t s

» » “Azərbaycanın AŞ PA-da Rusiyaya səs verməsi ən doğru variant idi...”

“Azərbaycanın AŞ PA-da Rusiyaya səs verməsi ən doğru variant idi...”

21-02-2015, 08:56 Yazar:  Aygün Baxılıb: 873 Çap et
“Azərbaycanın AŞ PA-da Rusiyaya səs verməsi ən doğru variant idi...”İlham Rəhimov: “Putindən ötrü Qarabağ həqiqətən çox mühüm məsələdir”
Hüquq elmləri doktoru, professor İlham Rəhimov Minval.az saytına geniş müsahibə verib. Müsahibədə o, Ukrayna böhranı, kəlbəcərli girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinin çətinlikləri haqda danışıb, həmçinin Lamiyə Quliyeva ilə bağlı qalmaqallı tarixçəni şərh edib. Müsahibənin 1-ci hissəsini təqdim edirik.

- İlham bəy, söhbətimizə Ukrayna ilə Rusiya arasında ötən həftə baş tutmuş Minsk danışıqları ilə bağlı sualdan başlamaq istərdik. Mətbuat bu prosesi heç bir detalı diqqətdən yayındırmadan qızğın müzakirə etməkdədir. Sizcə, bu prosesdə tərəflərdən hansı biri üstünlük əldə elədi, qalib varmı?

- Əlbəttə, çox yaxşı olardı ki, heç olmasa, bircə Azərbaycan KİV-i bu danışıqları işıqlandıraydı. Ayıb iş oldu ki, bütün dünyadan, o cümlədən Gürcüstan və Ermənistandan orada çoxsaylı jurnalistlər olduğu halda, bizdən heç kim gözə dəymədi. Bax, bizim media nümayəndələri orada olsaydı, onların bu sualı Minsk prosesinin əsas fiqurantlarına, o cümlədən Vladimir Putinə vermək imkanı yaranardı. Əminəm ki, o, Azərbaycandan olan jurnalistlərə cavab verməkdən imtina etməzdi.

Yeri gəlmişkən, bizim mətbuat nədənsə bu qəbildən mühüm tarixi tədbirlərdə iştirak eləmək üçün respublikadan praktik olaraq, kənara çıxmır. Ona görə də dünya hadisələri haqda ictimaiyyətimiz dolğun şəkildə məlumatlandırılmır.

- Bunlar hamısı maliyyə ilə bağlıdır...

- Mən bunu gözəl başa düşürəm və hiss edirəm. Eyni zamanda belə vəziyyətlərdə obyektiv, savadlı və siyasi cəhətdən fərasətli jurnalistə kömək eləməyə də hazıram. İndi isə sualın mahiyyəti üzrə. Siz məndən Minsk prosesinin qalibi haqda soruşursunuz. Hesab edirəm ki, “hansı tərəf üstün gəldi”, “qalib varmı” kimi ifadələr siyasi nöqteyi-nəzərdən qeyri-məqbuldur, çünki söhbət idman yarışından getmir.

Doğru olardı ki, sual belə qoyulaydı: bu danışıqların və imzalanan anlaşmanın nəticəsi olacaqmı? Siz “qalib” sözünü işlədəndə belə təəssürat yaranır ki, sanki Rusiya ilə Qərb arasında mübarizə gedir və Ukrayna da nifaq almasıdır. Birdəfəlik ondan çıxış eləmək lazımdır ki, Ukrayna qəti şəkildə və həmişəlik öz tarixi seçimini edib - Qərbə oriyentasiyanı seçməklə. Belə vəziyyətlərdə çox nadir halda olur ki, öz inkişaf kursunu dəyişmiş ölkələr siyasi-iqtisadi təlatümlərə məruz qalmasın.



“Nə üçün Qərb Ermənistana qarşı sanksiyaları hətta müzakirə belə eləmir? Nədən Ermənistanı işğalçı adlandırmır?”


Ona görə də Ukraynada baş verənlər tam qanunauyğun proseslərdir. Bu xüsusda Minskdə Ukraynanın sonrakı inkişaf yolunu müzakirə eləmək üçün toplaşmamışdılar. Toplaşmışdılar ki, BMT məlumatına görə, artıq 6 min insanın həyatına son qoymuş qan tökülmənin qarşısını alsınlar, həmçinin Ukraynanın cənub-şərq regionunun problemini ölkə tərkibində hüquqi status baxımından müzakirə eləsinlər.

Minsk razılaşması nəticə versə, deməli, qalib bu anlaşmanın altına imza atanların hamısı olacaq. Prezident V.Putin razı qalacaq ki, anlaşmadakı əsas müddəalar onun Minsk görüşünədək prezident Poroşenkoya göndərdiyi müraciətin məzmunu ilə üst-üstə düşür. Bu mənada prinsip etibarilə Minsk anlaşmasının müəllifi onun özüdür, A.Merkel və ya F. Olland yox. Bundan əlavə, böhranın aradan qaldırılmasında ən çox Rusiya maraqlıdır, çünki onun ərazisində Ukraynadan 800 minə yaxın qaçqın var.

Üstəgəl, Donbasa mütəmadi şəkildə humanitar yardımlar göndərilir. Ən başlıcası, Rusiya istəmir ki, mülki əhalinin qanı axsın.

Angela Merkel də danışıqların nəticələrindən razıdır və o da marağındadır ki, qarşıdurma dayansın, yalnız ona görə yox ki, o da qan tökülməsinin durdurulmasını arzu edir, həm də böyük ölçüdə Almaniyanın Avropada təkcə aparıcı iqtisadi güc yox, həmçinin aparıcı siyasi güc olduğunu nümayiş etdirmək istəyir. Düşünürəm ki, bu vəzifənin öhdəsindən o, əla gəlib. Angela Merkel lap əvvəldən prosesin ən fəal iştirakçılarındandır.

“Dilqəm və Şahbaz nə “məhkumdurlar”, nə də “əsir”. Onlar terrorçular tərəfindən saxlanılan girov statusundadırlar...”


Öz ölkəsində nüfuz və imici elə də yaxşı olmayan prezident Fransua Olland da anlaşmanın imzalanmasını arzu edirdi, nədən ki, qarşıdan seçkilər gəlir. Poroşenkoya gəlincə, o, hətta anlaşmadan razı qalmasa belə, anlayırdı ki, ayrı yol yoxdur.

- Bəzi siyasilər belə hesab edir ki, problem Putinlə bağlıdır və əgər o, dövlətin başında olmasaydı, ayrı cür ola bilərdi...

- Yeri gəlmişkən, sizin sayt və “Yeni Müsavat” qəzeti hamıdan çox Rusiya prezidentinin üstünə gedir, hər şeydə onu günahlandırır. Bu, həddən artıq səthi və obıvatel yanaşmasıdır. Putinin yerinə indi hətta bir başqası olsa, Rusiyanın siyasəti və mövqeyi bu məsələdə dəyişməz qalacaq. Bir də ki, Putin elə siyasətçilərdən və insanlardan deyil ki, ölkə üçün belə məqamlarda kənara çəkilsin.

- Rusiyanın Qərblə və Ukrayna ilə soyuq münasibətləri nə dərəcədə uzun çəkə bilər, Sizcə?

- Yəqin ki, Rusiya ilə Avropanın münasibətləri daha tez normallaşacaq, nəinki Ukrayna ilə.

- Dövlət Dumasının deputatı Vladimir Nikitin bu günlərdə mətbuata açıqlamasında deyib ki, Putin Dağlıq Qarabağ məsələsində tezliklə sülh əldə olunması üçün tədbirlər görür. Sizcə, hansı tədbirlərdən söhbət gedir?

- Putin 2000-ci ildən - dövlət sükanı arxasına keçəndən Qarabağ konflikti ilə aktiv şəkildə məşğul olur. Ondan ötrü Qarabağ gerçəkdən də mühüm məsələdir. Nikitin hansı tədbirləri nəzərdə tutur, mən deyə bilmərəm. Bunu onun özündən soruşmaq yaxşı olar. Yalnız onu qeyd edə bilərəm ki, Nikitinin söylədiyi kimi, söhbət sülh əldə olunması tədbirlərindən yox, işğal altında olan ərazilərin boşaldılmasından getməlidir. Bunsuz Nikitinin dediyi sülh mümkün deyil.


“Ukrayna böhranının nizamlanmasında hamıdan çox Rusiya maraqlıdır”


- Niyə Kreml indi Qarabağ nizamlanmasında bir elə fəal deyil?

- Eyni iradı təkcə Rusiyaya deyil, beynəlxalq birliyə, ABŞ-a, Avropaya da ünvanlamaq olar. Düşünürəm ki, passivlik Ukrayna ilə bağlıdır.

- AŞPA-dakı səsvermə zamanı Azərbaycanın Rusiyanı dəstəkləməsini necə qiymətləndirirsiniz? Azərbaycan nümayəndə heyətinin qərarı doğru idimi?
- Fikrimcə, yaranmış vəziyyətdə bu, həm taktiki, həm də strateji planda ən yaxşı, ən ziyansız variant olub. Biz heç nə itirmədik. Əgər biz bilsəydik ki, Avropa bütün bu illər ərzində israrla və məqsədyönlü şəkildə Qarabağ məsələsinin ədalətli həllini istəyib, onda o, bizi nədəsə qınaya bilərdi. Əgər problemi Rusiyanın yoluna qoymağa imkan vermədiyinə Avropa əmindirsə, o zaman nədən indiyədək bu barədə heç yerdə, heç vaxt bəyan eləməyib? Nə üçün Avropa Ermənistana qarşı sanksiyaları hətta müzakirə belə eləmir? Nədən Ermənistanı işğalçı adlandırmır? Qarabağ münaqişəsi ilə bağlı Avropanın ünvanına bu qəbildən suallar çoxdur.

- Ötən ay Rusiyanın Gümrüdəki hərbi bazasının əsgəri ilə bağlı olay Rusiya-Ermənistan münasibətlərinə təsir edə bilərmi?

- Bu, tək-tük hadisələrdəndir, kriminal hüquq cinayətidir. Belə hallara başqa ölkələrdə, hətta Əfqanıstanda da rast gəlmək olar. Biz ki, hamımız yaxşı bilirik, amerikalı əsgərlərin əlindən nə qədər dinc sakin həlak olub. Odur ki, bu hadisə Ermənistan-Rusiya münasibətlərinə hər hansı təsir göstərməyəcək.

- Kəlbəcərli soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də erməni əsirliyində qalmaqda davam edir. Artıq onlar haqda artıq “məhkəmə hökmü” də çıxarılıb - hansı ki, bu faktın özü beynəlxalq hüququn kobud pozuntusudur. Onlardan biri - Dilqəm Əsgərov üstəlik, Rusiya vətəndaşıdır. Sizcə, Rusiya öz vətəndaşını necə müdafiə edə bilər və eləməlidir?

- Onlar hərbi əsir yox, girovdurlar. Deməli, bu, hüquqi problem deyil. Yeri gəlmişkən, valideynləri onların azad edilməsinə kömək üçün mənə müraciət ediblər. Ancaq baxın, hansı vəziyyətdir: onlardan biri Azərbaycan, digəri Rusiya vətəndaşıdır. Ortada qondarma “məhkəmə hökmü” var. Bu “hökmü” kim və hansı orqan çıxarıb? Yalnız o məlumdur ki, o, Qarabağda çıxarılıb.



“Əgər biz bilsəydik ki, Avropa bütün bu illər ərzində israrla və məqsədyönlü şəkildə Qarabağ məsələsinin ədalətli həllini istəyib, onda o, bizi nədəsə qınaya bilərdi...”


Biz Dilqəm və Şahbazın günahsız olub-olmadığını müzakirə etməyəcəyik, nədən ki, bu, mənasız söhbətdir. Dağlıq Qarabağ hamı tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Demək, onlar bizim ölkənin ərazisində mühakimə ediliblər. Belə çıxır ki, Rusiya öz vətəndaşı üçün Azərbaycanın hakimiyyət orqanlarına müraciət eləməlidir.

Bizim vətəndaşımıza gəlincə, hüquqi cəhətdən heç yerə müraciət edə bilmərik. Beynəlxalq hüquq baxımından Ermənistana müraciətin də hər hansı hüquqi gücü yoxdur. Ona görə də hətta Rusiya öz vətəndaşına görə Ermənistana müraciət ünvanlasa - dərhal bizim ölkə nota verməlidir.

Bu üzdən Dilqəm Əsgərov və Şahbaz Quliyev nə “məhkumdurlar”, nə də “əsir”. Nədən ki, hamı tərəfindən bizim ərazi kimi tanınmış ərazidədirlər və terrorçular tərəfindən saxlanılan girov statusundadırlar.

- Bəs, belə vəziyyətdə necə olsun?

(Ardı var)

Emil Mustafayev
Foto: İlkin Zəfərli




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:04 “Ermənistanın siyasi hakimiyyəti nevroz vəziyyətindədir” Politoloq Qabil Hüseynli: "Sərkisyan daxildə ictimai rəyin onun əleyhinə sürətlə dəyişdiyini görür və yenə müharibə kartına əl atıb hay-küy salır, Ermənistan əhalisini sakitləşdirməyə çalışır" “Qarabağda müharibə meşə yanğını kimi qəfil başlaya, Rusiya isə bölgədə sülhü təmin etmək adı altında öz
20:29 "Bu döyüşün bizə böyük təsiri olacaq" - Vəfa Quluzadə Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popovun (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin regiona səfəri başa çatıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən həmsədrlərin açıqlamaları
08:25 Rusiya Qarabağ məsələsini Amerikasız həll etməyə hazırlaşır Putin 7 rayonu necə qaytarır? Rusiya Qarabağ məsələsini Birləşmiş Ştatların iştirakı olmadan həll etmək istəyir. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu, Rusiya prezidentinin etibarlı şəxsi, Rusiya Federasiyasının İctimai Palatasının üzvü, siyasi analitik Sergey
09:02 Böyük Qarabağ açılımına aparan yeganə yol – təhlil “Cəmi bircə rayon və... ”; Dağıdıcı müharibə ehtimalının sfırlanması, konfliktin həllində kardinal irəliləyiş, Ermənistanın izolyasiyadan, dilənçi durumdan və labüd çöküşdən çıxması indi müstəsna olaraq işğalçı ölkənin öz iradəsindən asılı duruma gəlib; zaman artıq heç kimə işləmir, elə Rusiyaya
00:52 "Qərb Putinin heç bir sözünə inanmır” “Normandiya dördlüyü” - Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb. Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmasının müddəaları da açıqlanıb. Politoloqlar isə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az