t s

» » 9 fevralda keçiriləcək parlament seçkiləri ilə bağlı vəziyyət demokratik seçkiləri labüd edir - Çünki...

9 fevralda keçiriləcək parlament seçkiləri ilə bağlı vəziyyət demokratik seçkiləri labüd edir - Çünki...

30-01-2020, 09:10 Yazar:  Samir Baxılıb: 40 Çap et
9 fevralda keçiriləcək parlament seçkiləri ilə bağlı vəziyyət demokratik seçkiləri labüd edir - Çünki...9 fevral növbədənkənar parlament seçkiləri kampaniyası davam edir. Hazırda deputatlığa namizədlərin təbliğat-təşviqatı aparılır. Hər bir namizəd bacarığı, resursları çərçivəsində bu prosesi həyata keçirməkdədir. Seçkilərin indiyəqədərki mərhələlərində ciddi bir qanun pozuntuları, yerlərdə namizədlərə maneələr nəzərə çarpmayıb. Namizədlərin qeydə alınması prosesində çox liberal yanaşmanın şahidi olduq. Təşviqat kampaniyasında isə icra strukturlarının namizədlərə əngəllər törətməsi ilə bağlı şikayətlər demək olar ki, yoxdur. Bir-iki namizədin yerlərdə xırda məmurların yaratdığı problemlərlə bağlı gileyləri olub, onlar da yuxarı instansiyalara müraciətdən sonra aradan qaldırılıb.

Tanınmış partiya sədrləri, deputatlığa tanınmış namizədlərin bir neçəsi ilə söhbətimizdən də bu nəticəyə gəldik ki, prosesin gedişatı hər kəsi qane edir.

52 saylı Quba seçki dairəsindən deputatlığa namizəd Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, seçki kampaniyası çox yüksək səviyyədə davam edir: “Şəxsən mən yanvarın 14-dən Qubadayam. Yanvarın 17-dən isə təbliğat-təşviqat kampaniyamız gedir. İstər imzatoplama mərhələsində, istər qeydiyyata alınma zamanı, istərsə də indiyə qədərki təbliğat-təşviqat mərhələsində heç bir problemlə, maneə ilə rastlaşmamışıq. Seçicilərlə görüşlərimiz davam edir. Bizim dairədə hazırda 14 namizəd var. Hər bir namizəd üçün şərait yaradılıb. Görüşlər keçirirlər, yerli icra strukturları tərəfindən heç bir maneə yoxdur. Seçkilərə heç bir müdaxilələrin olmamasını əhali də çox müsbət qarşılayır. Seçicilərlə görüşlərdə bir daha şahid oluruq ki, insanlar ölkədə gedən islahatları dəstəkləyir, parlament seçkilərinin də islahatların davamı olduğunu bilirlər və aktivdirlər. Mən həmişə demişəm ki, Qubada hər zaman demokratik seçkilər keçirilib. Bu dəfə də əvvəlkilərdən daha yüksək səviyyədə seçki prosesi gedir. Məlumatlarıma əsaslanaraq deyə bilərəm ki, ölkə boyunca da seçki kampaniyası prosesi demokratik şəraitdə gedir. Prosesin gedişatı onu göstərir ki, demokratik seçki keçiriləcək və problem olmayacaq”.

Vahid Əhmədov onu da bildirdi ki, 52 saylı dairədə də namizədliyini irəli sürən və lazımi sənədləri, imzaları təqdim edənlərin demək olar hamısı qeydə alınıb: “Bizim dairədə 18 nəfər namizəd qeydə alınmışdı. Seçki dairələrində kimlərsə namizədliyini geri götürür, bunun da səbəbi hər hansı maneələr yaradılması deyil. Seçki siyasi mübarizə meydanıdır. Elə insanlar var ki, mübarizəni sona qədər aparmaq imkanında deyillər. Hələ indiyə qədər Azərbaycanda keçirilən heç bir parlament seçkilərində budəfəki seçkilərdə olduğu qədər deputatlığa namizəd qeydə alınmayıb. Bu seçkilər rekord oldu və bunun özü çox şeydən xəbər verir. İnsanların seçkiyə bu qədər maraq göstərməsi ondan irəli gəlir ki, insanlar ölkə prezidentinin apardığı islahatların demokratiyanın inkişafına da hədəfləndiyinin fərqindədirlər. Mən baxıram, bütün spektrlərin təmsilçilərindən seçkilərdə namizəd olanlar var. Bu günə qədər müşahidə etdiyimiz proses 9 fevral seçkilərinin Azərbaycanın tarixinə yazılacağını söyləməyə əsas verir”.

Ana Vətən Partiyasının sədri, 60 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı isə bildirdi ki, seçkilər başlandığı andan bu günə qədər Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müddəalarına və Konstitusiyasına, digər müvafiq qanunlarına uyğun olaraq bütün deputatlığa namizədlər üçün bərabər şərait yaradılıb: “Bu sirr deyil ki, əvvəlki seçkilərdən fərqli olaraq 6-cı çağırış Milli Məclisə seçkilər daha böyük siyasi fəallıqla müşayiət olunmaqdadır. İlk növbədə deputatlığa namizədlərin sayı bu dəfə rekord səviyyəyə çatdı. Daha bir rekord bu parlament seçkilərində gənclərin də namizədliklərini irəli sürməsində oldu. İndiyə qədər heç bir parlament seçkilərində indiki qədər gənclər seçkidə namizəd olmayıblar. Elə seçki dairələri oldu ki, namizədlərin sayı 40-a qədər yüksəlmişdi. Şübhəsiz ki, namizədlərin sırasında imkanları seçilmək, xalqdan dəstək qazanmaq üçün yetərli olanlar da var, imkanları az olanlar da. Tam məsuliyyətlə demək olar ki, seçki kampaniyasının birinci mərhələsində-yəni sənədlərini seçki komissiyasına təqdim etmək, imza vərəqələrini almaq, imza toplamaq, qeydiyyata alınması mərhələləri, həmçinin təbliğat-təşviqat prosesində bütün seçki prosesi tam demokratik keçib. Bu demokratik mühit hazırda davam etməkdədir. Bizim partiyanın başqa seçki dairələrində də namizədlərimiz var. Onlarla da tez-tez fikir mübadiləmiz olur, vəziyyəti öyrənirəm. Onlar da birmənalı şəkildə ifadə edirlər ki, bu günə qədər seçki kampaniyasında heç bir məhdudiyyətlə, maneələrlə üzləşməyiblər, bütün namizədlər üçün bərabər imkanlar yaradılıb. Bütün seçki dairələrinin ərazisində görüşlər üçün yerlər ayrılıb. Namizədlər görüşlərini hər hansı maneələr olmadan keçirirlər. Ölkə üzrə çox demokratik, yüksək səviyyəli seçki kampaniyası prosesi getməkdədir. Bu da bizi bir daha əmin edir ki, 9 fevral seçkilərində Azərbaycan bir daha dünyaya demokratiya nümunəsi təqdim edəcək”.

F.Ağamalı qeyd etdi ki, özünün seçki kampaniyasını peşəkar komandası ilə uğurla davam etdirir: “Mən təcrübəli komanda ilə seçki marafonuna qoşulmuşam. Demokratik seçki mühitinin olması da bizə imkanlar açır. Əhalinin sosial maraqları, ölkəmizin maraqları ilə bağlı deputatlıq fəaliyyətimdə intensiv çıxışlarım, irəli sürdüyüm təkliflər, aktiv fəaliyyətim də seçki kampaniyamda öz müsbət təsirini göstərir. Seçicilərimlə görüşlər daha yüksək səviyyədə keçir. Digər namizədlərə də burada bərabər imkanlar yaradılıb. Heç bir namizədə ayrı-seçkilik edilmir. Seçki komissiyası öz işini çox yüksək səviyyədə qurub. Kənar müdaxilələr yoxdur. Burada hər kəs öz işi ilə məşğuldur. Seçki prosesinə ancaq dairə seçki komissiyası nəzarət edir. Bu cür vəziyyət digər seçki dairələrində də özünü göstərməkdədir. Hətta elə dairələr var ki, orada 2-3, 3-4 ölkədə tanınan siyasətçilər, tanınan ictimai xadimlər mübarizə aparır. Bu da seçkiyə əlavə bir rəng qatır, seçkidə rəqabət mühitini daha da artırır”.

F.Ağamalı onu da dedi ki, bəzi hallarda ayrı-ayrı namizədlər seçki prosesində seçicilərə öz platformasını çatdırmaq, onların etimadını qazanmaq əvəzinə ancaq öz rəqiblərinə qarşı xoşagəlməz formada iş aparmaqla məşğuldurlar: “Seçki kampaniyasında bu cür hallar arzuolunan deyil. Mən çox istərdim ki, bu seçki kampaniyasında hər kəs sona qədər yüksək siyasi mədəniyyət nümayiş etdirsin. Arzuolunan odur ki, hansı namizəd seçicinin etimadını qazanacaqsa, onun əli seçkidə məğlub olan rəqibləri tərəfindən sıxılsın. Demokratik seçki prosesində bu, siyasi mədəniyyətin yüksək nümunəsi olar”.

Böyük Quruluş Partiyasının sədri, 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizəd Fazil Mustafa bildirdi ki, seçki kampaniyası başlayandan bu günə qədər heç bir mərhələdə problemlə üzləşməyiblər. Maraqlı məqamlardan biri bu seçkilərdə namizədliyini irəli sürənlərin demək olar ki, böyük əksəriyyətinin qeydiyyata alınmasıdır: “Bizim dairədə seçki komissiyası hətta imzalarında müəyyən şübhələr olanların da qeydiyyatına maneçilik yaratmadı. Kim namizədliyini irəli sürmüşdüsə, hamısını qeydə aldılar. Açığı, bizim özümüz üçün də maraqlı deyil ki, kimlərsə seçkidən kənarda qalsın. Bizim özümüz normal, heç bir maneələr olmadan imzalarımızı topladıq təhvil verdik. Qanunda nəzərdə tutulan vaxtda da qeydiyyata alındıq. Təbliğat-təşviqat kampaniyamız da indiyə qədər normal, heç bir maneə olmadan davam edib. Seçicilərlə görüşlər keçirmək üçün yerlər ayrılıb. Eyni zamanda binaların həyətində seçicilərlə görüşlər keçiririk, məhəlli gəzintilərə üstünlük veririk. Bu tipli görüşlərə də yerli hakimiyyət strukturlarından heç bir problem yaradılmır. Başqa namizədlərə də təbliğat-təşviqat kampaniyasında bu günə qədər maneçilik olmadığı barədə məlumata malikəm. Yerlərdən bizə hər hansı şikayət daxil olmayıb”.

F.Mustafa qeyd etdi ki, MSK sədrinin seçkinin ilk vaxtından namizədlərin hamısının qeydə alınması məsələsində sərgilədiyi taktika düzgün taktikadır: “Budəfəki seçki kampaniyası onu göstərdi ki, insanların namizəd olmasına əngəllər yaradılmadı. Bu yaxşı haldır. Kim seçkidə özünü sınamaq istəyirsə, ona şərait yaradılmalıdır. Bu dəfə belə də oldu. Bu seçkilərin əvvəlki parlament seçkilərindən əsas fərqi bundadır. Çoxlu sayda namizədin olması rəqabətli seçkilərin reallaşması baxımından da müsbətdir. Seçkilər günü onsuz da bəlli olacaq ki, seçicilər daha çox kimləri dəstəkləyir.

Seçkiləri əvvəlkilərdən fərqləndirən daha bir məqam bu dəfə təbliğat kampaniyasının daha çox sosial şəbəkələr üzərindən aparılmasıdır. Müasir dövr bunu tələb edir və bu daha effektli yoldur. Çünki sosial şəbəkə ilə hər bir evə, hər bir seçiciyə çatmaq imkanı var. Sosial şəbəkədə materiallar televiziyada olan çıxışdan fərqli olaraq qalıcıdır. Seçici istənilən vaxt daxil olub dinləyə, izləyə bilir. Bütövlükdə seçki kampaniyası sağlam rəqabət şəraitində keçir. Ümid edirəm ki, son qədər də belə olacaq. Normal demokratik, şəffaf seçkilərin keçirilməsi ölkəmiz adına müsbətdir".

Qarabağ Azadlıq Təşkilatının sədri, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Akif Nağı da bildirdi ki, indiyə qədər olan mərhələlərdə seçki kampaniyası qaydasında davam edir. İmzatoplama və qeydiyyat mərhələsi demokratik keçib. Təbliğat-təşviqat kampaniyası da heç bir maneələr yaradılmadan davam edir: “Plakat və digər təbliğat materiallarımız yayılır. İnternet məkanında aparılan sorğulara görə, dairəmizdə reytinqimiz yüksəkdir. Ümumiyyətlə, parlament seçkilərində ən şanlı namizədlərdən biri hesab olunuram. Bunu müxtəlif rəy sorğuları göstərir. Bizə olan müraciətlərə görə deyə bilərəm ki, böyük əksəriyyət mənim çoxdan deputat olmalı olduğumu vurğulayır. Seçkilərlə bağlı fikrim budur ki , heç kəs qara piara yol verməməli, rəqiblərinə hörmətlə yanaşmalı, özünün gördüyü işlərdən, görə biləcəyi işlərdən danışmalıdır. Mən təbliğatımı bu yöndə qururam. İmzatoplama mərhələsində heç bir maneə törədilməyib, hər kəsə bərabər şərait yaradılıb, indi də hər hansı təzyiqi, haqsızlığı hiss etməmişik. Təbliğatımızı aparmaq üçün normal şərait mövcuddur. Bəzi namizədlər özlərini, olmayan əhəmiyyətlərini qabartmaq üçün guya onlara qarşı təzyiq və sairədən danışırlar. Bunların heç bir əsası yoxdur. İnternet səsverməsində 200 səs ala bilməyənlərin hansısa mənasız iddialarla çıxış etməsi gülüncdür. Meydan açıqdır, kim nəyə qadirdirsə, buyursun göstərsin”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az