t s

» » XATİRƏLƏRDƏ YAŞAYAN VURĞUN

XATİRƏLƏRDƏ YAŞAYAN VURĞUN

24-04-2020, 16:26 Yazar:  Samir Baxılıb: 435 Çap et
XATİRƏLƏRDƏ YAŞAYAN VURĞUN
Damarlarında Vəkilovların qanı axan salyanlı

Eşitmişdim ki, Salyan şəhər 12 saylı uşaq bağçasının tərbiyəçisi Rəna Məmmədzadə Səməd Vurğunun yaxın qohumudur. Artıq, ixtiyar yaşlarında olan bu ağbirçək ana ilə görüşmək arzumu 2006-cı ilin aprel ayının ortalarında reallaşdıra bildim. 78 yaşına rəğmən yaddaşı, hafizəsi yerində olan, bütün hadisələri dəqiqliyi ilə xatırlayan Rəna xanımla söhbətimizin bəzi fraqmentlərini oxuculara çatdırmağı gərəkli bildim.

-Rəna xanım, eşitdiyimə görə Siz böyük Səməd Vurğunun yaxın qohumusunuz.

-Bəli, bala. Səməd Vurğun mənim doğmaca dayımdır. Mən onun sonbeşik bacısı Sultan Vəkilovanın qızıyam.

-Elə isə, bir qədər ömür tarixçəniz bərədə və Səməd Vurğun haqqında xatirələrinizi danışın.

-Əvvəla, onu deyim ki, mənim atam Zülfüqar Zülfüqarov salyanlıdır. 1926-30-cu illərdə Gəncə şəhər partiya komitəsində təlimatçı işləyib. Onda Vəkilovlar ailəsinin bir qrup üzvü, Mehdixan və Səməd dayılarım, onların bibiləri Safurə (onu hamı Xan qızı deyə çağırarmış) və bacıları və mənim gələcək anam Sultan Gəncədə yaşayırmış. Safurə də şəhər partiya komitəsində təlimatçı imiş. İş yoldaşı kimi atam bir neçə dəfə Vəkilovların qonağı olur və burada Gəncə tibb məktəbində oxuyan Sultanı görüb bəyənir. 1927-ci ildə onlar evlənirlər. Mən 1928-ci ildə doğulmuşam. Göründüyü kimi, Səməd Vurğunun uşaqlıq və gənclik illəri haqqında mən yalnız anamın və qohumlarımın xatirələri əsasında danışa bilərəm. 10-12 yaşımdan sonrakı hadisələr isə bu günku kimi yadımdadır. Anam danışardı ki, ataları Yusif ağa uşaqlarını çox istəyirdi. Ancaq hamıdan çox Səmədi istəyirdi. Kişi mehrini bu uşağa salmışdı. Səməd 6 yaşında olanda anası rəhmətə gedib. Onu və ailənin başqa uşaqlarını nənələri Aişə saxlayıb. 1918-ci ildə Müstəqil Azərbaycan Cümhuriyyəi yarananda Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Qazaxa köçürülür. Seminariyanın direktoru Firudin bəy Köçərli Vəkilovlar ailəsindən Mehdixanı məktəbə götürür. Lakin Səməd də ağlayıb özünü öldürür ki, mən də seminariyada oxumaq istəyirəm. Yusif ağa bir neçə dəfə Firudin bəyə ağız açır. Firudin bəy deyir ki, hər evdən bir nəfər götürürük, qaydanı poza bilmərəm. Səməd isə sakitləşmir. Belə olan halda ağbirçək Aişə nənə 12 yaşlı Səmədi götürüb seminariyaya gəlir. Firudin bəy Köçərli Aişə ananı dinlədikdən sonra deyir:
-Ay qarı, axı, oğluna dedim. Hər evdən bir nəfər! Niyə başa düşmürsünüz?
Sonra çeşməyini qaldıraraq arıq, çəlimsiz Səmədi başdan-ayağa süzüb əlavə edir:
-Əşi, bunun canı-cəsədi nədir? Bundan oxuyan olar?
Bu an Səməd dillənir:
-Ay Fürudin bəy, sən bilirsənmi ki, bu sinədə nələr yatır?
Uşağın cəsarəti və hazırcavablığı F.Köçərlinin xoşuna gəlir və Səmədi də seminariyaya qəbul edir. Beləliklə, Səməd özündən dörd yaş böyük olan qardaşı Mehdixanla birlikdə oxuyur və 1924-cü ildə seminariyanı bitirib Qazaxda müəllimliyə başlayır.
Anam deyirdi ki, Səməd uşaqlıqda çox nadinc olub. Amma seminariyada yaxşı oxuduğuna görə onun bu dəcəlliyini bağışlayıblar. Atası Yusif ağa deyirmiş ki, onun dəcəlliyi xeyirliyədir. Lakin bir dəfə Səmədin düzlüyü, dəcəlliyi az qala Yusif ağanın həyatına son qoyacaqmış. 1920-ci ildə bolşeviklər kəndə gələndə Yusif ağa onlara deyir ki, əşi, nə yaxşı gəlib çıxdınız, canımızı bu müsavatçılardan xilas etdiniz. Səməd də dönüb atasına deyir: Bu boyda kişisən, yalan danışırsan. Dünən demirdin ki, bolşeviklər əclafdır, qaniçəndir. Bu sözdən sonra əsgərlər Yusif ağanı güllələmək istəyirlər. Lakin onlardan kimsə deyir ki, deyəsən, bu uşağın başı xarabdır. Bundan sonra Yusif ağanı sakit buraxırlar. Bu hadisədən on gün sonra Qazax seminariyasının direktoru Firudin bəyi bolşeviklər Gəncədə güllələyəndə 14 yaşlı Səməd nə cür qorxulu bir hərəkət etdiyini başa düşür və bəlkə də bundan sonra onun uşaqlığı başa çatır.
Səmədin 12-13 yaşı olanda onlar Dilican dağlarına yaylağa gedirmişlər. Yolda bir tanış ayrımın alaçığında gecələməli olurlar. Ayrımın da evi-eşiyi, keçəsi birəsiz olmur. Qonaqlar səhəri diri gözlü açırlar. Səhər tezdən tələsik arabaya minib canlarını birələrdən qurtarırlar. Bir azdan yolda Səməd aşağıdakı şeiri zümzümə edir:
Birələr, aman, birələr,
Hər biri-kotan öküzü.
Gecədən səhərə qədər
Nağarasız oynatdı bizi.

Bəlkə də bu, Səmədin ilk şeirlərindən biridir (bu şeiri yadında saxladığına görə Rəna xanıma minnətdarıq).
Səməd dayım lap kiçik yaşlarından özünü diribaş, fərasətli bir uşaq kimi göstərib. Böyüklərin hər bir tapşırığını can-başla yerinə yetirib. Anam danışırdı ki, o vaxtlar taxıl biçinindən sonra uşaqlar zəmidə qalan sünbülləri yığmaq üçün bəşağa gedərdilər. Toplanılan buğdadan qovurğa, hədik bişirərdilər. Səməd balaca olmasına baxmayaraq, həmişə başaqdan torbasıdolu qayıdarmış. Özü də qovurğa qovrulan kimi tez nənəsinə pay aparardı. Torbada verilənlə kifayətlənməyib ciblərini də doldurarmış. Təbiidir ki, nənə də Səmədin bu səxavətinə qarşı öz pay-püşkünü əsirgəməzdi. O, uşaq vaxtı hirsləndiyi adama “Ananı ağladacam”-deyirmiş. Bir dəfə Mehdixana da belə deyib. Mehdixan balaca qardaşına öyüd-nəsihət verərək bidirib:
-Axı, bizim anamız birdir. Özü də anamız rəhmətə gedib. Adam belə deməz.
-Ay Qara, ( Mehdixan dayım gözəl-göyçək, yaraşıqlı bir kişi olsa da, Səməd ona Qara deyirdi) bu, “ananı ağladım” nə mənə sözdü?
-Yəni, sən mənə elə pislk edirsən ki, mənim halımı görüb anam ağlayır.
Səməd qardaşının bu izahatından sonra daha belə sözü işlətmədi.
...Anam Gəncədəki həyatlarından da saatlarla danışardı. Deyərdi ki, istər Səməd, istərsə də Safurə aldıqları əmək haqqını, mən isə tələbə təqaüdümü gətirib Mehdixana verərdik. Mehdixan da bu pulları bir yerə yığar, sonra hamımıza cib xərcliyi verərdi. Mənə həmişə Səməddən çox pul ayırardı. Səməd bu “haqsızlığa” etirazını bildirərmiş:
-Ay Qara, müəllimlik edən mən, şeir yazıb qonorar alan mən, pulun isə çoxunu Sultana verirsən.
Mehdixan gülə-gülə deyərmiş:
-Səməd, çünki Sultan qızdır. Bəlkə onun elə bir ehtiyacı var ki, bizə deməyə utanır. Qoy özünə ürəyi istədiyi şeyi alsın.
Səməd də cavabında:
-Qara qağa, bilmirsən ki, zarafat edirəm, Sultan mənim gözümdür, canımdır,-deyərək şuxluq edərmiş.
Səməd Vurğunla Dürrə məhəbbətinə
aid yeni açıqlamalar
Rəna xanım bir məsələyə də aydınlıq gətirdi:
-Səməd Vurğunla Dürrənin barəsində bəzi ara aşıqlarının oxuduğu mahnılar, Dürrəni sədaqətsizlikdə günahlandıran adamlar heç də əsl həqiqəti bilmirlər. Deməliyəm ki, Dürrə anamgilin yaxın qohumu olub və Səmədlə o, bir-birini uşaqlıqdan seviblər. Hər iki ailə bu iki gəncin izdivacına cani dildən razı olub. 1925-ci ildə Qazaxa Bakıdan pasport-masa rəisi göndərirlər. Həmin dövrdə pasportu olmayan adamlar etibarsız şəxslər kimi sürgünə göndərilmək qorxusu ilə üzləşirdilər. Pasport-masa rəisi Qazaxda Dürrəni görəndə ondan xoşu gəlir. İnsafən də Dürrə çox gözəl, məlahətli, uzunhörüklü, alagözlü bir qız olub. Rəis Dürrənin atasını yanına çağırıb bildirir ki, qızı mənə versəniz, sizin hamınıza pasport verəcəm, işləriniz də yaxşı gedəcək. Kişi də deyir ki, rəis, qızın istəklisi var. Belədə rəis də son sözünü deyir:
-Özün bil, onda sizi yerlə-yeksan edəcəm.
Kişi gəlib başına gələn əhvalatı evdə danışır. Dürrə qəti şəkildə bildirir ki, mən Səməddən başqa heç kəsə getməyəcəm. Lakin rəis də inadından dönmür. Naəlac qalan ailə güc-bəla ilə Dürrəni ona verir. Bu, Səmədə çox pis təsir edir. Güclü ruhi sarsıntı keçirir, havalanmaq həddinə çatır. Pasport-masa rəisinin haqsız hərəkətindən müxtəlif yerlərə şikayət yazır. Rəis də Səmədi tutdurmağa bəhanə axtarır. Mehdixan dayım məsələnin qəlizləşdiyini görüb Səmədi, anamı və bibisi Safurəni götürüb Gəncəyə gəlir. Taleyin gərdişi elə gətirir ki, bir neçə ildən sonra Dürrənin ərini də Gəncəyə milis rəisi göndərirlər. Onlar Mehdixan dayımgillə eyni blokda üzbəüz mənzillərdə yaşayırlar. Dürrəgildə olan qonaqlıq zamanı o, Səfurədən bir məcməyi qab-qacaq alıbmış. Ertəsi gün o, qab-qacağı qaytaranda Səməd dayım və atam da evdə imişlər. Səmədi görən kimi ürəyi gedir, bir məcməyi qab-qacaq əlindən düşüb sınır. Atamla-dayım tez evdən qaçırlar. Anamla bibisi Dürrəni öz mənzilinə aparıb çarpayıya uzadırlar.
Səməd dayım Bakıda olanda da Dürrəni unutmamışdı. Bir dəfə küçədə onunla qarşı-qarşıya gəlir. Heç biri dinib-danışmır, salamsız-kəlamsız bir-birinin yanından ötürlər. 5-6 addım atdıqdan sonra ikisi də ixtiyarsız olaraq dönüb bir-birinə baxırlar. Səməd Vurğun bədahətən aşağıdakı şeiri deyir:
Yazıq-yazıq baxma, qanlar ağlaram,
Didarına qurban olduğum Dürrə,
Ümidimi kəsib sənə bağlaram,
Ümidinə qurban olduğum Dürrə.


Dürrə həyəcanlı olduğuna görə heç nə eşitmir, şeiri yaxşı başa düşmür. Ertəsi gün Mehdixan dayımın yanına gedib hadisəni danışır və xahiş edir ki, Səməd həmin şeiri yazıb ona göndərsin. Mehdixan Vurğuna zəng edərək şeirlə belə deyir (onların belə şeirləşmələri çox olub):
Salamlar, qüdrətli Səməd Vurğuna,
Taleyi həmişə yar olsun ona.
Qardaşım oyaqsan, yoxsa yatmısan,
Yenə bu Dürrəni nə ağlatmısan?
Səndən həmin şeiri istəyir Dürrə,
Bəlkə göndərəsən, bizdən götürə.

Səməd Vurğunun cavabı da ləngimədən gəlir. Telefonun o başında Mehdixan dayım bu şeiri eşidir:
Mehdixan, əzizim, böyük qardaşım,
Qardaşında həmişə əyilib başım.
O sizə gəlibdir çox nahaq yerə,
Tammam başqa şəxsdir bu günkü Dürrə.
Sevdiyim Dürrəyə dedim o şeiri,
Keçmişi nə lazım qaytaraq geri.
Ayrı cür yazıldı talelərimiz,
İndi yaxşı olar, uzaq olsaq biz.


Mehdixan dayımın kədərli baxışlarından hər şeyi başa düşən Dürrə ağlaya-ağlaya geri qayıdır.
Rəna Zülfüqarova necə Rəna Məmmədzadə oldu?-
sualına həmsöhbətim belə cavab verdi:


-Mənim həyat yoldaşım Məmməd Məmmədzadə Muğan zonasında 1935-ci ildən 1984-cü ilə qədər müxtəlif maddi-məsul vəzifələrdə çalışıb. O, Gəncədəki Kənd Təsərrüfatı İnstitutunun zootexnik fakültəsini bitirib. Böyük vətən müharibəsi iştirakçısı olub, kapitan rütbəsinə qədər yüksəlib. Yaxasını döyüş orden və medalları bəzəyirdi. Sözün düzü, bilmirəm o, məni Gəncədə, yoxsa Salyanda görüb bəyənmişdi. 39 il birgə yaşamağımıza baxmayaraq mən bunu ondan soruşmamışam. Toyumuz 1947-ci ilin mart ayının 27-də oldu. Dayılarım Mehdixan, Səməd Vurğun və digər qohum-əqrəba bizə xeyir-dua verdilər. Həyat yoldaşım Masallıda torpaq şöbəsinin müdiri, Salyan rayon XDS İcraiyyə komitəsinin sədri, Salyan kənd təsərrüfvtı texnikumunun direktoru, “Şirvan” dövlət qoruğunun direktoru vəzifələrində çalışıb. 1949-cu ildə tütünçülük sahəsində qazanılan uğurlara görə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülüb. Biz Masallıda, Salyanda yaşayanda Səməd dayım dəfələrlə respublikamızın görkəmli şairləri, yazıçıları, alimləri ilə birlikdə evimizdə qonaq olmuşdur. Biz də Mehdixan dayımgildə, Səməd dayımgildə keçirilən ailə şənliklərinin müntəzəm iştirakçısı olmuşuq. Səməd Vurğun Salyanda evimizdə qonaqlıqlar olanda rayonun incəsənət ustalarını, xüsusən də Qulu Əsgərovu, qarmonçalan Rza Şıxlarovu dinləməyi xoşlayırdı. Təsərrüfat rəhbərlərindən Qüdrət Səmədov, Aslan Qəhrəmanov da bu məclislərin daimi iştirakçısı olardı. Səməd dayım Neftçaladan Lənkərana qədər tutmuş hansı cənub rayonunda olurdusa, hökmən bizə zəng edərdi:
-Hökumət (o, yoldaşımı belə çağırırdı), necəsiniz? Bacıqızı, uşaqlar necədir?
Xoş-beşdən, hal-əhval tutduqdan sonra deyərdi:
-Narahat olma, ürəyimiz istəyən qədər yeyib-içmişik. Biz Salyana gələnə qədər samovarlı çay həyətdə hazır olsun. Gəlim görüm ki, samovar qaynayır, başında da çayniki var.
Əlbəttə, Səməd Vurğun elə bir şəxsiyyət idi ki, o, evə gələndən yarım saat sonra rayonun bütün ziyalıları bizə toplaşırdı, böyük ziyafət qurulurdu. Doğrudan da, dayım burada ancaq samovar çayı içirdi.
Biz birinci uşağımızı körpə ikən itirmişdik. Ona görə ikinci övladım Elmira dünyaya gələndə onun üstündə tir-tir əsirdik. Elmira da tez-tez xəstələnirdi. Məsləhət oldu ki, uşağı Bakıda həkimə göstərək. Mehdixan dayım arvadı Ruqiyyə xanımla uşağı həmin dövrün görkəmli pediatrı olan Daşinskaya familiyalı bir həkimə göstərdi. Onda indiki kimi uşaq bələkləri yox idi. Qızı rəngbərəng parçalarla bələmişdik. Həkim bələyi açdıqda dodaqaltı qımışırdı. Mən ona baxıb dedim:
-Neyləyək, ay həkim, kəndçiyik də.
Həkim rus dilində Ruqiyyəyə nə isə dedi. Hər ikisi şaqqanaq çəkib güldü (sonra dayıdostumdan öyrəndim ki, həkim deyib ki, kəndçiyə bax, gözəlliyi adamı valeh edir, görəsən hansı qəhrəmanın arvadıdır? Ruqiyyə də cavab verib ki, düz tapmısan, bunun əri müharibə və əmək qəhrəmanıdır). Dayım Mehdixan bizi dəhlizdə gözləyirdi. Həkim uşağa baxdıqdan sonra məndən soruşdu:
-Evdə qayınanan var?
Dedim ki:
-Bəli.
-Uşağın beşiyi var?
Onu da təsdiqlədim.
-Səbəbkar nənə və beşikdir. Uşağı çox yırğalayırsınız. Ona görə də uşağın sinir sistemi və mədə-bağırsağı pozulur. Yırğalamağı tərgitsəniz, hər şey yaxşı olacaq. Uşaq tam sağlamdır (yeri gəlmişkən, onu da deyim ki, Elmiradan sonra 3 oğlum-Nizami, Vaqif, İbrahim və bir qızım Nüşabə də dünyaya gəldilər. Şükür Allaha, onlar da ailə qurub, ev-eşik sahibi oldular. Maşallah, 10-dan çox nəvəm var).
Axşam Mehdixan dayımgildə qaldıq. Səməd dayım Bakıda olduğumuzu bilib ertəsi gün bizi qonaq çağırdı. Qonaqlıqda Mehdixan dayım, həyat yoldaşımla mən və Səməd Vurğunun yazıçı dostları da iştirak edirdilər. Məclisin şirin yerində Xavər (Səməd Vurğunun arvadı) qəflətən dedi:
-Ay Səməd, bir bax, Rəna gözlərindən Dürrəyə oxşayır.
Səməd dayım heç bir söz demədi. Sağ əlini alnına dayayaraq, papirosu-papirosa caladı, məclisdə pərtlik yarandı. Mehdixan dayım içəri girəndə yaranmış naqolaylığı sezdi və soruşdu:
-Nə olub?
Xavər yenə də dilləndi:
-Ay Mehdixan qağa, dedim ki, Rəna gözlərindən Dürrəyə oxşayır, bu sözüm Səmədin xətrinə dəydi.
Mehdixan dayım tez dilləndi:
-Rəna Dürrəyə yox, anası Sultana oxşayır. Baxın görün Sultan gözəllikdə aranızda xanım varmı?
Hamı gülüşdü. Məclis yenə də axarına düşdü. Doğrudan da, anam çox gözəd qadın idi (o, 1976-cı ildə vəfat edib). Səməd dayım anamı evində qonaq saxlamağı çox xoşlayardı. Həmişə də anama tapşırarmış ki, bacı, tezdən duranda samovarı qaynar, çayı dəmdə görüm. Anam elə belə də edərmiş. Səhər tezdən Səməd dayım anamı və Xavəri oyadıb güzgünün qabağına aparar və deyərmiş ki, atamız Yusif ağa deyirdi ki, yatağından duranda gözəl görünən qadın ilahi gözəldir, təbii gözəldir. Kosmetika ilə gözəlləşən qadın isə süni gözəldir. Təbiidir ki, bu güzgü qarşısındakı “gözəllik müsabiqəsinin” qalibi həmişə anam olurmuş. Qayıdaq Səməd dayımgildəki qonaqlığa. Bu məclisdə çox sağlıqlar deyildi, hamıya xoşbəxtliklərlə dolu günlər arzulandı, həyat yoldaşıma və mənə də səadət dolü günlər dilədilər. Səməd dayım ayağa qalxıb bədahətən aşağıdakı şeiri dedi:
Bacım qızı Rəna xanım,
Gözləri bir məna xanım.
Dayının canı sağ olsun,
Düşsə bəxtimə, payıma
Yazacam səndən poema.

Xüsusilə onu qeyd etmək istəyirəm ki, Səməd dayım akademik, görkəmli şair, SSRİ Ali Sovetinin deputatı olmasına baxmayaraq, çox sadə insan idi. Böyüklə-böyük, kiçiklə-kiçik idi. Hətta kasıb adamın evində şor-çörək yesəydi, gəlib deyərdi ki, filankəs mənə toğlu kəsdi. Dayım Salyanda olanda Kürün sahilində oturub qırçın ləpələrin seyrinə dalmağı çox xoşlayırdı. O, Heyvalıq tərəfdə Kürün sahilində yaşayan sadə bir müəllimin-Sadıq Məmmədovun bağında yaşıllıqlar altında oturub dəfələrlə çay-çörək yemişdi. Dayım deyirdi ki, Rəna, Sadıq müəllimin evində içdiyim samovar çayının, yediyim çörəyin dadı-duzu uzun müddət ağzımdan getmir.
Səməd dayım tez-tez xaricə gedərdi. Yaxşı xatırlamıram, ya Amerikaya, ya İngiltərəyə, yada da Vyetnama səfərindən sonra onun səhhətində problemlər yarandı. Həkimlər onda bədxassəli şiş olduğunu müəyyənləşdirdilər. Həyat yoldaşımla mən dayım xəstə olanda dəfələrlə ona baş çəkmişik. Qəlbi işıqlı arzularla dolu olan bu insan 1956-cı il may ayının 27-də haqqı dünyasına qovuşdu. Həyat yoldaşım sağ olana kimi (1986-cı ilə qədər) dayılarımın ailələri ilə get-gəlimiz olub. İndi çox yaşlı olduğuma görə maşına minə bilmirəm. Ona görə də Bakıya getmək imkanım yoxdur. Səməd dayımın həyat yoldaşı Xavər xanım 2006-cı ilin fevral ayında rəhmətə getdi. Onda Vaqifə və Aybənizə telefonla zəng vurub başsağlığı verdim. Bilirsən ay oğul, əvvəlki kişilər xalq üçün çalışmaqdan mənəvi zövq alan insanlar idi. Sizə bir hadisəni danışım, özünüz nəticə çıxarın. Mehdixan dayım pedaqoji institutun rektoru idi. O, məni asanlıqla pedaqoji fakültəyə qəbul etdirə, oxutdura bilərdi. Lakin dedi ki, Rəna, sən Sabir adına pedaqoji texnikumu bitirsən bəsindir. Qoy bir başqa uşaq bu pedaqoji fakültədə oxusun. Elə də etdim. Sabir adına pedtexnikumu bitirdim. Əlbəttə, son yüz ildə Azərbaycanın ictimai fikir tarixinə generallar, görkəmli şəxsiyyətlər bəxş edən Vəkilovlar sülaləsinin müqəddəs qanının mənim damarlarımdan da axmasından iftixar və qürur hissi keçirirəm. Çox sağ olun ki, məni axtarıb tapmısınız. Xatirələrimin müəyyən qismini oxucularla bölüşdüyümə görə məmnunam.

-Çox sağ olun, Rəna xanım Vəkilova-Zülfüqarova-Məmmədzadə!

Fəxrəddin FƏRZƏLİYEV,
“Qələbə” qəzeti, 27 aprel-10 may 2006.



P.S. Rəna xanım Məmmədzadə 2010-cu ildə 82 yaşında Haqq dünyasına qovuşub. Allah rəhmət eləsin.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:43 Gülnarə İsrafil: İçimdə ölənlər Yazıya başlamadan cümlə qurmaq o qədər çətinimə gəlir ki, elə bilirəm tikdiyim binanın nə isə hasarı, ya rəngi, ya da bir kərpici əskik qalıb. Onu dönüb dolanıb tamamlamağım gərək. Belə də olur. İki gün yazının başına pərvanə oluram. Hələ bir vaxt heç yaza bilmirdim. Sətirlər məni qorxudurdu. İndi
11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az