t s

» » Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər

Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər

19-06-2015, 09:40 Yazar:  Aygün Baxılıb: 1097 Çap et
Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlərAsif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı Ocağın “Xəlqilik” Bayramı adına qalanmış rəmzi bir ocaqdır. Başqa sözlə, xalqın söndürülmüş ocağının yenidən qalanması – ürəklərdə, duyğularda, düşüncələrdə özümlüyümüzün işıqlandırılmasıdır. Bütövlükdə Asif Atanın işi, xalqın öz mahiyyətini dərk eləməsi üçündür. Min ildir bizim xalqımız hər şey olur, özü olmur. Asif Ata – Ocağını xalqın özü olması üçün qalayıb.
İndi istəyirəm Günev qardaşımız bayramın anlamına uyğun söz desin.
Günev Atalı Ataya səcdə ilə sözünə başladı: Hər birinizi “Xəlqilik” Bayramı münasibətilə qutlayıram. Böyük qürur duyğusuyla özümün sevincimi qatıram gəlişinizə.


Asif Ata Ocağına üz tutmaq Həqiqətə üz tutmaqdır, Ədalətə üz tutmaqdır, xoşbəxtliyə üz tutmaqdır, var olmağa, özgürlüyə üz tutmaqdır. Xalq, əslində yüzillər boyu özünün keyfiyyətlərini yaşatması ilə tarixdə var olur, bununla da, başqa xalqlardan seçilir. Ancaq o, keyfiyyətləri ilə yeni gəlişmə aşamasına qalxmırsa, özümlüyünü tarixin hansı bir zaman kəsiyindəsə itirir, bağımsızlığını əlindən verir. Məsələn, bizim xalqımız VII yüzildə özgürlüyünü əlindən verdi. Ondan sonra bu xalq uzun çağlar özünü tapmadı. Min illərdə yaratdığını əlindən verməklə, xalq günaha batdı. Bu gün qılıncla gələnlərlə dil tapmış kimi yaşayır xalqımız. Özünə qarşı çevrilməklə əlini özündən üzməkdədir. Belə bir çağda Asif Ata irəli durub dedi: Xalq içində Mütləq ideyasına tapınanda yaranmağa, var olmağa başlayır.
Xalqlarda, zaman-zaman, Allah ideyaları ortaya çıxıb. Bizə də sırınıb. Fikirləşəndə görürsən, başdan-ayağa qüsurludur. Aldadıcı ideyalarla qabağa addım götürmək olmur, geriyə gedilir. Ona görə insanda əxlaq var olmur, yaşam nisbiləşir. Baxın, yaradıcıların özləri nisbi əxlaqa tapınırdılar. Musa “qana qan” deyirdi, İsa təkcə mərhəmətçiliklə dünyanı düzəltməyə çalışırdı. Məhəmməd Allahı qorxu kabusuna döndərirdi.
Qorxaqlıq doldu insanların canına, insanların ürəyi sarsıldı. Qutsallıqdan qorxan adam, düşmənindən dünəndən qorxar. Həqiqəti deməkdən dünəndən qorxar.
Bu gün “Xəlqilik” Bayramında biz, Asif Atanın tələblərilə görüşəcək, sağlam düşüncə yönünə üz tutacağıq. Xalqı xalq edən fikirlərlə dolacağıq. Soylu Atalı demiş, xalq olmağın tələbiylə yaşamaq halına köklənəcəyik. Atamız Var olsun!
(Bundan sonra Mütləqə İnam Bayrağının altında Bayram qonusunda fikir bölüşmələri davam elədi – N.A.)

Soylu Atalı: İndi isə Xəlqilik mahiyyəti üstə bayramın anlamına yönəlik fikirlərimizi davam edək. Qutsal Günümüzə söz deməzdən öncə mən Asif Ataya səcdə qılıram, belə bir qutsal gündə bayrağımızı öpürəm.
Ürəyinizdə Ata Günəşi olsun, sayğılı dostlar. Bizi yaxından tanıyan dostlarımız bilirlər, Asif Atanın Ocağı ildə 4 bayram keçirir. İndiki bayram “Xəlqilik” adlanır. Başqa bir adda buna Ulusçuluq (Millətçilik) bayramı da demək olar. Baxın, bayramların adını mən sizə sayacam, görəcəksiniz, millətçilik bayramı başqa millətləri aşağılamaq anlamı daşımır, heç kimə qarşı deyil. Birinci bayramımız “İnsanilik” adlanır, ikinci bayramımız “Xəlqilik”, üçüncüsü “Şərqilik”, dördüncüsü “Bəşərilik” bayramı (Dünyabaxış təkcə bir xalqın deyil, bütövlükdə bəşəriyyətin olur.).
Biz bu bayramları niyə keçiririk? Əslində istər insanın, istər xalqın içində adiliyə, bəsitliyə çox güclü meyil olur. Toplumun keçirdiyi bayramlara baxın. Tarix boyu keçirilən bayramlar içərisində çox az bayram tapa bilərsiniz, onda milli, insani məzmun ifadə olunsun. Məsələn, bizim xalqımızın yaşamında Novruz bayramının adını çəkmək olar. Baxmayaraq, bu gün Novruz bayramı da tamamilə öz anlamından uzaqlaşıb, uzaqlaşmaqdadır. Novruz bayramı da, anlamca xalqın kimliyini izhar eləmir. Kosanın əllaməçiliyindən başqa, yumurta döyüşməkdən, şəkərburadan başqa bir anlam tapmaq olmur. Halbuki bu bayramın hardan başlaması, anlamı xalqa sunulmalıdır. Çox bəsit səviyyədə deyilir. Elə deyilir, orada çox güclü bir qorxu duyulur.
Bayramın anlamını bilim adamları, aydınlar öyrənib xalqa çatdırmalıdır. Onu öyrənmədən bilmək olmaz. Gərək bilinsin.
Çox dərinə getsək, gəlib çıxırıq başqa məsələnin üzərinə. Təəssüf, Novruzumuz da xalqın yaşamında anlam baxımından sıxışdırıldığına görə, məzmun süfrəyə çevrildiyinə görə, o da Tanrıçılıq ideyası kimi, havadan asılı qalıb.
Türkün Tanrıçılıq ideyası olub tarixdə, biz VII yüzilə qədər Tanrıçılıq ideyasına tapınmışıq. Dinimiz Tanrıçılıq olub. Bu gün Tanrıçılıq ideyasını yenidən qabardanlar var. Ancaq Tanrıçılıq deyə bir sistem, bir anlam gəlib bizə çatmayıb. Onu gündəmə gətirənlər nəyi ifadə eləyirlər, özləri də bilmirlər.
Mən türkün varlığında olan uca dəyərləri sevirəm. Bizim də hədəflərimiz insanların ağlında həmin dəyərləri yaşatmaqdır. Dəyərsiz xalq qabağa gedə bilmir, gələcəyə gedə bilmir. Bir misal çəkim: hər kəsin millət olaraq da, birey olaraq da, ağlında bir “Gələcək” obrazı var. Ancaq bu Gələcəyin anlamı nədir? İstənilən bir adamdan soruşun, Gələcək istəyirsən, hansı Gələcəyi istəyirsən? Uzaqbaşı deyəcək, ədalət olsun, sosial sorunlar həll olsun. Axı bu üzdə olan məsələlərdir. Sosial sorun necə həll olur?! Yenə görürsünüz nədəni deyilmir, tapılmır. Niyəsi deyilmir. Kim verəcək ədaləti? Gözəl Gələcək olsun. Kim verəcək gözəl gələcəyi? Hardan alaq? Ağzımızı Allaha tutaq, bizə gələcək ver. Vermir. Verməyəcək. Gözəl Gələcəyi insan özü yaradır. Millət özü yaradır. Nəylə yaradır? İnsanını yaratmaqla, şəxsiyyətini yaratmaqla. Böyüklərini yaratmaqla, onu eşitməklə, ona tapınmaqla. Ancaq bizim içərimizə ərəb dünyabaxışı gəldi. Bizim millətimizdən ümmət düzəltdi, millət yox. Ümmətçi olduq, millətçi olmadıq. Ümmətçiliylin içində bizdən şiə düzəltdilər, sünnü düzəltdilər, Millət düzəltmədilər. O sünnü ilə şiə bu gün də millətin içində bir-birinə qarşıdır. İstənilən anda onları bir-birinə qarşı qaldıra bilərlər, qardaş qarşıdurması yarana bilər. Tarix boyu, özünüz bilirsiniz, bütün bölgələrimizdə yaradıblar. Bu gün biz, gəncliyimizdən türk millətinin dəyərinin daşıyıcısı yaratmaq istəyirik. Öz oğlumuzdan, qızımızdan yarada bilmirik Türk millətinin dəyərinin daşıyıcısı. Ancaq ərəb dünyabaxışı onları bizim əlimizdən alır, övladlarımızdan İSİDçi düzəldir, vəhhabi düzəldir. Onlar gedib dağıdıcılarla bir araya gəlir, sənin dəyərinlə bir araya gəlmir. Bəs necə eləyək gəlsin? Bunu deməklə deyil. Bunun qulağının dibində bağırmaqla deyil. Yumruğu qaldırıb hədələməklə deyil. Onun köksünün altında başqa havalar çalınır, onu deməklə deyil. Gedib Suriyada döyüşür. Suriyada döyüşən sənə qarşı döyüşür. Suriyada döyüşən övladını, sənin soyundan olanı sabah sənin özünə qarşı qaldıracaqlar. Sənin millətinə, sənin dövlətinə qarşı qaldıracaqlar. Gəlib öz soydaşının başını kəsəcək. Ona hazırlayırlar.

Götürək Avropa dəyəri adlandırılan “demokratiya”nı. Heç çağ mən demokratiya deyilən bir şeyi sevməmişəm. Demokratiya siyasi qarşıdurma deməkdir. Demokratiya, siyasi anlamda, iki tərəf yaradır – iqtidar, müxalifət. Nə iqtidar, nə müxalifət xalqın dəyərləri uğrunda döyüşmür. Xalqı yartmaq uğrunda çalışmır. Qamarlamaq, nemətləri ələ keçirmək uğrunda savaşır. Millət vəkili olan, olmaq istəyən, durub xalqın qarşısına çıxır, ona bəzəkli-bəzəkli vədlər verir, utanmır, qızarmır ondan. Özü bilir, yalan danışır. Bilə-bilə yalan danışır, sənə vədlər verir. İllərlə bizə yalan vədlər verib yarımca addım atmırlar bu xalq üçün. Özlərinə güzəran düzəldirlər.
Avropa dəyərləri deyilən bir şey bizdən kosmopolit düzəldir. Beynəlmiləlçi düzəldir, millət düzəltmir. Dünya siyasi anlamda demokratiya ilə yönləndirilir, ruhani anlamda dinlə. İstər xristianlıq, istər müsəlmançılıq, istər buddaçılıq, baxın görün, siz öz millətinizin gələcəyini bunların içərisində tapa bilirsinizmi? Mən görə bilmirəm. Mənim soydaşım, vətəndaşım kosmopolit olub. Kosmopolitin vətəni olmur. O deyir, İngiltərə, Fransa mənim üçün vətəndir. Vətən deyil. Coğrafi anlamda yerini dəyişmək vətəni dəyişmək anlamına gəlməz. Vətənləşmək anlamına gəlməz.
Yaxud milli dəyərlərə münasibət məsələsi. Milli dəyərlərə münasibət sərgiləyirsən, kosmopolit deyir sən köhnə fikirli adamsan. Millətçiliyə şovinizm damğası vururlar. Guya başqa xalqlara qarşıdır millətçilik. Deyirlər sənin millətçiliyin köhnə fikirlilikdir, geriçilikdir. Bundan əl çəkmək gərək. İndi hamı qabağa gedir. Ancaq onların dediyi gəlişmə adına dala gedirik günbəgün, ilbəil.
İçimizdə, ruhumuzda milli əhvallar, dəyərlər dirçəlməsə, yaşamasa, onda biz bilməyəcəyik hansı Gələcəyi istəyirik. Asif Ata işini o nöqtədən başladı. O dedi, insanlaşma ideyası qutsal anlamına qovuşmayıb. İnsanla Allahın birlyini qırıblar. Allah insandan üz döndərib. O böyük Məna. Onun yerinə insana xurafatlaşan Allah ideyası verilib. Xurafatlaşan, cəfəngləşən Allah ideyası. İnsan öz içindəki Allahı tanımır. Ona görə qan-qada dünyanı bürüyüb. Allah Mütləq deyil. Mütləq Allahda təhrif edildi. Allahı hər kəs öz istəyinə uyğun quraşdırır. Öz istəyinə uyğunlaşdırır, kiçildir, adiləşdirir. Sanki Allah hər kəsin istəyiylə, buyruğuyla, diləyiylə hərəkət edən adamabənzər qüvvəymiş. Bu boyda kainatın böyük qüdrəti, nizamı, uyumu adamların cılız ağlında bəsitləşdirilir, adiləşdirilir, anlamını itirir. Ona görə insan qutsallığı dərk eləmir. Ona görə Asif Ata deyir: insan öz içində insanlaşmaqdan başlamalıdır – İnsanlaşmaq, Millətləmək, Vətənləşmək, Bəşərləşmək. Nə qədər böyük ideyadır bu. Quru şüar deyil. Bunu təkcə bizə diləmir Asif Ata. Bütöv bəşəriyyətə diləyir. Rusa deyir millətləş, ingilisə deyir millətləş. İngilis millətləşməyib, imperiyalaşıb, azğınlaşıb. O qədər azğınlaşıb, bizim içimizdə deyir, dilimi öyrənməsən sənə iş-çörək yoxdur. Gəncliyimiz ingilisin dilini bilməlidir, çörək qazansın, yaşasın. Bu millətçilik deyil, azğınlıqdır. Başqa millətin işinə qarışmaqdır, etnik mahiyyətinə, etnik kimliyinə soxulmaqdır. Rus da eləcə, fars da eləcə, ərəb də eləcə. Asif Ata farsa deyir özün ol. Millətləş, millətçilik elə. Millətçilik elə, yəni öz xalqının içindən gələn, mahiyyətindən doğan dəyərlər yarat, bəşəri dəyərlər, insani dəyərlər yarat. O dəyərlər əsasında özünü ifadə elə, dünyaya tanıt. Azğınlıqla, pozğunluqla tanıtma. Yırtıcılıqla tanıtma. Mənim başıma çomaq vurmaqla, üstümə gəlməklə tanıtma. Amerika kimi. Bir anın içində minlərlə insanı qırğına verə biləcək silahlar yaradırlar. Milyardlarla pul xərclənir, insanlar bu yanda acından qırılır. Niyə? Asif Atanın dediyi insanlaşma, millətləşmə, vətənləşmə, bəşərləşmə ideyası yoxdur. Pulçuluq var, kapitalizm var, “bacarana baş qurban” prinsipi var. Kim harda nə bacara bilir eləsin. Acından ölən qoy ölsün. Sabirin dediyi bu gün də öz aktuallığını qoruyub saxlayır: “Təki mən salim olum, cümlə cahan batsa da batsın”. İndiki gəlişmə yolunda olan dünya, çağdaş dünya Sabirin dediyindən beş addım qabağa getməyib mənəviyyatca. Texnikaca qabağa gedib, mənəviyyatca qabağa getməyib. Sabirin dediyindən, Cəlilin dediyindən, Cavidin, Şekspirin dediyindən qabağa getməyib. Şekspir demişdi: pul çirkini gözəl, gözəli çirkin edir. Bunu, ağalığa baxıb deyib.

Ona görə Asif Atanın bənzəri yoxdur.
Biz, sizlərlə, təbiətin çox gözəl guşəsinə gəlib çıxmışıq. Biz istədik, sizinlə ürəkləşək, fikirlərimizi bölüşək, bu təbiətin qoynunda doğmalaşaq. Əlbəttə, böyük məsələlərlə bağlı iş başında olanda ciddiyyət istəyirik. Yeməyin, süfrənin, gəzməyin, yumorun öz yeri var, burda pis bir şey yoxdur. Ancaq hərcayilik olmaz.
Burda olan hər bir insan, sizə bəlağətli görünməsin, mənə doğmadır. Burda olan da, burda olmayan da. Bu millətin hər bireyinin qədrini bilirəm. O xaraktercə pis ola bilər. Yenə mən onun qədrini bilirəm. Mənim içimdə ona qarşı insan sevgisi var. Hesab edirəm, bayram günündə niyə bunca ciddiyyət göstərməyimizi düzgün anlayırsınız. Çünkü öncə bayramın qutsal anlamı izhar olunur, sonra süfrə gəlir, şənlik gəlir…
Biz istədik, ideyalarımızı təbiət qoynunda bölüşək, doğmalaşaq, dincələk. Təbiətlə üz-üzə olaq. Türk təbiətçi olub. Tanrıçılıq elə təbiətçilik deməkdir. Onun özül ideyaları panteizmdir. Panteizm təbiətin ucaldılması, ilahiləşdirilməsidir.
Biz elə çağda yaşayırıq, nə qədər gözəl təbiət mənzərələrini seyr eləsək də, onu yaşasaq da, gəzsək də, dincəlsək də, içimizdə həmişə ciddi bir düşüncə oturmalıdır. Çünkü biz öz milli kimliyimizdən çox uzaqlaşmışıq. Asif Ata deyir, addım-addım, hal-hal, ağac-ağac, xalqın dəyərləri xalqın balalarının, insanlarının qəlbinə hakim kəsilsin, düşüncəsinə hakim kəsilsin. Onda biz millətləşəcəyik. Onda biz dəyərlərimizin qədrini biləcəyik. Yenə deyirəm, qıraqdan hər kəs bizim içərimizə gəlib özünü sırıyır. Ərəb dünyabaxışına baxın, haçağ mollanın ağzından eşitmisiniz, sizin xalqınızın dəyərlərini öysün, sunsun. Haçağ eşitmisiniz, şəxsiyyətinizi sizə öysün. Ərəbin dediyini deyir, ərəbin şəxsiyyətini öyür, özü də ərəbin dilində. Bu gün ayrı-ayrı insanlarımız dilimizin qeydinə qalmağa çalışırlar. Deyirlər gəlin dilimizi qoruyaq – necə qoruyaq?! Sənin dilin gör hansı anlayışları işlədir. Ərəb sözüylə, fars sözüylə doludur.
Mənim əzizlərim, biz ərəb xalqına qarşı deyilik, fars xalqına qarşı deyilik. Fars xalqının, onun mədəniyyətinin, dilinin bizə hakim olmasına qarşıyıq. Mənim işlədiyim müəssisədə 3-4 gün öncə qapıda duran qoruyucu soruşur: deyirlər, biz fars millətindən dönməyik, düzmü deyirlər.
Baxın, gənclərin beyninə yeridiblər, biz fars millətindən dönməyik. Neçə onillərdir, yüzillərdir, özəllikcə Türkmənçay bağlaşmasından sonra, bu xalqın beyninə o yeriyib, siz azərilərsiniz. Azərilər fars tayfalarıdır. Biz azərilər deyilik, bizdə “azər” tayfaları olub. Ayrı şeydir. Qarışıqlıq yaradırlar bilə-bilə. Bizə sübut eləməyə çalışırlar, guya biz sonradan türk dilini mənimsəmişik. Sinəmdə saz, ürəyim yanır, deyir siz türk dilini sonradan götürmüsünüz. Bu saz türkün dilində oxunur, farsın yox. Farsın əlinə saz ver, gör oxuya bilirmi? Sayat Novanın bir dənə zəngulə boğazı yox idi. Aşıqlıq eləyir erməni, yamsılayır sazı. İngilisin əlinə saz ver, yamsılayacaq onu, nə Kamandarın, nə Şəmşirin boğazını verməyəcək. Necə oldu, bu millət farsdan dönüb türk oldu? Beyninə yeritmə gedir. Milli kimliyimizi öldürmək prosesi gedir. Millətini tanımasan, kimliyni tanımasan sabah səni asanlıqla dövlətə qarşı çevirəcəklər. Ona görə biz türk dövləti yarada bilmirik. Azərbaycan dövləti yaratdıq. Azərbaycan dövləti nə deməkdir? Əgər onun etnik anlamı onun mahiyyətinə girmirsə, nə deməkdir? Bugünkü gündə insanlarımızın çoxu hələ də bilmir o, türkdür. Milli kimliyimizi itirmişik. Milli kimliyimizi nə ilə qaytarmaq, nə ilə bərpa etmək olar? – Milli baxışla, milli ideyayla, milli dəyərlə. Asif Ata bunu yaradıb. Biz onun harayını çəkirik, usanmadan, yorulmadan. Baxın, Azərbaycanın bölgələrini qarış-qarış gəzirik. İnsanlarımıza yalvarırıq, gəlin, millət olaq. Hər şeyimizdən keçirik, balalarımızın boğazından kəsib edirik, çünkü heç bir qüvvənin əli bizim kürəyimizdə yoxdur. Halal zəhmətimizlə edirik. Bir də görürsən ağzıgöyçəklər deyirlər, Asif Ata Ocağını kim maliyyələşdirir görəsən? Kim maliyyələşdirəcək, bir tikə çörək üçün dəridən-qabıqdan çıxırıq. Ancaq xalq olmaq istəyirik. Mənim Amaldaşım İnamlı (özü burda yoxdur, işlə bağlı gələ bilmədi) mənə deyir, kaş bir az pulumuz olaydı, filan şeyləri də edəydik. Deyirəm, İnamlı, əgər sənin pulun olsaydı, bunu eləməyəcəkdin. Pulun olsaydı, ürəyin olmayacaqdı. Bizim xoşbəxtliyimiz, fərəhimiz, sevincimiz ondadır, biz xalqımız üçün, insanlığımız üçün nə edirik, çətinliklə edirik. O fərəh çətinlikdədir. Heç kimə küsənmirik. Əlimiz heç kimin ətəyində deyil. Əlimiz millətin sabahının ətəyindədir. Biz də yerin deşiyindən çıxmamışıq, göydən sallanmamışıq. Ayrıca növ üstünlüyümüz də yoxdur. Biz də bu xalqın övladıyıq. Ayrı-ayrı çağlarda gəlib Asif Atanın ətəyindən tutmuşuq, onun arxasınca getmişik. Heç Asif Atanın üzünü görməyənlər var burda. Göylü, Üstün, Türkel, Güntay heç Asif Atanın üzünü görməyiblər. Asif Ata bizim əmimiz oğlu, dayımız oğlu deyil. Bizim çabalarımız Əfəndiyev Asif Qasım oğluna çalışmaq deyil. Bir “aydın”dır deyə Asif Ataya çalışmırıq. Asif Ata onu istəmirdi bizdən. Asif Ata deyirdi: siz böyük şəxsiyyətlər olmalısınız. Çünkü xalqın şəxsiyyətə ehtiyacı var. Xalqı xalq eləyən şəxsiyyətdir. Cırtdan, cılız, xəyanətkar, başıqapazlı birey (fərd) xalq yarada bilməz. Aydın ola bilməz. Böyük insanlardan olur xalq. Ona çağırır Asif Ata. Biz də ona çağırırıq. Çiynimizi xalqın ayağının altına veririk. Məni çiyninə qaldır, böyük göstər demirik. Xalqın boynuna mindirilməyə qarşıyıq. Heç kimin xalqın boynuna minməyə, xalqa minnət qoymağa haqqı yoxdur. Biz bu boyda zəhmət çəkirik, ancaq xalqın boynunda minnətimiz yoxdur. Öz ərdəmliymiz, milli gələcəyimiz üçün edirik. Xalq mənim xalqımdır, vətən mənimdir. Ona görə bizim bütün çabalarımız, istəklərimiz, sevgimiz hamısı ona köklənib. Asif Ata bizi belə ruhani tərbiyə edib. Mən atamı da çox sevmişəm, anamı da çox sevirəm, onlar mənim üçün doğmadır. Özü də mən fədakar adamam. Bəlkə bunu demək yaxşı çıxmır, mən aşırı fədakar adamam. Atama da, anama da, heç kimin qulluq edə bilmədiyi səviyyədə qulluq etmişəm. Ancaq atam, anam mənə belə milli-ruhani tərbiyə verməyib. Mənə deyiblər böyük ol, ancaq Nəsimi kimi böyük olma. Bu sözlərlə demiyiblər, ancaq anlam oydu. Ən yaxşı halda deyirlər, yaxşı insan ol, heç kimin toyuğuna daş atma, tərbiyəli ol, qanacaqlı ol. Bu, az şeydir. Özündən keç deməyiblər. Xalqın ayağının altına çiyin ver deməyiblər. Nəsiminin, Babəkin davamçısı ol deməyiblər. Artur Rasizadənin davamçısı ol deyiblər, nə qədər qəribə səslənsə də. Get nazir ol. Atalarımız-analarımız bizi ora çağırıblar. Asif Ata bu tərbiyəni bizə vermək üçün Özündənkeçmənin (fədakarlığın) zirvəsinə qalxmışdı. Biz ona görə Asif Atadan yapışmışıq. Bizi xalq olmağa, millət olmağa çağırır. Ona görə biz ona tapınırıq, ona görə mən ona səcdə qılıram. Mənim millətimin gələcəyini yaratdığı üçün ona səcdə qılıram. Mən millətimin içinin dəyərini mənə verənə səcdə qılıram. Mənim millətimi basqı altına alana, qılıncla doğrayana səcdə qılmıram.
Sizə (epizodik) bir dənə də faktı xatırladıram. Baxın, Xürrəmdinlər hərəkatı niyə ayağa durdu? Abbasilər xilafəti Azərbaycana basqın edəndən sonra, Azərbaycanı dağıdandan sonra şərt qoydu: xərac verməlisən, cizyə ödəməlisən (bunlar ən ağır vergilərdir), üstəlik, hamınızdan dönə-dönə üzr istəyirəm, özəllikcə bizim bacılarımızdan, hər bir ərəb əsgərini bir gün-bir gecə evində saxlayacaqsan. Bundan sonra öz Tanrıçılıq inancında qala bilərsən. Namus məsələsi var idi orda. Cavan qızın var, qızın, cavan gəlinin var gəlinin, cavan arvadın var arvadın, hər bir ərəb əsgərinin…
Ərəbə əl qaldıranın başı kəsilirdi, buna sorğu yox idi. Xalq o dini qəbul elədi namus məsələsinə görə. Küçədə cavan qızlarımızı, gəlinlərimizi, harda görürdülər, mənimsəyirdilər. Çünkü xilafət elə göstəriş vermişdi, qoy Azərbaycan qızlarından ərəb oğulları doğulsun, gələcəkdə Azərbaycan torpağının yiyəsi onlar olsun. Ərəb feodalları Azərbaycanı mənimsəsin. Ortam yaradın, Azərbaycandan çıxıb getmək istəyənlər qoy getsin. Abbasilər xilafətinin istəyi, niyyəti o idi. Onu yaratmışdılar.
Azərbaycan qızlarından, ərəb əsgərlərindən doğulan uşaqlara seyid deyirlər. Yenə mən üzr istəyirəm, mən öz xalqımın heysiyyatını təhqir eləmək istəmirəm, seyidlər bic doğulanlardır. Onunla fəxr eləmək olmaz. Ondan utanc hissi keçirmək olar. Bizim namusumuz ayaqlanıb. Babək ona görə ayağa qalxdı. Xürrəmdinlər hərəkatı ona görə başladı. Azərbaycanın özgürlüyü uğrunda ölüm-dirim savaşı başladı. Xəyanət, satqınlıq sonucunda Babəkimiz doğrandı sümük-sümük. Doğranandan sonra ərəb saraylarında onun xatirəsinə qarşı hər cür nifrət yağdırıldı. Şəxsiyyəti təhqir olundu, zındıqdır, pozğundur, əyyaşdır, filandır yazdırdılar. Hər cür damğalar vurdular böyüyümüzə. Bizim özgürlüyümüz uğrunda qurban gedənə. Sümük-sümük doğrananımıza. Ağlımızdan, sevgimizdən elə silirlər, milli özülümüzü yaradanlarımızı ağlımızda elə böhtanlayırlar, elə kiçildirlər… Ona görə bu gün qabağa duran oğul-qız tapa bimirsən, xalqa özünü həsr eləsin. Örnək olsun. Ancaq mənim qibləm ərəb yurdu deyil, Babəkdir, onun yurdudur.
Asif Ata bizlərdən örnək yaradır…
Sizə, məni dinlədiyiniz üçün, təşəkkür edirəm. Zəhmət çəkib gəldiniz. “Xəlqilik” Bayramı çox böyük anlam daşıyır. Mən özüm qonuları genişləndirdim, istədim, Xəlqilik anlamı bir daha ağlımıza otursun.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
İndi istəyirəm Asif Ozanı dinləyək. O, aydındır, folklor bilicisidir, dəyərlərimizin qədrini bilir.

Asif Ozan: Məni “Xəlqilik” Bayramına çağırdığınıza görə sizə təşəkkür edirəm. Belə düşünürəm, bu gün bizim “Xəlqilik” Bayramını təbiətin qoynunda keçirməyimiz təsadüfi deyil. Çünkü biz bu gün Baba dağından çox da uzaqda deyilik, Baba dağıının ətəyindəyik. Təsadüfi deyil, bizim ulularımız baba sözünü böyüyə, ağsaqqala deyiblər. Çox maraqlıdır, dünyada yeganə xalq türk xalqlarıdır, onların poeziyasında, ədəbiyyatında dağa üztutma var. Orda dağ obrazı pir, böyük anlamlarda işlənilir. Ona görə bizim dilimizdə, bəs qədər, baba sözünə bağlı dağ adları var. Ağbaba, Baba dağı və b. Mən hesab edirəm, insan torpaqla birləşəndə bütövləşir. Torpaqla birlikdə olanda kamilləşir. Çünkü təbiət – ağac, çay, bulaq, meşə, dərə olan yerdə bütövdür. Əgər bunlardan biri çatışmırsa, təbiət yarımçıq olur. Təbiət yarımçıq olan yerdə onun bir hissəsi olan insan da yarımçıqdır. Bu gün “Xəlqilik” Bayramının təbiət qoynunda keçirilməsi, mən hesab edirəm, bizim bütövləşməyimiz üçündür. Mən həmişə düşünmüşəm, Asif Ata, Mütləqə İnam fəlsəfəsi nəyə görə Azərbaycanda yarandı?! Nəyə görə türk torpağında yarandı?! Məsələ burasındadır, zaman-zaman biz müxtəlif inanclara etiqad elədik. İudaizmə etiqad elədik, Xəzər dənizinin sahillərində nəhəng bir tayfanı – xəzər tayfasını itirdik. Xəzərlər yəhudi adı altında Avropaya səpələndi. Ancaq Avropa tarixçiləri də, bizim gerçək tarixçilərimiz də bilirlər, Avropaya yəhudi adı altında səpələnmiş həmin “yəhudilərin” arı yəhudi ilə heç bir bağlılığı yoxdur. Əgər onların genlərini öyrənsələr, bəlli olar, bunlar etnik türklərdir. Onlar İudaizm inancının ucbatından doğma torpaqlarından uzaq düşdülər. Onun ardınca gələn xristianlıq bizim əlimizdən qıpçaq türklərini aldı, o qıpçaq türklərinin bu gün bir hissəsinə xoxol deyirlər, bir hissəsinə macar deyirlər, bir hissəsinə bolqar deyirlər və b.k. Xristianlıq da bizim etnik türklərimizin böyük bir qismini, güclü qövmünü əlimizdən aldı. İslama gəlincə, islam ən azından nəhəng türkü atın belindən salıb yerə endirdi. Soylu bəy çox məsələlərə toxundu, geniş toxundu. Mən sadəcə bir məsələyə toxunmaq istəyirəm. Bayaq yolda Soylu bəy dedi, Süleyman peyğəmbərin 800 arvadı, 1000 eşşəyi olub. Təsəvvür edirsinizmi, İudaizmin, Xristianlığın, İslamın təməlində dayanan, adı keçən peyğəmbərlərin hamısının arvadlarının sayı-hesabı olmayıb. Bu, semit təfəkkürünün, semit düşüncəsinin, semit məfkurəsinin məhsuludur. Türk İslamı qəbul eləyənə qədər, atın belində gəzdiyi dövrdə, onun qadını onunla çiyin-çiyinə gəzərdi. İslamı qəbul edəndən sonra qadınına çarşab geyindirdi, özü də atdan yerə düşdü. Artıq ərəbin gətirdiyi qadın düşkünlüyünü o da qəbul eləməyə başladı. Ona görə, Soylu bəyin dediyi kimi, siğədən törəyənlər ki var, mən onlara ərəb başlılar deyirəm, o ərəb başlılar türk düşüncəsini, türk ruhunu, türk məfkurəsini məhv eləyənlər oldu. Bizim bölgəmizdə “seyid” sözü çox pis anlamda işlənir. Məsələn, biri gəlib o birindən pul istəyir, deyir mənə beş manat ver, gedim yemək yeyim. Ona cavab verirlər, seyidlik eləmə, yəni dilənçilik eləmə. Ona görə biri gəlib deyəndə mən seyidəm, hamı təəccüblə baxır. Kişi də özünə seyid deyər? Biz dilənənlərə, onun-bunun hesabına yaşayanlara seyid demişik.

Qonular çox genişdir. Birincisi, Mütləqə İnam fəlsəfəsinin bu gün Azərbaycan düşüncəsində, türk məfkurəsində yeri nədir? Mən o məsələni həmişə özüm üçün aydınlaşdırmağa çalışıram. Daha doğrusu, auditoriya üçün. Burda oturanların bir qismi mənim öncədən tanıdıqlarımdır. Bir qismi Ocağa gəlibdir. Ancaq mən Bakı şəhərinə gəldiyim gündən Asif Atanın (o çağlarda Əfəndiyevin) şəxsiyyətinə, onun yaratdığı fəlsəfi düşüncəyə, məfkurəyə bələd olan, onun dəyərini, qiymətini bilən, onu öyrənməyə çalışan biri olmuşam. Baxmayaraq Ocaqçı deyiləm. Hər hansı bir xalqın siyasi taleyini onun mənəvi gücü həll edir. Mənəvi gücü olmayan xalq kölədir. Bu bəllidir. Bəs millətə mənəvi gücü nə verir – onun milli ruhundan doğan ideya. Asif Ata fəlsəfəsi milli ruhdan qaynaqlanan məfkurədir. Mən bayaq elə-belə demədim, Semit düşüncəsindən gələn İudaizm, Xristianlıq, İslam bizə gərək olanı verə bilmədi. Ona görə bu gün dünyada heç bir etnosun yox, heç bir millətin yox, türkün taleyi həll olunmaqdadır. İstər Türkiyədə, istər Azərbaycanda, istər Orta Asiyada türk dövlətçiliynin siyasi taleyi həll olunur. Çünkü bizim mənəvi gücümüzün söykəndiyi gerçək milli məfkurəmiz hələlik yoxdur. Ancaq Asif Atanın gücü onda oldu, o, ilk dəfə dünyada peyğəmbərlik hərəkatını, peyğəmbərlik institutunu, yəni rəsulluq institutunu, mən hər iki variantı deyirəm (əslində bizim özümüzün peyğəmbərlərimiz olub), Asif Ata bu hərəkatı, bu mənəvi gücü öz milli dəyərlərimizə söykənərək bizə qaytarır, qaytarmaqdadır. Mən hesab edirəm, indiki kürəsəlləşən (qloballaşan) dünyada çoxlu qlobal ideoloji cəbhələr yaranıbdır. Bu ideya cəbhəsinin ən təhlükəlisi Batı ideoloji cəbhəsidir. Biz bu cəbhədən ardı-arası kəsilmədən saldırıya uğrayırıq. Bu saldırının qarşısında öz milli cəbhəmizi yaratmaq zərurəti var. Əgər biz erməni ilə qarşı-qarşıya dayanıb öz siyasi sınırlarımızı, dövlət sınırımızı, əlimizdə yaraq, qoruyuruqsa, ən azından yabançı dəyərlərdən də öz milli ruhumuzu, öz mili kimliymizi qorumaq üçün özümüzün milli ideyamıza, mili məfkurəmizə söykənən bir cəbhə yaratmalıyıq. Mən hesab edirəm, bu gün bu cəbhəni yaradan, bu cəbhənin əsgərləri, generalları Ocaq ailəsinin üzvləridir. Bu gün Ocaq Ailəsinin üzvləri heç bir umacaq gözləmədən öz mənəvi dəyərlərini, milli kimliklərini hər cür maddiyyatdan, hər cür gedişatdan üstün tutaraq, onu yürütməkdədirlər. Mən bu yolda onların hamısına uğur diləyirəm. Soylu bəyin fədakarlığı göz qabağındadır. Soylu bəy, sizin yörənizdə çox gözəl insanlar birləşibdir. Günev bəy, Üstün, Göylü, Nurtəkin xanımlar, Güntay bəy, eləcə də, burda yeni tanış olduğum insanlar. Mən hesab edirəm, hər bir millətin qurtuluşu ilk növbədə o millətin mənəvi nüvə yaratmaq gücündən asılıdır. Əgər Yer kürəsinin nüvəsi olmasaydı, Yer kürəsi parçalanıb məhv olardı. Kainatın nüvəsi olmasa, kainat bu harmoniyada ola bilməz. Bir millətin qurtuluşu üçün də onun mənəvi-ideoloji nüvəsi formalaşmalıdır. O mənəvi-ideoloji nüvənin yörəsində sistem yaranır, bu sistem yaranandan sonra bu millət özgürlüyünə, milli kimliyinə qovuşur. Mən düşünürəm, bu gün doğrudan da, Mütləqə İnam məfkurəsi, onun ardıcılları bu nüvəni yaratmaqdadır. Bu yolda sizə uğurlar diləyirəm. Var olun.

(Ocaq Yükümlüsünün ricası ilə Asif Ozan sazda urfan havası səsləndirdi)

Namiq Hacıheydərli: Bu gün məni bu gözəl insanlarla bir arada görmək istədiyinizə görə sizə təşəkkür edirəm. “Xəlqilik” Bayramı qutlu olsun. Düşünürəm, sizin – Ocağın gördüyü hər bir iş millət adınadır, bu baxımdan qutsal yoldasınız. Bir var kitabdan oxuyasan, kimdənsə dinləyəsən, bir də var bayrama qatılasan. Bu baxımdan, bu gün məndə yeni düşüncələr oyandı. Ona görə sizə təşəkkür edirəm, var olun.
(Asif Ozanın saz çalğısı altında Namiq bəy şeir deyir)

Nələr çəkdiyimi bir Tanrı bilir,
Durmuş başımızın oyaq üstündə.
Köksümdə bir qəlb var, qəlbimdə min dərd
Dayanıb üzbəüz dayaq üstündə.

Mənliyi, qüruru qoru həyatda,
Əfəli, acizi sevmir həyat da.
Yad qızıl axtarır yurdumun altda,
Biz də günümüzü sayaq üstündə.

Ay Namiq, bu dünya gəlməz amana,
Meydan vermə, meydan oxu yamana,
Sürünə-sürünə gəldim cahana,
Ölümə gedirəm ayaq üstündə.

(Xaliq Səfəvi də şeir söylədi, Xəlqilik Bayramını qutlayıcı söz dedi – N.A.)
IMG_3747
Xaliq Səfəvi: Hacı Bektaşinin nəvəsi Kərəm Kələntərli gözəl aşıq – sənətkar olub. Şairliyi də olub. Şah İsmayılın sarayında yaşamış, onun öyrətmənlərindən olub. Şah İsmayıl uşaq vaxtı ona sual verir, biz kimik? O da bu şeiri yarı nəzm, yarı danışıq şəklində deyir, beləliklə, düşür Ərdəbil şairlərinin dilinə. Ərdəbildə böyük bir dərviş sülaləsi olub. Onlar aşıqlıq sənətini qopuzla edərlər. Millətin milli kimlyini özünə qaytarmaq üçün təbliğat apararlar. Deyərlər: sən ərəb deyilsən, Quran da sənin deyil, İncil də sənin deyil, bu dinlərin heç biri sənin deyil. Sənin özünün vahid sistemin olub, bir nurdan gəlir. O gələn nur da Tanrıçılıq sistemidir.
Bunları Xəlqilik bayramınızda ona görə dedim, siz o vahid nuru tapmaqda Azərbaycan xalqına yardımçı oldunuz, yol göstərən oldunuz. Sizə öz minnətdarlığımı bildirirəm. Bir daha bayramınız qutlu olsun.
Soylu Atalı: Bayram qonusu üstə Nurtəkini dinləyək. Nurtəkin Asif Atanın özündənkeçən (fədakar) Evladıdır. Asif Atanın ölümündən sonra onun Ocağını yaşadan, onun yaşamasında misilsiz hünəri olan bir Evladıdır. Ərdəmliyi, milli qeyrəti, doğrudan da, qadınlığa örnəkdir. 18 ildir Asif Atanın yolundadır. Gənclik çağından üzü bu yana. Bütün gəncliyini, şüurlu həyatını Asif Atanın Amalına, onun İnsanlaşma ideyasının harayına həsr eləyib.
IMG_3756
Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bayramımız qutlu olsun. Bü gün bayramımız fərqli bir ortamda keçir. Özü də xəlqiliyin ruhunu yaxşı ifadə edir. Mənim deyəcəklərim fikirlər, məndən öncə deyilənlərə qüvvət olaraq vurğulanacaq. Tədbirlərin birində Soylu Atalı bir fikir işlətmişdi: “Azərbaycanın ruhu işğal olunub”. Mən, əslən, işğal olunmuş bölgədənəm. Bizim kəndimizdə bir molla vardı, yalnız adam öləndə o molla yada düşürdü. Din bizim kəndimizə, bölgəmizə yeriməmişdi. Sadə bir türk kəndi, sadə bir el-oba. O torpaqlar işğal olunduqdan sonra bizim qohumlar Bakıya, Sumqayıta yerləşdilər. Sumqayıtda yataqxanalara yerləşən el-obaya ərəblər yardım elədilər, ərzaq, geyim verdilər. Qızlarımızla evləndilər də. Dini, özəl olaraq, tədris eləməyə başladılar. Mənim, anama bağlı, elə qohumlarım var, onlarla danışanda, elə bil, İranda dini təhsil görüb gəliblər. Mən nəyi vurğulamaq istəyirəm. Bizim torpaqlarımız işğal olundu. Azərbaycanın bir yerindən gəldik başqa yerinə. Burda da Soylu Atalı demiş, ruhumuz işğal olundu. Burda da özümüzdən yenə ayrı düşdük. Burda, ruhu işğal olunan insanlarımızın dərdi, hardasa, özünə yadlaşdırlıb. Baxın, Qarabağdan öncə də bizim dərdlərimiz var – Borçalıdır, Güney Azərbaycandır, Dəmirqapıdır (Dərbənd). Mən sadə bir türk ailəsində doğulmuşam. Bizim evdə o dərdlər, o ağrılar dilə gətirilməyib. Mən böyüyəndən sonra eşitmişəm, Güney Azərbaycan da bizimdir, orda bizim millət yaşayır. Mən Ocağı tapandan sonra anlamışam, Güney Azərbaycan nə deməkdir. Güney Azərbaycanla bağlı Atanın bir kitabı var. Orda belə fikri var: “Azərbaycan birdir. Əgər o, ikidirsə, o yoxdur əslində. Siyasi xilasımız – Güney Azərbaycan”. Ata konkret qoyub məsələni. Mən Ocağa gələndən sonra, Ocaqçı olandan sonra, bu, artıq mənim yoluma, yönümə, istəyimə çevrilib. Doğrudan da, Azərbaycanı mən bir görürəm, parçalanmış, paralanmış Azərbaycanı.
Ocaq bizə nə verir? Bu gün yadlaşmış, ruhu işğal olunmuş, özündən ayrı düşmüş, getdikcə özgələşən, getdikcə kürəsəlləşən (bugünkü) gəncliyə, Azərbaycana özümləşmək yönü verir, bütövləşmək yönü verir. Xalq ayrı-ayrı bireylərdən (fərdlərdən), ailələrdən ibarətdir. Hər bir ailədə dərdlərimiz deyilsə, ağrılarımız bölüşülsə, dəyərlərimiz aşılansa balalarımıza, görün, o millətin gələcəyi nə olar.
Asif Ata “Azərbaycanımız – Azərbaycanlığımız” adlı dəyərlər sistemi yazıb. Ata deyir: bizim Zərdüşt İşıqçılığımız var. İlk peyğəmbəri türk verib və b. Onu açırdı. Dədə Qorqud ağsaqqallığımız var. O ağsaqqallıq semitlərin peyğəmbərlik baxışına təndir. Dədə Qorqud dünyası vardı, bir də Şöklü Məlik dünyası vardı. O dünya bu dünyadan kəskin şəkildə fərqlənirdi, Xeyir-Şər dünyası kimi. Elə bir ortam yaratmışdı Dədə Qorqud. Xalq deyəndə də ağlımıza ağsaqqallıqla yönətilən birlik gəlir. Hürufiliyimiz, Babək qəhrəmanlığımız, Füzuliliyimiz, sazlığımız, muğamlığımız. Bu dəyərlər hər bir övladımıza aşılansa, hər bir dərdlərimizi də balalarımızla bölüşsək, qurtuluşumuzun yönünü də göstərə bilsək, başqa cür olar. Yönümüz insan olmaqdır, bir ideya yörəsində birləşib xalq olmaqdır. Ruhumuzu yad işğallardan ancaq bu cür qoruya bilərik. Torpaqlarımız işğal olundu, fəlakət üstünə fəlakət gəldi. Niyə? Çünkü özümləşmədik, bağımsızlaşmadıq. Ruhumuza yad dinlər, ünsürlər gəldi, bizi özümüzə daha da yadlaşdırdı. Ata bizi bu yadlıqdan çıxaran təkcə yoldur. Bu yolda olduğuma görə çox fərəhliyəm.
Atanın belə bir fikri də vardı: məğlubiyyətin çoxluğu qələbənin böyüklüyündən soraq verir. O məğlubiyyətlər bizi bütövləşdirməlidir, birləşdirməlidir. Biz dərdlərimizi də deyirik, dəyərlərimizi də bilirik, yolumuzu da bilirik.
IMG_3688
Soylu Atalı: Ocağın tarixini yarpaqlayıb açan olsa, mənim burada Ocaq-Ocaqçı haqqında dediklərimin çox az olduğunu görər. Göylü Atalı haqqında iki kəlmə demək istəyirəm. Göylü Ocağı tapanda yüksək oxulun birinci kurs öyrəncisi idi. Asif Atanı görməmişdi. İndi Ocağımızın ruhani təşkilatçısıdır. Bütün bu gördüyünüz işləri, demək olar, o təşkil edib. Bugünkü gəlişimizin əsas fiziki, maddi ağırlığı da əsasən onun üzərindədir. Belə bir fədakar Ocaqçıdır. Bunu niyə sunuram? Azərbaycanlılar elə hesab edirlər, Azərbaycanda fədakar oğullar, qızlar ola bilməz. Xalqına yiyə çıxan oğullar, qızlar var xalqın içində. Bizim xalqımız çox böyük xalqdır. Bu söhbəti geniş açmayacam, vaxtınızı almayacam. Asif Ata ona görə irəli durdu, onun xalqı böyük xalqdır. Əgər Asif Ata xalqının böyük olduğunu kəsdirməsəydi, onu dərk eləməsəydi, ona inanmasaydı, o, Mütləqə İnam Dünyabaxışını yarada bilməzdi, nə də yaratmazdı. O deyir, bu xalq çox böyük xalqdır. Bu xalqın bu duruma düşməsinin nədənləri var. Bizi kiçildən baxışlar, ideyalar, yabançı etkilər var. Onlar bizi özümüzdən ayırır. Ata deyir, mən dünyabaxış yaratdım, inam yaratdım, xalq öz dəyərinə yiyəlik eləsin.
İnqilab İsmayıl: Məni bayrama çağırdığınıza görə sizə təşəkkür edirəm. Bu Ocağı yaradan insana Ocağı var olsun deyirəm. Onun ardıcıllarına, başda siz, Soylu bəy olmaqla, dərin təşəkkürümü bildirirəm. Sizinlə bir yerdə olanda sözdən doymaq olmur. Mən bura gələrkən çox böyük ürək ağrıları keçirirdim. Ürək çatışmazlığım oldu bu yaxınlarda. Bunu da İranda tapdım. Oranın dərmanlarından ürəyim yüklənib bu xəstəliyi tapdı. Təbrizi görməyi çox istəyirdim, ancaq Təbrizə xəstə getdim. Mənim adım orda həkimlərin xoşuna gəlmədi. Adımı yazarkən mənə dedi, adını özün yaz. İnqilab sözünü yazmaqdan qorxurdular.
Asif Atanın yaratdığı bu düzgün yolda irəliləmək bizə gərəkdir. Gənclərimizi bu ideyaya yaxınlaşdıraq. Milləti sevmək gərəkdir. Millətçilik gərəkdir, dövlət sevgisi olmalıdır. Tariximizi düzgün bilməyimiz gərəkdir. İndiki dövrdə də, Xalq Cəbhəsi dövründə də görürdün, natiqdir, danışır, ancaq millətdən, onun tarixindən sorağı yoxdur, milli mənəviyyatı yoxdur, sadəcə hay-küyü var. Ancaq Ocaqda çox sağlam ruh var, bu yaşamalıdır, yaşadılmalıdır.
Bir daha sizi qutlayıram. Düşünürəm, Ocağın tədbirlərinə həmişə gəlmək gərəkdir. Hər bir vətənsevər oğul, qız bu Ocağa gəlməlidir, burdan dərs almalıdır.
Soylu Atalı: Bu gün bizim təşkilatçılarımızdan biri də Elçin bəydir. Onu da dinləyək.
Elçin Həsənov: Təşəkkür edirəm, borcumuzdur. Əgər insan bir addım atırsa, o, qarşılıqlı olur. Mən onun qarşılığını almışam. Mən həmişə demişəm, Asif Ata Ocağına gələndə həyatdakı çirkinlikdən ayrılıram. Mən siyasət adamıyam, həyatımın 20 ilindən çoxunu siyasətə həsr etmişəm. Mən həyatdakı çirkinliyi görəndə, depressiyaya düşəndə sonuncu güc aldığım Asif Ata Ocağı olub, Soylu bəy olub, Göylü xanım olub, Ocaqçılar olub. Ocaq tədbirlərinə həmişə gələcəm. Sizləri burda tanımışam, həmişə çox şad olmuşam. İnanıram, bu yol məni mübarizədə qələbəyə aparır.
Soylu Atalı: Elçin bəy siyasətdə olsa da, şəxsi həyatında arıdır-durudur. Bizim üçün də onun arılığı-duruluğu əsasdır.
Bugünkü gəlişimizin bir təşkilatçısı da Üstün bacımızdır. Onun özündənkeçmə səviyyəsində əməlləri də Ocağın yeriməsinə qüvvət verib. Onun da bayramı qutlu olsun, ulusu qarşısında üzü həmişə ağ olsun.
Bununla da istəyirəm, bugünkü Xəlqilik Bayramımızın törən hissəsini başa çatdıraq. Son Bayram qurallarımızı yerinə yetirək.
Bayrama qatılanlar – Elçin bəyin qaynanası, Gülnarə xanım, Lalə xanım, Sara xanım, Günel xanım dəvət üçün təşəkkürlərini bildirdilər, bayramı qutladılar.
IMG_3784
“Xəlqilik” şərqisini Soylu Atalı sazın səsi altında oxudu.
“Xəlqilik Bayramı üstə Mütləqlə Təması” Göylü Atalı dedi.
“Təbətdəki Mütləqlə Gündüz Təması”nı Nurtəkin, “Ataya Günorta Ricası”nı Günev Atalı söylədi.
Sonda Ocaq Yükümlüsü Asif Atanın hökmünü çatdırdı: “Xalqlaşın – Xalqlaşdırın!”
Hamı: “Xalqa and olsun – Xəlqiliyə qulluq edəcəyəm!” söylədi.
IMG_3798
Sonda Bayraq önündə xatirə şəkilləri çəkildi. Bayram süfrəsi açıldı, doğmalaşma yönündə söhbətlər davam etdi.
Şölə Ayı, 37-ci il. Atakənd.
(iyun, 2015. Bakı.)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:57 “Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümündən 18 il ötdü. Mütləqə İnam Ocağı gələnəksəl olaraq bu tarixdə “Ata Sonevini Ziyarət Günü” Törənini (Ağstafa sonevliyində) gerçəkləşdirdi. Evladlar “Ataya səcdə yüksəkliyində Ata tələblərinə
01:19 Elçin bəy və Gülnarə xanımın Beşikbaşı Törəni Bu gün, Ocaq Günsırası ilə 12 Çiçək Ayında Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Qutsal Beşikbaşı Törəni keçirmişdir. Beşikbaşı Törəni Sumqayıt şəhərində gerçəkləşdirilmiş, bütövlükdə ulusal ruhun təsdiqini sağlamışdır. Ocaqsevər Elçin Həsənovun və nişanlısı Gülnarə xanımın evliliyinin beşik
23:27 “İnsanilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 37-ci il “İnsanilik” Bayramında deyilmiş fikirlər Asif Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 14 Günəş Ayı, 37-ci ildə (mart, 2015) Qutsal “İnsanilik”Bayramını həyata keçirdi. (Bildirək ki, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Borçalıda
22:23 Asif Ata Ocağı bölgədə gənclərlə yeni görüş keçirib Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız! Bildirdiyimiz kimi, Asif Ata Ocağının ideya quruculuğu və yayıcılığı işi bir neçə yöndə inkişaf etdirilir. Bu yönlərdən ən əsas yeri Ocaq tədbirlərində “Özüylədöyüş” ideyasına əməl olunması və Ocaqçının mənəvi, idraki kamilliyinin yüksəldilməsi tutur.
16:10 Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər Ocaq Günsırası ilə 15 Köçəri Ayı, 36-cı ildə Asif Atanın Mütləqə İnam Ocağının Evladları, Ocaqdostları və Ulusəs Atalının qohumları onun cismani bacısı Elmira xanıma“Yas

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az