t s

» » Azərbaycan üzünü Asiyaya çevirir –gözlənilən gəlişmə

Azərbaycan üzünü Asiyaya çevirir –gözlənilən gəlişmə

11-07-2015, 09:27 Yazar:  Röya Baxılıb: 496 Çap et
Azərbaycan üzünü Asiyaya çevirir –gözlənilən gəlişməÖlkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusu alması xarici siyasi oriyentasiyasında ciddi dəyişiklik demək olacaq; Qərblə münasibətlərin indiki gərgin vaxtında Rusiya və Çinin yanında yer almaq cəhdi nəyə hesablanıb?

Azərbaycan, Kamboca, Ermənistan və Nepal təşkilat üzrə tərəfdaş qismində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulurlar. Bunu Rusiya prezidenti Vladimir Putin ŞƏT dövlət başçıları şurasının Ufada keçirilən geniştərkibli iclasında deyib. Putin deyib ki, bu ölkələr dialoq üzrə tərəfdaş qismində ŞƏT ailəsinə qoşulurlar.


Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almaq üçün bu ilin fevralında müraciət etdiyi məlum idi. Azərbaycandan başqa, Suriya, Belarus, Ermənistan və Banqladeşin də müşahidəçi statusu almaq üçün müraciət etdiyi faktdır.

Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu veriləcəyi barədə bu ilin aprel ayında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açıqlama vermişdi. Rusiya Federasiyası prezidentinin müşaviri, ŞƏT nümayəndəliyinin hazırlanması və təmini üzrə təşkilat komitəsinin məsul katibi Anton Kobyakov isə deyib ki, təşkilata daxil olmaq üzrə dəqiq qaydaların olduğu 28 sənəd var. ŞƏT-ə daxil olmazdan əvvəl onlara riayət etmək lazımdır.

İyulun 10-da Ufada ŞƏT, BRİCS Sölkələrinin və Avrasiya İttifaqının birgə sammiti başlayıb. Sammitdə çıxış edən Serj Sərkisyan ölkəsinin Fars körfəzi vasitəsilə Hind okeanına çıxmaq niyyətindən danışıb. ANS PRESS-in məlumatına görə, Ermənistan prezidenti sammitdə təmsil edilən böyük dövlətləri Ermənistan - İran dəmir yolunun çəkilişini maliyyələşdirməyə çağırıb: “Artıq texniki - iqtisadi əsaslar hazırlanıb, layihə özəl və dövlət əməkdaşlığı üçün açıqdır. Ümid edirəm ki, burada təmsil olunan ölkələrin şirkətləri layihəyə maraq göstərəcək” deyə, erməni prezident müraciət edib. Erməni prezident bu dəmir yolu vasitəsilə Avrasiya İttifaqının Hind okeanına çıxacağını iddia edib. Amma sammit iştirakçıları Serj Sərkisyanın bu təklifinə heç bir reaksiya verməyiblər.



Ekspertlərə görə, bu iddia gülünc görünür, çünki iqtisadiyyatı dalana dirənmiş Ermənistanın isti dənizlərə çıxmaq xülyasına görə heç kim çoxmilyardlıq layihəyə pul xərcləməz.

Erməni iqtisadçılar Serj Sərkisyanın ŞƏT-ə daxil olmaq niyyətinin arxasında Çindən sərmayələr cəlb etmək istəyinin durduğunu vurğulayırlar. Yəni məqsəd aydındır - Çin biznesmenləri Ermənistandakı işsiz kütlədən istifadə edərək İrəvanda, Gümrüdə, Vanadzorda “kiçik çinlər” qura bilərlər.

Amma Çinin də sərmayə qoyuluşu ilə bağlı öz siyasəti var. 2013-cü ilin sentyabr ayında Pekində Ermənistan baş naziri Tiqran Sarkisyanla görüşmüş Çinin baş naziri Li Kesian sərmayə qoyuluşlarında məqsədlərinin ölkəsinin istehlak bazarının artan tələbatını ödəmək olduğunu vurğulayıb. Yəni Ermənistandakı sərmayə qoyuluşları Çin bazarını ucuz istehlak malları ilə təmin etməyə xidmət etməlidir ki, erməni iqtisadçılar bunu mümkünsüz sayırlar.



Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması ölkənin xarici siyasi oriyentasiyasında ciddi dəyişiklik demək olacaq. Bu barədə axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri Azərbaycanın proqrama Dağlıq Qarabağ və bir sıra iqtisadi məsələləri nəzərdə tutaraq müşahidəçi statusu almaq üçün müraciət etdiyini deyib: “Azərbaycan bu addımla Qərbdən imtina etmədiyini, ancaq yeni bir xəttə - Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıqla bilavasitə buraya üstünlük verdiyini nümayiş etdirir. Bu təşkilatın ardınca isə Çinin rəhbərliyi altında olan yeni maliyyə sistemi qurumuna - BRİCS-ə qoşula bilər. Belə görünür ki, Moskva Qərbə alternativ qurumların formalaşmasında xeyli fəaldır. Ancaq Azərbaycan Dağlıq Qarabağ məsələsini və bir sıra iqtisadi amilləri nəzərdə tutaraq proqrama qoşulub.

Çox güman ki, qarşıda duran əsas məsələ Dağlıq Qarabağ problemidir. Ən azından, yeddi rayonun işğaldan azad olunması məsələsinin aktivləşəcəyini güman etmək olar. Azərbaycanın bu qurumla əməkdaşlığı Rusiyaya doğru atılan böyük bir addımdır. Qarşı tərəfdən də Azərbaycana doğru eyni addımın atılmasını gözləmək mümkündür. Bu da Azərbaycan üçün həyati əhəmiyyəti malik Qarabağ problemində statsus-kvonun dəyişilməsi və işğal olunmuş torpaqlarımızın azad olunması məsələsidir”.



Moskva və Pekinin liderlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının təməli 1996-cı ildə qoyulub. Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan arasında sərhəd təhlükəsizliyinin təmin olunması və birgə əməkdaşlıq məqsədilə yaradılan təşkilat 2001-ci ildə qədər “Şanxay beşliyi” kimi tanınırdı. Həmin il Özbəkistanın da təşkilata üzv qəbul olunması ilə “Şanxay beşliyi” adı tarixə qovuşdu.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə təşkilatlanmış bir sistemə sahib olaraq beynəlxalq münasibətlər sistemində müəyyən nüfuz qazanmış təşkilata çevrildi. Hazırda təşkilatın üzvləri Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstana müşahidəçi statusu, Belarus, Şri-Lanka və Türkiyəyə isə dialoq üzrə tərəfdaş statusu verilib.



Ufa sammitində Asiyanın iki nəhəng dövləti İran və Pakistanın ŞƏT-ə qoşulması ilə bağlı prosedurun başlanacağı planlaşdırılırdı. Amma ŞƏT-in tədbirində iştirak edən İran prezidenti Həsən Ruhani Ufanı tədbirin bitməsindən bir neçə saat əvvəl tərk edib. Məlum olub ki, İran hələ də əvvəlki statusunda qalır. Ruhaninin tədbiri yarımçıq tərk etməsi ilə bağlı iddiaları isə Kremlin mətbuat katibi Dmitriy Peskov təkzib edib. Məlumatlara görə, İranın ŞƏT-ə üzvlüyü məsələsinin bu ölkəyə Qərbin iqtisadi sanksiyalarının ləğvindən sonra baxılacağı daha məqsədəuyğun hesab edilir.

Təşkilatın ən fəal və əhəmiyyətli fəaliyyətləri iqtisadi sahədədir. Ortaq layihələrin maliyyələşdirilməsi üçün ŞƏT ortaq “İnterbank” da yaradıb. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əhatə etdiyi 37 milyon kilometr məsafə ümumilikdə Avrasiya regionunun 74 faizini təşkil edir. Təşkilata üzv ölkələrin əhali sayı 2,7 milyard nəfər təşkil edir ki, bu da dünya əhalisinin 40 faizi deməkdir. Qərbin iqtisadi sanksiyalarından sonra Rusiya Çinlə iqtisadi sahədə əlaqələrini daha da genişləndirib.


Şanxay Əməkdaşlıq Təşkilatına liderlik edən Rusiya və Çin sözdə təmsil etdikləri qurumun Qərbə qarşı yönəlmiş bir təşkilat olmadığını bildirsələr də, lakin Moskva və Pekinin əməllərində bu özünü büruzə vermir. Xüsusilə təşkilatın hərbi qüvvələrinin yaradılması bunu deməyə əsas verir. ŞƏT-in bir neçə ortaq hərbi təlimləri də olub. ABŞ bir neçə dəfə açıq şəkildə ŞƏT-in anti-Amerika mövqeyindən narahat olduğunu bəyan edib. Məşhur amerikalı ekspert Ariel Koen ŞƏT ilk qurulanda Vaşinqton rəsmilərinin buna əhəmiyyət vermədiklərini, ancaq təşkilatın inkişafı onların bu düşüncələrinin səhv olduğunu göstərdiyini deyib.

“Yeni Müsavat”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:27 Rusiya və İran Qarabağı bölür? Vladimir Putin və Həsən Ruhani Ufa şəhərində vacib məsələləri müzakirə edəcəklər. Bu həftənin sonuna yaxın dünya siyasətində yeni canlama baş verəcək. Rusiyanın Ufa şəhərində iyulun 9-10-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Sammit çərçivəsində Rusiya və İran prezidentləri
08:32 Kremldən Azərbaycanın əsas düşməninə hədə Riqa tərəfdaşlıq sammitində Ermənistan ciddi seçimlə üzləşəcək; Rusiya işğalçı ölkədə “Ukrayna ssenarisi” gerçəkləşdirə bilər Sabah Riqada Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində növbəti sammit işinə başlayacaq. Sammitdə 6 tərəfdaş ölkədən 5-i - Ukrayna, Moldova,
15:44 Ekspert: "İran gec-tez “Cənub qaz dəhlizi”nə qoşulacaq" İran gec-tez “Cənub qaz dəhlizi” layihəsinə qoşulacaq. Bunu "Trend"ə Şanxay Əməkdaşlıq Təşkilatı İşgüzar Klubunun İran departamentinin rəhbəri Aleksandr Şarov bildirib. “Bunun yaxın vaxtda baş verməsi vacib deyil. İran mütləq bu layihədə iştirak edəcək. Lakin investisiya və infrastrukturla bağlı
20:40 Apreldə 7 rayon qaytarıla bilər İrəvana səfəri çərçivəsində Vladimir Putin Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarmağa məcbur edə bilər. ANS PRESS-in məlumatına görə, Rusiya Dövlət Dumasının İrəvanda rəsmi səfərdə olan komitə sədri Leonid Slutskinin sözlərindən bunu anlamaq mümkün olur.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az