t s

» » Arifə Qasımova: "Həqiqətlər erməni yalanlarını təkzib edir"

Arifə Qasımova: "Həqiqətlər erməni yalanlarını təkzib edir"

25-08-2020, 09:29 Yazar:  Samir Baxılıb: 252 Çap et
Arifə Qasımova: "Həqiqətlər erməni yalanlarını təkzib edir"
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud­luğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, "Böyük Ermənistan" yaratmaq xüliyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar. Faktlar göstərir ki, bədnam qonşularımız bu qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini "milli mübarizə" yoluna çevirərək dövlət səviyyəsində dəstəkləmişlər. Bu zaman isə onlar müəyyən xarici qüvvələrin maraqlarının ifadəçisinə çevrilmiş, bəzi dövlətlər Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün daim "erməni məsələsi"ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışmışlar.

Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.

1920-ci ildən sonra Zaqafqaziyanın sovetləşməsindən çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etmişlər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ "muxtar vilayət" elan olunmuşdur.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qətliam və etnik təmizləmə sovet dövründə də davam etmiş, amma həmin vaxt bu proses "qanun" çərçivəsində həyata keçirilmişdir. Bu xüsusda Stalin dövrünün deportasiyasını, 1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan SSR-dəki tarixi yurdlarından köçürülməsini xüsusi qeyd etmək lazımdır. SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il dekabrın 23-də verilən qərarını ermənilər çoxdan gözləyirdilər. Anastas Mikoyan başda olmaqla, ermənilərin Moskvada əyləşən liderləri "türksüz Ermənistan" uğrunda fəaliyyətə hələ Böyük Vətən müharibəsindən əvvəl başlamışdılar. Əsas "səbəb" kimi o göstərilirdi ki, xaricdə yaşayan on minlərlə erməni mütəxəssis Ermənistana qayıdaraq "sovet dövlətinin inkişafı və tərəqqisi naminə çalışmaq əzmindədir, lakin onların yerləşdirilməsi ilə bağlı problemlər var". "Optimal" çıxış yolu isə guya Ermənistan SSR-də qeyri-ermənilərin yaşadığı torpaqların boşaldılması idi. Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi bir müddət bu fəaliyyətin qarşısını ala bilsə də, Stalin ideyanı dəstəklədi və SSRİ hökumətinin "tarixi" qərarına imza atdı. Azərbaycanlıların yaşadığı 476 kənd tamamilə boşaldıldı. Nəhayət, 1987-1989-cu illər deportasiyası Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı.



Ermənistan soyqırımı və terror siyasətini davam etdirir



Ermənistanın 1987-1988-ci illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe və atdığı hər bir addım beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq etməyə, digər dövlətin ərazisini ilhaq etməyə əsaslanır. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsinin əsasında da məhz bu ərazinin müəyyən bəhanələrlə Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi məqsədi dayanır. 1988-ci ilin 20 fevralında ermənilərin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsı haqqında qeyri-konstitusion qərar verməsi, eləcə də SSRİ rəhbərliyinin bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmağa çalışması ilə Azərbaycan zorla hərbi münaqişəyə cəlb edilmişdir.

Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi terror aktlarının başlıca hədəfi də təcavüzkar separatçılıq vasitəsilə Azərbaycan ərazisinin ilhaqına yönəlmişdir. Ermənistanın soyqırımı və terror siyasəti nəinki Qafqaz bölgəsində sabitliyi pozur, eləcə də Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Gürcüstan və digər dövlətlərin milli maraqlarını təhdid edir. Azərbaycan ərazilərinin ilhaqı məqsədilə terrorizmi və separatizmi özünə başlıca vasitə kimi seçən və dövlət səviyyəsində dəstəkləyən ermənilər 1988-ci ildən bəri Azərbaycanda izləri Ermənistana və Qarabağ separatçılarına gedib çıxan 373 terror aktı törətmişlər. Nəticədə 1.600-ə yaxın insan həlak olmuş, 1.808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil edir. 1988-ci ildən etibarən bu mənfur siyasətin hansı faciələrlə nəticələndiyi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən etiraf olunsa da, hərbi qarşıdurma zonasından yüz kilometrlərlə kənarda yerləşən Azərbaycanın yaşayış məntəqələrində erməni separatçıları tərəfindən törədilən və minlərlə dinc insanın - müsəlmanın, türkün məhvi ilə nəticələnən çoxsaylı terror aktlarına yanaşmada "ikili standartlar"ın mövcudluğu ciddi narahatlıq doğurur.

Ümumiyyətlə, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq Cəbhəsi" və digər məşhur terror təşkilatları fəallarının reabilitasiyası məqsədilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq vermiş, yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, lazımi maliyyə dəstəyi göstərmişlər. 1983-cü ilin iyun ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 50-dək insanın yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu V.Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır.

Məşhur terrorçu, Qərbi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmanın rəhbəri, 1981-ci ildə Türkiyənin Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs olunmuş M.Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş, terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağa göndərilmiş və Xocavənd döyüşlərində məhv edilmişdir.

1992-ci ilin 26 fevralında ermənilər Azərbaycan Respublikasının Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutmuş, tarixə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə çoxlu sayda azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsı ilə nəticələnmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, qanlı səhifəsidir. Xocalı faciəsi Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid - Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər şikəst olmuş, 1.275 dinc sakin girov götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, girov götürülənlərə amansız işgəncə verilmişdir. Həmin əməllərin qabaqcadan düşünülmüş qaydada, milli zəmində insanların məhv edilməsi niyyəti ilə törədilməsi faciənin məhz soyqırımı olduğunu sübut edir.

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər dinc və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü soyqırımı siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla, ən ağır beynəlxalq cinayət sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş aşağıdakı hərəkətlərə deyilir: birincisi, həmin qrupun üzvlərinin öldürülməsi; ikincisi, onların sağlamlığına və ya əqli qabiliyyətinə zərər vurma, bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; üçüncüsü, qrupun qəsdən tam və ya qismən fiziki məhvinə gətirib çıxaracaq həyat şəraitinin yaradılması; dördüncüsü, həmin qrupda doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; beşincisi, uşaqların bir insan qrupundan zorla başqasına keçirilməsi. Bunlardan hansısa biri hadisənin soyqırımı kimi qiymətləndirilməsi üçün kifayət edir. Bu meyarlar baxımından 1918-ci ilin mart hadisələri, habelə Xocalı faciəsi soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 31 may tarixli "Genosid siyasətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyaya qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanunu da bu baxımdan az əhəmiyyət daşımır. Bu qanunla respublikamız BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli Konvensiyasına qoşulmuşdur. Milli Məclisin Xocalı faciəsinin 15 illiyi ilə bağlı qərarında ermənilərin tarixən azərbaycanlılara qarşı soyqırımı və terror siyasəti yürütdüyü birmənalı qeyd olunmuşdur: "Xocalı faciəsi son yüz ildən artıq dövrdə davakar erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin yeni bir səhifəsi olmuşdur. XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri "Böyük Ermənistan" yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək 2 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər".



Ən yaxşı müdafiə hücumdur



Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməyə davam etməklə özünü ifşa edir, strateji layihələrdən kənarda qalır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhdid kimi özünü göstərir. Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan bu təcavüzkar dövlətin ən müxtəlif səviyyələrdə ifşası, erməni lobbisinin türk dünyasına qarşı apardığı bədnam təbliğata qarşı səmərəli əks-hücumun təşkili prosesində bütün türkdilli dövlətlərin iştirakı olduqca vacibdir.

Dövlət başçısı cənab İlham Əliyev Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında "Ən yaxşı müdafiə hücumdur" taktikasından çıxış etməklə türk dünyasına qarşı aşkar düşmənçilik siyasəti aparan bədnam ermənilərin yerində oturdulması vacibliyini önə çəkmişdir: "Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücum etməliyik, çünki həqiqət bizim tərəfimizdədir".

Bir müddət əvvəl ABŞ Konqresində qondarma erməni soyqırımı ilə bağlı məsələnin ciddiliklə müzakirəyə çıxarılması, habelə bəzi Avropa ölkələrinin də bu məkrli kampaniyaya qoşulması ermənilərin saxtakarlıq mövqeyindən geri çəkilmək niyyətində olmadığını göstərir. Bu baxımdan xaricdəki diaspor və lobbi təşkilatlarımız da xüsusi fəallıq göstərməli, erməni məkrinə qarşı effektiv əks-hücuma keçməlidirlər. Eyni zamanda, erməni terror və soyqırımı siyasəti ilə bağlı təbliğat daxilə deyil, daha çox xaricə hesablanmalı, ayrı-ayrı dövlətlərin parlamentləri və hökumət qurumları ilə bu sahədə iş gücləndirilməlidir.

Ermənistanın təcavüzkarlıq siyasəti özünü həm də bu ölkənin ali sənədində əksini tapmışdır. Belə ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası açıq şəkildə ortaya qoyulmuşdur. Bundan başqa, ermənilər kompakt yaşadıqları ölkələrdə də təxribatla məşğul olur, əsassız ərazi iddiaları ilə çıxış edirlər. Buna misal kimi Gürcüstanın Cavaxetiya bölgəsinə olan ərazi iddialarını göstərmək olar. Fikrimizcə, əks-təbliğat zamanı bu faktlardan da geniş istifadə olunmalı, erməni iddialarının gələcəkdə bütün dünya üçün başağrısına çevriləcəyi əsaslı şəkildə ortaya qoyulmalıdır.

31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır. Etiraf etməliyik ki, bədnam qonşularımız qondarma erməni soyqırımı iddialarını genişləndirmək üçün bu vasitədən geniş istifadə edirlər. Müxtəlif veb saytlarda Azərbaycanın və Qarabağın tarixi saxtalaşdırılır, Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlılar həyasızcasına erməni kimi təqdim edilir. Eyni zamanda, Sumqayıt hadisələri ilə bağlı həqiqətə uyğun olmayan, yalan iddialar irəli sürülür. Bu baxımdan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə Azərbaycanın tarixi əraziləri ilə bağlı son illərdə yazılmış əsərlərin xarici dillərə tərcümə olunması da son dərəcə vacibdir.

Son illər xüsusən Heydər Əliyev Fondunun bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündəki fəaliyyəti ermənilərin apardığı məkrli təbliğatın qarşısını alır. Bu istiqamətdə sistemli və ardıcıl fəaliyyət göstərən Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər təşkil edir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış "Qarabağ həqiqətləri" bukletlər toplusu və onların CD, DVD variantlarının bir sıra ölkələrdə paylanılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur. Toplunun 20 min nüsxəsi Xocalı soyqırımının 14-cü ildönümündə xarici ölkələrdəki səfirliklərimizə, Avropa Şurası Parlament Assambleyasının deputat korpusuna, beynəlxalq təşkilatlara, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizə göndərilmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarının elektron variantları 2007-ci ildə Xocalı soyqırımının 15-ci ildönümündə təşkilatın təşəbbüsü ilə Avropanın 15 dövlətində keçirilən anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə paylanmışdır. Zəngin faktlara və fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkarlığı, işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.

Hesab edirik ki, bu istiqamətdə mühüm addımlardan biri də azərbaycanlıların tarixən kütləvi şəkildə soyqırımına məruz qaldığı bölgələrdə memorial komplekslərin və muzeylərin yaradılması ola bilər. Eyni zamanda, müxtəlif illərdə ermənilərin soyqırımı siyasətinin qurbanı olmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün bölgələrdə abidələrin ucaldılması məqsədəuyğun olar. Belə komplekslər gənc nəslin tarixi həqiqətlərlə yaxından tanış edilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Əslində, məhz unutqanlığımızın nəticəsidir ki, zaman-zaman ermənilərin soyqırımı və terror siyasətinə məruz qalmışıq.

Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Sərəncamla Quba şəhərində kompleksin yaradılması üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Quba Rayon İcra Hakimiyyətinə 1 milyon manat ayrılmışdır. Belə bir kompleksin inşası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından son dərəcə vacib əhəmiyyətə malikdir.

Özləri haqqında "məzlum xalq" obrazı yaratmağa çalışan ermənilər bu gün də dünya ictimaiyyətini qondarma soyqırımı iddiaları ilə çaşdırmağa, türklər və azərbaycanlılar barədə mənfi rəy formalaşdırmağa çalışırlar. Lakin zaman keçdikcə dünya ictimaiyyəti dərk edir ki, qondarma erməni soyqırımı məsələsi məhz Türkiyə və Azərbaycan əleyhinə qərəzli kampaniyanın tərkib hissəsidir. Eyni zamanda, hər iki ölkənin fəal surətdə apardığı əks-hücum kampaniyası ermənilərin əsl xislətini açır, Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Son illər əksər beynəlxalq təşkilatlar və dövlətlər də Ermənistanın işğalçılıq siyasətini pisləmiş, münaqişənin respublikamızın ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında həlli vacibliyini önə çəkmişlər. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev ermənilərin təcavüzkarlıq siyasətindən əl çəkməyəcəyi təqdirdə Azərbaycanın güc tətbiq etmək məcburiyyətində qalacağını açıq bəyan edir. Bütün bunların müqabilində ölkə vətəndaşları ürəkdən inanırlar ki, haqq-ədalət öz yerini tapacaq, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Ağstafa rayon qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri
Arifə Qasımova




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az