t s

» » Gülnarə İsrafil: İçimdə ölənlər

Gülnarə İsrafil: İçimdə ölənlər

10-01-2020, 17:43 Yazar:  Gülnarə İsrafil Baxılıb: 571 Çap et
Gülnarə İsrafil: İçimdə ölənlər
Yazıya başlamadan cümlə qurmaq o qədər çətinimə gəlir ki, elə bilirəm tikdiyim binanın nə isə hasarı, ya rəngi, ya da bir kərpici əskik qalıb. Onu dönüb dolanıb tamamlamağım gərək. Belə də olur. İki gün yazının başına pərvanə oluram. Hələ bir vaxt heç yaza bilmirdim. Sətirlər məni qorxudurdu. İndi isə ürəyim doludur, mütləq bir vulkan püskürməsi baş verib bir yerləri dağıtmaq gücünə çevrilib. Mən həyatla hər yerdə mücadilə edərək dirilik qazanıram. İkimin on beşinci ildə qan dövranı tərsinə işləyəndə həyatla ölüm arasında bir pəncərə vardı. Ordan ömrümə azca işıq düşürdü. Gözlərim telefonda qalmışdı. Elə bilirdim ki, dostlarım bir- bir zəng edəcək, niyə yoxsan, niyə görünmürsən, sənsiz çox darıxmışam deyəcəklər. Sol əlimin gücü getdikcə azalır, ayağım yerə çatmırdı. Bir həftə boyu proses davam edirdi. Hələ tam tutulmamışdı ayağa durub, Sumqayıta həkimə getdim. O da bir iki tablet yazdı, getdikcə quruyuram, zəng etdim, həkim dedi ki, məni saat səkkiz radələrində zəng vurmağınla narahat etmisən. Sabah saat ikidə qəbuluma düş. Dedim doktor, mən yeriyə bilmirəm, qayıtdı ki, yeriyə bilmirsən mən neyləyim? Yerimə öl! Eşitdim qonşunun bir yaxşı həkimi var. Onun yanına getdim güclə ayağım yerə çatır. O da bir torba dərman yazdı, gəldim evə. İstəyirəm dərmanların hamısını birdən yeyim, bədənimdə dərmana aclıq hiss edirəm. Bu arada Akəm Xaqan zəng vurdu, necəsən, dedim qurumuşam. Güldü, dedi zarafat edirsən, belə şeylə zarafat olmaz. Dedim ciddiyəm. Dayan bir dostum var Yavər, onunla danışım, sənə dönəcəm, sağollaşdı. İki gün sonra zəng edib dostu ilə gələcəyini bildirdi. Gəlin dedim. Durdum güzgünün qarşısına keçəndə özümü tanımadım, rəngim saralmış, gözüm çuxurlanmışdı. Bacım rayonda idi, iki bacılarım, biri Odessada olan, biri kənddə qoşulub gəliblər bura. Heç biri mənim ağrıdığıma inanmır. Hətta doktor gəlib, Akəm Xaqanın dostu, mən qalmışam bir tərəfə, sıraya düzülüb təzyiqlərini ölçdürürlər. Ona görə analarımızın misalları mənə doğmadır " Bu canın o candan xəbəri yoxdur". Yadlar mənə bacı, qardaşlıq edir. Bir parça canımla əlləri uyuşanda xəmir qatmağa qoymayıb verməşil biləklərimlə iki yekə vanna xəmirini qatdığım anam yoxdur yanımda. Bir fincan çay qaynadıb qabağıma qoyan kimsə yoxdur. Halbu ki, mən o bacının körpələrinə həyan olub böyütmüşəm. Hansı dostlarım zəng edib, yanımda olubsa, hamısını incə- incə xatırlayıram. İki üç dostum qardaşım yanıma gəldi. İki dəfə gördüyüm Elnur qardaşlıq etdi, yoldaşı gəlinlik. Gülnarə Sadiq sistem köçürdü. Günayla Oğuz Alp gəldi.

Dörd aydır yatıram, anam daşa dönüb. Arada zəng eləyir nağeyresin. Yaxşıyam deyirəm. Acından mədəm ağrıyanda durub nəsə tapsam yeyib yenidən yatıram. Həkim maz yazıb ki, bunu quruyan hissələrinə sürt. Əlim çatmır, Elnurun yoldaşı məni ayaqdan başa masaj edir, saatla iynəmi vurur. Yeməyi az qalır ağzıma yedizdirsin. Bir həftədir əsəb keçirmirəm ayağım yerə çatır. Evdə ömrümü həsr edib böyütdüyüm uşaq əsəb verir. Bacım deyir bunda nə var ki, özünü tülkü ölümlüyünə vurub. Sözün bitdiyi, boğazın kilidləndiyi nöqtə. Yavər doktor masaja yazıb, Bahar xanım məni masaj edir, toka verir, naftalan yağı ilə tərlədir, qıp-qırmızı oluram bədən özünə gələnə qədər iki saat keçir. Bacıma özümü topladım dedim ki, oğlunun dostuna desin, gedəndə özüm gedəcəm gələndə məni götürsün. Mənə bağırdı çağırdı sən özünü şikəst edəcəksən, qışda masaj olmaz, peşiman oldum dediyimə suçlu adamlar kimi başımı aşağı dikdim. Özüm gedirəm gəlirəm, doktordan xahiş elədim ki, masajdan sonra siz işdən çıxına qədər oturum gözləyim. O da sağ olsun etiraz etmədi. Masaj bitir bədən tam özünə gələndə Bahar xanımla bərabər çıxıram, çay da süzür. Bir gün evdən yenicə ayrılmışdım. Gördüm başımın ön tərəfinə şiddətli ağrılar dolub. Əlimi alnıma apardım, bir onu gördüm yerdəyəm. Qara şəhər yenicə sökülürdü. Yanımda bir kamaz saxladı şofer düşənə qədər ayağa qalxdım noldu soruşdu, birdən başıma ağrı doldu dedim, yaxşıyam gedə bilərsiniz sürüb getdi.
Ölümlə həyat arasında mucadiləyə davam edirəm. Doktorun yazdığı trape yaxşı təsir bağışlayıb, yeriyirəm. Hə, onu mütləq yazmalıyam Bərdədəki Elşən qardaşım zəng elədi, dedim qardaş ölürəm, ağladı. Dedi bacı, otur gəl, sənə özüm qulluq edəcəm, hələ qardaşın ölməyib sağdır. Dedim qardaş yeriyə bilmirəm. Bu da mənim qazandığım qardaşım idi. Onun cavan gedişi məni bu gün də sarsıdıb. Qardaş itkisinin ağırlığı məni büküb. Anamın oğlanlarından biri ölsə, elə bilərəm damdan kərpic düşüb bu qədər fərqli. Hə, mən özümü yeddi həkimə daşıdım, ancaq həyata qayıdacağıma söz verdim. Necə edim, Günəş işığından məhrum olmayım? Güzgünün önünə keçib, hər gün özümə söz verirəm ki, imkan vermə səni kimsə incitsin. Nə doğma, nə yad. Sən hər şeyə qadirsən. Sən bu günləri geridə qoyacaqsan. Özümü ayağa qaldırdım ondan sonra da, ağrılar yaşadım. Yazmaqla bitməz. İndi iki balaca qızcığazın şəklini birləşdirib paylaşır hamı mən paylaşmıram. Mənim içimdəki o qızcığazları çoxdan öldürüblər içimdə. Bir iki qatili yoxdur...
Mən, bu qızcığaza yeni həyat vermişəm, hər kəsdən uzaq. Doğmalarımdan və yaddlarımdan uzaq, mənə dəyərli adını çəkmədiyim dostlarımı da, ömrümə yazmışam... Yeni ömrümə. Yenidən xilas etdiyim ömrümə.
Ölüm hökmü bərpa olunsun deyənlər, onusuz da hamı öldürür....

Sabahların açılmasını istəmirdim. Göz yaşı tökmədən yemək yediyim gün olumurdu. Elə vaxt olurdu ki, bacımın divana vurduğu təpiyinə yuxudan oyanırdım. "Allah canını alsın" sənə demirəmmi dur. Sabahın şirin yuxusunda sabahı nifrinlə açmaq necə dəhşətli idi. Evi gecənin birində qondurmuşdular. Yağış yağanda başımıza yağırdı. Qəlbimi qırıb ağladıb qazanda axşama bir pay saxlayırdı. Anlamırdım bu nə deməkdir. İndi də tam anlamış deyiləm. Bapbalaca bir divan açılanda evin ortasını tuturdu. Sabah zili idi, əgər o saat altıda oyanıb, yeddidə ayağa qalxmışdısa, sən də onunla bərabər oyanmalıydın həm də yerində qurdalanıb ya da gərnəşib yuxunu dağıda bilməzdin. Deyirdim, bacı, mən yuxumu dağıtmadan necə oyanım axı? Gərək yuxunu dağıdasan əgər oyandınsa, en yerə deyirdi. Kirisalar çıxıb evin ortasında gizlənparç oynayırdılar. Bir gün hövzədə mənə din dərsi verən, ədəbinə baş etdiyim Mətənət xanımla tam pilləkənlərin başında qarşılaşdıq. Göz-gözə gəldik, gözünü üzümdən çəkmədi. Gözlərim şişkinləşmişdi. Əlimdən tutub yana çəkdi." Səni neçənci dəfədir bu görkəmdə görürəm. Nə olub sənə?" Dedim müəllimə mən bacımın evində cəhənnəmi yaşayıram. Əgər dediyiniz o cəhənnəm varsa, bilin ki, ordan gələn mənəm. Dedi, sən özünə bu qədər zülm etməyə nə haqqın var? Gəl, sənin beş aylıq kira haqqını mən verim. Bir kiraya çıx. Orda bir işə düzəl, dolanışığını normaya sal. Dayan aşağıda bir dükanda satıcı axtarırdılar gəl gedək, getdik. Satıcı almışıq dünən dedilər. Bir- birimizə baxdıq. Göz yaşım qurudu, unutdum çəkdiklərimi, həyat eyni yerdən davam edir. Düşünürəm ki, evdən kirayəyə çıxsam, qonşular deyəcək yəqin bir sevgilisi var, ona görə çıxdı. Düşündüyüm bəsitliyə baxın, özüm, özümü məhv etməyə davam edirəm. Bir tərəfdən düşünürəm ki, bacım dərk etmir, savadsızdır. Mən dərk edirəm yalnış edir, nə bilmək olar bəlkə bir gün balalarını menim yanımda qoyub aylarla gəzməyindən qalmadığı günlərinə işıq tutduğumu anladı. O da bir gün görməyib, cavan yaşlarında ərini itirib, xəstədir. Gözümü açandan onu görmüşəm, anam bizi onun yanında qoyub atamla gəzib dolaşmağından qalmayıb. İndi də onun mənə ehtiyacı var. O bacımdır. Pis, yaxşı, evin altında ac, susuz çətinliyi bərabər yaşayırıq. Mən kirayəyə çıxsam o necə gedib xəstəxanada yatacaq, uşaqlara kim baxacaq. O nə qədər pis olsa məni çölə atmaz. Bacı ilə bacı arasında kin- küdurət olmaz. Həm, dost var, düşmən var. Kənardan baxıb bizə nə deyər?
Birdən gedərəm, tərtəmiz həyatım korlanar. Başıma bir bəla gələr onda mən nə edərəm? Heç nəyi geri döndərə bilmərəm. Bizim evdə ət bişmir. İldə iki dəfə ət bişiririk. Heç kəs qarnımızı görmür. Uşaqların pulu, özünə ayrılan pensiya və anam gilin kənddən göndərdiyi kartof, ağartı əlimizdən tutur. Ona əlavə pul vermirik. Ət yeməyəndə adam ölmür ki? Hövzə dərslərinə gedirəm, iyirmi üç yaşım var. Dərslər o qədər ağırdır ki, gecə gündüz yatmadan oxuyuram. Dünya dinləri ilə tanışlıq, Quran, Əhkam, Əqaid, Əxlaq nə bilim bir sürü dərs cədvəli. Səsli oxuyuram. Gecə-gündüz gəzməkdən yemədən, normal yatmadan ildə yetmiş imtahan veririk. Bir ay oxuyur, ikinci ay, həm oxuyuruq, həm də, bir ay öncəki dərslərin yazılı olaraq imtahanlarına hazırlaşırıq. Toya, nişana, dükkana getməyi unutmuşam. Nənəmin anama verdiyi bir qızılı kəlağayını həyətdəki balaca dükkanı kirayə verib bacım onlar görməsin deyə elə başıma bağlayıb bəzəksiz düzəksiz çıxıram çölə. Kiraçılar da Yardımlıdandır. Bunun bir qardaşı mənə vurulub bunlar ailəlikcə qalırlar. Qardaşı ara- sıra gəlir bunlara qonaq, bu halımla oğlan mənə aşiq olub. Bacım kirayəçisinə məni pisləyir. Bax, eləcənə gedir gəlir, yatır. Yemək bişirmək yox, çay qaynatmaq yox, şirin dili yox, Din dərsi oxuyur dinə əməl eləmir. İbadət, biri qapıdan girdiyində onun qabağına çay süzməkdir, yemək bişirməkdir mən bilmirəm bu ərə gedəndə bunun yeməyini kim bişirib, qabını kim yuyacaq? O da, mənim üzümə baxıb heç nə demirdi. Arada hörmətsizlik olmasın deyə başını yelləyirdi. Bir gün gəlin özünü saxlaya bilmədi, dedi ki, düzdür biz də analıq yanında zülm çəkmişik qarın doyusu yemək yeməmişik, ancaq, bu necə bacıdır ki, elə hey səni pisləyir. Mən Hafizə də deyirəm ki, o düzgün eləmir. Gənc qızdır, oxuyur, yorulur, lap sənin bacın el qulağına qoyulası deyil, sən, onun niyə pisliyinə danışırsan ki? Nə bilim...
Beləcə günlərim gedir, hər səhər göz yaşı. O qədər çox şeylər yaşamışam ki, mən onları bir qələmdən anlada bilmirəm. Həyatın enişi yoxuşu doqqazı dolayısı hər yönü var, yığıb bir araya toplaya bilmirəm. Elə vaxt olurdu, o rayona gedirdi. Bir, iki ay gələmirdi, əvvəllər evdə pul qoyurdu, al bişir. Sonra qızı anasına pıçıldadı, ay mama, biz özümüz alarıq pulu mənə ver. Ürəyimiz istəyəni dükandan alarıq. Beləcə etdi. Ürəkləri istəyəni dükandan alır qardaş bacı yeyir, mən gələndə qazanını yuyuram. Özümü həsr eləmişəm Hövzəyə işləyə bilmirəm. Enerjinin hamısı tükənir. Tükənmək bir yana elə vaxtlar olur ki, dərsdən evə çatanda aclıqdan əlim əsir halım olmur bir şeylər atışdırım. Atam iyirmi manat göndərir, qəpik-quruş yola veirirəm. Nəsə bir şey ürəyim istədiyində alıb yeyə bilmirəm. Evdə isə pul mənim ixtiyarında deyil, yediyim kartofdur. Çox kartof yediyim ay isə bərk xəstələnirəm. Sonra bu yaxınlarda oxudum, kartof qırmızı qanı azaldırmış. Beləcə gedirəm Hövzəyə orda da qruplaşma yaradıblar. Mənim sakit xarakterimdə asta danışıram dərsi, ümumiyyətlə asta danışıram, tez -tez danışmaq mənə yaddır, biri desə ki, tez ol, bitir fikrini, orda dönüb qalıram. Bəlkə bu da bir uşaqlıq travmasıdır onu da dəqiq deyə bilmərəm. Müəllimlər belə qənaətə gəliblər ki, bu dərs oxumur. Orda da bu gün məndə haqq tələb edənlər başıma oyun açır sakitliyimdən susmuşam, cavab verməkdə acizlik çəkirəm. Ağzımı açıram dərs danışmağa tez ol dedikləri zaman gözümü döyürəm. Otur deyirlər.

Beşinci kursda dilim açıldı. Təsəvvür edin indi siz mən hansı dərəcədə dilsiz olmuşam. Evdə bacıma susuram, hövzədə müəllimlərə. Əxlaq müəssimələrinə. İcazə vermişəm hamı həyatıma soxulub. Kənddə xoşbəxt olduğum, danışıb -güldüyüm qədər nə inki danışıb gülürəm, danışmağı bacım mənə yadırğadıb. Televizora baxmağa vaxtım olmur, olanda da, uşaqlar qoymur baxım. Dərs oxuyuram yalvarıram uşaqlara azca səsini aşağı edin nə olar sabah imtahana hazırlaşıram, bacım deyir: ə, yuxarı edin səsini əcəb edirsiniz bura sizin öz evinizdir, ürəyiniz istədiyini edə bilərsiniz. Uşaqlar balacadırlar, içlərində kin yaranır. Ürəyi soyumur pultu götürüb səsini yüzə qaldırır. Beləcə əsəb-stress içimi yeyir, gücüm göz yaşlarıma çatır, ağlayıram sonra götürüb altmışa endirir. Beləcə -beləcə hər gün ölürəm. Evə qonaq gəlir onun yanında çəkilib bir küncdə otururam, danışmıram ağzımı açanda sözümü qonağın yanında kəsib min cür söz deyir. Zülmün həddi yoxdur. Mənim ən gözəl yaşlarımdır iyirmi iki, iyirmi üç yaş. Onun dərdindən ağzımı aça bilmirəm, qonaq gedir, sonra mən başlayıram ki, axı niyə belə rəftar edirsən mənimlə, deyir səni görmürmü, o qonaq, sən nə danışırsan, nə deyirsən? Səsimi də içimə gömdü bacım. Hərdən evə gələn qonaqlar elə bilirdilər danışa bilmirəm. Ümumiyyətlə danışıq qabiliyyətim yoxdur... Evə konfet, ya da meyvə alınanda mən onun qabığına tamaşa edirdim. Sonra artıq ortalıqda meyvəyə nifrət elədiyimdən əlimi vurmurdum. On beş il əvvəl anamın verdiyi döşəkdən divana iki döşək hazırlamışdı, bir gün o döşəyi altımdan götürdüyü gün mən yerlərlə bir olmuşdum. Taxtadan hazırlanmış taxtda sabaha qədər həm cismən, həm də ruhən dondum. Min illər boyu donumu yer kürəsində bir günəşin əridəcək gücü yoxdur.
İnsanlarımızın beyni inkişaf etməyib, həmən yaşantıların altında bir pislik eybəcərlik arayırlar, ən çətin günlərində səni sənin öz dərdinə qurban verirlər. Yoxsa hamı danışar, hamı yaşantılarını yazıb içini boşaldar. Mənim bir rəfiqəm vardı, indi mən onu hər şeyə rəğmən içimdə dəfn elədim. O bunları bildiyinə görə hicabı açanda ilk ürəyimdən nişan alan o oldu.”Sənin dəyişdiyini bilirdim, ancaq bu dərəcədə dəyişdiyini bilmirdim. Baxaq görək yenə də, bu qədər hörmətlimi qalacaqsan?” ..

Ternaslardan sürüşüb yıxıla- yıxıla böyüdüm. Evimizin üstündəki Tenası, kolxoz vaxtlarında meşə salmaq üçün açıb sonra da fikirlərindən daşınmışdılar deyəsən şoran torpaqdır, ağac böyüməz, böyüsə də gec böyüyər fikri ilə.. Harda böyük, uzun ternas varsa, atamın ögey əmisi buldizerin qabağına vermişdi. Atam atasını müharibədə itirdiyi gündən bu yana anası ata ana olmuşdu, atam, xeyli torpaq sahəsi yiyələnmişdi. Üst tərəf emi uşaqları, alt tərəf, əmi uşaqları atama düşmənlik edirdilər. Üzdə, yasda, toyda biruzə verməsələr də, ayrı qaynadıb bir yeyirdilər. Ternasın “qurban təpəsi” deyilən bir çıxıntısı vardı. O cıxıntıda böyük daş, evin alt tərəfindəki əmi uşağının sərhəddini kəsirdi. O sərhəddin baş tərəfi də bizim yer idi. Daşlardan oyuq təpələmişdilər. Oyuğun diblərindən qəşəng ot gəlmişdi, qoyunları oraya aparanda xeyli götürdüyüm romanları oxuya bilirdim. Bunun bir daha öncəsi də var. Mən məktəbə gedənə qədər atam hara getsə, özü ilə götürürdü məni. Evin balacası olduğuma görə çox istəyirdi. Biri yanımdan keçəndə atama şikayət edirdim. "Ay lələ" filankəs məni döydü. Böyük uşaqların dili ilə bir yaş həddinə qədər mən də lələ dedim, sonra dədə. İndi də elə dədə deyirəm. Qurban təpəsinin maraqlı bir tarixçəsi var. Dolu yağıb məhsulu yerlə bir edəndə, qurban bayramında kənd camaatı qurbanı o təpədə kəsərmişlər. Kəndi ilk olaraq babam salıb. Böyük şəcərə yerləşdikdən sonra kəndə sığınanları kəndə alıb, bir də boşanmış qadını, uşaqları ilə qəbul ediblər. Yoxsa , kənd başdan -başa bir şəcərə olarmış. İndi də çoxluq bizim bir- birinə düşmən nəslimizdir əslində...
Qəribəsi odur ki, kənd camaatı məhsulu torpağa atan kimi, birini kəndin arasında gəzdirir, ev-ev pul yığdırıb Kazım əmiyə verirdilər ki, kəndə dolu yağmasın. Göydən tökülən buz parçaları kartofu yerlə- yeksan edirdi. Kazım əmi duanı harda yazdırırdısa, bilən yox idi. O işin sirri də Kazım əmi ilə birlikdə torpağa gömüldü. Dua qırx günə yazdırılırdı. Yazdan, yay aylarına çəkirdi, ona görə kənd camaatı məhsulu yerə atan kimi pul yığıb Kazım kişinin ovçuna qoyurdular. Kazım kişi duanı gün çıxandan, gün batan saata qədər, kəndin başına yeddi dəfə fırlayıb, heç kəs görmədiyi bir vaxtda günəşin son şəfəqlərində torpağa gömürdü, şər qarışanda atın ayaq səsi eşidilirdi. İl boyu bir qara buluddan yerə bir buz parçası enmirdi. Sirrini də bir kimsəyə vermirdi, hə, bir də o duanın bir sirri var idi, Kazim emi duanı fırladığı gün susma orucu tuturdu. Gün boyu lal dinməzcə atın belində dağ belindən aşdığını görürdüm.
Ən çətin günlərim, qazla, qoyunu birlikdə otaranda olurdu. Qazlar səs- səsə verib qarşılaşıb fikrimi dağıdırdı. Bir baxırdım dağın başına çıxıb uçur. Onda romanlar əlimdə qalırdı. Bacım bu aralar yenicə evlənmişdi, onun da ərinə hədiyyə elədikləri qoyunlar günbəgün artır, tam bir sürü halına gəlmişdi. Vəzifədə idi deyə rayon camaatı bilmirdi necə yaltaqlansın. Yağış, çən, çisəkli günlərdə çadırı əynimə, özümdən ağır partlaq çəkmələri ayağıma geyinib, çox vaxtı, ac- susuz, qoyunları otarırdım. Qardaşım evdə "xanım" olmuşdu. Heç olmasa ayağım islananda vicdanı yuxudan oyanıb bir saatlıq qoyunun qabağına gəlmirdi ki, ayağımı dəyişib azacıq isinim. Mən, o vaxtı elə bilirdim ki, bütün analar mənim anam kimidirlər... Bütün kənd uşaqları, qoyun, qaz otarmalıdırlar və ayaqları islanması da normaldır, bir şey olmur. Qoyunlar mən olmazsam, aclıqdan ölər...
İkinci sinifdə oxuyanda anamın əli uyuşdu. Məni gec doğmuşdu, evin böyük oğlu ilə aramda həm iyirmi beş yaş, həm də uculmaz qala divarı var, onunla bağlı heç bircə dənə də olsun, xoş xatirələrim yoxdur. Bir insan, ya bir getdiyin yer nə isə bir xatirə buraxmırsa, deməli, yoxdur. Onun vücud və ruhu səndən, sənin qanından canından, ruhundan doğmalıq adına bir şey ifadə etmir. Hamı onu yaxşı insan olaraq tanıyır, yaxşı yer olaraq görür, sən isə tamamilə yadsan. Yaddaşında bir şokalad alıb sevindirdiyi günün olmayıb. Nə isə bir gəzmək, görmək, bir xoş söz. İnsan xoş söz deyəndə əskilməz. Əksinə, yaddaşda ən azı özünə yer tutar. Maksim Qorkinin anası ilə yaşadığı dram, uşaqlıqda məni təsirləndirmişdi, hətta belə bir anam olsun, istəməmişdim. Qardaşlıq hissini, gözlərimi yaşla dolduran, qəddimi bükən Elşən yaşatdı mənə. Bu təsadüfü ola bilməzdi. Yaşadığım heç nə təsadüf nəticəsində yaşanmayıb. Çəkdiyim nəfəs, udduğum hava qiymətləndi, dəfn olduğu torpağın hər dənəsi bir qardaşa çevrildi. Əgər ruhlar aləmi varsa, göndərilmiş əmanət, ədalət nümunəsi olmalı...

Gözümdə boğulan göz yaşı axmadı...Sakitləşdi yox sakitləşmədi.Ağlamağın nə manası axı. İllər boyu ağladında, heç göz yaşlarını qurudan, təsəlli verən sığal gördünmü? Ana qayğısına möhtac qaldığın halda, bacı sevgisindən yetim, qardaş dərdləşməsinə əli uzaqlı qocaldınsa, ölümlü gününə az qalmış bəlkə də, ata duasına qızındınmı ay Allahın yaratdığı qan qarğış? Nə düşünürsən insan olduğunumu düşünürsən? Uşaqlıqdan bu günə qədər olmazlarla böyüyüb uşaqlığını dadmadan yola salmadınmı.
Saçların ağarıb bax! İnanmırsan? keç güzgü qarşısına bax bədbəxt halına... Gəncliyin arada itib-batdı. Əvvəlki sürü ilə qoyunlar da yoxdur, otara, dizlərinə qədər şehə suya batasan. Qazı qaytaranda qoyun gedə, qoyunu qaytaranda qaz gedə. Dola piçənəyin ən otlu yerinə. Əlində bir romanla başını qatmaqla gününü axşam edəsən. Şeh-su canında quruya. İndi sənin topal olmuş ayaqların var, bir də bədbəxt olmuş həyatın. Hektarlarla piçənəyin otunu, əkənəyin məhsulunu yığaraq, ürəyini üzməyəydin. Bax güzgüyə qırış basmış üzündə illərin acısından başqa bir şey qalmayıb. Hər şey dəyişib. Hərə öz işində gücündədir. Sənsə lallaşmısan. Sığınmısan öz içinə, içinin çürümüş guşəsinə. Orda da rahat yaşamağa qoymurlar səni...Uşaqlıqdan səni izləyən olmazlar, bu gün də, başının üstündədir. Başqa rəngdə, başqa donda. Olmazın mahiyəti dəyişməyib həminki olmazdır. Sən dəyişmisən qocalmısan artıq! Elə bil, dünən idi olmazlarla böyüyən uşaqlığın. Həmin ki olmazlardır bax səni həyat qurmağa da qoymayan. Hüdüdlarda qalmısan. İçindəki azadlığı sənə yaşamağa qoymayan bir sürü səbəblər var. Bir sürü mənasız əngəllər... O əngəlləri kim yaratdı. Sənin iradənə inanmayan valideynlərinmi, basqıları sevən bacınmı, sevinməyə səbəb verməyən atanmı? onda səni niyə dünyaya gətirmişdilər? Sənə həyat verməyi bacarmadıqları halda, yaşamaq istədiklərini olmazlarla zənginləşdirənlər içində sən adlı ömürü məhv etdiklərinin nə zaman fərqinə varacaqlar axı... Suallar o qədər çoxdur ki, cavablarsa yoxdur. Sən varkən yox olduğun kimi... Sənlərin içində yaşadıqların, yaşadıqların içində sən yoxsan amma... Yox olmağa məhkumsan...Boğulmağa məhkumsan...Qocalıb bitən ömründə sənə aid heç nə yoxdur...Yoxlar təhtəl-şüurunda səni yox etmədimi... Sualların cavabsız qalacaq onsuz da. Cavabların isə hönkürüb ağlamağına qarışan səslərində öləcək... Sən öldüyün kimi... Əllərini qızarmış gözünə çəkib...Qızarmış gözlərini gizlətməye
çalışdı. İstəmir onu tanıyan insanlar, içindəki qığılcımı görsünlər. Dərdlərini əmanət kimi qoruyub saxlamışdı bu günə qədər.Qoruyub saxladıqlarına xəyanət edə bilmir, ömrünə xəyanətkar olsa da.. Hər şey onun üçün çoxdan ölüb. Arzular da, ümidlər də, uşaqlıq da, gənclik də. Bir sözlə hər şey...Təkcə baxışlarından boylanan məsum qızdan başqa, ona can, bir yeni can...

Birinci sinifdə oxuyurdum, şiddətli çovğun qopmuşdu. Çovğuna görə, dərsdən tez buraxmışdılar evə. Külək qarı sovurur, nəfəsimi kəsirdi. Minayə xalanın oğlu Məhərrəm, “Az” bura gəl külək səni öldürər deyə səslənəndə, acıqlı cavab verib, yoluma davam etdim. “Az” sözünü sevmirdim. Bu sözü atam anamı çağıranda işlədər, onun çağrışına yalnız anam cavab verərdi. Qar dənəcikləri ağzıma dolur, dodaqlarımı dondurur, kipriklərim islanır qurov bağlayırdı. Minayə xalanın evindən üç ev yuxarıda, atamın əmisi, Bayram əminin eviydi. Evə çata bilməyəcəyimi, yolda tam donub, ürəyim gedəcəyini bilirdim. Həmən il qış çox sərt keçirdi. Özümü Bayram əmigilə güclə çatdırıb, pilləkənin dibində yıxıldım. Əlimi dəmir qapının ayağına uzadıb, var gücümlə bağırdım.
– Ay Bafta xala! Donmuş əllərimi hiss etmir, güclə qaldırıb endirirdim. Bafta xala səsimi eşitmir, evin lap sonuncu otağında peçin qırağında nə isə iş görürdü… Ümidim tam kəsilmişdi. Eşidən olmasa neyləyəcəm, İlahi!
Gücümü bir daha toplayıb ağladım, hər yerim donmuş, təkcə göz yaşlarım istiydi. Nəhayət, kimsə qapını açıb səsi dinlədi. Səsim göz yaşıma qarışmış güclə, sonuncu dəfə ay Bafta xala pıçıldayırdı. Dinləyən elə Bafta xalaydı.
– Bafta xala yüyürüb qapını açdı ki, pilləkənin dibində yerdə əllərimi nəfəsimə vermişəm, tez məni qücaqlayıb içəri apardı. Can, can deyib, əllərimi ovuşdurdu.
– O vaxta qədər Bafta xaladan can sözünü eşitməmişdim. Göz yaşlarım ixtiyarsız axırdı.
Əllərimi ovub tez ilıq suya saldı, daha da göynədim. Məni ovutmaq üçün bilmirdi neyləsin.
– “Yekə qızsan adam ağlayarmı” deyib güldü. Gülüşlər, iki dağa düşən səsə oxşayırdı. Güldükcə lap çox əsəbləşir, nəyə gülürsən qışqırır, təkid edirdim, gülmə!
-Bafta xala halımın yaxşı olmadığını görüb gülməyini saxladı. Əllərimi isə ovmağı buraxmadı. İki saat sonra evimizə gedəndə, sovruq kəsmişdi. Həyatımı yenidən qazanmışdım. Yox, Bafta xala bağışlamışdı…

Atamın əmisioğlugillə bizim məhləmizin arasına setka çəkilməmiş, bir-birimizin evinə iki məhlədən ayrılan cığırla gedib gəlirdik. O vaxtlar səmimi, mehribanıydı hamı. O yurd oğul-uşağın, nəvə- nəticənin toplaşacağı, dərdini danışacağı baba yurduydu. Qapıdan su axırdı. Qaçıb günün istisində ağzımızı noya tutar, nəfəsimiz qaralana qədər içərdik. Bizi qorxutmaq üçün, qarnınıza çömçə quyruq gedəcək, orda qurbağa əmələ gəlib balalayacaq deyirdilər, öhd olunmurduq, yenə eyni qaydada içirdik...Bir gün, yolu azıb qapıya gələn maşın, noyu əzmişdi. Hamımız bulağın başında əzilmiş noyun dərdini çəkirdik. Yolotu oxalayanda duz əvəzi bir-birimizə əzilmiş yolotundan balatı verirdik uşaq quraşdırmamızla, güya balatı olmasa yolotu əziləməyəcəkdi. Xatırlayanda adamın üzünə təbəssüm qonur. Harda olursansa ol, ata-baba yurdu bambaşqa olur. Atamın babası, digər oğlunun yetim oğlunu böyüdüb boya başa çatdırmışdı yurdda. Onların piçənəyi nərgiz gülüylə dolu olurdu. Yaz açılanda bu çiçəklər istəyimə qəsd edib yalnız onların həyətində açılırdı. Oğrunca nərgizləri komlayarkən, oğlu Elşad gözyaşımı tökər, çiçəkləri əlimdəcə dartışdırıb qırıq-qırıq edər, bizim piçənəkdən yığmısan gülləri ver deyərdi. Anası Zərifə xala eşidər-eşitməz qışqırardı; ay uşaq dəymə qıza, yekələnsin onu sənə alacam...Utanardım!
Elşadla ikimiz də, göy öskürək tutmuşduq. Atam, Toğanaya Ramazan həkimin yanına aparmış, həkim, at südü buyurmuşdu. Dünyamalı əmi gecəynən qonşu kənd Gərgərdən at tapıb gətirmişdi, hər səhər sağıb çiy-çiy öz əlləri ilə içirib, bizi, məktəbə yola salırdı.
Amma nədənsə, Elşadın kuruşkası mənim stəkanımdan yekəydi. Bir gün soruşdum əmi; niyə Elşada çox, mənə az verirsən südü? Mənim stəkanım balacadı.
– Qadan alım Elşad səndən yekədi axı... Ağlıma batmışdı. Elşad iki yaş məndən böyük idi.
Hər gün daha çox gücləndiyimizi, at güclü olduğumuzu zənn edər, iki ayaq üstündə qaçardıq. Axı biz at balasıydıq. Dostlaşmışdıq Elşadla.
Atam evin üstündən artıq qalan kərpici evin sol tərəfində kürsünün dalına bir küncə yığmışdı. Bərk külək əsəndə evin üstündəki kərpicləri yerindən oynadar, bir neçəsini salıb çiçlikləyərdi. Evin yanındakı kərpiclə əvəzləyərdilər. Əlimə fürsət düşmüşdü. Yeddüşə düzəltmək üçün ən azı üç kərpic sındırırdım. Nə olursa olsun Elşadla aramız pozulmamalıydı. Yenidən yaz gələcək, çiçəklər açılacaq, o çiçəkləri dərəcək, ətrini doya-doya qoxlayacaqdım...
Mən üçüncü sinifdə oxuyanda, Zərifə xala dünyasını dəyişdi. O qədər pis təsir etmişdi ki, evdə heç kəsin xəbəri olmadan, Şəmkirdən atamın dostunun qərənfil bağından gətirdiyimiz qərənfillərdən ikisini götürüb, xəbərsiz-ətərsiz qəbir üstünə getmiş, doyunca başımı toprağa qoyub söhbət eləyib, ağlayıb, qərənfillər solmasın deyə məzar torpağına sancaraq, geri qayıtmışdım. Elə bilirdim Zərfə xala gedişimi bilib, söhbətimi eşidib. Bu gedişimdən hardan necə bilmirəm, təkcə Dünyamalı əmi xəbərdarıydı. Zərifə xalanın bizi tərk etməsindən üç gün keçirdi. Elə ilk şeirim o dönüşümdən sonra misralandı...

"Gəlinlik adım qalmasın, yurduma quşlar qonmasın, mən getdim ki, bu dünyadan, namərd dünya da, qalmasın."

Kərpiclər bitmiş, bizsə xeyli böyümüş, məhləmizin arasına setka çəkilmişdi. Atam bilirdiki nəyisə çəkinmədən yalnız mən edərəm, əvvəl məndən şübhələnib sonra əlini alnına dayayaraq dərin fikrə getdi. Yox, bunun əllisini sən qırdın, əllisini küləkdə əvəzlədik, bəs qalan yüzü necə oldu? “Gecə qara, cücə qaqa” kim kimi görür, gecə gəlib oğurlayıblar yəqin. Bu sözləri elə əminliklə dedi ki, az qala inanacaqdım.
Kərpiclərin axırına özüm çıxmışdım. Səsimi çıxarmadım. Etiraf edim ki, atamla üz-üzə gələndə əzab çəkirdim. Nə doğrunu deyə, nə yalanla yaşaya bilirdim.
Bir səhər yuxudan oyananda, özümü tanımadım. Adım yadımdan çıxmışdı. Evimizin həyətindəki dağ-daş yadlaşmış, qoca ruh daşıyıcısına çevrilmişdim. Həmin gecə yuxumda altmışdan çox yaşı olan qoca kişinin ruhu bədənimə köçmüş, canımı ağırlaşdırmış, qocaltmışdı uşaqlığımı. Niyə məs altmışdan çox, hələ də, dərk etməyə acizəm... Altı, yeddi saniyəlik unutqanlığım, illəri, bəlkə də əsrləri əhatələyirdi, hər şey sürətlə baş verirdi. Həyətdəki yeddüşəni elə bil ki, başqaları düzəltmişdi. İlk olaraq dağı sonra adımı, sonra həyətimizi xatırladım. Daha heç vaxt uşaqlaşa, oyun oynaya, nərgiz toplaya bilmədim. Nərgizlərimi əbədi olaraq əlimdən almışdılar. Hər şey çox geridə qalmış, dəyişmiş, yaz gələndə nərgizlər əvvəlki ətrini vermir, dağın dalından günəş səfəqli boylanmırdı. Bircə şey dəyişməz olaraq qalmışdı, uşaqlıq siluetim. Məktəbdə uşaqlara qarışıb oynaya, tələbəlik illərimdə gəncləşəmmədim. O gündən elə bilirdim atam, anam, məndən böyük bacı qardaşlarım mənə heç vaxt qışqırmamalı, mənimlə məsləhətləşməlidirlər.
Gəncədə İnstitutun qarşısına ciplə, mersedeslə oğlanlar gəlirdi, qızlar hamısı pəncərənin ağzına yığışıb özünü göstərir, danışır gülür, mənsə onlara baxıb təəccüblənirdim. Onların çevikliyi mənə qəribə görünürdü, qız niyə oğlana özünü göstərməlidi ki? Yaxşıdır oğlan özü görsün qızı. Dörd il ərzində hərəsi bir oğlan tapdılar, nişanlanan, evlənən, hətta boşananlar varıydı. Uşaqlığım, gəncliyim o kərpiclərlə çiliklənmişdi. Heç indi də parçalarım birləşmir, nə olursa olsun daha çox çiliklənirəm.

Ardı var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az