t s

» » General: Azərbaycanda 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib

General: Azərbaycanda 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib

10-07-2015, 21:05 Yazar:  Röya Baxılıb: 422 Çap et
General: Azərbaycanda 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilibDİN-də geniş kollegiya iclası keçirilib.

İyulun 10-da Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətində Mediaxeberleri.az-a verilən məlumata görə, ötən ay ölkəmizdə ilk Avropa Oyunlarının keçirildiyini xatırladan nazir Prezidentin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və xidmətləri sayəsində respublikamızın, onun bütün dövlət strukturlarının və vətəndaş cəmiyyətinin üzərinə düşən tarixi məsuliyyətin öhdəsindən yüksək səviyyədə gəldiyini məmnunluqla deyib. Daxili işlər orqanlarının digər hüquq mühafizə qurumları, güc strukturları ilə birlikdə Oyunlar zamanı asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üzrə mühüm vəzifələri də layiqincə yerinə yetirdiyini vurğulayan nazir Ramil Usubov fərqlənən yüzlərlə əməkdaş və hərbi qulluqçu barəsində müxtəlif həvəsləndirmə tədbirinin tətbiq olunduğunu diqqətə çatdırıb, nümunəvi xidmətə, yüksək peşəkarlığa, vətənpərvərliyə və fədakarlığa görə bütün şəxsi heyətə minnətdarlığını bildirib.

Hesabat dövründə cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllərin davam etdiyi, kriminogen durumun nəzarətdə saxlanıldığı da qeyd olunub.

İclasda geniş məruzə ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, ötən dövrdə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13 min 533 cinayət qeydə alınıb. Onların 87 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Qeyd edilib ki, cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb. Belə ki, şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürməyə cəhdlər həyata keçirilən məqsədyönlü profilaktik tədbirlər nəticəsində 12,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,7 faiz, xuliqanlıqlar 3,2 faiz azalıb. Cinayətlərin açılmasına yönəlmiş əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının və ədalətin bərpasında başlıca vəzifələr olaraq həyata keçirilib. Ümumi cinayətlərin açılması 4,2 faiz yaxşılaşaraq 84,3 faiz təşkil edib. Ağır və xüsusilə ağır cinayətlərin açılması 1,9 faiz, qəsdən adam öldürmələrin açılması 11,2 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 14 faiz yaxşılaşıb. Banditizm, adam oğurluğu və insan alveri cinayətlərinin açılması tam təmin olunub. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” 467, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 217, o cümlədən 53 ağır və xüsusilə ağır cinayət açılıb.

Məruzəçi bildirib ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr verib. “102” zəng mərkəzinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 4302 hüquqazidd əməlin qarşısı alınıb, 1375 cinayət işi başlanıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 43 cinayət açılıb, 5764 yol-nəqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 77 hadisə aşkarlanıb, axtarışda olan 56 avtomobil saxlanılıb.

Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 0,4 faiz yaxşılaşıb, istintaqdan və məhkəmələrdən yayınan 1184 nəfər, müqayisə edilən dövrə nisbətdə isə 5,2 faiz çox şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 50 və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 25 nəfərin yeri müəyyən olunub.

Vurğulanıb ki, xidməti fəaliyyətdə böyük önəm verilən məsələlərdən olan mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 455 ağır və xüsusilə ağır cinayət törətmiş 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 68 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 16 min 519 manat, 55 min 100 ABŞ dolları və 225 min rubl olan 901 ədəd saxta əsginaz, habelə istifadə müddəti ötmüş 2,6 tona yaxın tikinti materialı çıxarılıb.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotiklərlə əlaqədar 1807 cinayət, o cümlədən satışı ilə bağlı 478 fakt müəyyən edilib, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 16 faiz çox və ya 432 kiloqram narkotik vasitə çıxarılıb. Həmçinin xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 90,2 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə müqayisə edilən dövrə nisbətdə 60 faiz çox, yəni 80 cinayət müəyyən olunub. Həmin faktlar əsasında başlanılmış cinayət işləri üzrə 11 nəfər məhkəmə məsuliyyətinə verilib və bu əməllərin qurbanı olmuş 25 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. Hesabat dövründə müstəntiqlərin icraatında 13 min 714 cinayət işi olub, prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri 7,3 faiz yaxşılaşaraq 77,7 faiz təşkil edib.

Bildirilib ki, respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 20 mindən çox artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, qəzalarda həlak olanların sayı 20,5 faiz, xəsarət alanların sayı isə 9,5 faiz azalıb. Hadisələrin, qəzalar nəticəsində ölənlərin və xəsarət alanların sayının azalmasını şərtləndirən amillər sırasında onların baş verməsinə səbəb olan xarakterik halların aradan qaldırılması, xüsusən inzibati xətaların aşkarlanmasının yaxşılaşması olub. Belə ki, 2014-cü ilin 6 ayı ilə müqayisədə hesabat dövründə 12,5 faiz çox və ya 1 milyon 122 min 498 müvafiq qayda pozuntusu müəyyən edilib, o cümlədən şüşələrinə pərdə və plyonka çəkilmiş 3636 avtomobil sürücüsü, avtoxuliqanlığa görə 214 nəfər barəsində qanunauyğun tədbirlər görülüb. Ümumilikdə müxtəlif inzibati xətalara görə daxili işlər orqanları tərəfindən 1 milyon 168 min 906 protokol tərtib olunub, nəticədə 1 milyon 106 min 973 nəfər cərimələnib, 2192 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 19931 şəxsə isə xəbərdarlıq edilib.

Nazir müavini qeyd edib ki, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini istiqamətində əldə olunan nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müsbət dəyərləndirilib. Beynəlxalq İqtisadi Forumun 2014-2015-ci illər üzrə hesabatına əsasən, Azərbaycan 144 ölkə arasında “Polis orqanlarının etibarlılığı” göstəricisi üzrə 15-ci, “Mütəşəkkil cinayətkarlıq” göstəricisi üzrə isə 40-cı yeri tutub. Bu göstəricilərlə respublikamız Avropa və MDB ölkələrini xeyli qabaqlayır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:21 Azərbaycanda 90 ton narkotik aşkarlandı 1 106 973 nəfər cərimələnib. Bu ilin 6 ayı ərzində Azərbaycanda 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Mediaxeberleri.az, bunu iyulun 10-da keçirilən kollegiya iclasında geniş məruzə ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib. O qeyd edib ki,
12:23 Azərbaycanda borcu olan 37 nəfərə həbs Vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 998 sayda cinayət işi başlanıb. Bu ilin 1-ci yarımilliyi ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti
17:34 “Bandotdel” Mingəçevir və Şirvanda xüsusi əməliyyat keçirdi Respublikanın daxili işlər orqanları mütəşəkkil cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Mingəçevir və Şirvan şəhərlərində xüsusi əməliyyat-axtarış tədbirləri keçirib. Daxili İşlər Nazirliyindən bildirir ki, nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə
16:10 Azərbaycanda korrupsiyanın vəziyyəti qiymətləndirildi: diqqətçəkən faktlar və rəqəmlər var Korrupsionerlər son 10 ildə dövlətimizə 200 milyon manatdan çox ziyan vurub 2015-ci ilin birinci rübü ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə
13:02 Azərbaycana mina keçirmək istədilər - RƏSMİ Əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu ilin fevral ayı ərzində qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib. Dəstə üzvlərindən iki nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dövlət Sərhəd

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az