t s

» » Elçin İsmayıl yazır: Koronavirusdan özünü qoruyan insan cəmiyyəti qorumuş olur

Elçin İsmayıl yazır: Koronavirusdan özünü qoruyan insan cəmiyyəti qorumuş olur

29-06-2020, 08:29 Yazar:  Samir Baxılıb: 295 Çap et
Elçin İsmayıl yazır:   Koronavirusdan özünü qoruyan insan cəmiyyəti qorumuş olur
Dünya ölkələri artıq 6 aydır ki, bütün səylərini qlobal problemə çevrilmiş yeni növ koronavirus infeksiyası ilə, COVİD-19-la mübarizəyə yönəltmışdır. Altı aydan bəri davam edən bu mübarizədə çox təəssüflər olsun ki, pandemiyanın qarşısını almaq mümkün olmamışdır. Hətta bunun əksinə olaraq, son bir ayda pandemiyanın ikinci dalğası gəldiyi, virus daha aqressiv və aktiv olduğu üçün yoluxmaların sayı, eləcə də ölüm halları artmış, problem daha da böyümüşdür.

Dünya üzrə olan bu tendensiya Azərbaycanda da özünü biruzə verməkdədir. Mövcud vəziyyəti aydınlaşdırıb analiz etmək üçün ölkəmizdə pandemiyanın yayılması prosesinə nəzər salmaq lazım gəlir. Diqqət yetirdikdə biz görürük ki, mart ayının 14-dən Azərbaycanda sosial izolyasiya qaydaları tətbiq olunmağa başlamışdır. Aprel ayının 5-dən isə xüsusi karantin rejimi elan edilmişdir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk gündən xalqla birlikdə olaraq dövlət öz vətəndaşının yanındadır ifadəsinin əməli işləri ilə bir daha nümayiş etdirmişlər. Ölkə başçısı tərəfindən pandemiyanın hələ ilk halları müəyyən edilməmişdən öncə mühüm qabaqlayıcı tədbirlər görülmüş, xəstəliyin yayılmasının qarşısının alınması üçün önləyici işlər həyata keçirilmişdir. Görülmüş qabaqlayıcı tədbirlərdən söz düşərkən ilk növbədə qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin tapşırığına əsasən hələ yanvar ayından pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə zəruri qabaqlayıcı tədbirlər görülməyə başlanmışdır. COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsallı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilmişdi. Eyni zamanda, ölkədə 20-dən çox laboratoriyanın fəaliyyəti təmin edilmiş, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılmışdı. Martın sonunda istifadəyə verilmiş "Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılmışdı. Dövlət başçısının təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə start verilmişdi və artıq Bakıda, Sumqayıtda və Abşeron rayonunda, eləcə də Gəncədə həmin xəstəxanalar fəaliyyətə başlamışdır. Ölkəmizdə tibbi maskalar istehsal edən müəssisənin tikilib istifadəyə verilməsi bu sahədə nə qədər ciddi və mühüm tədbirlərin görüldüyünü aydın şəkildə göstərir.

İyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı pandemiyaya qarşı mübarizədə görülən tədbirlərin daha bir nümunəsidir. Sayca istifadəyə verilmiş 5-ci modul tipli xəstəxana olan bu səhiyyə müəssisəsi ən müasir tibbi avadanlıqlarla təhciz edilmiş, xəstələrin müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılmışdır. Koronavirusla əlaqədar ilkin mərhələdə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu. Ona görə də Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır.

Bununla yanaşı, Ölkə başçısı pandemiya şəraitində əhalinin normal yaşayış tərzini təmin etmək məqsədilə bir çox mühüm tədbirlər həyata keçirdi. Dövlət özəl sektorların və orada çalışan insanların problemlərini öz üzərinə götürdü. 600 mindən çox insan lazım olan vəsaitlə təmin edildi, 190 manatın verilməsi müddəti uzadıldı. İşini itirmiş, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlara da dövlət öz köməyini əsirgəmədi.

Mart ayından başlayıb sərtləşdirilmiş rejimlə davam etdirilən tədbirlər öz nəticəsini göstərdi. Respublikamızda sağalanların sayı yoluxanların sayından çox olduğuna görə mayın əvvəlindən karantin rejimi yumşaldılmağa başlandı. Lakin yumşalma tədbirlərindən sonra Azərbaycanda sanitar-epidemioloji qaydalar kütləvi surətdə pozulduğu üçün yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq olundu. Çünki ölkədə xəstələnənlərin sayı, dinamikası get-gedə artır. Məhz bu səbəbdən iyunun 21-dən daha sərt karantin rejimi tətbiq edildi. Sərt karantin rejimi tətbiq olunan şəhərlərin siyahısına rayonlar da əlavə olundu. Bunun əsas və yeganə səbəbi bəzi insanların elementar qoruyucu qaydalara belə əməl etməməsidir.

Dövlət başçısı İyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında qeyd edib ki,: "Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək. Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir”.

Göründüyü kimi, həyati əhəmiyyətli tədbirlər və görülən böyük işlər dövlət və dövlət başçısı tərəfindən həyata keçirilir. Ölkə rəhbəri COVİD-19-a qarşı mübarizədə mümkün olan və görülməsi mümkün olmayan işləri belə görür və görməkdədir. Həmişə öz vətəndaşının yanında olan dövlət bu gün də öz vətəndaşının sağlamlığı üçün lazım olan bütün tədbirləri həyata keçirir və bu proses davam etməkdədir.

Bəs biz necə, öz üzərimizə düşən vəzifəni yerinə yetiririkmi? Bu ümummmilli məsələdə həmrəy olub bizdən tələb olunan ən adi qaydalara əməl edirikmi? Çox təəssüflər olsun ki, yox. Və bir daha yox. Nə qədər ağır olsa da bunu etiraf etməyə borcluyuk. Elə bu etirafın, tələb ounan qaydalara əməl etməməyimizin nəticəsidir ki, son günlər xəstəliyə tutulanların sayı xeyli dərəcədə artmışdır. Bu, vətəndaş məsuliyyətsizliyinin, hələ də bir çoxlarının yaddaşına virus kimi düşmüş inamsızlığın, özünü dərk etməməzliyin nəticəsidir. Nəticənin isə təşviş doğuran rəqəmləri göz qabağındadaır. Artıq gündəlik xəstələrin sayı 400-ü keçmişdir. Ölənlərin sayında da artım müşahidə olunur. Günbəgün yaxınlarımızı, doğmalarımızı itirməyimizə baxmayaraq yenə də köhnə düşüncələrlə yaşayır, qayda-qanunlara əməl etməmək üçün yersiz bəhanələrlə özümüzü aldadır, son nəticədə daha bir itkiyə şərait yaratmış oluruq. Nədənsə, kobud şəkildə olsa da, qarşımızdakı gözü çıxan qardaşı görmür, etinasızlıq göstəririk. Ən adi qayda olan maskanı belə taxmırıq və yaxud maskanı aptekdən alıb cibimizdə, əl çantasında gəzdiririk. Hətta maskanı da tələb ounan qaydada deyil, forma xatirinə üzümüzə taxırıq. Nə qədər ağır və təəccüblü olsa da “maska məni pis göstərir” deyərək ondan istifadə etməyənlərə də rast gəlirik.
Bu gün bütün dünya həyəcan təbili çalır, ölkə başçısı, birinci xanım bununla bağlı xalqa müraciət edir, həkimlər öz çıxışlarında xalqımızı bu bəladan qorunmaq üçün tələb olunan qaydalara əməl etməyə çağırırlar. Başa düşməliyik ki, ən yüksək səviyyədə olunan bu müraciətlər, edilən bütün çağırışlar ilk növbədə özümüz, sonra yaxın və doğmalarımız, böyük anlamda isə vətəndaşlarımızın sağlamlığı, xəstələrin sayının azalması məqsədilə edilir. Ona görə də bir vətəndaş olaraq nə qədər ki, gec deyil, bir daha yaxşı-yaxşı düşünməli, yaranmış ciddi vəziyyəti təhlil etməli, pandemiyaya qarşı mübarizədə həmrəy olub bu ümumxalq işinə öz təhfəmizi verməliyik. Töhfəmiz isə maska taxmaqdan, tez-tez əllərimizi yumaqdan və social məsafə saxlamaqdan ibarətdir. Yoxsa başımızın üstündə Demokl qılıncı kimi duran bu bəladan qurtula bilməyəcəyik. Qarşımızda həyat və ölüm kimi 2 yol durur: Birinci yol COVİD-19-a yoluxub aylarla müəlicə almaq və yaxud dünyasını dəyişmək, ikinci yol isə tələb olunan qaydalara əməl edərək xəstəliyə qalb gəlməkdir. Əminəm ki, hər kəs deyəcək ki, əlbəttə ikinci yolu seçib pandemiyaya qalib gəlmək lazımdır. Mən bütün varlığımla inanıram ki, bunu hər kəs, hər bir vətəndaş istəyir. Lakin görünən odur ki, istəmək hələ azdır. İstəmək hələ ona əməl etmək və xəstəliyə qalib gəlmək deyildir. İstəmək və ona əməl etmək lazımdır.

Dövlət üzərinə düşən vəzifələri layiqincə həyata keçirir. İndi qalır vətəndaşların üzərinə düşən vəzifələr - tibbi maska taxmaq, sosial məsafəni gözləmək, dezinfeksiya qaydalarına riayət etmək. Bu şəraitdə koronavirusla mübarizədə uğurun əsas şərti məhz vətəndaşların məsuliyyətindən, nizam-intizamından asılıdır. Mübarizədə cəmiyyət olaraq birlik, həmrəylik nümayiş etdirməli, tətbiq edilən qaydalara intizamla yanaşmalıyıq. Bu, hər birimizin vətəndaş borcudur. Məsuliyyətli olaq, özümüzü, ailəmizi, ətrafımızı, ümumilikdə götürdükdə isə xalqımızı gözəgörünməz düşməndən qoruyaq. Qayda-qanunlara əməl edək. Gəlin bir-birimizi qoruyaq və unutmayaq ki, biz birlikdə güclüyük. Bu gücü, həmrəyliyi artırmaq üçün dövlətimizin, Ölkə başçısının, Birinci vitse-prezidentin çağırışlarına əməli işimizlə, qoyulan qayda-qanunlara ciddi əməl etməklə cavab verək. İndiki dövrdə özünü qoruyan insan cəmiyyəti qorumuş olur.

Elçin İsmayıl,
şair-publisis
t




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Ömrünü Qazaxda yaşayan şair İnsan var illərlə ünsiyyətdə olur, münasibət qurur, amma tanıya bilmirsən. İnsan da var beş-on kəlmə söhbət edən kimi ürəyinə yatır, az bir vaxt içində tanıyır və xoş bir ünsiyyət qurursan. Haqqında söhbət açdığım şair-publisist Elçin İsmayıl da belə insanlardandır. Onu tanımaq üçün 5-6 dəqiqə
21:50 Qazax rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində İnkişaf və tərəqqinin dəyişməz ünvanlarına çevrilən Qazax rayonu ölkənin səmərəli regional iqtisadi siyasətinə öz töhfələrini verməkdə davam etməkdədir. Regionların sosial-iqtisadi inkişafına, onların əhəmiyyətli istehsal gücünə, təminat qabiliyyətli iqtisadiyyata və digər amillərin vəhdətindən
20:55 İsmayıl Şıxlının həyat və yaradıcılıq yolu İsmayıl Şıxlı ... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. İsmayıl Şıxlının həyat yolunda Böyük Vətən müharibəsi yadda qalan, onun tərcümeyi - halına həkk olunan bir hadisədir. O, müharibənin başlanması xəbərini
22:12 Yurduna vurğun insan (Mən övladlarıma da deyirəm: Elə yaşayın ki, sizdən sonra gələn nəsil sizinlə fəxr etsin. Elçin Carçıyev, "CARÇIOĞLU GROUP” MMC-nin təsisçisi və qurucusu) Birdən su çalxalandı, qabarıb hirslə təpəyə yerimək istədi. Od da çatırdayıb alovlandı. Vicdanın göy şaqqıltısından da güclü səsi yenidən
11:55 Çaldıran döyüşü haqqında 11 mif Mediaxeberleri.az APA TV-yə istinadla tarix elmləri üzrə fəlsəfə doktoru Kərəm Məmmədlinin Çaldıran döyüşü ilə bağlı 11 mif barədə məlumatını təqdim edir: 1-ci mif. Çaldıran döyüşü son dərəcə əhəmiyyətli döyüş olub. Çaldıran döyüşünün tarixi əhəmiyyətinin şişirdilməsinin müxtəlif səbəbləri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az