t s

» » “NƏ ÜÇÜN SUSUBLAR, NİYƏ DANIŞMIRLAR?” – Prezidentin müşavirədəki çıxışlarının TAM MƏTNİ + VİDEO

“NƏ ÜÇÜN SUSUBLAR, NİYƏ DANIŞMIRLAR?” – Prezidentin müşavirədəki çıxışlarının TAM MƏTNİ + VİDEO

14-04-2020, 22:20 Yazar:  Samir Baxılıb: 139 Çap et
“NƏ ÜÇÜN SUSUBLAR, NİYƏ DANIŞMIRLAR?” – Prezidentin müşavirədəki çıxışlarının TAM MƏTNİ + VİDEO
Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.

Mediaxeberleri.Az
AZƏRTAC-a istinadla xəbər verir ki, müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyev Azərbaycanda islahalatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını deyib. Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan dövlət başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirib. İqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını deyib, ilin birinci rübünün iqtisadi göstəricilərindən danışıb.



Sonra Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov məruzə ediblər.




Ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük.

Ona görə bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Ancaq bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər.



Ancaq bir daha demək istəyirəm ki, koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Ona görə biz də, sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq. Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür. Hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq.

O ki qaldı, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinə, bu da qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır.



Ancaq bir daha demək istəyirəm ki, iqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır. Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bundan əvvəl də bildirmişdim. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır və bunun nəticəsində biz həm keçən il, həm də bu ilin üç ayında büdcəmizə əlavə maliyyə vəsaiti daxil edə bilmişik. Ancaq hesab edirəm ki, burada hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda, cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir.

Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq. Eyni zamanda, hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir. Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur.

Son müddət ərzində bu ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox vəsait daxil edilibdir, bu ilin üç ayında 300 milyon manatdan çox. Ona görə bu məsələyə çox diqqətlə baxmaq lazımdır və təkliflər hazırlanmalıdır. Yenə də demək istəyirəm ki, biz bilmirik bu vəziyyət nə qədər çəkəcək. Ona görə öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin.

Əlbəttə ki, biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, 600 mindən çox insan, hansı ki, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirib, dövlət tərəfindən dəstəklə təmin edilir. Bu insanların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə qeydiyyata salırlar. Biz burada da çox diqqətli olmalıyıq, sui-istifadədən uzaq olmalıyıq.

Bu, həm vətəndaşlara aiddir, həm də dövlət orqanlarına. Doğrudan da işini itirmiş, yaxud da ki, işləməyən insanlara yardım göstərilməlidir. Çünki mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar.

Onu da bildirməliyəm ki, mənim göstərişimlə son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayı artırılıb, indi 70 mindən çoxdur. Əlbəttə ki, hər bir məsələyə biz ayrı-ayrılıqda baxmalıyıq, vahid meyarlar tətbiq olunmalıdır və bu meyarlar vətəndaşlara da aydın olmalıdır ki, bununla bağlı heç kimdə heç bir şübhə qalmasın.



Əlbəttə ki, həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir. Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin Prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir.

Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək.

Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi - sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik.



Struktur islahatları aparılıb və hesab edirəm ki, struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxmalıyıq. Siyasi islahatlar göz qabağındadır, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin.

Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq.

Bu islahatların məntiqi davamı parlament seçkiləri idi və bu ilin fevral ayında keçirildi. Parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır.



Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək. İndiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.

Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi.

Əlbəttə, bəlkə mən hadisələri bir qədər qabaqlayıram. Çünki bu proses hələ təzə-təzə başlayır. Ancaq bəlkə ona görə qabaqlayıram ki, mən bu prosesin sürətlə getməsini arzulayıram. Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir.



O ki qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq. Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salıblar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Ondan sonra qorxaqcasına qaçıb gizləndilər. Həmin bu adamlar Azərbaycana böyük zərbə vurmuşlar, vətəndaş müharibəsinə start vermişlər. Torpaqlarımız işğala düşən zaman burada qardaş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi və səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi.

Ona görə bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz. Onu bildirməliyəm ki, həmişə nəyisə gözləyirlər və həmişə xarici amilə ümid edirlər. Yadınıza salın, 2005-ci ildə postsovet məkanında inqilablar baş verdiyi zaman onlar da bundan ruhlanıb “narıncı inqilab” etmək fikrinə düşmüşdülər. Hətta özləri üçün ayrı bir rəng də seçməkdə çətinlik çəkdilər, Ukraynadan o vaxt narıncı rəngi götürüb burada tətbiq etmək istədilər. Narıncı rəngdə maykalar, bantlar sifariş edib ölkəmizə gətirdilər. Ancaq bir şeyi nəzərə almadılar ki, o vaxt, 2005-ci ildə parlament seçkiləri noyabr ayında keçirilmişdi. Noyabrda artıq soyuqlar başlayır. O gülməli mənzərə yadımdadır ki, bunlar pencəyin, paltonun üstündən narıncı maykaları geyib küçələrə çıxmışdılar. Bəziləri isə boyunlarına salmış, bəziləri başlarına bağlamışdılar. Bu, bir komediya mənzərəsi yaradırdı. Bax, budur bunların qabiliyyəti. O da alınmadı.



Ondan sonra “ərəb baharı” başlayanda yenə də ruhlandılar ki, bunların əlinə bir fürsət düşəcək. 2011-2012-ci illərdə Azərbaycanda “ərəb baharı”nın təkrarlanmasını istəmişdilər. O da alınmadı. 2013-cü ildə prezident seçkiləri ərəfəsində hansı eybəcər addımlar atmışdılar, onu hər kəs xatırlayır.

İndi isə koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır.

Hesab edirəm ki, bizim bu ilin əvvəlindən beynəlxalq müstəvidə də fəaliyyətimiz uğurludur. Mənim Davos Forumunda və Münxen Konfransında iştirakım, hesab edirəm ki, çox müsbət nəticələrə gətirib çıxarıb. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyanın bir nömrəli beynəlxalq iqtisadi tədbiridir və dünyanın siyasi, iqtisadi elitası orada iştirak edir. Mən Azərbaycana böyük marağı bir daha gördüm, bunun şahidi oldum. Dünyanın nəhəng şirkətləri Azərbaycanla işləmək istəyirlər. Növbəti addımların atılması və yeni razılaşmaların imzalanması üçün yaxşı şərait yaradılmışdır. Davos Forumunda keçirdiyim bir çox görüşlər konkret nəticəyə gətirib çıxarır. Azərbaycana sərmayə qoyulur, böyük şirkətlər Azərbaycanla daha fəal əməkdaşlıq edir və sair.

O ki qaldı, Münxen Təhlükəsizlik Konfransına, bu da dünya miqyasında təhlükəsizliklə bağlı bir nömrəli konfransdır. Bu dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imkan oldu ki, canlı efirdə həm tarixi həqiqətlər, həm münaqişə ilə bağlı həqiqətlər geniş auditoriyaya çatdırılsın. Çünki bu auditoriya milyonlarla insanı əhatə edir. Nəzərə alsaq ki, tarixdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri canlı efirdə debatda idilər. Bu debatlara çox böyük maraq var idi. Bu, bir daha göstərdi ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub. Bizim sözümüz isə tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslanır. Ona görə Münxen Təhlükəsizlik Konfransının yekunları Ermənistan təbliğatını darmadağın edib və bunların uzun illər ərzində uydurduğu yalan məlumatlara son qoyub. Əlbəttə, istisna edilmir ki, bu cəhdlər bundan sonra da göstəriləcək, ancaq artıq buna heç kim inanmayacaq.



Ona görə hesab edirəm ki, həm münaqişə ilə bağlı, həm Cənubi Qafqazın tarixi ilə bağlı keçirilmiş bu tədbir bizim böyük uğurumuzdur. Azərbaycan xalqı mənə göndərilən on minlərlə mesajlarda, məktublarda öz dəstəyini bir daha ifadə etmişdir.

Münaqişə ilə bağlı onu da bildirməliyəm ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.

Ancaq istəyirəm Azərbaycan vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir.

Avropa Şurası Parlament Assambleyası susubdur. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır.

Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb.

Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər. Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir.

Biz isə öz yolumuzla gedirik. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bütün beynəlxalq aləmin bu qondarma “seçkilər”ə olan reaksiyası bizim mövqeyimizi daha da gücləndirir.

Beynəlxalq tədbirlərdən danışarkən, əlbəttə ki, Azərbaycanın təşəbbüsü ilə videokonfrans şəklində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünü qeyd etməliyəm. Azərbaycan keçən ilin oktyabr ayında bu təşkilatda sədrliyi öz üzərinə götürmüşdür. Bu təşəbbüs irəli sürüldü. Bildirməliyəm ki, Türk Şurası bu günə qədər dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı Zirvə görüşü keçirib. Görüş çərçivəsində səslənən fikirlər, qarşılıqlı dəstək, həmrəylik və qəbul edilmiş yekun Bəyannamə bir daha göstərdi ki, bizim təşkilatımızın çox möhkəm əsasları var və ağır gündə biz bir-birimizin yanındayıq. Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü burada çox yerində və vaxtında atılmış addımdır, bütün həmkarlarım bunu qeyd etmişlər.

İqtisadi nailiyyətlərimizlə bağlı bir daha demək istəyirəm ki, biz yanvar, fevral aylarını çox yaxşı göstəricilərlə başa vurmuşuq. Ümumi daxili məhsul 3 faizə yaxın artmışdır, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olmuşdur. Ancaq əgər üç ayı götürsək ümumi daxili məhsul 1,1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artıb. Yenə də artım var. Ancaq, əlbəttə, əgər koronavirus araya girməsəydi, bu artım daha da böyük olacaqdı.

Qeyri–neft sənaye sektorunda artım 23 faizdir. Bu da onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir. İnflyasiya 3 faiz səviyyəsindədir, ilin iki ayında 2,8 faiz idi, bir qədər artıb. Əhalinin gəlirləri isə 7 faizə yaxındır. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil etmişlər. Xüsusilə nəzərə alsaq ki, indi iqtisadi fəallıq aşağı düşüb, bu, hesab edirəm ki, yaxşı nəticədir, yenə də şəffaflıqla bağlı olan tədbirlərin bariz nümunəsidir.

Bildirməliyəm ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrıldı. Bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, hələ 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Bu, 2,5 milyard manatın içində deyil. Bütün sosial ödənişlər aparılır. Hesab edirəm ki, orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür. İndi bizim orta aylıq əməkhaqqımız 712 manatdır, orta pensiya 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır. Yəni, biz maaşları, pensiyaları ildən-ilə artırırıq. Əlbəttə ki, keçən il çox böyük artım olmuşdu, 4,2 milyon insan dövlət tərəfindən qəbul edilmiş proqramlardan yararlanıb. Bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək.

Bir sözlə, demək istəyirəm ki, üç ayın yekunlarını prinsip etibarilə müsbət qiymətləndirmək olar. Ancaq bir daha demək istəyirəm ki, heç kim bilmir pandemiya nə qədər davam edəcək və iqtisadi fəallıq nə zaman bərpa olunacaq. Biz bütün addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq.

Onu da bildirməliyəm ki, mənim Sərəncamımla sosial, iqtisadi, maliyyə, makroiqtisadi vəziyyəti sabit saxlamaq üçün dörd işçi qrup yaradılmışdır. Bu qrupların rəhbərləri görülmüş işlərlə bağlı bu gün məlumat və təkliflər versinlər.

X X X

Dövlətimizin başçısı müşavirəyə yekun vurdu. Prezident İlham Əliyevin yekun çıxışı

- Bir daha demək istəyirəm ki, son illər kənd təsərrüfatı sahəsində müsbət dəyişikliklər baş verir. Elektron Kənd Təsərrüfatı Proqramı icra edilir. Fermerlərə subsidiyaların verilməsi mexanizmi təkmilləşdirilib və artıq kartlar da verilibdir. Bu, çox müsbət haldır, yəni, kənd təsərrüfatı müasir standartlara cavab verməlidir. Belə olan halda, əlbəttə ki, həm məhsuldarlıq artacaq, həm kənddə işləyən insanlar əmək sərf edəcəklər, həm də daxili bazarı təmin edəcəyik və xarici bazarlara da daha geniş çeşiddə məhsullarla çıxa biləcəyik. Kənd təsərrüfatı ilə bağlı olan əsas məsələ məhsuldarlığı artırmaqdır. Kənd Təsərrüfatı Nazirliyi artıq bu istiqamətdə işlər görür, demək olar ki, yetişdirilən bütün növ məhsullar üzrə məhsuldarlıq ildən-ilə artır. Amma biz bilməliyik ki, əhalimiz artır və daxili istehlak da artacaq. Ona görə kənd təsərrüfatının istehsalı yüksək templərlə inkişaf etməlidir ki, biz həm daxili tələbatı ödəyə bilək, eyni zamanda, ixrac bazarlarına da öz məhsulumuzu çatdıra bilək.



Hesab edirəm ki, qeyd etdiyiniz məsələlərin həlli üçün, əlavə vəsait ayrılmalıdır. Mikrokreditlərin verilməsi üçün Prezidentin ehtiyat fondundan vəsaitin ayrılması nəzərdə tutulmalıdır. Hesab edirəm ki, bu məqsədlər üçün 30 milyon manat vəsait ayrıla bilər və müvafiq Sərəncam layihəsi də hazırlansın, mənə təqdim edilsin.

Quraqlıqla bağlı dedikləriniz çox ciddi məsələdir, bu, böyük narahatlıq doğurur. Çünki bu meyl davam edə bilər. Bilirsiniz ki, dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var. Bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi də istisna deyil.

Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlığı xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir. Heç kimə sirr deyil ki, su olan yerdə məhsuldarlıq da artır və insanların dolanışığı da yüksəlir. Məhz bu məqsədlə ölkəmizdə bir neçə önəmli genişmiqyaslı layihə icra edilmişdir. Əgər Şəmkirçay su anbarı, Taxtakörpü su anbarı vaxtında tikilməsəydi, kanallar çəkilməsəydi, o sudan qidalanan rayonlarda böyük çətinliklər ola bilərdi. Biz son bir neçə il ərzində orta hesabla təqribən yüz min hektara yaxın torpağa suyun verilməsini təmin edirik. Bunlar vaxtilə suvarılmayan, yaxud da ki, suvarılması lazımi səviyyədə olmayan torpaqlardır.

Ona görə bundan sonra da kənd təsərrüfatının və fermerlərin bu sahədə tələbatını ödəmək üçün gərək yeni proqram tərtib edilsin. Biz köhnə metodlarla gedə bilmərik. Çünki bu metodların səmərəliliyi özünü doğrultmur. İndi dünya texnologiyaları bütün sahələrdə inkişaf edir, o cümlədən meliorasiya sahəsində. Biz indi bu işləri dədə-baba üsulu ilə görə bilmərik. Yeni texnologiyalar tətbiq edilməlidir. Mənə verilən məlumata görə, bəzi yerlərdə suyun itkisi 40-50 faizə çatır. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük investisiya qoyulub. Amma vaxtilə tikilmiş qurğuların, infrastrukturun bir çoxu çürüyüb və həm suyun çatdırılmasına imkan vermir, həm də ki, o sızmalar torpağın şoranlaşmasına gətirib çıxarır. Ona görə biz burada iki ziyan görürük.

Onu da bilməliyik ki, bizim su ehtiyatlarımız o qədər də geniş deyil və əsas su mənbələrimiz sərhədlərimizin kənarında formalaşır. Ona görə hər damcı su bizim üçün önəmlidir. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Sovet vaxtında tikilmiş su kanallarımızın demək olar ki, hamısı torpaq kanallardır. Son vaxtlar biz ancaq beton kanallar tikirik və vaxtilə tikilmiş torpaq kanalları betona alırıq. Beləliklə, su itkisinin qarşısını alırıq. Ancaq hesab edirəm ki, daha irəli baxmalıyıq. İndi dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, bizim iqlimimizə oxşar iqlimi olan ölkələrdə təcrübə var, orada məhsuldarlıq da çox yüksəkdir və bu təcrübə Azərbaycanda tətbiq edilməlidir.

Ona görə hesab edirəm ki, bu sahədə ciddi irəliləyişə nail olmaq üçün xüsusi komissiya yaradılmalıdır. Su ehtiyatlarından səmərəli istifadə etmək üçün komissiya yaradılacaq. Hesab edirəm ki, komissiyaya Baş Nazirin müavini Şahin Mustafayev rəhbərlik etməlidir. Çünki Şahin Mustafayev İqtisadiyyat naziri işlədiyi dövrdə bu məsələ ilə fəal məşğul olub və mənə müntəzəm olaraq məruzələr edib. Komissiyada aidiyyəti qurumların rəhbərləri - Kənd Təsərüfatı naziri, İqtisadiyyat naziri, Ekologiya və Təbii Sərvətlər naziri, "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin, "Azərsu" Səhmdar Cəmiyyətinin rəhbərləri və digər aidiyyəti qurumların rəhbərləri təmsil olunmalıdırlar ki, konkret tədbirlər planı hazırlansın. Demək olar ki, indi təhlillə bağlı materiallar və belə məlumatlar var. Əsas məsələ odur ki, nə etməliyik, hansı addımlar atmalıyıq. Yəqin, xarici mütəxəssisləri də cəlb etməliyik ki, bizə yaxşı məsləhətlər versinlər. Biz suyun hər bir damcısının qədrini bilməliyik.

Beləliklə, bugünkü müşavirəmiz başa çatmaq üzrədir. Bildirməliyəm ki, əlbəttə, bizim iqtisadi və sosial planlarımız yerindədir. Koronavirus planlarımıza müəyyən təsir etsə də, bizi əsas yolumuzdan döndərə bilməz. Əlbəttə ki, indi bizim bütün səylərimiz koronavirusla mübarizəyə yönəldilib. Bu da təbiidir. Məhz bu məqsədlə mənim Sərəncamımla Baş Nazirin rəhbərliyi altında Operativ Qərargah yaradılıb. Qərargah çox səmərəli işləyir, 24 saat çalışır. Demək olar ki, mən də 24 saat əlaqədəyəm. Gün ərzində bəlkə də 5-6 dəfə zəngləşirik, danışırıq. Deyə bilərəm ki, əgər vaxtında bu addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün biz daha da böyük problemlərlə üzləşə bilərdik.

Biz özümüzü bu günə qədər demək olar ki, çox böyük problemlərdən qoruya bildik. Son iki günün dinamikası, yəni, xəstələrin və sağalanların sayı arasındakı dinamika müəyyən nikbinliyə yol açır. Amma mən hələ ki vaxtı qabaqlamaq istəmirəm, hələ ki təhlil aparılır. Bildiyiniz kimi, karantin rejimi ayın 20-nə qədər qüvvədədir. Növbəti həftə ərzində həm Operativ Qərargah, həm bütün digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, ayın 20-dən sonra biz hansı addımları atmalıyıq, karantin rejimi qüvvədə qalacaq ya yox, qalacaqsa hansı formada qalacaq. Biz yumşalmaya nə vaxtdan başlaya bilərik. Biz bütün bunları gərək dəqiq bilək. Bir daha demək istəyirəm ki, əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır. İqtisadiyyat bərpa olunar. Biz indi fəal işləyirik və işləyəcəyik ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq.

Koronavirusla bağlı addımlar ardıcıllıqla atılır. Bizdə indi 20-dən çox xəstəxanada xəstələr müalicə alır. Eyni zamanda, 4-5 ulduzlu otellərdə, o cümlədən Atletlər kəndində karantində olan vətəndaşlar yerləşdirilib. Biz artıq 70 mindən çox test keçirmişik və keçirilən testlərin sayına görə dünya miqyasında 30-cu yerlərdəyik. Həkimlərə diqqət göstərilir, onların maaşları 3, 4, 5 dəfə artırılıbdır. Biz maska istehsalına başlamışıq və bir müəssisə artıq fəaliyyətə başlayıb. Mənə verilən məlumata görə, digər müəssisə də fəaliyyətə başlayır. Bu da çox müsbət haldır. Əlavə 10 modul tipli xəstəxananın tikintisi artıq başlamışdır. Onlardan altısı dövlət, dördü isə özəl sektor tərəfindən inşa ediləcək. Bizim ən müasir xəstəxanamız – “Yeni klinika”, keçən ayın sonunda istifadəyə verildi. Bu 575 çarpayılıq ən müasir klinikamız koronavirus xəstələrinin sərəncamına verildi. Mən klinikanın açılışında qeyd etmişdim ki, biz bu xəstəliyə görə bu klinikanı vaxtından bir qədər əvvəl istifadəyə verdik və o tədricən fəaliyyətə başlayır. Son məlumata görə, artıq bu klinikada 100 koronavirus xəstəsi müalicə alır. Deməli orada çarpayıların istifadəyə verilməsi prosesi davam edir və bütün imkanlar maksimum səfərbər olunubdur.

Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır.

Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq.

Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az