t s

» » "BELƏ DAVAM EDƏRSƏ, DEYƏCƏM CƏRİMƏLƏRİN HƏCMİNİ ARTIRSINLAR" - "Biz bu xəstəliklə yaşamağa məcburuq və..."

"BELƏ DAVAM EDƏRSƏ, DEYƏCƏM CƏRİMƏLƏRİN HƏCMİNİ ARTIRSINLAR" - "Biz bu xəstəliklə yaşamağa məcburuq və..."

25-06-2020, 10:59 Yazar:  Samir Baxılıb: 200 Çap et
"BELƏ DAVAM EDƏRSƏ, DEYƏCƏM CƏRİMƏLƏRİN HƏCMİNİ ARTIRSINLAR" - "Biz bu xəstəliklə yaşamağa məcburuq və..."
"Koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Cəmi 13 min insan yoluxmuşdur. Onların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıbdır. Ona görə qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olmuşdur".

Bu fikirləri Prezident İlham Əliyev dünən Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə səsləndirib.

Dövlət başçısı bildirib ki, bütün dünya bu xəstəlikdən əziyyət çəkir və xəstələrin sayının kəskin artması bir çox ölkələrin səhiyyə sisteminə də böyük zərbə vurub:"Əslində, heç bir ölkənin səhiyyə sistemi belə sürətlə artan xəstələrin müalicəsinə hazır deyildi. Bu, mümkün də deyildi. Eyni zamanda, digər problem xəstələrə xidmət edən həkimlərin sayı ilə bağlıdır. Həkimlərin sayı 2-3 ay ərzində arta bilməz. Ona görə bu da bir çox ölkələr üçün böyük problemə çevrilmişdir, o cümlədən bizim üçün. Odur ki, məhdudlaşdırıcı tədbirlərin görülməsində böyük fayda olmuşdur. Bildiyiniz kimi, may ayının əvvəlindən artıq yumşalma meyilləri başlamışdır. Bunun da səbəbi o idi ki, bir daha qeyd etmək istəyirəm, sağalanların sayı yoluxanların sayından çox idi.

Ancaq son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək.



Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir".

Prezident İlham Əliyev bildirib ki, idarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir: "Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir".

Dövlət başçısı bildirib ki, inkişaf etmiş ölkələrdə vəziyyət böhran həddinə çatıb: "İndi görün inkişaf etmiş ölkələrdə nələr baş verir. Vəziyyət tamamilə böhran həddinə çatıb. O ölkələrin ki, dövlətçilik ənənələri yüzilliklərlə ölçülür və o ölkələrin səhiyyə sistemi dünyada nümunə kimi təqdim olunur, onlar da bacarmırlar, çünki bu, mümkün deyil. Ona görə mənim bu sözlərim hesab edirəm, hər kəs üçün əsas olmalıdır - həm vətəndaşlar üçün, - onlar daha məsuliyyətli olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət məmurları üçün. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün".


Prezident İlham Əliyev daha sonra bildirib ki, dövlət nə lazımdırsa, onu edir : "Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik. Bəzi ölkələrdən fərqli olaraq, heç kimə müraciət etmirik. Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib. Yəni, beynəlxalq birliyin əksər hissəsi. Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır.

Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan.

Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür.

Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:53 Bu qorxulu uşaq xəstəliyi koronavirusla bağlıdır Fransada koronavirus epidemiyası ilə əlaqəsi ola biləcəyi düşünülən qorxulu uşaq xəstəliyi - “Kavasaki sindromu”nun yayılması qeydə alınıb. Bu barədə “RİA Novosti” xəbər yayıb. Fransanın paytaxtında xəstəxanaya bununla əlaqədar 17 uşaq yerləşdirilib. O da vurğulanır ki, sindrom daha çox
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
10:27 Bakı Fransanın həmsədrlikdən uzaqlaşdırılması məsələsini qaldıra bilər Qarabağ separatçılarının başçısını Parisə dəvət edənlər ardınca terrorçular üçün maliyyə toplamağa başladılar; - nonsens; politoloq: “Bu, ondan xəbər verir ki, Fransadakı siyasi mərkəzlər düşünülmüş şəkildə separatçılara dəstək verir...” Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti
09:22 Mədə-bağırsaq xəstəliklərini yaradan başlıca faktorlar - Həkim İZAHAT verir Son zamanlar insanlar arasında mədə-bağırsaq xəstəlikləri geniş yayılıb. Burada bir çox faktorlar rol oynayır – genetik və xarici faktorlar, düzgün qidalanmamaq, rejimsizlik, düzgün olmayan həyat tərzi, maddələr mübadiləsinin pozulması və s. Bununla bağlı Tədris Terapevtik Klinikanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az