ali Baş Komandan “Dağlıq Qarabağ münaqişəsi”ni tarixə gömüb. Belə olan halda keçmiş Dağlıq Qarabağın “sərhədlərini” xəritədə qeyd etmək nə deməkdir?

Üçüncüsü, bütün proses Azərbaycanın qanunları daxilində getməlidir. Azərbaycan Milli Məclisi isə 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib, burda mövcud olmuş rayonları yenidən təşkil edib.

Beləliklə, Ağdərə, Əsgəran, Hadrut rayonları yoxdur, Ağdərə rayonuna aid olan ərazinin əhəmiyyətli hissəsi 1992-ci ilin noyabrında Kəlbəcərə birləşdirilib və Kəlbəcərin ərazisi 3000 kv/km-dan çoxdur.

Ancaq Kəlbəcər Azərbaycan Ordusuna təhvil veriləndə sovet vaxtından qalma xəritə əsas götürülür və bu da əlbəttə ki, daha bir mübahisənin yaranması deməkdir.

Sovet sərhədləri yalnız Azərbaycanla Ermənistan arasındakı sərhədlər müəyyənləşən zamanı tətbiq edilə bilər, Azərbaycanın öz daxilindəki rayonların inzibati bölgüsünü isə Azərbaycan özü müəyyənləşdirir və bu, 1992-ci ildə baş verib.

Dördüncüsü, Rusiya mediasında belə Qarabağdakı ərazilərlə bağlı “erməni tərəfində qalan”, “azərbaycanlılar tərəfdə qalan” deyə bir anormal bölgüdən bəhs edilir və təəssüf ki, Rusiya sülhməramlıları qoruduqları ərazinin “erməni tərəfdə qalması” anlayışını getdikcə gücləndirməkdədirlər. Onlar erməni mülki əhalisinin təhlükəsizliyini təmin edən sülhməramlı kimi deyil, Azərbaycan torpaqlarında öz bildikləri kimi istədikləri vaxt xəritə çəkməyi özlərinə rəva bilən qüvvə kimi görsənirlər və bu, əlbəttə ki, ciddi narazılıq yaratmaya bilməz.

Kim ixtiyar verib Rusiya sülhməramlılarına ki, Köhnə Tağlar və Çaylaqqala kəndləri ətrafına qədər “sərhədləri” çəksinlər? Bəyanatda konkret yerlər göstərilib və “rayonların qaytarılması” da Azərbaycanın qanunları ilə tənzimlənməlidir.

Beşincisi, Rusiya sülhməramlıları hansı atəşkəsə nəzarət edir? Atəşkəs – Azərbaycanın hücumunun dayanması və darmadağın olan erməni ordusunun qalıqlarının Azərbaycan ərazisindən çıxması üçün idi. İndiyə qədər erməni silahlıları orda qalıbsa, bu, Rusiya sülhməramlılarının öz işindən başqa hər şeylə məşğul olması deməkdir.

Yəni hazırda “atəşkəsin pozulması” ola bilməz – artıq bir ay keçibdir. İndi Azərbaycan Ordusunun atəş hədəfi varsa, demək, orda qalan terrorçudur və məhv edilməlidir!

Rusiya çox böyük fürsəti qaçırır

Rusiya sülhməramlıları onlar üçün müəyyən edilən səlahiyyətlərdən artıq çoxdan kənara çıxmağa başlayıblar. Bura onu da əlavə edək ki, Rusiya sülhməramlıları sülhməramlı üçün həddən artıq “ağır” olan texnikanı əraziyə daşımaqda davam edirlər.

O ağır silahlar, hərbi hissə səviyyəsində “blokpost”lar kimə və nəyə lazımdır?

Üstəlik, sülhməramlılar 1960 nəfər kvotanı da Rusiya FHN işçiləri, hərbi tibb personalı, istehkamçılar və s. qüvvələrlə genişləndirməkdədirlər. Kim edir bunları?


Bir neçə gün öncə Kreml sözçüsü Dmitri Peskov “Qarabağda rəhbər kimdir” sualına cavab olaraq, Rusiyanın yalnız iki tərəf – Azərbaycan və Ermənistanla çalışdığını rəsmən bəyan etdi və “üçüncü tərəfin” olmadığını bildirdi.

Putin isə elan etdi ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub.

Bu mövqelər əslində problemin hansı prinsiplərlə nizamlanmalı olduğu haqda Kremlin mövqeyi və Putin, Əliyev və Paşinyanın imzaladığı Bəyanatın mahiyyətini izah etməyə kifayət olmalıydı.

Ancaq görünür, Rusiyada bəzi qüvvələr Kremlin (bu kontekstdə Putinin) iradəsindən kənar fəaliyyəti davam etdirməkdə və ermənilərin maraqlarına oynamaqda maraqlıdırlar. Nəzərə alsaq ki, 12 dekabrda – insident baş verən ərəfədə Ermənistan müdafiə naziri Rusiya müdafiə nazirinin qəbulundaydı və Hadrut qəsəbəsi yaxınlığında baş verən bu insident də müzakirə olunmuşdu, onda Rusiya MN-in “xəritə yeniləməsi” ciddi şəkildə araşdırma tələb edir. Rusiya MN bu səlahiyyəti Ermənistanın yeni müdafiə nazirindənmi alıb?

Rusiya əslində, çox böyük tarixi fürsəti qaçırır və regional maraqlarına ciddi şəkildə təhlükə yaradır.

Ermənistan heç zaman bu ölkənin sadiq tərəfdaşı olmayıb və hər fürsətdə də bunu göstərir. Azərbaycan isə Rusiyanın ən çətin məqamlarında bu ölkəyə qarşı dürüst mövqeyini qoruyub.

Azərbaycan xalqı 44 günlük savaşda göstərdiyi münasibətə görə də Rusiya və onun lideri Putinə tamamilə fərqli yanaşma sərgiləyir. Rusiya bu fürsətdən istifadə edərək, Azərbaycanda “ürək dayaqlarını” gücləndirə bilərdi.

Lakin ənənəvi siyasət və Rusiya dövlətinin daxilindəki ermənipərəst eqoistlərin baxışları özünü göstərməkdədir.

Bunun isə qarşılığı mütləq olacaq və Ermənistanın Rusiyaya göndərdiyi emissarlar da, bu emissarların görüşdüyü şəxslər də bunu görəcəklər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az